Fəsil 11
Allah əzablara nə üçün yol verir?
İnsanların əzab çəkmələrinin səbəbkarı Allahdırmı?
Eden bağında hansı mübahisəli sual qaldırıldı?
Allah pisliyin nəticələrini necə aradan qaldıracaq?
1, 2. İnsanlar hansı fəlakətlərlə qarşılaşırlar və bu onlarda hansı sualları doğurur?
MÜHARİBƏ şəraitində olan ölkədə baş verən dəhşətli bir toqquşmadan sonra minlərlə qadın və uşaqların meyitləri ümumi məzarlıqda basdırıldı. Bu yer, üzərində «Nəyə görə?» yazılmış kiçik başdaşları ilə əhatə olunmuşdu. Çox vaxt insanlar bu sualla öz ağrı-acılarını və ümidsizliklərini ifadə edirlər. Müharibə və təbii fəlakətlərdə günahsız insanlar həyatlarını itirir, evləri isə yerlə-yeksan olur. Xəstəliklər, cinayətkarlıq və başqa fəlakətlər ucbatından insanlar dözülməz əzablar çəkirlər. Onlar nəyə görə belə bədbəxtliklərə düçar olduqlarını bilmək istəyirlər.
2 Allah əzablara nə üçün yol verir? Əgər Yehova Allah hər şeyə qadir, məhəbbətli, ədalətli və müdrikdirsə, onda nəyə görə dünyada bu qədər nifrət və haqsızlıq mövcuddur? Bu suallar nə vaxtsa sizi də narahat edibmi?
3, 4. a) Haradan bilirik ki, Allahın əzablara nə üçün yol verdiyini soruşmaq səhv deyil? b) Yehova pisliyə və əzablara necə yanaşır?
3 «Allah əzablara nə üçün yol verir?» deyə soruşmaq düzgündürmü? Bə’ziləri bu sualın iman azlığından irəli gəldiyini və Allaha qarşı hörmətsizlik olduğunu düşünürlər. Ancaq siz Müqəddəs Kitabı oxuduqca, Allahın sadiq xidmətçilərinin də bu kimi suallar verdiklərini görəcəksiniz. Məsələn, Habaqquq peyğəmbər Yehovaya duasında deyirdi: «Niyə mənə şər göstərirsən, Özün də haqsızlığa baxırsan? Haraya nəzər salsam, orada soyğunçuluq və zorakılıq var, davaların, çəkişmələrin sonu yoxdur» (Habaqquq 1:3).
Yehova insanların bütün əzablarına son qoyacaq
4 Yehova bu suala görə sadiq xidmətçisi Habaqququ məzəmmət etdimi? Xeyr. Əksinə, onun bu səmimi sözlərinin Müqəddəs Kitabda qeydə alınmasının qayğısına qaldı. Allah, hətta onun bu məsələyə dair aydın təsəvvürə malik olmasına kömək etdi və imanını möhkəmləndirdi. Yehova sizə də kömək etmək istəyir. Müqəddəs Kitab Onun hər birimizin ‘qeydinə qaldığını’ öyrədir (1 Peter 5:7). Allahın hissləri bizimkindən qat-qat üstündür. Buna görə də, O, pisliyə və onun gətirdiyi əzablara daha çox nifrət edir (Yeşaya 55:8, 9). Bəs onda nəyə görə dünya əzab-əziyyət içindədir?
NƏYƏ GÖRƏ DÜNYA ƏZAB-ƏZİYYƏT İÇİNDƏDİR?
5. Adətən insanlar əzabların səbəbini necə izah edirlər, bəs Müqəddəs Kitab nəyi öyrədir?
5 İmanlı insanların əksəriyyəti dünyanın əzab-əziyyət içində olmasının səbəbini öz din rəhbərlərindən soruşurlar. Onlar çox vaxt suallarına cavab olaraq, əzabların Allahın iradəsi olduğunu, bədbəxtlik və fəlakətlər də daxil olmaqla, Allahın hər şeyi çoxdan tə’yin etdiyini eşidirlər. Əksər hallarda bu cavabları eşitmək olar: «Allahın yolları dərkolunmazdır və ya O, insanları, hətta körpələri Öz yanına, göylərə aparmaq üçün ölüm göndərir». Lakin artıq öyrəndiyiniz kimi, Yehova heç vaxt pislik etmir. Müqəddəs Kitabda deyilir: «Məgər Allah pislik edərmi? Məgər Külli-İxtiyar haqsızlıq edərmi?» (Əyyub 34:10).
