Uşaqları tərbiyə edərkən Yeqovadan nümunə götürün
“Elə bir oğul varmı ki, atası onu tərbiyələndirməsin?” (İBRANİLƏRƏ 12:7).
1, 2. Bizim dövrümüzdə uşaqları böyütmək nə üçün valideynlərə çətindir?
BİR neçə il qabaq Yaponiyada aparılan sorğuda iştirak edən yetkin yaşlı adamların təxminən yarısının fikrincə, valideynlər öz övladları ilə çox az ünsiyyətdə olur və onları həddindən artıq ərköyün böyüdürlər. Həmin ölkədə aparılan başqa sorğuda iştirak edənlərin, demək olar ki, dörddə biri, uşaqlarla necə ünsiyyətdə olmağı bilmədiklərini e’tiraf etdilər. Bu vəziyyət yalnız Şərq ölkələrinə xas deyil. “Toronto star” qəzetində mə’lumat verilir: “Kanadada bir çox valideynlərin e’tiraf etdiyi kimi, onlar yaxşı valideyn olmağın necə mümkün olduğunu bilmirlər”. Dünyanın hər yerində valideynlər eyni fikrə gəlirlər: uşağın tərbiyəsi ilə məşğul olmaq asan deyil.
2 Uşaqları böyütmək nəyə görə valideynlərə çətinlik gətirir? Əsas səbəb ondadır ki, biz “axır günlərdə”, “çətin anlarda” yaşayırıq (2 Timoteyə 3:1). Bundan əlavə, Müqəddəs Kitabda deyildiyi kimi, “cavanlığından bəri insan ürəyinin fikirləri həmişə pisdir” (Yaradılış 8:21, MKŞ). Uşaqlar isə, təcrübəsiz olanları “nə’rə çəkən... aslan kimi” axtaran Şeytanın hücumları qarşısında xüsusilə zəifdirlər (1 Peter 5:8). Övladlarını Yeqovanın “tərbiyə və nəsihəti ilə” böyütməyə çalışan məsihçi valideynlər də bir çox çətinliklərlə qarşılaşırlar (Efeslilərə 6:4). Valideynlər uşaqlarına, Yeqovanın “xeyirlə şəri ayırd etməyi” bacaran yetkin xidmətçiləri olmalarına necə kömək edə bilərlər? (İbranilərə 5:14).
3. Uşaqlara valideyn tərbiyəsi və rəhbərliyi nəyə görə lazımdır?
3 Müdrik padşah Süleyman yazmışdı: “Səfehlik uşağın qəlbindən yapışa bilər” (Süleymanın məsəlləri 13:1; 22:15, MKŞ). Uşaqların qəlbini bu səfehlikdən təmizləmək üçün, valideynlər onlara məhəbbətlə nəsihət verməlidirlər. Lakin bu cür nəsihəti uşaqlar həmişə həvəslə qəbul etmirlər. Bə’zən onlar, məsləhətin kim tərəfindən verilməsinə baxmayaq, inciyirlər. Buna görə də valideynlər “uşağı gedəcəyi yola görə yetişdirməyi” öyrənməlidirlər (Süleymanın məsəlləri 22:6). Uşaqlar bu cür tərbiyəyə əməl edərlərsə, bu onlara həyat gətirə bilər (Süleymanın məsəlləri 4:13). Uşaqları tərbiyə etməyin nə demək olduğunu bilmək valideynlər üçün necə də vacibdir!
Öyüd vermə — bu nə deməkdir
4. Müqəddəs Kitabda istifadə edilən “öyüd vermə” sözünün əsas mə’nası nədir?
4 Bə’zi valideynlər qorxurlar ki, onları uşaqlarla fiziki, şifahi və ya emosional cəhətdən pis davranmaqda təqsirkar tutacaqlar və buna görə də uşaqları ümumiyyətlə cəzalandırmırlar. Belə qorxulara qapılmaq lazım deyil. “Yeni dünya tərcüməsində” “öyüd vermə” kimi tərcümə olunan yunan sözü, heç bir zorakılığı və ya qəddarlığı nəzərdə tutmur. Müqəddəs Kitabda istifadə edilən bu söz, hər şeydən əvvəl, tərbiyə, tə’lim, islah və bə’zən də ciddi, lakin məhəbbətlə verilən cəza ilə bağlıdır.
