‘Ardımca gəlin’
“Siz bunun üçün çağırıldınız. Çünki Məsih də sizə bir nümunə qoyaraq, sizin üçün ələm çəkdi ki, siz Onun izləri ilə gedəsiniz” (1 PETER 2:21, İ–93).
1, 2. İsanın bir müəllim kimi qoyduğu kamil nümunə bizim üçün nəyə görə tətbiqedilməz deyil?
İSA MƏSİH yer üzündə yaşamış ən böyük Müəllim idi. Bundan əlavə, o, kamil olmuş və yer üzündə yaşadığı müddətdə heç zaman günah işlətməmişdir (1 Peter 2:22). Bəs bu o deməkdirmi ki, İsanın bir müəllim kimi qoyduğu nümunə bizim kimi qeyri-kamil insanlar üçün tətbiqedilməzdir? Əsla yox.
2 Əvvəlki məqalədən gördüyümüz kimi, İsanın müəllimlik fəaliyyətinin əsasını məhəbbət təşkil edirdi. Məhəbbəti isə hər birimiz inkişaf etdirə bilərik. Allahın Kəlamı dəfələrlə bizi başqalarını daha möhkəm və dərindən sevməyi öyrənməyə təşviq edir (Filipililərə 1:9; Koloslulara 3:14). Yehova heç zaman yaratdığı varlıqlardan mümkün olmayan şeyi gözləmir. “Allah məhəbbət” olduğuna və bizi öz surətində yaratdığına görə deyə bilərik ki, O, bizə məhəbbət təzahür etdirmək bacarığı verib (1 Yəhya 4:8; Təkvin 1:27). Buna görə də, məqalənin əsas ayəsində həvari Pavelin sözlərini oxuduqda, ona müvafiq davrana biləcəyimizə şübhə etməyə bilərik. Biz, Məsihin izləri ilə dəqiq getməyi bacara bilərik. Bundan əlavə, İsanın ‘ardımca gəlin’ əmrinə tabe olmaq iqtidarındayıq (Luka 9:23). Gəlin İsanın əvvəlcə həqiqətə məhəbbətini, sonra isə öyrətdiyi insanlara olan məhəbbətini necə təqlid edəcəyimizə diqqət yetirək.
Öyrəndiyimiz həqiqətlərə məhəbbət inkişaf etdiririk
3. Nəyə görə bə’zilərinə öyrənmək çətindir, lakin Süleymanın məsəlləri 2:1-5 ayələri nəyə təşviq edir?
3 Başqalarına öyrətdiyimiz həqiqətləri sevmək üçün, əvvəlcə özümüz həmin həqiqətləri öyrənməyi sevməliyik. Bugünkü dünyada bunu etmək o qədər də asan deyil. Məktəb təhsilinin kifayət qədər olmadığından və gənclikdə əmələ gələn pis vərdişlər ucbatından çoxlarında təhsilə qarşı soyuqluq yaranır. Ancaq Yehovanın tə’limi bizim üçün olduqca vacibdir. Süleymanın məsəlləri 2:1-5 ayələrində deyilir: “Oğlum, qulağını hikmətə çevirərək və anlayışa ürəyini meylləndirərək, sözlərimi qəbul edər və əmrlərimi yanında saxlarsansa; gerçək, əgər idrakı çağırar və anlayışa səsini yüksəldərsənsə; əgər gümüş axtarar kimi onu axtarar və xəzinələr araşdırar kimi onu araşdırarsansa; Rəbb qorxusunu o zaman anlayacaqsan və Allah biliyini tapacaqsan”.
4. ‘Ürəyi meylləndirmək’ nə deməkdir və bu işdə bizə “Allah biliyin”ə qarşı necə münasibət kömək edər?
4 Diqqət yetirin ki, birdən dördüncü ayəyə qədər biz sadəcə ‘qəbul edib’ və ‘saxlamağa’ deyil, həmçinin ‘axtarıb’, ‘araşdırmağa’ da dönə-dönə təşviq olunuruq. Bizi buna nə təşviq etməlidir? Gəlin “anlayışa ürəyini meylləndirərək” ifadəsinə diqqət yetirək. Bir arayış kitabçasında deyilir ki, bu, “sadəcə diqqətli olmağa çağırış deyil; bu, müvafiq əhval-ruhiyyəyə malik olmaq, yə’ni tə’limə qarşı xüsusilə həssas olmağa dair tələbdir”. Bəs Yehovanın tə’liminə qarşı həssas olmaqda bizə nə kömək edə bilər? Bu tə’limlərə qarşı olan münasibətimiz. Biz, “Allah biliyinə” “gümüş” və “xəzinələr” kimi baxmalıyıq.
