Üzr istəmək nə üçün çətindir?
KALİFORNİYA ştatının (ABŞ) qanunvericilik iclası 2000-ci ilin iyul ayında bir qanun layihəsi qəbul etdi. Həmin qanun layihəsinə əsasən, yol nəqliyyatı hadisələrilə bilavasitə əlaqəsi olan, lakin zərər görmüş insanlara şəfqət göstərən kəslər məs’uliyyətdən azad olunurlar. Nə üçün qanunverici orqanın müdaxilə etməsi lazım gəlmişdir? Müşahidə olunmuşdur ki, əgər yol nəqliyyatı hadisəsi nəticəsində kim isə travma, yaxud zədə alarsa, qəzanın səbəbkarları adətən üzr istəməyə cür’ət etmirlər. Onlar qorxurlar ki, bu davranış məhkəmədə günahı boynuna almaq kimi izah olunacaqdır. Digər tərəfdən isə, qarşılarında tə’cili üzr istənilməsini gözləyənlər qəzəblənə bilər və nəticədə, əhəmiyyətsiz bir hadisə böyük mübahisəyə səbəb olar.
Təbii ki, müqəssiri olmadığımız hadisəyə görə üzr istəmək lazım deyil. Həmçinin elə hadisələr olur ki, nə isə söyləməzdən öncə yaxşıca fikirləşmək müdriklik olardı. Qədim bir məsəl belə səslənir: “Söz çoxluğunda xata əksik olmaz; fəqət dodaqlarını tutan ağıllı davranır” (Süleymanın məsəlləri 10:19; 27:12). Əlbəttə, nəzakət və xoş rəftar haqqında da unutmaq olmaz.
Lakin razılaşın ki, bir çox insanlar, hətta məsələ məhkəmə prosesi ilə əlaqəli olmadıqda belə, üzr istəmirlər. Evdar qadın deyə bilər: “Mənim ərim heç vaxt üzr istəmir”. Rəis gileylənə bilər: “Mənim işçilərim öz səhvlərini boyunlarına almırlar, onların üzrxahlıq etdiklərini eşitməzsən”. Məktəb müəllimindən belə sözlər eşitmək olar: “Uşaqlar “bağışlayın” deməyə öyrədilməyiblər”.
Bə’zi insanlar, üzrxahlıqlarının rədd olunaçağından çəkinərək, üzr istəməkdə yubanırlar. Onlar laqeydliklə qarşılaşacaqlarından qorxaraq, əsl hisslərini gizlədirlər. Bundan əlavə, ola bilər ki, xətrinə dəydikləri şəxs onlardan qaçınır və buna görə də barışmaq çox çətin olur.
Başqalarının hisslərinə qarşı diqqətsizlik, üzr istəməyə maneçilik törədən daha bir səbəbdir. İnsan düşünə bilər: “Üzr istəməklə baş vermiş hadisəni düzəltmək olmaz”. Elələri də var ki, mümkün ola bilən səbəblərə görə “bağışlayın” deməyə cür’ət etmirlər. Kim isə ehtiyat edə bilər: “Məni günahkar sanmazlarmı və zərərin qarşılığını ödəməyi tələb etməzlərmi?” Lakin səhvi e’tiraf etməyə başlıca mane olan, hədsiz məğrurluq hissidir. Məğrur adam üzr istəmək əvəzinə, əslində belə düşünür: “Mən alçalmaq və səhvə yol verdiyimi boynuma almaq istəmirəm. Axı, öz ləyaqətimi nə üçün alçaltmalıyam?”
Səbəblərdən asılı olmayaraq, fakt fakt olaraq qalır: Bir çox insanlar üzr istəməkdə çətinlik çəkirlər. Üzr istəmək doğurdanmı bu qədər vacibdir? Bunun faydası nədədir?
[3-cü səhifədəki şəkil]
“Uşaqlar “bağışlayın” deməyə öyrədilməyiblər”.
[3-cü səhifədəki şəkil]
“Mənim işçilərim öz səhvlərini boyunlarına almırlar”.
[3-cü səhifədəki şəkil]
“Mənim ərim heç vaxt üzr istəmir”.