6. Nəyə görə çoxları baş verən bütün əzablara görə Allahı günahlandırırlar?
6 Baş verən bütün fəlakət və bədbəxtliklərdə insanların nəyə görə yanlış olaraq Allahı günahlandırdıqlarını bilirsinizmi? Çünki çoxları dünyanı Külli-İxtiyar Allahın idarə etdiyini düşünürlər. Onlar Müqəddəs Kitabın öyrətdiyi sadə, lakin çox vacib bir həqiqəti bilmirlər. Bu kitabın 3-cü fəslindən öyrəndiyimiz kimi, hal-hazırda dünyanın rəisi Şeytan İblisdir.
7, 8. a) Nəyə görə demək olar ki, dünya öz rəisinin şəxsiyyətini əks etdirir? b) İnsanın qeyri-kamilliyi, həmçinin «vaxt və təsadüf» əzablara necə səbəb olur?
7 Müqəddəs Kitabda aydın deyilir: «Bütün dünya... şəririn hakimiyyəti altındadır» (1 Yəhya 5:19). Bunun üzərində bir az düşünsək, hər şey aydın olar. Həqiqətən də, yaşadığımız dünya «bütün dünyanı aldadan» gözəgörünməz pis ruhani varlığın şəxsiyyətini əks etdirir (Vəhy 12:9). Şeytan çox acıqlı, yalançı və qəddardır. Bu səbəbdən, onun hakimiyyəti altında olan dünya da pislik, yalan və qəddarlıqla doludur. Bu, yer üzündə bu qədər əzab-əziyyətin olmasının səbəblərindən biridir.
8 Bu qədər əzabların olmasının ikinci səbəbi, 3-cü fəsildə deyildiyi kimi, Eden bağındakı üsyandan sonra insanların qeyri-kamil və günahlı olmalarıdır. Günahlı insanlar hakimiyyət uğrunda mübarizə aparmağa meylli olduqları üçün, dünya müharibələr, insanların sıxışdırılması və əzablarla doludur (Vaiz 4:1; 8:9). Və nəhayət, üçüncü səbəb, «vaxt və təsadüf»dür (Vaiz 9:11, KM). Yehovanın müdafiəsindən məhrum olmuş bir dünyada yaşayan insanlar, münasib olmayan vaxtda münasib olmayan yerdə olduqları üçün, fəlakətlərlə üzləşə bilərlər.
9. Yehovanın əzablara yol verməkdə əsaslı səbəbləri olduğuna nə üçün əmin ola bilərik?
9 Əzabların səbəbkarının Allah olmadığını bilmək, necə də təsəllivericidir! O, insanların ağrı-acısına səbəb olan müharibələrə, cinayətlərə, zülmkarlığa və hətta təbii fəlakətlərə görə məs’uliyyət daşımır. Bununla belə, Yehovanın bütün bu fəlakətlərə nə üçün yol verdiyini bilməyimiz vacibdir. Əgər Allah Külli-İxtiyardırsa, deməli, pisliklərə son qoya bilər. Bəs Ona nə mane olur? Məhəbbətlə dolu bir Allahın əzablara yol verməsinin əsaslı səbəbləri olmalıdır (1 Yəhya 4:8).
VACİB MÜBAHİSƏLİ SUAL
10. Şeytan nəyi şübhə altına aldı və necə?