5, 6. a) Vaxt keçdikcə nə baş verə bilər və bunun qarşısını necə almaq olar? b) Müqəddəs Kitabdan əldə etdiyimiz bilik xəzinələrini nəyə görə artırmalıyıq?
5 Belə münasibəti inkişaf etdirmək çətin deyil. Məsələn, sənin qəbul etdiyin “Allah biliyi”, Yehovanın niyyətinə əsasən Ona sadiq insanların yer üzü Cənnətdə əbədi yaşayacaqları haqqında həqiqəti də, ehtimal ki, özünə daxil edir (Məzmur 37:28, 29). Bu həqiqəti yeni öyrənən zaman, sözsüz ki, onu əsl bir xəzinə, zehnini və ürəyini ümid və sevinclə dolduran bir bilik kimi qəbul etmişdin. Bəs indi necə? Vaxt keçdikcə bu xəzinəyə olan minnətdarlıq hissin zəifləməyib ki? Əgər elədirsə, növbəti iki addımı atmağa çalış. Birincisi, özündə olan minnətdarlıq hissini canlandır, hətta illər öncə öyrənmiş olduğun, Yehovanın öyrətdiyi hər bir həqiqəti nəyə görə qiymətləndirdiyini müntəzəm şəkildə xatırla.
6 İkincisi, xəzinəni artırmağa davam et. Misal üçün, əgər təsadüfən yoldan qiymətli bir daş tapsaydın, onu sadəcə cibinə qoyub məmnun halda yoluna davam edərdin? Yoxsa yenə daş olub olmadığını yoxlamaq üçün, yeri qazmağa başlayardın? Allahın Kəlamı qiymətli daşlara bənzəyən dəyərli həqiqətlərlə doludur. Nə qədər dəyərli həqiqətlər əldə etmiş olsan da, daha çox tapmaq mümkündür (Romalılara 11:33). Həqiqətin yeni bir sahəsini öyrəndikdə özündən soruş: Bunu dəyərli edən nədir? Bu, Yehovanın şəxsiyyətini və ya niyyətlərini daha dərindən anlamaqda mənə kömək edirmi? İsanın izləri ilə getməyə kömək edəcək praktiki rəhbərlik verirmi? Bu cür sualların üzərində düşünmək, Yehovanın bizə öyrətdiyi həqiqətlərə məhəbbət inkişaf etdirməyə kömək edəcəkdir.
Öyrətdiyimiz həqiqətlərə məhəbbət
7, 8. Müqəddəs Kitabdan öyrəndiyimiz həqiqətləri sevdiyimizi insanlara necə göstərə bilərik? Nümunə gətirin.
7 İnsanlara həqiqəti öyrədərkən, Allahın Kəlamından öyrəndiyimiz həqiqətləri sevdiyimizi necə göstərə bilərik? İsanın nümunəsini izləyərək, təbliğ edən və öyrədən zaman tamamilə Müqəddəs Kitaba istinad edirik. Son zamanlar Allahın xalqı bütün dünyada təbliğ fəaliyyətində Müqəddəs Kitabı daha çox istifadə etməyə təşviq olunur. Bu məsləhətə riayət edərək təbliğ etdiyin insanlara Allahın Kəlamından bölüşdüyün həqiqətləri qiymətləndirdiyini göstərmək üçün üsullar axtar (Matta 13:52).
8 Məsələn, keçən il Nyu-Yorkda baş verən terror aktlarından sonra, bir məsihçi bacımız xidmətdə rast gəldiyi insanlara Məzmur 46:1, 11 ayələrini oxuyurdu. Əvvəlcə insanlardan yaranan faciənin sarsıntısına necə tab gətirdiklərini xəbər alırdı. Onların cavablarını diqqətlə dinləyir, başa düşdüyünü bildirir, sonra isə deyirdi: “İcazənizlə mən sizə, bu çətin zamanda mənə təsəlli verən Müqəddəs Kitabdan bir ayəni oxumaq istəyərdim”. İmtina edənlər az idi və nəticədə çoxları ilə maraqlı söhbətlər başlandı. Həmin bacımız gənclərlə söhbət edərkən çox vaxt belə deyir: “Düz 50 ildir ki, mən Müqəddəs Kitab biliklərini insanlarla bölüşürəm və indiyə qədər elə bir problem olmayıb ki, bu kitab onun həllində kömək edə bilməsin”. Göstərdiyimiz səmimilik və ruh yüksəkliyi insanlara kömək edəcəkdir ki, Allahın Kəlamından öyrəndiyimiz həqiqətləri qiymətləndirib, onları sevdiyimizi görsünlər (Məzmur 119:97, 105).