5. Yeqovanın öz xalqı ilə davranış tərzi barədə dərindən düşünmək nəyə görə faydalıdır?
5 Bu cür öyüd vermənin mükəmməl nümunəsini Yeqova Allah təqdim edir. Yeqovanı cismani ata ilə müqayisə edərək, həvari Pavel yazırdı: “Elə bir oğul varmı ki, atası onu tərbiyələndirməsin? [...] Onlar [valideynlər] bizi öz düşündükləri kimi bir neçə gün üçün tərbiyələndirdilər. O [Allah] isə bizim xeyrimiz üçün bizi tərbiyələndirir ki, Onun müqəddəsliyinə şərik olaq” (İbranilərə 12:7—10). Bəli, xalqı müqəddəs — pak olsun deyə, Yeqova ona öyüd verir. Yeqovanın öz xalqına verdiyi tərbiyə üsulları üzərində dərindən düşünərək, uşaqları tərbiyə etməyə dair çox şey öyrənə bilərik (Təsniyə 32:4; Matta 7:11; Efeslilərə 5:1).
Məhəbbət, hərəkətverici qüvvədir
6. Məhəbbət göstərməkdə Yeqovadan nümunə almaq nəyə görə valideynlərə çətin ola bilər?
6 Həvari Yəhya deyir: “Allah məhəbbətdir”. Deməli, Yeqovanın verdiyi tərbiyə həmişə məhəbbətdən irəli gəlir (1 Yəhya 4:8; Süleymanın məsəlləri 3:11, 12). Bu o deməkdirmi ki, övladlarını sevən valideynlərə Yeqovadan nümunə götürmək asandır? Həmişə asan olmur. Allahın məhəbbəti prinsiplərə əsaslanır. Yunanca Müqəddəs Yazıları tədqiq edən bir mütəxəssis, belə məhəbbətin “təbii meyllərlə həmişə ayaqlaşmadığını” qeyd edir. Allah hisslərə qapılmır. O, xalqı üçün nəyin daha yaxşı olacağını nəzərə alır (İşaya 30:20; 48:17).
7, 8. a) Yeqova öz xalqı ilə münasibətində prinsiplərə əsaslanan məhəbbət nümunəsini necə verir? b) Valideynlər uşaqlarına Müqəddəs Kitab prinsiplərinə riayət etməyi öyrədərkən, Yeqovanı necə təqlid edə bilərlər?
7 İsrail xalqı ilə davranışında Yeqovanın necə məhəbbət göstərdiyini nəzərdən keçirək. Yeqovanın yeni təşkil olunmuş İsrail xalqına olan məhəbbətini təsvir edərkən, Musa tə’sirli bənzətmə istifadə etdi: “Yuvasını hərəkətə gətirən, balaları üzərinə qanad çarpan qartal kimi, qanadlarını yayıb onları aldı, qanadları üzərində onları daşıdı. Təkbaşına Rəbb ona [Yaquba] yol göstərdi” (Təsniyə 32:9, 11, 12). Qartal, balalarına uçmağı öyrətmək üçün “yuvasını hərəkətə gətirir”: balalarını yuvanı tərk etməyə çağıraraq, qanadlarını yelləyir və bir–birinə çırpır. Balası, adətən hündür qaya üzərində yerləşən yuvadan atılan zaman, ana qartal onun “üzərinə qanad çarpır”. Əgər balasının yerə dəyəcəyini zənn edirsə, aşağı şığıyıb balanı tutur və onu “qanadları üzərində... daşıyır”. Bunun kimi, Yeqova da yenicə təşkil olunmuş İsrail xalqına məhəbbətlə qayğı göstərdi. Həmin xalqa Musanın vasitəsilə qanunlar verdi (Məzmur 78:5—7). Sonra isə xalqına diqqətlə nəzarət edirdi və əgər xalq bir çətinliyə düşərdisə, tez köməyinə çatmağa həmişə hazır idi.