10 Allahın əzablara nə üçün yol verdiyini başa düşmək üçün, pisliyin ilk dəfə insanların həyatına daxil olduğu vaxtı xatırlamaq lazımdır. Şeytan Adəmlə Həvvanı Yehovaya qarşı üsyana təhrik edərək, vacib mübahisəli sual qaldırdı. İblis Allahın gücünü sual altına qoymadı, çünki Allahın gücünün sonsuz olduğunu o özü də yaxşı bilir. Şeytan Allahın hökmranlıq hüququnu şübhə altına aldı. O, Allahın Öz yaratdığı varlıqlardan nə isə yaxşı bir şey gizlətdiyini deyərək, Yehovanı yalançılıqda günahlandırdı və pis hökmdar kimi qələmə verdi (Yaradılış 3:2-5). Allahın rəhbərliyi olmadan insanların həyatının daha yaxşı olacağını iddia etdi. Bununla Şeytan Yehovanın ali hökmranlığını və ya hökmranlıq etmək hüququnu şübhə altına aldı.
11. Yehova üsyankarları nə üçün məhv etmədi?
11 Adəmlə Həvva Yehovaya qarşı üsyan qaldırdılar. Bununla onlar belə demiş oldular: «Yehovanın bizi idarə etməsinə ehtiyacımız yoxdur. Nəyin yaxşı, nəyin pis olduğuna özümüz qərar verə bilərik». Yehova bu mübahisəli sualı necə həll etməli idi? Bütün şüurlu varlıqlara üsyankarların haqsız olduqlarını və yalnız Allahın yolunun həqiqi xoşbəxtlik gətirdiyini necə göstərmək olardı? Kimsə deyə bilər: «Üsyankarları məhv edib, hər şeyi yenidən başlamaq lazım idi». Lakin bütün şüurlu varlıqlar, yerin Adəmlə Həvvanın nəsli ilə dolmasına və onların yerüzü Cənnətdə yaşamasına dair Yehovanın niyyətini bilirdilər (Yaradılış 1:28). Yehova isə hər zaman Öz niyyətlərini yerinə yetirir (Yeşaya 55:10, 11). Bundan başqa, əgər Yehova Edendə üsyan qaldıranları məhv etsəydi, bu Onun hökmranlıq hüququna dair sualı həll etməzdi.
12, 13. Şeytanın bu dünyanın rəhbəri olmasına və insanların öz hakimiyyət formalarını yaratmasına Yehovanın nə üçün yol verdiyini nümunə əsasında izah edin.
12 Gəlin bir nümunəni nəzərdən keçirək. Təsəvvür edin ki, müəllim şagirdlərə çətin bir məsələni necə həll etməyin üsulunu izah edir. Bu an bilikli, ancaq inadkar bir şagird müəllimin səhv olduğunu və məsələni tamam başqa cür həll etməyin lazım olduğunu deyir. O, müəllimin materialı bilmədiyini və bu tapşırığı özünün daha yaxşı həll edəcəyini iddia edir. Şagirdlərdən bə’ziləri onunla razılaşaraq, müəllimə qarşı çıxırlar. Belə vəziyyətdə müəllim nə etməlidir? Əgər o, üsyankarları sinifdən qovarsa, bu, digər şagirdlərə necə tə’sir göstərər? Onlar əslində kimin haqlı olduğunu müəyyən edə bilərlərmi? Şagirdlər müəllimin öz səhvinin üzə çıxmasından qorxduğunu düşünərək, ona olan hörmətlərini itirə bilərlər. Bəs müəllim həmin şagirdin tapşırığı öz bildiyi kimi həll etməsinə izin versə, necə?
Kim daha təcrübəlidir: şagird, yoxsa müəllim?
13 Yehova da buna bənzər tərzdə davrandı. Unutmayaq ki, Edəndə baş verənlər təkcə üsyankarlara toxunmurdu. Baş verənləri milyonlarla mələklər müşahidə edirdi (Əyyub 38:7; Daniel 7:10). Yehovanın mübahisəli sualı necə həll etməsi, bu mələklərə, nəticədə isə bütün şüurlu varlıqlara tə’sir edəcəkdi. Bəs Yehova necə davrandı? O izin verdi ki, Şeytan özü insanları idarə etsin. O, həmçinin insanların Şeytanın rəhbərliyi altında öz hakimiyyət formalarını yaratmalarına da yol verdi.