9, 10. E’tiqadımız barəsində suallara cavab verdikdə nəyə görə Müqəddəs Kitabı istifadə etmək vacibdir?
9 İnsanlar bizim e’tiqadımız barədə soruşduqda, Allahın Kəlamına olan məhəbbətimizi göstərmək üçün gözəl imkan yaranır. İsanın nümunəsini təqlid edərək, cavablarımızda öz ideyalarımıza əsaslanmırıq (Süleymanın məsəlləri 3:5, 6). Əksinə, cavab verərkən Müqəddəs Kitabı istifadə edirik. Kiminsə sənə cavab verə bilməyəcəyin bir sual verməsindən qorxursanmı? Belə halda atacağın iki addımı nəzərdən keçirək.
10 Hazırlıqlı olmaq üçün əlindən gələni et. Həvari Peter yazmışdı: “Rəbb Allahı ürəklərinizdə təqdis edin. Malik olduğunuz ümid barəsində sizdən hesabat istəyən hər kəsə həmişə mülayimliklə və ehtiramla cavab vermək üçün hazır olun” (1 Peter 3:15). E’tiqadını müdafiə etməyə hazırsanmı? Məsələn, əgər kimsə səndən Müqəddəs Kitaba əsaslanmayan adət və ya məşğuliyyətdə iştirak etmədiyinin səbəbini öyrənmək istəyirsə, həmin adama sadəcə: “Bu mənim dinimə ziddir”, deməklə kifayətlənmə. Bu cür cavab elə bir təəssürat yarada bilər ki, sən başqalarının sənin yerinə qərar qəbul etməsinə yol verirsən, deməli, hansısa təriqətin üzvüsən. Yaxşı olardı ki, “Buna, Allahın Kəlamında, Müqəddəs Kitabda yol verilmir” və ya “Bu, mənim Allahıma məqbul deyil” deyib, sonra isə məntiqə uyğun faktlar gətirəsən (Romalılara 12:1).
11. Hansı vəsait Allahın Kəlamından olan həqiqətlərə dair suallara cavab verməkdə hazırlıqlı olmağımıza kömək edə bilər?
11 Əgər hazırlıqsız olduğunu düşünürsənsə, nəyə görə “Müqəddəs Kitab əsasında söhbət etmək üçün mövzular” broşürasını (rusca) öyrənməyə bir az vaxt ayırmayasan?a Xidmətdə toxunula biləcək bə’zi mövzuları seç və Müqəddəs Kitabda olan bir neçə faktları yadda saxla. Müqəddəs Kitab və “Müqəddəs Kitab əsasında söhbət etmək üçün mövzular” broşürası əlinin altında olsun. Hər ikisini də istifadə etməkdən çəkinmə, Müqəddəs Kitabdan bu və ya digər suallara cavab tapmaq üçün məmnuniyyətlə bu broşüraya müraciət etdiyini izah et.
12. Əgər Müqəddəs Kitaba dair verilən sualın cavabını bilmiriksə, nə deyə bilərik?
12 Əbəs yerə narahatçılıqdan qaçın. Qeyri-kamil insanlar arasında hər suala cavab bilən yoxdur. Buna görə də, sənə Müqəddəs Kitaba dair cavabını bilmədiyin sual verdikdə həmişə təxminən belə deyə bilərsən: “Çox maraqlı sualdır. Doğrusunu desəm, mən bu sualın cavabını bilmirəm, ancaq əminəm ki, Müqəddəs Kitabda bu suala cavab var. Mən böyük məmnuniyyətlə Müqəddəs Kitabı tədqiq edirəm və buna görə də verdiyiniz sualın cavabını tapıb, təkrar sizin yanınıza gələcəyəm”. Bu cür səmimi və mülayim münasibət daha sonra söhbəti davam etdirmək üçün yaxşı şərait yarada bilər (Süleymanın məsəlləri 11:2).
