Oyaq durmaqda İsadan nümunə götür
«Sayıq olun və daima dua edin» (MAT. 26:41).
NECƏ CAVAB VERƏRDİN?
Dualarımız ayıq-sayıq olduğumuzu necə göstərir?
Xidmətdə ayıq-sayıq olduğumuzu necə göstərə bilərik?
Sınaqlar zamanı oyaq qalmaq nə üçün vacibdir və biz bunu necə edə bilərik?
1, 2. a) İsanın oyaq qalmağa dair qoyduğu nümunəsi ilə əlaqədar ortaya hansı suallar çıxır? b) Günahlı insanların İsanın mükəmməl nümunəsindən yararlanması mümkündürmü? Nümunə çək.
OLA BİLSİN, səni belə bir sual narahat edir: «İsa kimi oyaq qalmaq mümkündürmü?» Axı İsa kamil insan idi! Üstəlik, o, gələcəkdə, hətta min illər sonra nələr baş verəcəyini görə bilərdi! Doğrudanmı, onun oyaq qalmağa ehtiyacı vardı? (Mat. 24:37—39; İbr. 4:15). Oyaq qalmağın nə dərəcədə vacib və zəruri olduğunu anlamaq üçün əvvəlcə gəlin bu sualların cavabını axtaraq.
2 Qeyri-kamil insanlar kamil nümunədən yararlana bilərlərmi? Bəli, çünki yaxşı müəllimdən və onun nümunəsindən öyrənmək mümkündür. Nümunə üçün ox atmaq üzrə ilk məşğələsində iştirak edən bir nəfəri təsəvvür edək. Bu sahədə təcrübəsi olmadığından yeni şagird qətiyyən hədəfə düşə bilmir; lakin o, heç bir məşğələni buraxmır və səy göstərməyə davam edir. Püxtələşmək üçün o, mahir oxatan olan müəlliminin hərəkətlərini diqqətlə izləyir. Şagird müəlliminin duruşuna, əllərinin vəziyyətinə və yayın ipini necə tutduğuna fikir verir. Tədricən əzmkar şagird yayı dartmaq üçün nə qədər güc sərf etmək lazım olduğunu, küləyin istiqamətini nəzərə almağı öyrənir və cəhd göstərməyə davam edir. Müəllimini təqlid etməsi sayəsində bir müddətdən sonra o, hədəfi düzgün nişan almağı öyrənir və onun atdığı oxlar get-gedə hədəfə yaxınlaşır. Eynilə, biz də İsanın göstərişlərinə əməl etməklə və onun mükəmməl nümunəsini izləməklə məsihçi kimi daima püxtələşməyə çalışırıq.
3. a) İsa onun üçün oyaq qalmağın vacib olduğunu necə göstərdi? b) Bu məqalədə biz nəyi araşdıracağıq?
3 Bəs sayıqlıq haqqında nə demək olar? İsanın, həqiqətənmi, bu xüsusiyyətə ehtiyacı vardı? Əlbəttə, vardı! Məsələn, yer üzündəki həyatının son gecəsində İsa sadiq həvarilərini təşviq edərək demişdi: «Mənimlə birgə oyaq qalın». Sonra əlavə etdi: «Sayıq olun və daima dua edin ki, sınaqlara tab gətirəsiniz» (Mat. 26:38, 41). İsa hər zaman ayıq-sayıq olsa da, xüsusilə bu çətin anda oyaq qalmaq və səmavi Atasına mümkün qədər yaxın olmaq istəyirdi. O bilirdi ki, davamçıları da nəinki həmin vaxt, həm də gələcəkdə onun kimi oyaq qalmalıdırlar. Buna görə gəlin İsanın nə üçün bizim oyaq qalmağımızı istədiyini araşdıraq. Bundan sonra biz gündəlik həyatımızın üç sahəsində İsa kimi necə oyaq qala biləcəyimizi nəzərdən keçirəcəyik.
NƏYƏ GÖRƏ İSA BİZİM OYAQ QALMAĞIMIZI İSTƏYİR?