14. Yehovanın insanlara öz hakimiyyət formalarını yaratmalarına izin verməsi hansı faydanı gətirəcək?
14 Gətirdiyimiz nümunədəki müəllim inadkar şagirdin və onun yoldaşlarının səhv olduqlarını bilir. O, həmçinin anlayır ki, onların öz nöqteyi-nəzərlərini sübut etmələrinə izin versə, bu, bütün sinfin xeyrinə olacaq. Çünki üsyankarların cəhdi boşa çıxanda, digər şagirdlər müəllimin haqlı olduğunu və dərs keçməyə yalnız onun səlahiyyəti olduğunu görəcəklər. Sonra kim isə yenidən müəllimin hüquqlarını sual altına qoymağa çalışarsa, hamı müəllimin bu cəhdlərin qabağını nə üçün aldığını anlayacaq. Bunun kimi, Yehova da bilir ki, hadisələrin bu cür nəticələnməsi bütün səmimi insanlara və mələklərə fayda gətirəcək: onlar Şeytanın və digər üsyankarların səhv olduqlarına və insan hakimiyyətlərinin müvəffəqiyyətsizliyə məhkum edildiyinə əmin olacaqlar. Qədimdə yaşayan Yeremya peyğəmbər kimi, onlar da çox vacib bir həqiqəti anlayacaqlar: «Ya Rəbb, bilirəm ki, insanın ömrü öz əlində deyil. Addımlarını düzəltmək gedən adamın işi deyil» (Yeremya 10:23).
ƏZABLARIN BU QƏDƏR DAVAM ETMƏSİNİN SƏBƏBİ
15, 16. a) Yehova əzabların bu qədər davam etməsinə nəyə görə yol verir? b) Yehova pisliklərin və cinayətkarlığın qarşısını nəyə görə almır?
15 Bəs nə üçün Yehova əzabların bu qədər davam etməsinə yol verir? Nəyə görə insanları bədbəxtlikdən azad etmir? Gəlin yenidən nümunəmizə qayıdaq. Göründüyü kimi, müəllim inadkar şagirdə mane olmadı və haqlı olduğunu sübut etməsinə izin verdi. O, həmçinin məsələnin həllində şagirdə kömək etmədi. Yehova da eynilə davrandı. O, Şeytanın və onu dəstəkləyənlərin qarşısını almadı və haqlı olduqlarını sübut etmələrinə mane olmadı. Əksinə, onlara vaxt verdi. Ötən minilliklər ərzində insanlar mümkün olan hər bir hakimiyyət formalarını sınaqdan keçirmişlər. Bəşəriyyət elm və digər sahələrdə müəyyən nailiyyətlər əldə etmişdir. Lakin bu gün ədalətsizlik, yoxsulluq, cinayətkarlıq və müharibələr görünməmiş həddə çatıb. İnsan hakimiyyətlərinin tamamilə müvəffəqiyyətsizliyə uğradığı aydın görünür.
16 Yehova, həmçinin bu dünyanı idarə etməkdə Şeytana kömək etmədi. Allah pisliyin və cinayətkarlığın qarşısını almaqla, bu üsyankarları dəstəkləmiş olmazdımı? Əgər Yehova bu cür hərəkət etsəydi, insanlar uğurla idarə etdiklərini düşünər və öz hakimiyyətlərinin hansı acı nəticələrə gətirib cıxardığını görməzdilər. Bu, Onun yalana tərəfdar olduğunu göstərərdi. Ancaq «Allahın yalan danışması qeyri-mümkün»dür (İbranilərə 6:18).
17, 18. İnsan hakimiyyətlərinin və Şeytanın tə’sirinin vurduğu bütün zərəri Yehova necə aradan qaldıracaq?
