Nəhəmya
4 Divarı bərpa etdiyimizi eşidəndə Sanbalatın+ qanı qaraldı, o, qəzəbləndi və yəhudiləri lağa qoymağa başladı. 2 O, qardaşlarının və Səməriyyə ordusunun qarşısında dedi: «Bu yəhudilər, yazıqlar nə edirlər? Olmaya, inanırlar ki, bu boyda işin öhdəsindən gələ biləcəklər?! Qurban kəsəcəklər? Buraları bir günün içində bərpa edəcəklər? Məgər dağıntıların içindən çıxardıqları yanmış daşları əvvəlki şəklə sala bilərlər?»+
3 Onun yanında duran əmuni+ Tubiyyə+ dedi: «Tikdikləri divara bir baxın! Üstünə tülkü çıxsa, dağılar».
4 Mən dedim: «Eşit, ey Allahımız, gör bizə necə həqarət edirlər.+ Bizə etdikləri rişxəndlərə qoy özləri düçar olsunlar,+ talan malı kimi, yad ölkəyə aparılsınlar. 5 Onların təqsirlərinə, günahlarına göz yumma! Onları əfv etmə!+ Çünki bənnaları təhqir edirlər».
6 Biz divarı tikməyə davam etdik. Bütün şəhər divarını yarıya qədər qaldırdıq. Camaat ürəkdən çalışırdı.
7 Sanbalat, Tubiyyə+, ərəblər+, əmunilər və aşdodlular+ eşidəndə ki, Yerusəlim divarının bərpası irəliləyir, aradakı boşluqlar hörülür bərk hirsləndilər. 8 Onlar Yerusəlimə hücum etmək və şəhərdə iğtişaş yaratmaq üçün əlbir oldular. 9 Biz isə Allahımıza dua etdik. Onlardan mühafizə olunmaq üçün gecə və gündüz növbə çəkməyə gözətçi qoyduq.
10 Amma Yəhuda xalqı deyirdi: «İşçilər taqətdən düşüb, uçuqlar isə çoxdur! Divarları tikib qurtara bilməyəcəyik».
11 Düşmənlərimiz də bir yandan deyirdi: «Onlar xəbər tutana qədər, bizi görənə qədər artıq onların arasında olarıq, onları öldürüb işi dayandırarıq».
12 Həmçinin düşmənlərimizin qonşuluğunda yaşayan yəhudilər hər dəfə yanımıza gələndə elə hey deyirdilər: «Düşmənlər hər tərəfdən üstümüzə hücum çəkəcək».
13 Buna görə də mən divarın arxasında, aşağıda, açıq yerlərdə nəsillərinə görə qılınclı, nizəli, ox-kamanlı adamlar qoydum. 14 Onların qorxuya düşdüyünü görəndə dərhal əsilzadələrə+, məmurlara və bütün camaata dedim: «Onlardan qorxmayın!+ Yehovanı, böyük və zəhmli Allahı+ yada salın! Qardaşlarınız, oğul-qızlarınız, arvadlarınız və evləriniz üçün vuruşun!»
15 Düşmənlərimizə xəbər çatdı ki, biz onların qurduğu fitnədən agahıq və Allah onların niyyətini boşa çıxarıb. Bundan sonra hər birimiz divarı tikməyə qayıtdıq. 16 O gündən etibarən, adamlarımın yarısı tikintidə çalışır,+ digər yarısı isə zireh geyinib əlində nizə, qalxan və ox-kaman tuturdu. Başçılar+ yəhudilərin arxasında durub onlara dayaq olurdular. 17 Yəhudilər isə divarı tikirdilər. Fəhlələr bir əli ilə işləyir, o biri əli ilə nizə tuturdular. 18 Bənnaların hər biri belinə qılınc bağlayıb işləyirdi, şeypurçu+ isə mənim yanımda dayanmışdı.
19 Mən əsilzadələrə, məmurlara və bütün camaata dedim: «İşimiz böyükdür. Hərəmiz divarın bir tərəfində işləyirik, bir-birimizdən aralıyıq. 20 Buna görə də şeypur səsi eşidən kimi yanımıza yığışın. Allahımız bizim üçün vuruşacaq!»+
21 Beləcə, dan yeri söküləndən ulduzlar görünənədək yarımız işləyir, yarımız da əlində nizə tuturdu. 22 O zaman mən camaata dedim: «Qoy hər kəs öz nökəri ilə gecələr Yerusəlimdə qalsın. Gecələr keşiyimizi çəksin, gündüzlərsə işləsin». 23 Nə mən, nə qardaşlarım, nə nökərlərim+, nə də arxamca gələn keşikçilər — heç birimiz paltarımızı əynimizdən çıxarmırdıq, silahı sağ əlimizdən yerə qoymurduq.