4. Gələcəklə bağlı müəyyən şeyləri bilmədiyimizi nəzərə alsaq, oyaq qalmaq nəyə görə vacibdir?
4 Qısaca desək, İsa bizim oyaq qalmağımızı ona görə istəyir ki, biz bəzi şeyləri bilir, bəzi şeyləri isə bilmirik. İsa yer üzündə yaşayanda gələcəkdə baş verəcək hadisələrin hamısından xəbəri var idimi? Onun təvazökarlıqla dediyi növbəti sözlərindən belə qənaətə gəlirik ki, yox: «O günü və saatı heç kəs bilmir: nə göydəki mələklər, nə də Oğul. Bunu yalnız Ata bilir» (Mat. 24:36). O vaxt İsa, yəni «Oğul» pis dünyanın sonunun nə zaman gələcəyini dəqiq bilmirdi. Bəs bizim barəmizdə nə demək olar? Gələcək haqqında biliklərimiz məhduddurmu? Bəli, məhduddur! Biz Yehovanın Öz Oğlunu bu pis sistemi məhv etmək üçün nə zaman göndərəcəyini dəqiq bilmirik. Əgər bilsəydik, səncə, oyaq qalmağımıza ehtiyac olardı? İsanın izah etdiyi kimi, son qəflətən, gözlənilmədən gələcək; buna görə də bizdən daima oyaq qalmaq tələb olunur. (Matta 24:43 ayəsini oxu.)
5, 6. a) Allahın niyyətləri, eləcə də gələcək barədə bildiklərimiz bizə oyaq qalmağa necə kömək edir? b) Nəyə görə Şeytan barədə bildiklərimiz bizi daha sayıq olmağa təşviq etməlidir?
5 Gələcəkdə baş verəcək bir çox möhtəşəm hadisələrdən ətrafındakı əksər insanlar tamamilə bixəbər olduqları halda, İsanın onlardan xəbəri var idi. Bizim biliklərimiz İsanınkı ilə müqayisəyə gələ bilməz. Lakin onun sayəsində biz Allahın Padşahlığı və yaxın gələcəkdə bu Padşahlığın nələr edəcəyi barədə çox şey bilirik. Ətrafımıza nəzər salanda məktəbdə, işdə, təbliğ etdiyimiz ərazidə əksər insanların bu əsrarəngiz həqiqətlərdən tamamilə xəbərsiz olduqlarını görürük. Onlar, sanki, zülmət qaranlıqdadırlar. Bu, bizim oyaq qalmağımız üçün başqa bir səbəbdir. İsa kimi, biz də Allahın Padşahlığı haqda bildiklərimizi insanlara danışmaq üçün yaranan heç bir fürsəti əldən verməməliyik, çünki onların hər biri dəyərlidir. Axı söhbət insanların həyatından gedir! (1 Tim. 4:16).
6 İsa ona oyaq qalmağa əsas verən başqa bir amil barədə də bilirdi. Onun üçün sirr deyildi ki, Şeytan onu sınamaq, təqib etmək və nöqsansızlığından döndərmək niyyətində qəti qərarlıdır. Bu qəddar düşmən İsanı sınamaq üçün həmişə «başqa bir fürsət» axtarırdı (Luka 4:13). Lakin İsa heç zaman ehtiyatı əldən vermirdi. İstər şirnikdirici təklif, istər müqavimət, istərsə də təqib olsun, o, hər bir sınağa hazır olmaq əzmində idi. Məgər bizim barəmizdə də eyni şeyi demək olmaz? Biz bilirik ki, Şeytan hələ də «nərildəyən şir kimi [gəzərək] udmağa adam axtarır». Bu səbəbdən Allahın Kəlamı bütün məsihçiləri təşviq edir: «Ayıq-sayıq olun, oyaq durun» (1 Pet. 5:8). Bəs bunu necə etmək olar?
DUA MƏSƏLƏSİNDƏ NECƏ OYAQ OLA BİLƏRSƏN?
7, 8. İsa dua ilə əlaqədar hansı göstəriş verdi və özü bu sahədə necə nümunə qoydu?
7 Müqəddəs Kitab göstərir ki, ruhən ayıq-sayıq qalmaqla dualar arasında sıx əlaqə var (Kolos. 4:2; 1 Pet. 4:7). Davamçılarına onunla birlikdə oyaq qalmağı tapşırdıqdan qısa müddət sonra İsa dedi: «Sayıq olun və daima dua edin ki, sınaqlara tab gətirəsiniz» (Mat. 26:41). Bu, o demək idimi ki, şagirdlər yalnız həmin an üzləşdikləri çətin vəziyyətə bənzər vəziyyətlərdə dua etməli idilər? Yox, onun verdiyi bu göstəriş hər gün əldə rəhbər tutmalı olduğumuz prinsipdir.