8 Məsihçi valideynlər məhəbbət göstərməkdə Yeqovadan necə nümunə götürə bilərlər? Hər şeydən əvvəl, onlar öz övladlarını Allahın Kəlamındakı prinsip və normalarla tanış etməlidirlər (Təsniyə 6:4—9). Valideynlərin məqsədi ondan ibarətdir ki, uşaqlarına, Müqəddəs Kitab prinsiplərinə müvafiq olan qərarlar qəbul etməyi öyrətsinlər. Valideynlər uşaqlarına tə’lim verərkən, öyrəndikləri prinsipləri necə həyata keçirdiklərini müşahidə etməklə, təşbehlərlə desək, onların “üzərində qanad çarpırlar”. Uşaqlar böyüdükcə daha çox sərbəstlik əldə edirlər. Ancaq diqqətli valideynlər, təhlükə zamanı yenə də “aşağı şığımağa” və “onları qanadları üzərində daşımağa” hazırdırlar. Burada hansı təhlükədən bəhs olunur?
9. Valideynlər hansı təhlükəni unutmalı deyillər? Misal çəkin.
9 Yeqova Allah, pis ünsiyyətin nəyə səbəb olacağını israillilərə xəbər verdi (Saylar 25:1—18; Ezra 10:10—14). Pis dostluq bu gün də təhlükəlidir (1 Korinflilərə 15:33). Ünsiyyət barəsindəki sualları uşaqları ilə müzakirə edəndə, məsihçi valideynlər Yeqovadan nümunə götürməlidirlər. 15 yaşlı Lizanın bir oğlandan xoşu gəlirdi; bu oğlan, onun valideynlərinin əxlaqi və ruhani dəyərlərə olan nöqteyi–nəzərlərinə şərik deyildi. Liza deyir: “Əhval–ruhiyyəmdə baş verən dəyişikliyi valideynlərim dərhal duyub, narahat oldular. Onlar mənə bə’zən öyüd verir, bə’zən də məhəbbətlə ruhlandırırdılar”. Valideynləri Liza ilə dönə–dönə söhbət edir və yaranan problemi görməkdə kömək edərək, onu səbirlə dinləyirdilər. Valideynləri hiss edirdilər ki, bu problemin səbəbi, Lizanın öz həmyaşıdları arasında nüfuz qazanmaq istəyindədira.
Ünsiyyət qapısını açıq saxlayın
10. İsraillilərlə ünsiyyətdə olarkən, Yeqova nədə gözəl nümunə verdi?
10 Uşaqlara müvəffəqiyyətlə tərbiyə vermək üçün, valideynlər ünsiyyət qapısını açıq saxlamalıdırlar. Yeqova, qəlbimizdə olanları çox gözəl bilsə də, bizi Onunla ünsiyyətdə olmağa təşviq edir (1 Tarixlər 28:9). İsraillilərə Qanun verərək, Yeqova levitləri xalqa öyüd vermək üçün tə’yin etdi, peyğəmbərləri göndərdi ki, onlar israilliləri islah edib, dərindən düşünməkdə onlara kömək etsinlər. Bundan əlavə, Yeqova xalqının dualarını eşitməyə də həmişə hazır idi (2 Tarixlər 17:7—9; Məzmur 65:2; İşaya 1:1—3, 18—20; Yeremya 25:4; Qalatiyalılara 3:22—24).
11. a) Valideynlər uşaqları ilə necə yaxşı ünsiyyət yarada bilərlər? b) Uşaqları ilə ünsiyyətdə olarkən, valideynlərin onlara diqqətlə qulaq asmaları nəyə görə vacibdir?
