Dərs 2
Allah kimdir?
Həqiqi Allah kimdir və Onun adı nədir? (1, 2)
Allah necə bədənə malikdir? (3)
Onun ən əsas xüsusiyyətləri hansılardır? (4)
Ona ibadətimizdə surət və rəmzlərdən istifadə etməliyikmi? (5)
Allah haqqında öyrənmək üçün hansı iki üsul mövcuddur? (6)
1. İnsanlar çox şeylərə ibadət edirlər. Lakin Müqəddəs Kitabda deyilir ki, yalnız bir HƏQİQİ Allah mövcuddur. Göydə və yer üzündə olan hər şeyi O yaratmışdır. Həyatı bizə O bağışladığı üçün yalnız Ona ibadət etməliyik (1 Korinflilərə 8:5, 6; Vəhy 4:11).
2. Allahın çoxlu titulları, amma yalnız bir adı var. Onun adı YEHOVA-dır. Müqəddəs Kitabın tərcümələrinin əksəriyyətində Allahın adı kənar edilmiş, Rəbb və Allah titulları ilə əvəz olunmuşdur. Lakin Müqəddəs Kitabın orijinalında Yehova adına təxminən 7 000 dəfə rast gəlinir! (Çıxış 3:15; Məzmur 8:1).
3. Yehovanın bədəni var, lakin bizimkindən fərqlənir. Müqəddəs Kitab deyir ki, “Allah Ruhdur” (Yəhya 4:24). Ruh — bizimkindən üstün olan həyat formasıdır. Heç bir insan Allahı heç zaman görməmişdir. Yehova göydə yaşayır, ancaq hər şeyi görür (Məzmur 11:4, 5; Yəhya 1:18). Bəs müqəddəs ruh nədir? O, Allah kimi şəxsiyyət deyil. Müqəddəs ruh Allahın fəal qüvvəsidir (Məzmur 104:30).
4. Müqəddəs Kitab bizə Yehovanın şəxsiyyətini aşkar edir. Mə’lum olur ki, Onun ən əsas xüsusiyyətləri — məhəbbət, ədalət, müdriklik və qüvvədir (Təsniyə 32:4; Eyub 12:13; İşaya 40:26; 1 Yəhya 4:8). Müqəddəs Kitabda deyilir ki, O, həm də mərhəmətli, lütfkar, bağışlayan, səxavətli və səbirlidir. Biz, itaətkar uşaqlar kimi, Onu təqlid etməyə can atmalıyıq (Efeslilərə 5:1, 2).
5. Allaha ibadət edərkən surətlərə, şəkillərə, rəmzlərə dua və ya sitayiş etməliyikmi? Xeyr! (Çıxış 20:4, 5). Yehova deyir ki, biz yalnız Ona ibadət etməliyik. O, öz izzətini başqa heç kimlə və ya heç nə ilə bölüşməyəcəkdir. Surətlər bizə kömək etməkdə gücsüzdürlər (Məzmur 115:4-8; İşaya 42:8).
6. Allahı daha yaxşı necə tanımaq olar? Üsullardan biri — Onun bütün yaratdıqlarını nəzərdən keçirərək, onların bizə söylədikləri üzərində dərindən düşünməkdir. Allahın yaratdıqları, Onun böyük qüvvəyə və müdrikliyə sahib olduğunu göstərir. Yaratdığı hər şeydə Onun məhəbbətini görürük (Məzmur 19:1-6; Romalılara 1:20). Allahı tanımağın ikinci üsulu — Müqəddəs Kitabı öyrənməkdir. Bu kitabın vasitəsilə, O, necə Allah olduğu haqda daha çox mə’lumat verir. Həmçinin O bizə, öz niyyəti haqqında və bizdən nə istədiyi barədə bildirir (Amos 3:7; 2 Timoteyə 3:16, 17).
[5-ci səhifədə olan şəkillər]
Allah haqqında Onun yaratdıqlarından və Müqəddəs Kitabdan öyrənirik.