8 İsa dua ilə bağlı gözəl nümunə qoyub. Yəqin, xatırlayırsan ki, o, bir dəfə bütün gecəni gözünü qırpmadan Atasına dua etmişdi. Bir anlıq həmin səhnəni gözünün önündə canlandır. (Luka 6:12, 13 ayələrini oxu.) Yaz fəslidir. Ehtimal ki, İsa əhalisi balıqçılıqla məşğul olan Kapernahum şəhərinin yaxınlığındadır. Axşam düşəndə o, Qalileya dənizinin sahilində yerləşən bir dağın başına qalxır. Ətrafa qaranlıq çökəndə, yəqin ki, İsa Kapernahum və qonşu kəndlərdə çıraqların işıqlarının necə sayrışdığını görür. Lakin Yehovaya dua edəndə o, diqqətini yalnız duaya cəmləyir. Dəqiqələr ötür, saatlar keçir. Ancaq o, evlərdə çıraqların bir-bir söndüyünə, ayın işıq saçaraq səmada dövr etdiyinə, ova çıxan gecə heyvanlarının kolluqda eşələndiyinə fikir vermir. İsa 12 həvari seçməlidir və görünür, o, qarşısında duran bu mühüm məsələ barədə dua edir. İsanın hər bir şagirdi barədə bütün fikir və narahatçılıqlarını Atası ilə bölüşərkən israrla Ondan rəhbərlik və müdriklik dilədiyini bir təsəvvür et!
9. İsanın bütün gecəni dua etməsindən nə öyrənirik?
9 İsanın nümunəsindən nə öyrənirik? Biz də onun kimi saatlarla dua etməliyik? Yox, bu, onun davamçıları barədə növbəti faktı mülayimcəsinə etiraf edərək dediyi sözlərdən bəllidir: «Ruh güclü, bədən isə zəifdir» (Mat. 26:41). Bununla belə, İsanı təqlid etmək mümkündür. Məsələn, bizim, ailəmizin və ya həmimanlılarımızın ruhaniliyinə təsir göstərəcək hər hansı bir qərar verməzdən öncə duada səmavi Atamızla məsləhətləşirikmi? Bacı-qardaşlarımız üçün də dua edirikmi? Dualarımız ürəkdən gəlir, yoxsa həmişə eyni ifadələri təkrarlayırıq? Həmçinin fikir ver ki, İsa üçün Atası ilə öz məhrəm hisslərini bölüşdüyü təkbətək söhbətlər qiymətli idi. Məşğul və sürətli həyat tempi olan bu dünyada başımız gündəlik işlərə elə qarışa bilər ki, ən vacib şeyləri tamamilə unuda bilərik. Əgər biz ürəyimizin dərinliklərindən gələn şəxsi dualara kifayət qədər vaxt ayırsaq, ruhani cəhətdən ayıq-sayıq qalmaq bizim üçün daha asan olacaq (Mat. 6:6, 7). Onda biz Yehovaya daha yaxın olacaq, Onunla münasibətimizi möhkəmləndirməyə can atacaq və bu münasibəti zəiflədə biləcək bütün əməllərdən uzaq duracağıq (Məz. 25:14).
TƏBLİĞ XİDMƏTİNDƏ NECƏ OYAQ OLA BİLƏRSƏN?
10. Hansı nümunə göstərir ki, İsa şahidlik vermək üçün yaranan fürsətləri əldən vermirdi?
10 İsanın diqqəti Yehovanın ona tapşırdığı işdən heç vaxt yayınmırdı. Elə işlər var ki, insanın diqqətinin bir az yayınması ciddi fəsadlarla nəticələnmir. Lakin bir çox işlər insanın tam şəkildə diqqət göstərməsini tələb edir və məsihçi xidməti, sözsüz ki, belə işlərdən biridir. İsa xoş xəbəri bölüşmək üçün yaranan heç bir fürsəti əldən vermirdi, bununla o, həmişə öz sayıqlığını qoruyurdu. Bir nümunəyə nəzər salaq. Sübh tezdən yol gedən İsa və şagirdləri Sixar şəhərinə gəlib çatdılar. Şagirdlər yeməyə bir şey almaq üçün gedəndə İsa şəhərin su quyusunun yanında oturub istirahət edirdi. Buna baxmayaraq, o, sayıqlığını əldən vermirdi və budur, şahidlik etmək üçün imkan yarandı. Samariyalı bir qadın quyudan su çəkməyə gəlir. İsa həmin an bir az mürgüləyə və ya söhbətdən qaçınmaq üçün müxtəlif bəhanələr gətirə bilərdi. Lakin o, qadınla söhbət etməyə başladı və onun verdiyi şahidlik həmin şəhərin bir çox sakinlərinə yaxşı təsir bağışladı (Yəh. 4:4—26, 39—42). Gündəlik həyatımızda qarşılaşdığımız insanlarla xoş xəbəri bölüşmək üçün yaranan fürsətləri əldən verməyək deyə, İsa kimi, daha diqqətli ola bilərikmi?