11 Uşaqları ilə ünsiyyətdə olarkən, valideynlər Yeqovanı necə təqlid edə bilərlər? Onlar ilk növbədə, uşaqları üçün vaxt ayırmalıdırlar. Onlar həmçinin, “Elə bu? Mən də fikirləşirdim ki, sənin doğrudan da vacib işin var”; “Ağılsızlıqdır”; “Bəs nə istəyirdin? Sən hələ uşaqsan” kimi düşünülməmiş, ürəksındıran sözlərlə məzəmmət etməli deyillər (Süleymanın məsəlləri 12:18). Hikmətli valideynlər, ürəklərini açsınlar deyə uşaqlarını diqqətlə dinləməyə çalışmalıdırlar. Əgər uşaqları körpə ikən valideynləri onları dinləməyə vaxt tapmırlarsa, elə ola bilər ki, övladları böyüyərkən valideynlərə qulaq asmağa vaxtları olmaz. Yeqova öz xidmətçilərini dinləməyə həmişə hazırdır. O, həlimliklə duada Ona müraciət edənləri həmişə eşidir (Məzmur 91:15; Yeremya 29:12; Luka 11:9—13).
12. Uşaqları onlara asan müraciət etsinlər deyə, valideynlərə hansı xüsusiyyətlər lazımdır?
12 Gəlin görək, Allahın hansı xüsusiyyətlərinə görə Ona müraciət etmək xidmətçilərinə asan olurdu. Misal üçün, qədim İsrailin padşahı olan Davud, Bat–şeba ilə zina edərkən ağır günah işlətdi. Qeyri–kamil olduğundan, Davud həyatında başqa ciddi günahlardan da qaçına bilmədi. Buna baxmayaraq, o, Yeqovaya müraciət etməyə, Ondan əfv və məzəmmət diləməyə heç zaman qorxmamışdı. Şübhəsiz ki, Yeqovanın mərhəmətli və şəfqətli olduğunu bildiyi üçün, Ona müraciət etmək Davuda asan idi (Məzmur 103:8). Canıyananlıq və mərhəmət kimi xüsusiyyətləri təzahür etdirməkdə Allahdan nümunə götürməklə, valideynlər ünsiyyət qapısını, hətta uşaqları düzgün davranmadıqda da açıq saxlaya bilərlər (Məzmur 103:13; Malaki 3:17).
Mülayim olun
13. Mülayim olmaq nə deməkdir?
13 Uşaqları dinləyərkən, valideynlər mülayim olmalı və “yuxarıdan nazil olan hikməti” əks etdirməlidirlər (Yaqub 3:17). Həvari Pavel yazırdı: “Qoy sizin mülayimliyiniz bütün insanlara mə’lum olsun” (Filipililərə 4:5). Bəs mülayim olmaq nə deməkdir? Bir tə’rifə görə, “mülayim” kimi tərcümə olunan qədim yunan sözü, “qanunun hər nöqtəsinə tə’kid etməyən” mə’nasını daşıyır. Valideynlər, əxlaqi və ruhani normalara möhkəm riayət etməklə yanaşı, necə mülayim ola bilərlər?
14. Lutla davranışında Yeqova mülayimliyi necə göstərdi?
14 Mülayimliyin ən mükəmməl nümunəsini Yeqova verir (Məzmur 10:17). Yeqova, Luta və onun ailəsinə mühakimə olunmuş Sodom ilə Homorradan çıxmağı buyuranda Lut “yavaş tərpəndi”. Sonradan, Yeqovanın mələyi Luta dağa qaçmağı buyuranda, o cavab verdi: “Dağa çata bilmərəm... Yaxınlıqda qaça biləcəyim kiçik bir şəhər [Soar] var. Qoy oraya — kiçik şəhərə” qaçım. Yeqova buna necə münasibət göstərdi? O dedi: “Sənin xatirinə bunu da edərəm; dediyin şəhəri dağıtmaram” (Yaradılış 19:16—21, 30, MKŞ). Yeqova, Lutun xahişinə əməl etməyə hazır idi. Bəli, valideynlər, Yeqovanın öz Kəlamı Müqəddəs Kitabda tə’yin etdiyi normalara riayət etməlidirlər. Bununla yanaşı, Müqəddəs Kitab prinsipləri pozulmayan hallarda uşaqların istəklərini nəzərə almaq olar.
15, 16. Valideynlər, İşaya 28:24, 25 ayələrində yazılan əyani misaldan nə öyrənə bilərlər?