Həqiqəti öyrətdiyimiz insanlara məhəbbət
13. Nəyə görə təbliğ etdiyimiz insanlara qarşı müsbət nöqteyi-nəzərimizi qoruyub saxlamalıyıq?
13 İsa həqiqəti öyrətdiyi insanlara məhəbbət göstərirdi. Bu sahədə onu necə təqlid edə bilərik? Biz heç vaxt ətrafımızdakı insanlara qarşı laqeyd olmalı deyilik. Doğrudur, “Küll-İxtiyar Allahın böyük günündə baş verəcək müharibə” getdikcə yaxınlaşır və milyardlarla insanlar arasında çoxları məhv ediləcəkdir (Vəhy 16:14; Yeremya 25:33). Lakin biz kimin sağ qalıb, kimin də məhv olacağından bixəbərik. Bu hökm gələcəkdə veriləcək və Yehovanın tə’yin etdiyi kəs — İsa Məsih tərəfindən icra olunacaqdır. Düşünürük ki, bu hökm günü başlayanadək hər bir kəs Yehovanın xidmətçisi ola bilər (Matta 19:24-26; 25:31-33; Həvarilərin işləri 17:31).
14. a) İnsanlara qarşı şəfqətli olub-olmadığımızı necə yoxlaya bilərik? b) Başqalarına qarşı şəfqətli olmağı və onlarla maraqlandığımızı təcrübədə necə göstərə bilərik?
14 Bunu nəzərə alaraq, İsa kimi biz də ətrafımızdakı insanlara qarşı şəfqətli olmağa çalışırıq. Özümüzdən soruşa bilərik: Bu dünyanın dini, siyasi və ticarət aləmi tərəfindən məharətlə söylənilən yalanların və hiylələrin qurbanı olan kəslərə acıyırammı? Söylədiyimiz xəbərə e’tinasız yanaşırlarsa, bunun səbəbini anlamağa çalışırammı? Hal-hazırda Yehovaya xidmət edənlərin, həmçinin şəxsən özümün də bir zamanlar bu xəbərə qarşı e’tinasız olduğum yadımdadırmı? Təbliğ üsulumu onlara uyğunlaşdırırammı? Yoxsa elə düşünürəm ki, bu cür adamlarla söhbət etmək faydasızdır? (Vəhy 12:9). İnsanlar bizim səmimi qəlbdən şəfqət göstərdiyimizi hiss etdikdə, gətirdiyimiz xəbərə hay verəcəkləri ehtimalı artır (1 Peter 3:8). Şəfqətlilik xidmətdə rast gəldiyimiz insanlara daha çox maraq göstərməyə də təşviq edəcəkdir. Biz onların suallarına, onları narahat edən məsələlərə diqqət yetirə bilərik. Beləliklə, təkrar başçəkmə zamanı göstərəcəyik ki, keçən dəfə onların dedikləri üzərində düşünmüşük. Və əgər onların nəyə isə tə’cili ehtiyacları varsa, hansısa kömək göstərə biləcəyimiz istisna deyil.
15. Nəyə görə insanlardakı yaxşı cəhətləri görməyə çalışmalıyıq və bunu necə edə bilərik?
15 İsa kimi, biz də insanlarda olan yaxşı cəhətləri görməyə çalışırıq. Tutaq ki, xidmətdə uşaqlarının tərbiyəsində tə’rifəlayiq sə’y göstərən tənha anaya, ailəsini tə’min etmək üçün əlindən gələni edən kişiyə, ruhani məsələlərə maraq göstərən yaşlı adama rast gəlirik. Biz bu insanlardakı yaxşı cəhətləri görüb, onları tə’rifləyirikmi? Bu cür davranaraq aramızda ümumi bir şeyin olduğunu vurğulamış oluruq, bu isə bizə Padşahlıq haqqında şahidlik etməyə imkan yarada bilər (Həvarilərin işləri 26:2, 3).
