Yehovanın hakimiyyətini qəbul et
«Allahı sevmək, Allahın əmrlərinə riayət etmək deməkdir. Onun əmrləri isə ağır deyildir» (1 YƏH. 5:3).
1, 2. a) Nə üçün bu gün tabe olmaq fikri çoxlarına xoşagəlməz görünür? b) Heç bir hakimiyyəti qəbul etməyən insanlar doğrudanmı sərbəstdirlər? İzah edin.
«HAKİMİYYƏT» sözü bu gün çox da dəbdə deyil. Kiməsə tabe olmaq fikri çoxlarında xoşagəlməz hisslər yaradır. «Heç kim mənə nə edəcəyimi deyə bilməz» fikri heç bir hakimiyyəti qəbul etmək istəməyən adamların əhval-ruhiyyəsini əks etdirir. Bəs bu adamlar doğrudanmı sərbəstdirlər? Qətiyyən! Əksəriyyət sadəcə olaraq, ‘bu zəmanəyə uyğunlaşan’ kütlənin ardınca gedir (Rom. 12:2). Sərbəstlikdən çox uzaq olan bu adamlar, həvari Peterin sözləri ilə desək, «pozğunluğun köləsidirlər» (2 Pet. 2:19). Onlar «bu dünyanın gedişinə, havadakı hakimiyyətin... hökmranına», Şeytan İblisə uyurlar (Efes. 2:2).
2 Bir müəllif öyünürdü: «Mən yol vermərəm ki, nə valideynlərim, nə kahin, nə hansısa din adamı... nə də Müqəddəs Kitab mənim üçün nəyin düz olub-olmadığına qərar versin». Düzdür, bəziləri öz səlahiyyətlərindən sui-istifadə edə və bizim onlara tabe olmağımıza layiq olmaya bilərlər. Ancaq rəhbərliyə ehtiyacımız olduğunu qəti surətdə inkar etmək çıxış yoludurmu? Qəzetlərin başlıqlarına ötəri nəzər salsaq, acı həqiqəti görəcəyik. Çox acınacaqlıdır ki, insanların rəhbərliyə son dərəcə ehtiyacı olduğu bir dövrdə əksəriyyət rəhbərliyi qəbul etməyə həmişəkindən daha az meyllidir.
Hakimiyyətə münasibətimiz
3. Birinci əsrdə yaşayan məsihçilər insan hakimiyyətinə kor-koranə tabe olmadıqlarını necə göstərdilər?
3 Bir məsihçi kimi, tutduğumuz mövqe bu dünyanınkından fərqlənir. Ancaq bu o demək deyil ki, biz verilən hər göstərişi kor-koranə yerinə yetiririk. Əksinə, hərdən, hətta səlahiyyətə sahib olsalar belə, insanlara tabe olmaqdan imtina etməliyik. Birinci əsrdə yaşayan məsihçilər də belə edirdilər. Məsələn, həvarilərə təbliğ etməyi dayandırmağı əmr edəndə, onlar baş kahin və Sinedrionun üzvü olan digər səlahiyyətli şəxslər qarşısında qorxuya düşmədilər. Onlar insan hakimiyyətinə tabe olmaq xatirinə düzgün olanı etməkdən əl çəkmədilər (Həvarilərin işləri 5:27-29 ayələrini oxu.)
4. İbranicə Müqəddəs Yazılardan hansı nümunələr göstərir ki, Allahın xidmətçiləri çoxluğun arxasınca getmirdilər?
4 Allahın məsihçilikdən qabaq yaşayan bir çox xidmətçiləri də eyni qətiyyətlə hərəkət etmişlər. Məsələn, ‘hökmdarın qəzəbinə’ səbəb olsa da, Musa ‘Fironun qızının oğlu adlanmağı rədd edərək Allahın xalqı ilə əzab çəkməyi tərcih etdi’ (İbr. 11:24, 25, 27). Yusif Potifarın arvadının təkliflərinə müqavimət göstərdi, baxmayaraq ki, o, Yusifdən qisas alaraq, ona pislik edə bilərdi (Yar. 39:7-9). Babilin hərəmağalar rəisinə Danielin mövqeyini qəbul etmək asan olmasa da, Daniel qərara almışdı ki, «padşahın yediyi yeməklərlə və içdiyi şərabla özünü murdar etməsin» (Dan. 1:8-14). Bu nümunələr göstərir ki, tarix boyunca Allahın xidmətçiləri, nəticəsindən asılı olmayaraq, düzgün şeylərə dair möhkəm mövqe tutmuşlar. Onlar kimisə razı salmaq naminə güzəştə getməmişlər. Biz niyə belə etməyək?!