15 Mülayimlik göstərmək, uşaqların ürəyini verilən məsləhəti həvəslə qəbul etməyə hazırlamaq deməkdir. Yeqovanı əkinçi ilə müqayisə edərək, İşaya dedi: “Əkinçi əksin deyə daima cüt sürərmi? Daima torpağını açıb dırmıq çəkərmi? Onun üzünü düzəldincə çörək otunu dağıtmaz və zirəni səpməzmi? Və buğdanı sıralara və arpanı ayrılan yerinə və çovdarı onun kənarına qoymazmı?” (İşaya 28:24, 25).
16 Yeqova “əksin deyə cüt sürür” və “torpağını açıb dırmıq çəkir”. Öz xidmətçilərinə öyüd verməzdən əvvəl, Yeqova onların ürəyini hazırlayır. Uşağa tərbiyə verərkən, valideyn onun ürəyini necə “şumlaya” bilər? Dörd yaşlı oğlunu islah etməli olan bir ata, Yeqovanı təqlid etməyə çalışdı. Oğlunun qonşu uşağını vurduğunu bilən ata, əvvəlcə övladının bəhanəsini səbirlə dinlədi. Sonra isə, məcazi mə’nada oğlunun ürəyini şumlamaq üçün, ata ona bir nağıl söylədi. Nağılda, dalaşqan dələduz tərəfindən çox incidilən balaca bir oğlandan bəhs olunurdu. Nağıl uşağa elə tə’sir etdi ki, o, həmin dələduzun hökmən cəzalanmağa layiq olduğunu söylədi. Bu cür “şumlamaq” oğula kömək etdi ki, qonşu uşağını vurmaqla nağıldakı dələduz kimi davrandığını və belə hərəkətin düzgün olmadığını başa düşsün (2 Samuel 12:1—14).
17. Öyüd verməyə aid valideynlər İşaya 28:26—29 ayələrində yazılan sözlərdən nə öyrənirlər?
17 Daha sonra İşaya, Yeqovanın verdiyi tərbiyəni əkinçiliyin başqa sahəsi olan taxıl döymə ilə müqayisə edir. Samanların möhkəmliyindən asılı olaraq, taxılın döyülməsi üçün əkinçi müxtəlif alətlərdən istifadə edir. O, yumşaq çörək otunu zəncirlə, zirəni ağacla döyür, daha möhkəm örtüklü taxılı döymək üçün isə, dişli vərdənə və ya taxıldöyən çarxdan istifadə edir. Lakin bu zaman əkinçi, möhkəm taxılı tam əzilənə qədər döyməyəcəkdir. Yeqova da belə davranır. Öz xalqını bir pislikdən tərgitdirmək üçün, tələbat və vəziyyətdən asılı olaraq, müxtəlif üsullardan istifadə edir. O, heç zaman qəddar və ya amansız davranmır (İşaya 28:26—29). Hər şeyi başa düşmək üçün, bə’zi uşaqlara valideynin baxışı kifayət edir. Başqalarına hər şeyi bir neçə dəfə təkrarlamaq lazımdır, digərlərinə nəyi isə ciddi surətdə beyninə yeritmək lazım gəlir. Mülayim valideynlər uşağını, ona uyğun gələn üsul ilə tərbiyə edirlər.
Qoy ailəvi öyrənmə sevinc gətirsin
18. Müqəddəs Kitabın müntəzəm olaraq ailəvi öyrənilməsi üçün valideynlər necə vaxt ayıra bilərlər?
18 Müqəddəs Kitabın ailəlikcə müntəzəm olaraq öyrənilməsi və ayələrin gündəlik araşdırılması, uşaqlara tərbiyə verməyə gözəl imkan yaradır. Müntəzəm keçirilən ailəvi öyrənmə daha səmərəli olur. Əgər bu öyrənmə arabir və qabaqcadan hazırlaşmadan keçirilirsə, belə öyrənmə ailənin həyatı üçün təsadüfi hadisə olacaqdır. Buna görə də valideynlər, öyrənmə üçün vaxtı “satın” (YD) almalıdırlar (Efeslilərə 5:15—17). Ailənin bütün üzvlərinə hər dəfə münasib olan vaxtı seçmək elə də asan deyil. Bir ata müşahidə etdi ki, uşaqlar böyüdükcə onların hər birinin gündəlik qrafiki yaranır və ailəni bir yerə toplamaq get–gedə çətinləşir. Lakin yığıncaq görüşləri keçirilən axşamlar ailə həmişə bir yerdə olurdu. Bu ata, ailəvi öyrənməni həmin axşamlardan birinə tə’yin etdi. Bu tədbir effektli oldu. Bunun sayəsində ailədəki uşaqların hər üçü, Yeqovanın vəftiz olunmuş xidmətçisi oldu.
