Fəsil 8
Yaxşı dostları necə tapmaq olar?
«Hirsli olanda mütləq ürəyimdəkiləri kiməsə açıb-tökməliyəm. Kefsiz olanda kiminsə mənə: “Hər şey yaxşı olacaq” deməsini gözləyirəm. Özümü xoşbəxt hiss edəndə sevincimi bölüşməyə adam axtarıram. Dostsuz bir günüm olmasın» Türkan
UŞAQLIQDA dostlar həyətdə tək oynamamaq üçün lazım olur. Böyüyəndə isə insan sadəcə birlikdə vaxt keçirmək üçün yox, həmçinin maraq və dəyərlərini bölüşə biləcəyi əsil dostlara ehtiyac duyur.
Bundan əlavə, Müqəddəs Kitabda deyilir: «Əsil dost həmişə sevər, o, qardaşdır, dar gün üçün doğulub» (Süleymanın məsəlləri 17:17, Yeni Dünya tərcüməsi). Görünür, burada oyuncaqlarla oynayan uşaqlar arasındakı münasibət yox, daha dərin dostluq münasibətləri nəzərdə tutulur.
Fakt. Böyüdükcə sən aşağıdakı tələblərə cavab verən dostlara ehtiyac duyursan:
1) gözəl xüsusiyyətləri olan;
2) yüksək əxlaq normalarına malik olan;
3) sənə yaxşı təsir edən.
Sual. Bu cür dostları necə tapa bilərsən? Gəl bu amilləri bir-bir müzakirə edək.
Dostluq üçün 1-ci şərt: gözəl xüsusiyyətlər
Nəyi bilməlisən? Özünü dost adlandıran hər adama əsil dost demək olmaz. Hətta Müqəddəs Kitabda deyilir ki, elə «dostlar var, bir-birini didməyə hazırdır» (Süleymanın məsəlləri 18:24, Yeni Dünya tərcüməsi). Sənə elə gələ bilər ki, bu, həddən artıq şişirdilib. Ancaq bir düşün: məgər heç səndən sui-istifadə etməyə çalışan, qeybətini edən və haqqında yalanlar uydurub danışan «dostun» olmayıb? Bəlkə də, bu kimi şeylər ucbatından dostuna olan etibarın sarsılıba. Bir şeyi heç vaxt yadından çıxartma: əsas kəmiyyət yox, keyfiyyətdir.
Nə edə bilərsən? Özünə elə dostlar seç ki, onların təqlid edilməyə layiq xüsusiyyətləri olsun.
«Rəfiqəm Fiona haqqında hamı yaxşı fikirdədir. İstəyirəm ki, mənim barəmdə də belə yaxşı şeylər danışsınlar, mən də onun kimi yaxşı ad qazanım. Şadam ki, belə rəfiqəm var» (İvet, 17 yaş).
Aşağıdakı tapşırığı yerinə yetir.
1. Qalatiyalılara 5:22, 23 ayələrini oxu.
2. Özündən soruş: «Dostlarımda “ruhun bəhrəsi”nə daxil olan xüsusiyyətlər varmı?»
3. Aşağıda ən yaxın dostlarının adlarını yaz. Hər adın yanında dostunun əsas xüsusiyyətini qeyd et.
Ad
․․․․․
Xüsusiyyət
․․․․․
İpucu. Əgər ağlına ancaq mənfi xüsusiyyətlər gəlirsə, deməli, yeni dostlar axtarmağın vaxtıdır!
Dostluq üçün 2-ci şərt: yüksək əxlaq normaları
Nəyi bilməlisən? Əgər heç cür özünə dost tapa bilmirsənsə, çox ehtimal ki, kiminlə gəldi oturub-duracaqsan. Müqəddəs Kitabda deyilir: «Axmaqlarla ayaqlaşan bədbəxt olar» (Süleymanın məsəlləri 13:20). «Axmaqlar» ifadəsi altında bisavad və ya intellektual səviyyəsi aşağı olan insanlar nəzərdə tutulmur. Burada söhbət müdrik məsləhətləri qulaqardına vuran və əxlaq normalarına zidd davranan insanlardan gedir. Bu cür dostların olmağından olmamağı yaxşıdır!
Nə edə bilərsən? Kiminlə gəldi dostluq etməkdənsə, yaxşını yamandan seçməyi bacar (Məzmur 26:4). Bu heç də o demək deyil ki, sən hamıya şübhə ilə yanaşmalısan. Ayənin kontekstində seçməyi bacarmaq dedikdə «salehlə pis adam, Allaha qulluq edənlə etməyən arasındakı fərqi» ayırd edə biləcək qədər dərrakəli olmaq nəzərdə tutulur (Malaki 3:18).
«Allahın normalarına uyğun yaşayan həmyaşıdlarım arasında dostlar tapmaqda mənə kömək etdikləri üçün valideynlərimə çox minnətdaram» (Kristofer, 13 yaş).
Növbəti suallara cavab ver:
Dostlarımın məni düzgün olmayan şeylərə təhrik edəcəyindən qorxuram?
□ Bəli
□ Xeyr
Valideynlərimin dostlarımdan xoşu gəlməyəcəyindən ehtiyat edərək dostlarımı onlarla tanış etməkdən çəkinirəm?
□ Bəli
□ Xeyr
İpucu. Yuxarıda gətirilən suallara «bəli» cavabını verdinsə, onda özünə daha yüksək normalara sahib olan nümunəvi məsihçilərdən dost tap.