11, 12. a) İsa onu işindən yayındırmaq istəyən insanlara necə münasibət göstərirdi? b) İsanın xidmətə tarazlı şəkildə yanaşdığı nədən bəlli idi?
11 Bəzən insanlar yaxşı niyyətdən irəli gələrək İsanı işindən yayındırmağa çalışırdılar. İsanın insanları möcüzəvi şəkildə sağaltması Kapernahum şəhərində yaşayanlara o dərəcədə böyük təsir bağışlamışdı ki, onlar İsanın orada qalmasını istədilər. Onları başa düşmək olardı. Lakin İsanın tapşırığı yalnız o şəhərin sakinlərinə yox, «İsrail evinin» bütün itmiş qoyunlarına təbliğ etmək idi (Mat. 15:24). Buna görə də o, həmin insanlara dedi: «Mən Allahın padşahlığı haqqında xoş xəbəri başqa şəhərlərə də bəyan etməliyəm, axı Allah məni bu iş üçün göndərib» (Luka 4:40—44). Buradan aydın görünür ki, İsa bütün həyatını xidmətə həsr etmişdi. O yol vermirdi ki, nəsə onu bu xidmətdən yayındırsın.
12 Bütün düşüncəsini işinə cəmlədiyi üçün İsanı fanatik və ya zahid adlandırmaq olarmı? Demək olarmı ki, onun başı təyinatına qarışdığı üçün ailələrin zəruri ehtiyaclarına laqeyd yanaşırdı? Yox, İsa hər şeydə tarazlı olmaqda mükəmməl nümunə qoymuşdu. O, həyatdan və dostları ilə yaxşı vaxt keçirməkdən zövq alırdı. İsanın ailələrə ürəyi yanırdı, o, onların ehtiyaclarını və problemlərini çox yaxşı başa düşürdü. İsa uşaqlara da məhəbbət göstərməkdən çəkinmirdi. (Mark 10:13—16 ayələrini oxu.)
13. İsadan nümunə götürərək biz təbliğ işində sayıqlığı və tarazlığı necə qoruya bilərik?
13 Biz İsanın sayıqlıq nümunəsini izləyərək onun kimi tarazlığı necə qoruya bilərik? Bu dünyanın bizi işimizdən yayındırmasına imkan verməməklə. Hətta dostlarımız və ya qohumlarımız yaxşı niyyətdən irəli gələrək bizi daha az xidmət etməyə, yaxud da onların fikrincə normal olan həyat tərzi sürməyə təşviq edə bilərlər. Lakin biz İsanı təqlid ediriksə, onda xidmət bizim üçün qida kimi zəruri olacaq (Yəh. 4:34). Xidmət ruhaniliyimiz üçün, sanki, bir qidadır. Üstəlik, o, bizə sevinc gətirir. Amma özümüzü həddən artıq saleh kimi göstərməklə və ya zahid kimi aparmaqla ifrata varmaq qətiyyən istəmirik. İsa kimi, biz də həmişə sevinmək və «xoşbəxt Allah»ın hər şeyə tarazlı yanaşan xidmətçiləri olmaq istəyirik (1 Tim. 1:11).
SINAQLAR ZAMANI NECƏ OYAQ OLA BİLƏRSƏN?
14. Sınaqlarla üzləşərkən biz hansı meyilə müqavimət göstərməliyik və nəyə görə bu vacibdir?
14 Gördüyümüz kimi, İsa oyaq qalmağa dair vacib göstərişini ağır sınaqla üzləşdiyi zaman vermişdi. (Mark 14:37 ayəsini oxu.) Ağır sınaqlar zamanı İsanın nümunəsini xatırlamaq xüsusilə vacibdir. Çoxları sınaqlarla qarşılaşanda vacib bir həqiqəti unutmağa meyillidirlər. Bu həqiqət o dərəcədə vacibdir ki, «Süleymanın məsəlləri» kitabında o, iki dəfə təkrarlanır: «Yol var ki, insanın qarşısında düz görünür, amma sonu ölümdür» (Sül. məs. 14:12; 16:25). Əgər biz öz idrakımıza güvəniriksə, xüsusilə də ciddi problemlərlə üzləşəndə, demək olar ki, həm özümüzü, həm də sevdiyimiz insanları təhlükəyə atırıq.