19. Ailəvi öyrənməni keçirərkən, valideynlər Yeqovadan necə nümunə götürə bilərlər?
19 Lakin öyrənmə zamanı sadəcə olaraq Müqəddəs Kitaba əsaslanan materialı keçmək kifayət etmir. Yeqova, vətənə qayıdan israillilərə kahinlər vasitəsilə tə’lim verirdi. Kahinlər Qanundan oxuduqlarının “mə’nasını verirdilər”, belə ki, “oxuduqlarını onlara [xalqa] anladırdılar” (Nehemya 8:8). Yeddi övladına Yeqovaya məhəbbət aşılayan bir ata, keçiləcək materialı hər bir uşağın tələbatına əsasən uyğunlaşdırmağa hazırlaşmaq məqsədilə, ailəvi öyrənmədən qabaq həmişə öz otağına gedirdi. O bu öyrənməni uşaqları üçün maraqlı etməyə çalışırdı. Onun artıq böyük yaşa çatmış bir övladı xatırlayır: “Biz ailəvi öyrənməni həmişə səbirsizliklə gözləyirdik. Əgər həyətdə oynayırdıqsa, bizi ailəvi öyrənməyə çağıranda, dərhal topu kənara atıb evə qaçırdıq. Bu, həftə ərzindəki ən sevimli axşamlardan biri idi”.
20. Uşaqlara tərbiyə verərkən, mümkün olan hansı problemi unutmaq olmaz?
20 Məzmurçu demişdi: “Budur, uşaqlar Rəbdən mirasdır; bətnin səmərəsi mükafatdır” (Məzmur 127:3). Uşaqların tərbiyəsi vaxt və qüvvə tələb edir, amma lazımi tərbiyə övladlarımıza əbədi həyat gətirə bilər. Necə də gözəl mükafatdır! Belə isə, gəlin uşaqlara tərbiyə verərkən, Yeqovadan sə’ylə nümunə götürək. Valideynlərə uşaqlarını “Rəbbin tərbiyə və nəsihəti ilə” böyütmək məs’uliyyəti həvalə olunsa da, onlar buna hər vaxt nail ola bilmirlər (Efeslilərə 6:4). Hətta ən yaxşı tərbiyəni almış olsa belə, uşaq üsyan qaldırıb, Yeqovaya xidmətinə son qoya bilər. Belə olduqda nə etməli? Növbəti məqalə bu suala həsr olunub.
[Haşiyə]
a Bu və növbəti məqalədə təsvir edilən hadisələr, bəlkə də mədəniyyəti sizin ölkənin mədəniyyətindən fərqlənən ölkələrdə baş verib. Bu hadisələrdə qeyd olunan prinsipləri görməyə və öz şəraitinizdə tətbiq etməyə çalışın.
Siz necə cavab verərdiniz?
• Təsniyə 32:11, 12 ayələrində təsvir olunan məhəbbətin təzahüründə valideynlər Yeqovadan necə nümunə götürə bilərlər?
• Yeqovanın İsrail xalqı ilə davranmasından siz nə öyrəndiniz?
• Yeqovanın Lutun xahişinə qulaq asması bizə nə öyrədir?
• Uşaqlara öyüd verməyə aid İşaya 28:24—29 ayələrində yazılan sözlərdən nə öyrəndiniz?
[20 və 21-ci səhifələrdəki şəkil]
Musa, Yeqovanın öz xalqına tərbiyə verməsini, qartalın balalarına qayğı göstərməsilə müqayisə etdi.
[22-ci səhifədəki şəkil]
“Bu, həftə ərzindəki ən sevimli axşamlardan biri idi”.
[23-cü səhifədəki şəkillər]
Valideynlər uşaqlarına vaxt ayırmalıdırlar.