Çərşənbə, 27 mart
Padşahlığı... hər şeydən üstün tutun (Mət. 6:33).
İsa Məsih öləndə şagirdlər dərin kədər içində idilər. Əziz dostlarının ölümü ilə sanki ümidləri də ölmüşdü (Luka 24:17—21). Amma İsa diriləndən sonra onlara göründü, Müqəddəs Kitabdakı peyğəmbərliyin onun üzərində necə yerinə yetdiyini açıqladı. Həmçinin onlara vacib bir iş həvalə etdi (Luka 24:26, 27, 45—48). İsa göyə qalxanda artıq şagirdlərin ürəyində kədər yox, sevinc var idi, çünki bilirdilər ki, Ağaları sağdır və onlara yeni təyinatlarını icra etməyə kömək edəcək. Ürəklərindəki sevinc onları durmadan Yehovanı mədh etməyə təşviq edirdi (Luka 24:52, 53; Həv. 5:42). İsanın şagirdlərindən örnək götürərək biz Padşahlığı həyatımızda hər şeydən üstün tutmalıyıq. Düzdür, Yehovaya xidmətdə əzmli olmaq dözüm tələb edir. Amma Yehova vəd edir ki,belə etsək, bizə bol bərəkət verəcək (Məs. 10:22). w23.01 s. 30—31, abz. 15, 16
Anma mərasimi ilə əlaqədar Müqəddəs Kitab qiraəti: (Nisanın 16-da gündüz baş vermiş hadisələr) Mark 16:2—8
Cümə axşamı, 28 mart
Torpağa qayıdacaqsan (Yar. 3:19).
Əlbəttə ki, biz Adəmlə Həvvanın səhvini təkrarlamaq istəmirik. Bunun bizimlə baş verməməsi üçün daima Yehova haqqında öyrənməliyik, Onun xüsusiyyətlərini qiymətləndirməliyik və düşüncə tərzini anlamağa çalışmalıyıq. Nəticədə Yehovaya məhəbbətimiz artacaq. İbrahim peyğəmbərin nümunəsinə nəzər salaq. O, Yehovanı ürəkdən sevirdi. Yehovanın qərarının səbəbini başa düşməyəndə belə Ona asi çıxmırdı, əksinə, Onu daha yaxşı tanımağa can atırdı. Misal üçün, İbrahim biləndə ki, Yehova Sədum və Əmurəni məhv edəcək, əvvəl-əvvəl o qorxurdu ki, birdən «dünyanın Hakimi» saleh adamla şər adamı bir yerdə məhv edər. Bu, İbrahimin ağlına sığmırdı, buna görə də hörmətcil şəkildə Yehovaya bir neçə sual verdi. Yehova da onun suallarını səbirlə cavablandırdı. Nəhayətdə, İbrahim anladı ki, Yehova bəndələrinin ürəyini bir-bir araşdırır və heç vaxt günahsız insanı günahlı ilə bir yerdə cəzalandırmır (Yar. 18:20—32). w22.08 s. 28, abz. 9, 10
Cümə, 29 mart
Etibarlı adam... sirri saxlar (Məs. 11:13).
B. e. ə. 455-ci ildə Yerusəlim divarlarının bərpası bitəndən sonra vali Nəhəmya şəhərin yaxşı vəziyyətdə olmasına nəzarət edəcək adamlar axtarırdı. Seçdiyi insanlar arasında Qala rəisi Hənaniyyə də var idi. Müqəddəs Kitabda Hənaniyyə haqda deyilir ki, o, «çox etibarlı adam idi, onun kimi Allahdan qorxan adam az tapılardı» (Nəh. 7:2). Ürəyində Allah xofu və Allah sevgisi olduğu üçün Hənaniyyə ona tapşırılan hər işə məsuliyyətlə yanaşırdı. Bizdə bu xüsusiyyətlər olsa, bizə də Yehovaya xidmətdə məsuliyyətlər etibar olunacaq. Gəlin indi Tixikdən danışaq. O, həvari Bulusun güvəndiyi insan idi. Bulus bilirdi ki, onun köməyinə arxalanmaq olar, onun «Ağaya sədaqətlə xidmət» etdiyini demişdi (Efes. 6:21, 22). Ona həm Efesdəki və Kolosdakı məsihilərə məktublar aparmağı, həm də onları ruhlandırıb, təsəlli verməyi həvalə etmişdi. Tixik bu gün ruhani cəhətdən bizim qeydimizə qalan sadiq və etibarlı qardaşları xatırladır (Kol. 4:7—9). w22.09 s. 9—10, abz. 5, 6