Müqəddəs Kitab həyatları dəyişir
UŞAQLIĞI faciəli keçən bir gənc qadın həyatın mənasını necə tapdı? Qatı siyasi üsyankarı sülhsevər insan olmağa nə təşviq etdi? Gəlin bu sualların cavabını öyrənək.
«Məhəbbət və mehribanlıq axtarmaqdan əlimi üzmüşdüm» (İNNA LEJNİNA).
ANADAN OLDUĞU İL: 1981
ÖLKƏ: RUSİYA
KEÇMİŞDƏ: UŞAQLIĞI FACİƏLİ KEÇİB
AVTOBİOQRAFİYA. Anadan kar doğulmuşam; valideynlərim də kar idi. Həyatımın ilk altı ili çox gözəl keçib. Sonra valideynlərim boşandılar. Uşaq olsam da, boşanmanın nə olduğunu yaxşı başa düşürdüm və bu, məni sarsıdırdı. Valideynlərim boşandıqdan sonra atam böyük qardaşımla Troitsk şəhərində qaldılar, anam isə məni götürüb Çelyabinskə köçdü. Bir müddət sonra anam yenidən ailə qurdu. Ögey atam əyyaş idi və anamı da, məni də tez-tez döyürdü.
1993-cü ildə sevimli böyük qardaşım suda boğulub öldü. Bu hadisə ailəmiz üçün böyük sarsıntı idi. Anam içkiyə qurşandı və ögey atam kimi, mənimlə pis davranmağa başladı. Daha yaxşı həyatın sorağında idim. Məhəbbət və mehribanlıq axtarmaqdan əlimi üzmüşdüm. Təsəlli almaq üçün müxtəlif kilsələrə üz tutdum, amma ümidlərim puç oldu.
MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ. Mənim 13 yaşım olanda Yehovanın Şahidi olan sinif yoldaşım Müqəddəs Kitabdan mənə bəzi hekayələr danışırdı. Müxtəlif çətinliklərə baxmayaraq, Allaha xidmət edən Nuh və Əyyub kimi Müqəddəs Kitab personajları haqda öyrənməyi xoşlayırdım. Tezliklə Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə və onların yığıncaq görüşünə getməyə başladım.
Müqəddəs Kitabı öyrəndikcə bir çox həqiqətlərə gözüm açılırdı. Allahın adını bilməyim isə mənə böyük təsir bağışladı (Yeşaya 42:8, Kitabı Mukaddes). Müqəddəs Kitabın yaşadığımız axır günlərin necə olacağını qabaqcadan dəqiqliklə təsvir etməsi məni valeh etdi (2 Timoteyə 3:1—5). Dirilmə ümidi isə ürəyimi riqqətə gətirdi. Təsəvvür edin: qardaşımı yenidən görəcəyəm! (Yəhya 5:28, 29).
Lakin mənim sevincimə heç də hamı şərik olmurdu. Anam və ögey atam Yehovanın Şahidlərinə düşmən kəsilmişdi. Onlar mənə təzyiq göstərməyə çalışırdılar ki, Müqəddəs Kitabı öyrənməyə son qoyum. Amma öyrəndiklərimi çox sevirdim və bunu davam etməyə qəti qərarlı idim.
Ailəmin təqiblərinə sinə gərmək asan deyildi. Yaşadığımız digər faciə mənimlə bərabər Yehovanın Şahidlərinin yığıncaq görüşünə gedən kiçik qardaşımın da suda boğulub ölməsi oldu. Lakin Yehovanın Şahidləri həmişə yanımda idilər. Həyatım boyu həsrətində olduğum məhəbbət və mehribanlığı onların arasında tapdım. Həqiqəti tapdığıma əmin idim. 1996-cı ildə vəftiz olaraq Yehovanın Şahidi oldum.
MƏNƏ FAYDASI. Artıq altı ildir ki, Dmitri adlı gözəl insanla ailə qurmuşam. Biz Yehovanın Şahidlərinin Sankt-Peterburqdakı filialında xidmət edirik. Valideynlərim mənim əqidəmə əvvəlki kimi sərt yanaşmırlar.