Dostluq üçün 3-cü şərt: yaxşı təsir
Nəyi bilməlisən? Müqəddəs Kitabda açıqlanır: «Pis dostlar yaxşı vərdişləri korlayır» (1 Korinflilərə 15:33). Loren adlı gənc qız deyir: «Məktəb yoldaşlarım yalnız onların dedikləri ilə oturub-durduğum halda məni qəbul edərdilər. Mən özümü tənha hiss edirdim, buna görə də məni öz aralarına qəbul etsinlər deyə onlarla ayaqlaşmaq qərarına gəldim». Loren anladı ki, başqalarını razı salmağa çalışanda insan onların əlində «peşkaya» çevrilir, onlar da istədikləri kimi ondan istifadə edirlər. Axı sən belə davranışa layiq deyilsən!
Nə edə bilərsən? Səni öz həyat tərzinə uyğunlaşdırmaq istəyən insanlarla əlaqəni birdəfəlik kəs. Əgər bu addımı atsan, ola bilsin ki, dostların azalacaq, amma özünü daha yaxşı hiss edəcəksən və sənə müsbət təsir edən əsil dostlar qazanmaq üçün daha çox imkanın yaranacaq (Romalılara 12:2).
«Yaxın dostum Klint çox ağıllı oğlandır və başqalarının hisslərinə anlayışla yanaşmağı bacarır. O, mənə hər şeydə dəstək olur» (Ceyson, 21 yaş).
Özündən soruş:
Dostlarımı razı salmağa çalışdığım üçün geyim, danışıq və ya hərəkət tərzimdə pisliyə doğru heç nə dəyişməyib ki?
□ Bəli
□ Xeyr
Dostlarıma qoşulub əxlaqi baxımdan təhlükəli ola biləcək yerlərə gedirəmmi?
□ Bəli
□ Xeyr
İpucu. Bu suallara «bəli» cavabını verdinsə, onda valideynlərinlə və ya yetkin bir insanla məsləhətləş. Əgər Yehovanın Şahidisənsə, məsihçi ağsaqqaldan xahiş edə bilərsən ki, sənə yaxşı təsir edəcək dostlar seçməkdə kömək etsin.
ƏLAVƏ MƏLUMATI 2-Cİ CİLDİN 9-CU FƏSLİNDƏN OXU
«Dostların» və yaxud ürəyin səni pis işlərə təhrik edirmi? Bu kimi təzyiqlərə necə qarşı dura biləcəyini öyrən!
[Haşiyə]
a Əlbəttə, hamı səhvlərə yol verir (Romalılara 3:23). Buna görə də, əgər dostun sənin xətrinə dəydiyi üçün peşmançılıq çəkirsə, unutma ki, «məhəbbət bir çox günahın üstünü örtər» (1 Peter 4:8).
AÇAR AYƏ
“Elə dost var ki, qardaşdan da irəlidir” Süleymanın məsəlləri 18:24, Yeni Dünya tərcüməsi
MƏSLƏHƏT
Yüksək əxlaq normalarına uyğun yaşasan, həmin normalara üstünlük verən insanların rəğbətini qazanacaqsan. Onlar sənin ən yaxşı dostların olacaq!
BİLİRSƏN... ?
Allah üzgörənlik etmir. Çadırında kimlərin qalacağına qərar verərkən çox diqqətli davranır (Məzmur 15:1—5).
HƏRƏKƏT PLANI!
Yaxşı dostlar tapmaq üçün mən... ․․․․․
Böyüklər arasında yaxından tanımaq istədiyim insanlar: ․․․․․
Bu mövzu ilə bağlı valideynlərimə vermək istədiyim suallar: ․․․․․
NECƏ DÜŞÜNÜRSƏN?
● Dostlarda ən çox dəyərləndirdiyin xüsusiyyətlər hansılardır və nə üçün?
● Yaxşı dost olmaq üçün sən hansı xüsusiyyətlərin üzərində işləməlisən?
[60–cı səhifədəki yazı]
“Valideynlərim bəzi dostlarımdan uzaqlaşmağı məsləhət görəndə mənə elə gəlirdi ki, onlardan yaxşı dost tapa bilmərəm. Amma valideynlərim haqlı idilər. Onların məsləhəti sayəsində başa düşdüm ki, ətrafımda dost ola biləcəyim çoxlu gözəl insanlar var” Koul
[61–ci səhifədəki çərçivə]
Sınaqdan keçir
Dostluq barədə valideynlərinlə danış. Onlardan sənin yaşda olanda kimlərlə dostluq etdiklərini soruş. Kiminləsə dostluq etdiklərinə görə heç peşman olublarmı? Əgər olublarsa, nəyə görə? Qoy onlar bir vaxtlar yaşadıqları problemlərdən bu gün sənin necə qaçına biləcəyini başa salsınlar.
Dostlarını valideynlərinlə tanış et. Əgər bunu etməyə çəkinirsənsə, səbəbini özündən soruş. Bəlkə, valideynlərinin onlardan xoşu gəlməyəcəyini bilirsən? Vəziyyət belədirsə, onda dost seçimində sənə daha diqqətli olmaq lazımdır.
Diqqətlə dinlə. Dostunun rifahını düşün və onu narahat edən şeylərlə maraqlan (Filipililərə 2:4).
Bağışlamağı bacar. Kamillik gözləmə. «Çünki hər birimiz dəfələrlə səhv edirik» (Yaqub 3:2).
Dostlarını özəlləşdirmə. Zəli kimi yapışma. Əsil dost sənə kömək lazım olanda yanında olacaq (Vaiz 4:9, 10).
[63–cü səhifədəki şəkil]
Başqalarını razı salmağa çalışanda onların əlində «peşkaya» çevrilirsən, onlar da səndən istədikləri kimi istifadə edirlər