5. Hakimiyyətə münasibətimiz dünyanınkından nə ilə fərqlənir?
5 Bizdə olan cəsarəti inadkarlıqla qarışdırmaq olmaz; biz siyasi quruluşa qarşı üsyan qaldıranlardan da deyilik. Əksinə, biz Yehovanın hakimiyyətini istənilən insan hakimiyyətindən üstün tutmağa qərarlıyıq. İnsan qanunları Allahın əmrlərinə zidd gedəndə nə edəcəyimizə qərar vermək çətin deyil. Birinci əsrdəki həvarilər kimi, biz də insandan artıq, Allaha itaət edirik.
6. Yehovanın əmrlərinə tabe olmaq nəyə görə ən yaxşı yoldur?
6 Allahın hakimiyyətini qəbul etməyimizə nə kömək etmişdir? Biz Süleymanın məsəlləri 3:5, 6 ayələrində yazılan sözlərlə razıyıq: «Bütün qəlbinlə Rəbbə güvən, öz idrakına etibar etmə. Bütün yollarında Onu tanı, O sənin yollarını düzəldər». Biz inanırıq ki, Allahın bizdən tələb etdiyi hər şey axırda özümüzə fayda gətirəcək. (Qanunun təkrarı 10:12, 13 ayələrini oxu.) Həqiqətən də, Yehova Özünü israillilərə onların ‘xeyrinə onları öyrədən, getdikləri lazım olan yolla onları aparan’ Allah kimi təsvir etmişdi. Sonra isə əlavə etmişdi: «Ah, kaş ki sən Mənim əmrlərimə diqqət yetirəydin! Onda əmin-amanlığın heç vaxt qurumayan çay kimi axardı, salehliyin dəniz dalğaları kimi olardı» (Yeşaya 48:17, 18). Biz bu sözlərə etibar edirik. Əminik ki, Allahın əmrlərinə tabe olmaq bizə həmişə fayda gətirir.
7. Allahın Kəlamındakı hansısa əmri tam anlamasaq da, nə etməliyik?
7 Allahın Kəlamındakı bəzi tələblərin səbəbini tam anlamadığımız halda belə, Yehovanın hakimiyyətini qəbul edir və Ona tabe oluruq. Bu sadəlövhlük deyil, etibardır. İtaətkarlığımız, Yehovanın bizim üçün nəyin yaxşı olduğunu bildiyinə ürəkdən inandığımızı göstərir. Bu, həm də məhəbbətimizin təzahürüdür, çünki həvari Yəhya yazmışdır: «Allahı sevmək, Allahın əmrlərinə riayət etmək deməkdir» (1 Yəh. 5:3). Lakin itaətkarlığımızın ciddi yanaşmağı tələb edən digər bir cəhəti də var.
Hisslərimizi tərbiyə edək
8. ‘Hisslərimizi tərbiyə etməyimiz’ Yehovanın hakimiyyətini qəbul etməklə necə bağlıdır?
8 Müqəddəs Kitab bildirir ki, biz ‘hisslərimizi xeyirlə şəri ayırd etmək üçün tərbiyə etməliyik’ (İbr. 5:14). Beləliklə, bizim amalımız Allahın qanunlarına mexaniki olaraq tabe olmaq deyil. Əksinə, biz Yehovanın normaları əsasında ‘xeyirlə şəri ayırd edə bilmək’ istəyirik. Biz Yehovanın yollarındakı müdrikliyi görmək istəyirik ki, məzmurçu kimi, «qanunun qəlbimdədir» deyə bilək (Məz. 40:8).