Məhəbbət göstərmək üçün təvazökarlıq vacibdir
16. Nəyə görə təbliğ etdiyimiz insanlarla münasibətdə həmişə mülayimlik və ehtiram göstərmək vacibdir?
16 Həqiqəti öyrətdiyimiz insanlara olan məhəbbət, bizi Müqəddəs Kitabın müdrik xəbərdarlığına diqqət yetirməyə təşviq edəcəkdir: “Bilik insanı lovğalandırır, məhəbbət isə ruhən inkişaf etdirir” (1 Korinflilərə 8:1). İsa dərin biliyə sahib idi, lakin o, heç zaman lovğalanmırdı. Buna görə də, insanlara öz e’tiqadın haqqında danışarkən mübahisə etmək istəyini bildirən rəftardan, yaxud özünü üstün tutmaq hissindən qaçın. Çünki məqsədimiz insanların ürəyinə yol tapmaq, onları sevdiyimiz həqiqətlərə cəlb etməkdir (Koloslulara 4:6). Unutmayaq ki, Peter məsihçiləri müdafiəyə hazır olmağa təşviq edərkən xatırlatdı ki, həqiqəti “mülayimliklə və ehtiramla” müdafiə etmək lazımdır (1 Peter 3:15). Əgər biz mülayimlik və ehtiram göstəririksə, ehtimal ki, insanları xidmət etdiyimiz Allaha cəlb edəcəyik.
17, 18. a) Bir təbliğçi kimi qabiliyyətli olmağımıza dair tənqidi münasibətlərə necə yanaşmalıyıq? b) Müqəddəs Kitabın yazıldığı qədim dilləri bilmək, bu kitabı öyrənənlər üçün nəyə görə əsas şərt deyil?
17 Məqsədimiz, biliyimiz və təhsilimizlə insanlara təəssürat bağışlamaq deyil. Əgər sahədə kim isə universitet təhsili və ya vəzifəsi olmayanları dinləmirsə, ruhdan düşmək lazım deyil. İsa məşhur ravvin məktəbləri bitirmədiyi üçün edilən e’tirazlara fikir vermirdi; bundan başqa İsa o zaman geniş yayılmış qabaqcadan yaranan yanlış fikirlərə riayət etmir və ətrafındakı insanlara dərin biliyi ilə təəssürat bağışlamağa çalışmırdı (Yəhya 7:15).
18 Təvazökarlıq və məhəbbət məsihçilər üçün istənilən dünyəvi təhsildən daha vacibdir. Bizi xidmətə qabiliyyətli edən Dahi Pedaqoq Yehovadır (2 Korinflilərə 3:5, 6). Xristian dünyasının dindarları nə deyirlər desinlər, Allahın Kəlamının müəllimləri olmaq üçün Müqəddəs Kitabın yazıldığı qədim dilləri öyrənmək lazım deyil. Yehovanın müqəddəs ruhunun rəhbərliyi altında Müqəddəs Kitab o qədər sadə və aydın dildə yazılıb ki, hər kəs onun dəyərli həqiqətlərini anlamaq iqtidarındadır. Bu həqiqətlər yüzlərlə, minlərlə dilə tərcümə edilsə də, dəyişməz olaraq qalmaqdadır. Buna görə də, qədim dilləri bilmək bə’zi hallarda yararlı olsa da, bu əsas şərt deyil. Amma insan dilbilmə qabiliyyəti ilə qürrələnirsə, məsihçilərə xas olan öyrənməyə hazır olmaq kimi vacib keyfiyyəti itirə bilər (1 Timoteyə 6:4).
19. Məsihçi xidmətimiz hansı mə’nada təvazökarlıq tələb edən fəaliyyətdir?
19 Məsihçi xidmətinin təvazökar düşüncə tərzi tələb etdiyinə şübhə ola bilməz. Biz həmişə müqavimət, e’tinasızlıq və tə’qiblə üzləşirik (Yəhya 15:20). Lakin xidmətimizi sədaqətlə yerinə yetirərək, həyati vacib işi görmüş oluruq. Bu işi yerinə yetirərək başqalarına təvazökarlıqla xidmət etməyə davam ediriksə, İsa Məsihin insanlara göstərdiyi məhəbbətini təqlid etmiş oluruq. Bunu düşün: bir nəfər həlim insanı tapmaq üçün, e’tinasızlıq və müqavimət göstərən min nəfərə təbliğ etmək lazım gəlsəydi, məgər göstərdiyimiz sə’y özünü doğrultmazdımı? Əlbəttə, doğruldardı! Buna görə də, ruhdan düşməyib, daha da sə’y göstərərək biz hələ rast gələcəyimiz həmin həlim insanlara xidmət etmiş oluruq. Sözsüz ki, Yehova və İsa bu sistemin sonu gəlməzdən əvvəl, dəyərli insanların hələ çoxunun tapılmasının və onlara kömək edilməsinin qeydinə qalacaqlar (Haqqay 2:7).