17 Bəs Allaha qarşı qaldırılan üsyanın insanlara minilliklər ərzində gətirdiyi pisliklərin sonu necə olacaq? Yadda saxlamaq lazımdır ki, Yehova hər şeyə qadir Allahdır. O, bəşəriyyətə vurulan bütün zərərin nəticəsini aradan qaldırmağa da qadirdir və bunu mütləq edəcəkdir. Öyrəndiyimiz kimi, yerin məhv edilməsinin qarşısı alınacaq və yer üzü yenidən Cənnət olacaq. Günahın bütün tə’sirləri İsa Məsihin fidiyə qurbanlığına iman sayəsində aradan qaldırılacaq, dirilmə isə ölüm üzərində qələbə olacaq. Allah İsaya ‘iblisin əməllərini puç etməyi’ tapşırmışdır (1 Yəhya 3:8). Yehova bütün bunları Özünün tə’yin etdiyi vaxtda edəcək. Allahın bir qədər tez hərəkətə keçmədiyinə görə necə də şadıq, axı Onun səbri sayəsində bizim həqiqəti öyrənmək və Ona xidmət etmək imkanımız yaranıb! (2 Peter 3:9, 10). Bu gün Yehova Ona səmimi qəlbdən ibadət etmək istəyən insanları axtarır. O, bu narahat dünyada qarşılaşdıqları çətinliklərə və müsibətlərə dözməkdə onlara kömək edir (Yəhya 4:23; 1 Korinflilərə 10:13).
18 Lakin sual yaranır: Yehova Adəmlə Həvvanı elə yarada bilməzdimi ki, onlar həmişə düzgün davransınlar? Bu suala cavab vermək üçün, Yehovanın bizə hansı dəyərli hədiyyəni bəxş etdiyini xatırlamalıyıq.
SİZ NECƏ DAVRANACAQSINIZ?
Allah əzablara tab gətirməkdə sizə kömək edəcək
19. Yehova bizə hansı dəyərli hədiyyəni bəxş etmişdir və onu nə üçün qiymətləndirməliyik?
19 Bu kitabın 5-ci fəslindən öyrəndik ki, insana iradə azadlığı bəxş edilib. Siz bu hədiyyənin nə qədər qiymətli olduğunu dərk edirsinizmi? Allah instinktlə hərəkət edən heyvanlar yaradıb. İnsanlar hər bir əmri yerinə yetirməsi üçün proqramlaşdırılmış robotlar düzəldirlər. Biz də belə yaradılsaydıq, xoşbəxt olardıqmı? Əlbəttə, yox. Çox şadıq ki, kim olacağımızı, həyatımızı necə quracağımızı və ya kiminlə dostluq edəcəyimizi seçmək imkanımız var. Bu cür azadlıq xoşumuza gəlir, Allah da məhz bunu istəyir.
20, 21. İradə azadlığından ən yaxşı tərzdə necə istifadə etmək olar və bu, nəyə görə vacibdir?
20 Yehova bizim Ona məcburi xidmət etməyimizi istəmir (2 Korinflilərə 9:7). Sizcə, valideynə nə daha xoşdur: uşağın kiminsə sözü ilə onları sevdiyini deməsi, yoxsa bunu ürəkdən söyləməsi? Siz Yehovanın bəxş etdiyi azadlıqdan necə istifadə edəcəksiniz? Şeytan, Adəm və Həvva ən pis seçimi etdilər. Onlar Yehova Allahı inkar etdilər. Bəs siz necə davranacaqsınız?
21 Siz, iradə azadlığı kimi belə gözəl hədiyyədən ən yaxşı tərzdə istifadə etmək imkanına maliksiniz. Siz də, Yehovanın tərəfini tutan milyonlarla insanlara qoşula bilərsiniz. Bu insanlar, Şeytanın yalançı və uğursuz rəis olduğunu sübut etmək üçün əllərindən gələni edirlər, bu isə Allahı olduqca sevindirir (Süleymanın məsəlləri 27:11). Siz də düzgün həyat yolunu seçə bilərsiniz. Bunu necə etməyi isə növbəti fəsildən öyrənəcəyik.