9. Vicdanımızı Yehovanın normaları ilə necə uyğunlaşdıra bilərik və bu nə üçün vacibdir?
9 Məzmurçu kimi Allahın qanunlarını qiymətləndirmək üçün Müqəddəs Kitabdan oxuduqlarımızın üzərində düşünmək gərəkdir. Məsələn, biz Yehovanın hər hansı tələbi haqqında öyrənəndə özümüzdən soruşa bilərik: «Bu əmr və ya prinsip nə üçün düzgündür? Tabe olmağım nə üçün mənim xeyrimədir? Bu məsələdə Allahın məsləhətini rədd edənlər hansı acı aqibətlə üzləşiblər?» Beləliklə, vicdanımız Yehovanın tələbləri ilə uzlaşanda, çox ehtimal ki, onun iradəsinə uyğun qərarlar qəbul edəcəyik. Biz ‘Rəbbin iradəsi nədirsə, onu qavraya’ biləcək və itaətkarlıq yolunu izləyəcəyik (Efes. 5:17). Bu isə həmişə asan olmur.
Şeytan Allahı nüfuzdan salmağa çalışır
10. Şeytanın Allahı nüfuzdan salmağa çalışdığı sahələrdən biri hansıdır?
10 Şeytan çoxdandır ki, Allahı nüfuzdan salmağa çalışır. Ondakı müstəqillik ruhu özünü müxtəlif yollarla büruzə verir. Məsələn, götürək Allahın quruluşu olan ailəyə hörmətsiz münasibəti. Bəziləri nikahsız yaşamağı tərcih etdikləri halda, digərləri öz həyat yoldaşlarından yaxa qurtarmağın yollarını axtarırlar. Hər iki qrup insanlar bir məşhur aktrisanın növbəti sözləri ilə yəqin ki, razılaşacaqlar: «Həm kişi, həm də qadın üçün təknikalılıq mümkün olmayan bir şeydir». O davam edir: «Mən hələ öz həyat yoldaşına sadiq qalan və ya qalmaq istəyən adama rast gəlməmişəm». Özünün uğursuz əlaqələri haqda düşünərək bir məşhur aktyor da buna bənzər sözlər demişdir: «Mən əmin deyiləm ki, ömrünün axırına kimi bir nəfərlə yaşamaq insan təbiətinə xas olsun». Yaxşı olar ki, özümüzdən soruşaq: «Mən nikah məsələsində Yehovanın hakimiyyətini qəbul edirəmmi, yoxsa dünyadakı əhval-ruhiyyə düşüncə tərzimə təsir edib?»
11, 12. a) Nəyə görə gənclərə Yehovanın hakimiyyətini qəbul etmək çətin ola bilər? b) Yehovanın qanun və prinsiplərinə barmaqarası baxmağın ağılsızlıq olduğunu göstərən nümunə çəkin.
11 Əgər sən Yehovanın təşkilatında olan gənclərdən birisənsə, onda Şeytan xüsusən sənin gözündə Allahı nüfuzdan salmağa çalışacaq. ‘Gənclik ehtirasları’, eyni zamanda həmyaşıdlarının təsiri ucbatından səndə elə fikir yarana bilər ki, Allahın qanunları ağır yükdür (2 Tim. 2:22). Özündə belə bir fikrin yaranmasına yol vermə. Allahın normalarındakı müdrikliyi görməyə çalış. Məsələn, Müqəddəs Kitab deyir ki, «cinsi əxlaqsızlıqdan çəkinin» (1 Kor. 6:18). Yenə də özünə belə suallar ver: «Bu nə üçün müdrik əmrdir? Bu məsələdə itaətkarlıq mənə hansı faydanı gətirəcək?» Yəqin sən elə adamlar tanıyırsan ki, Allahın məsləhətinə məhəl qoymadığı üçün bəlaya düşüblər. Onlar indi həqiqətənmi xoşbəxtdirlər? İndiki həyatları Yehovanın təşkilatında olarkən sürdükləri həyatdan yaxşıdırmı? Onlar həqiqətənmi elə xoşbəxtlik sirri tapıblar ki, Allahın xidmətçiləri onu tapa bilmirlər? (Yeşaya 65:14 ayəsini oxu.)