20. Başqalarını şəxsi nümunəmizlə necə öyrədə bilərik?
20 Başqalarına xidmət etməyə hazır olduğumuzu göstərməyin üsullarından biri də onları şəxsi nümunəmizlə öyrətməkdir. Məsələn, biz insanlara, “bəxtiyar Allah” olan Yehovaya xidmət etməyin ən yaxşı və ən çox məmnunluq gətirən bir yol olduğunu öyrətmək istəyirik (1 Timoteyə 1:11, YD). İnsanlar, bizim qonşularımızla, sinif və iş yoldaşlarımızla münasibətimizdən və özümüzü necə aparmağımızdan, məmnun və xoşbəxt olduğumuzu görürlərmi? Bundan əlavə, biz Müqəddəs Kitabı öyrənənlərə, məsihçi yığıncağının bu soyuq və amansız dünyada məhəbbət dolu bir sığınacaq yeri olduğunu öyrədirik. Həqiqəti öyrətdiyimiz kəslər yığıncağın bütün üzvlərini sevdiyimizi və bir-birimizlə əmin-amanlıqda olmaq üçün vicdanla çalışdığımızı dərhal görürlərmi? (1 Peter 4:8).
21, 22. a) Şəraitimizi və düşüncə tərzimizi yoxlasaq, hansı imkanlardan istifadə edə bilərik? b) Növbəti məqalələrdə nə müzakirə olunacaqdır?
21 Xidmətdə əlimizdən gələni etməyə hazır olmaq, hərdən bizi öz şərait və düşüncə tərzimizi yoxlamağa təşviq edə bilər. Düzgün tərzdə aparılan bu cür yoxlama çoxlarına xidmətlərini genişləndirməkdə kömək edir: onlar tammüddətli xidmətə başlayır, yaxud daha çox tələbat olan əraziyə köçürlər. Digərləri, ərazilərinə başqa ölkələrdən gələn və sayı artmaqda olan insanlara xidmət etmək üçün xarici dil öyrənməyi qərara alırlar. Əgər sənin üçün də bu cür imkanlar açıqdırsa, onların üzərində diqqətlə və dua edərək düşün. Xidmətə həsr edilmiş həyat sevinc, məmnuniyyət və daxili rahatlıq gətirir (Vaiz 5:12).
22 Öyrətdiyimiz həqiqətlərə və həqiqəti öyrətdiyimiz insanlara olan məhəbbətimizi artıraraq, bundan sonra da İsa Məsihi təqlid etməyə davam edəcəyik. Əgər bu iki sahədə məhəbbət inkişaf etdirir və göstəririksə, bu bizə Məsihə bənzər müəllim olmaq üçün möhkəm təməl qoymağa kömək edəcəkdir. Bəs bu təməlin üzərində necə inşa edə bilərik? Növbəti məqalələrdə İsanın müəllimlik fəaliyyətinə dair bir sıra nümunələr müzakirə olunacaqdır.
[Haşiyə]
a Yehovanın Şahidləri tərəfindən nəşr edilib.
Siz necə cavab verərdiniz?
• Nəyə görə əmin ola bilərik ki, İsanın qoyduğu müəllimlik nümunəsi bizim üçün tətbiqedilməz deyil?
• Müqəddəs Kitabdan öyrəndiyimiz həqiqətləri sevdiyimizi necə göstərə bilərik?
• Biliyimizi artıraraq təvazökar qalmağımız nəyə görə vacibdir?
• Həqiqəti öyrətməyə çalışdığımız insanlara hansı üsullarla məhəbbət göstərmək olar?
[12-ci səhifədəki şəkillər]
Hazırlıqlı olmaq üçün əlindən gələni et.
[12 və 13-cü səhifələrdəki şəkillər]
“Allah biliyini” qiymətləndirirsənsə, Müqəddəs Kitabı faydalı şəkildə istifadə edə biləcəksən.
[14-cü səhifədəki şəkil]
Xoş xəbəri insanlarla bölüşərək, onlara məhəbbət göstəririk.