15. Maddi çətinliklərlə üzləşərkən ailə başçısı hansı seçim qarşısında dura bilər?
15 Bir nümunəyə nəzər salaq. Tutalım, ailə başçısına doğmalarını təmin etmək çox çətindir (1 Tim. 5:8). Buna görə də o, seçim qarşısında qala bilər: müntəzəm olaraq yığıncaq görüşlərində və təbliğ xidmətində iştirak etməyə, eləcə də ailəvi ibadət keçirməyə maneçilik törədəcək bir iş təklifini qəbul etsin, yoxsa etməsin. Ancaq o, tamamilə öz idrakına güvənərsə, bu təklifi qəbul etmək onun gözündə əsaslı və hətta düzgün görünə bilər. Lakin bu, ruhani cəhətdən xəstəlik və ya ölümlə nəticələnə bilər. Məgər belə vəziyyətdə Süleymanın məsəlləri 3:5, 6 ayələrindəki məsləhətə riayət etmək daha müdrik hərəkət olmazdı? Orada deyilir: «Bütün qəlbinlə Rəbbə güvən, öz idrakına etibar etmə. Bütün yollarında Onu tanı, O sənin yollarını düzəldər».
16. a) İsa özünün yox, Yehovanın müdrikliyinə güvənməyə dair hansı nümunəni qoyub? b) Bir çox ailə başçıları maddi çətinlik çəkəndə Yehovaya güvənməkdə İsanın nümunəsini necə təqlid edirlər?
16 İsa ağır sınaqlarla üzləşəndə öz idrakına güvənməkdən qəti şəkildə imtina etdi. Bir təsəvvür et! Yer üzündə yaşamış ən müdrik insan cavablarında öz ağlına güvənmədi. Məsələn, Şeytan onu imtahana çəkəndə o, dəfələrlə: «Yazılıb», — demişdi (Mat. 4:4, 7, 10). Şirnikdirici təklifləri rədd etmək üçün İsa Atasının müdrikliyinə bel bağlayırdı; bununla o, Şeytanda olmayan və onun nifrət etdiyi təvazökarlıq xüsusiyyətini əks etdirdi. Biz də belə davranırıqmı? İsa kimi sayıq olan ailə başçısı həmişə, xüsusilə də çətin vaxtlarda Allahın Kəlamının ona yol göstərməsinə imkan verəcək. Bu günləri bütün dünyada minlərlə ailə başçısı məhz bu cür davranır. Onlar maddi çətinlik çəkəndə belə Allahın Padşahlığını və həqiqi ibadəti həyatlarında birinci yerə qoyurlar. Bununla onlar öz ailələrinin qayğısına ən yaxşı şəkildə qalırlar. Yehova bunun qarşılığında, Kəlamında vəd etdiyi kimi, ailələrinin maddi tələbatlarını ödəmək səylərinə xeyir-dua verir (Mat. 6:33).
17. Səni İsa kimi oyaq qalmağa nə təşviq edir?
17 Şübhə yoxdur ki, İsa oyaq qalmaqda bizə ən gözəl nümunəni qoyub. Onun bu nümunəsi praktiki və faydalı olmaqla yanaşı, insanların həyatlarını da xilas edə bilər. Heç vaxt unutma ki, Şeytan səni ruhani yuxuya qərq etmək üçün, yəni ruhən zəiflətmək və ibadətə candərdi yanaşmağına nail olmaq üçün dəridən-qabıqdan çıxır (1 Salon. 5:6). İmkan vermə ki, o, istəyinə nail olsun! İsa kimi, bütün sahələrdə — dua məsələsində, xidmətdə və sınaqlarla üzləşəndə ayıq-sayıq ol. Belə etməklə sən hətta indi, son günlərini yaşayan bu köhnə sistemin zülmət qaranlığında dolğun, xoşbəxt və məmnunedici həyat sürəcəksən. Oyaq qalsan, əmin ol ki, Ağamız İsa Məsih bu sistemi məhv etmək üçün gələndə sənin ayıq-sayıq və Allahın işində fəal olduğunu görəcək. Heç təsəvvür edirsən, sadiq qaldığına görə Yehova səni mükafatlandıranda necə də böyük sevinc duyacaq?! (Vəhy 16:15).
[6-cı səhifədəki şəkil]
İsa su quyusunun yanında qadına təbliğ etmişdi. Hər gün təbliğ etmək üçün sən də təşəbbüsü üzərinə götürürsənmi?
[7-ci səhifədəki şəkil]
Əgər ailənin ruhani rifahını düşünürsənsə, deməli, sən oyaqsan