12 Şaron adlı məsihçinin bir qədər əvvəl dediyi sözlərə diqqət yetir: «Yehovanın qanununu qulaqardına vurduğum üçün, ölümcül QİÇS xəstəliyinə tutuldum. İndi tez-tez Yehovaya xidmət etdiyim o xoşbəxt illəri yadıma salıram». Şaron anladı ki, Yehovanın qanununu pozmaqla ağılsızlıq edib, gərək vaxtında onları qiymətləndirəydi. Yehovanın qanunları bizi qoruyur. Şaron yuxarıdakı sözləri yazandan cəmi yeddi həftə sonra öldü. Onun başına gələn faciə göstərir ki, Şeytanın bu pis sistemin bir hissəsi olanlara verməyə yaxşı heç nəyi yoxdur. ‘Yalanın atası’ olduğu üçün, o, çoxlu vədlər versə də, Həvvaya verdiyi vəd kimi, onları da yerinə yetirmir (Yəh. 8:44). Doğrudan da, Yehovanın hakimiyyətini qəbul etmək həmişə faydalıdır.
Müstəqillik ruhundan özünü qoru
13. Özümüzü müstəqillik ruhundan qorumalı olduğumuz sahələrdən biri hansıdır?
13 Yehovanın hakimiyyətini qəbul etmək üçün biz özümüzü müstəqillik ruhundan qorumalıyıq. Qürur hissi bizdə heç kimin rəhbərliyinə ehtiyacımız olmadığı fikrini yarada bilər. Məsələn, ola bilər, biz Allahın xalqına rəhbərlik edən şəxslərin məsləhətini qəbul etməyək. Allah sadiq və ağıllı qul sinfi vasitəsilə vaxtlı-vaxtında yemək vermək üçün bir quruluş təsis edib (Mat. 24:45-47). Yehovanın bu gün Öz xalqının qayğısına bu üsulla qaldığını təvazökarlıqla qəbul etməliyik. Sadiq həvarilər kimi ol. Bəzi şagirdlər İsanı tərk edəndə, o, həvarilərindən soruşdu: «Yoxsa siz də getmək istəyirsiniz?» Peter cavab verdi: «Ya Rəbb, biz kimin yanına gedə bilərik? Əbədi həyatın sözləri Səndədir» (Yəh. 6:66-68).
14, 15. Nə üçün Müqəddəs Kitabın məsləhətinə təvazökarlıqla qulaq asmalıyıq?
14 Yehovanın hakimiyyətini qəbul etmək Onun Kəlamındakı məsləhətə riayət etməyi də özünə daxil edir. Məsələn, sadiq və ağıllı qul sinfi bizə xəbərdarlıq edir ki, «oyaq durub ayıq olaq» (1 Salon. 5:6). Çoxlarının «xudbin, pulpərəst» olduğu bu axır günlərdə belə məsləhət lap yerinə düşür (2 Tim. 3:1, 2). Dünyada hökm sürən bu cür əhval-ruhiyyə bizə təsir edə bilərmi? Bəli. Dünyəvi məqsədlər bizi ruhani cəhətdən yuxuya qərq edə və ya diqqətimizi maddi şeylərə yönəldə bilər (Luka 12:16-21). Buna görə də, Müqəddəs Kitab məsləhətini qəbul etmək və Şeytan dünyasında adi hal alan xudbin həyat tərzindən qaçmaq necə də müdriklikdir (1 Yəh. 2:16).
15 Sadiq və ağıllı qul sinfi ruhani qidanı yığıncaqlara təyin olunmuş ağsaqqallar vasitəsilə çatdırır. Müqəddəs Kitab bizə nəsihət edir: «Öz rəislərinizə itaət edin, onlara tabe olun; çünki hesabat verəcək olanlar kimi, onlar hər zaman sizin canlarınızın qeydinə qalırlar. Onlara tabe olun ki, onlar bunu can çəkə-çəkə deyil, sevinclə etsinlər. Çünki əgər bunu can çəkə-çəkə etsələr, sizə fayda olmaz» (İbr. 13:17). Bu o deməkdirmi ki, yığıncağın ağsaqqalları qüsursuzdurlar? Əlbəttə, yox! Allah onların qeyri-kamilliyini hər bir insandan yaxşı görür, bununla belə, bizdən itaətkarlıq gözləyir. Qeyri-kamil olsalar da, ağsaqqallarla əməkdaşlıq etməyimiz Yehovanın hakimiyyətini qəbul etməyimizin sübutudur.
Təvazökarlığın vacibliyi
16. İsaya məsihçi yığıncağının Başı kimi hörmət etdiyimizi necə göstərə bilərik?
16 Biz həmişə yadda saxlamalıyıq ki, əslində yığıncağın başında Məsih durur (Kolos. 1:18). Təyin olunmuş ağsaqqalların rəhbərliyinə təvazökarlıqla tabe olaraq onlara ‘ən böyük ehtiramı göstərməyimizin’ səbəblərindən biri də elə budur (1 Salon. 5:12, 13). Əlbəttə, yığıncağın ağsaqqalları da yığıncağa öz fikirlərini deyil, Allahın xəbərini çatdırmaqla itaətkar olduqlarını göstərə bilərlər. Onlar öz şəxsi ideyalarını çatdırmaq naminə ‘yazılanın həddini aşmırlar’ (1 Kor. 4:6).
17. Nə üçün şöhrətpərəstlik təhlükəlidir?
17 Yığıncaqda hamı ehtiyatlı olmalıdır ki, özünə izzət axtarmasın (Sül. məs. 25:27). Görünür bu, həvari Yəhyanın gördüyü bir şagird üçün tələ olmuşdu. O yazırdı: «Aralarında rəislik etməyi sevən Diotref bizi qəbul etmir. Buna görə, əgər gəlsəm onun gördüyü işləri yada salacağam. O, haqqımızda pis sözlər yayır» (3 Yəh. 9, 10). Biz də özümüzə bu sözlərdən dərs götürə bilərik. Özümüzdə zərrə qədər də olsun şöhrətpərəstlik görsək, onu dərhal kökündən silib atmalıyıq. Müqəddəs Kitab deyir: «Əcəldən əvvəl təkəbbür gələr, fəlakətdən əvvəl lovğalıq ruhu gələr». Allahın hakimiyyətini qəbul edənlər lovğalıq tələsinə müqavimət göstərməlidirlər, əks təqdirdə, bu, şərəfsizlik gətirəcək (Sül. məs. 11:2; 16:18).
18. Yehovanın hakimiyyətini qəbul etməyə bizə nə kömək edəcək?
18 Bəli, dünyadakı müstəqillik ruhuna qarşı müqavimət göstərməyi və Yehovanın hakimiyyətini qəbul etməyi qarşına məqsəd qoy. Vaxtaşırı Yehovaya xidmət etmək kimi gözəl imkanın üzərində minnətdarlıqla düşün. Allahın xalqı arasında olmağın sübut edir ki, Allah səni müqəddəs ruhu ilə Özünə cəlb etmişdir (Yəh. 6:44). Allahla münasibətlərinə heç vaxt adi bir şey kimi baxma. Çalış ki, həyatının hər sahəsində müstəqillik ruhunu rədd etdiyini və Yehovanın hakimiyyətini qəbul etdiyini göstərəsən.
Xatırlayırsınızmı?
• Yehovanın hakimiyyətini qəbul etmək özünə nəyi daxil edir?
• Hisslərimizi tərbiyə etmək Yehovanın hakimiyyətini qəbul etməklə necə bağlıdır?
• Şeytan Allahı hansı sahələrdə nüfuzdan salmağa çalışır?
• Yehovanın hakimiyyətini qəbul etmək üçün təvazökarlıq nəyə görə vacibdir?
[18-ci səhifədəki şəkil]
«İnsanlardan artıq, Allaha itaət etmək gərəkdir»
[20-ci səhifədəki şəkil]
Allahın normalarına həmişə riayət etmək müdrik davranışdır