Yehova Allahı tanıdığıma görə Ona çox minnətdaram! Ona xidmət həyatımı mənalı edir.
«Bir çox sual mənə rahatlıq vermirdi» (RAUDEL RODRİQES RODRİQES).
ANADAN OLDUĞU İL: 1959
ÖLKƏ: KUBA
KEÇMİŞDƏ: QATI SİYASİ ÜSYANKAR
AVTOBİOQRAFİYA. Mən Havana (Kuba) şəhərində anadan olmuşam və səs-küylü küçədə boya-başa çatmışam. Böyüyəndə cüdo və idmanın başqa döyüş növləri ilə maraqlanırdım.
Məktəbdə yaxşı oxuyurdum və valideynlərim məni universitetə daxil olmağa təşviq etdilər. Orada oxuyarkən hiss edirdim ki, ölkəmin siyasi sistemi dəyişilməlidir. Üsyan etmək qərarına gəldim. Qrup yoldaşımla bərabər bir polisə hücum edib silahını əlindən almaq istədik. Nəticədə onun başı ciddi zədələndi. Bizi həbs etdilər və güllələnmə hökmü kəsdilər. Cəmi 20 yaşım vardı, amma ölümlə üz-üzə durmuşdum!
Həbsxana kamerasında tək oturarkən mənə kəsilən hökmü icra edəcək dəstənin qarşısında özümü necə aparacağımı düşünürdüm. Mən qorxumu göstərmək istəmirdim. Bununla yanaşı, məni bir çox sual narahat edirdi. Düşünürdüm: «Nəyə görə dünyada bu qədər haqsızlıq var? Həyatın mənası elə budurmu?»
MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ. Bizə kəsilən ölüm hökmü nəticədə 30 illik həbs cəzası ilə əvəz olundu. Elə həmin vaxt həbsxanada dini etiqadlarına görə cəza çəkən Yehovanın Şahidləri ilə tanış oldum. Onların cəsarəti və eyni zamanda mülayimliyi məni valeh etdi. Haqsız olaraq həbs olunduqlarına baxmayaraq, onlarda nifrət və kin-küdurət deyilən şey yox idi.
Yehovanın Şahidləri mənə Allahın bəşəriyyətə dair niyyətini çatdırdılar. Onlar mənə Müqəddəs Kitabdan göstərdilər ki, Allah yeri cinayət və haqsızlığın olmayacağı bir cənnətə çevirəcək. Həmçinin yer üzündə yaxşı insanların gözəl şəraitdə əbədi sakin olacaqlarını da söylədilər (Məzmur 37:29).
Yehovanın Şahidlərindən öyrəndiklərim çox xoşuma gəlirdi, amma xasiyyətcə onlar kimi ola bilməzdim. Fikirləşirdim ki, siyasi işlərdə bitərəf olmaq və ya qisas almamaq mənim üçün qeyri-mümkündür. Buna görə də Müqəddəs Kitabı təkbaşına oxumaq qərarına gəldim. Oxuyub qurtardıqda anladım ki, birinci əsrdəki məsihçilər kimi davranan yalnız Yehovanın Şahidləridir.
Müqəddəs Kitabı öyrəndikcə başa düşürdüm ki, həyatımı kökündən dəyişməliyəm. Məsələn, söyüş söymək vərdişimi tərgitməliydim, həmçinin siqareti atmalı və siyasi məsələlərdə bitərəf olmalıydım. Bu dəyişiklikləri etmək heç də asan deyildi, lakin Yehovanın köməyilə tədricən buna nail oldum.
Ən çətini isə özümə hakim olmağı öyrənmək idi. Hələ də bu barədə Allahdan kömək diləyirəm. Müqəddəs Kitabın mənə kömək edən ayələrindən biri də Süleymanın məsəlləri 16:32 ayəsidir. Orada deyilir: «İgid olmaqdan səbirli olmaq yaxşıdır, nəfsə hakim olmaq şəhəri almaqdan üstündür».
1991-ci ildə Yehovanın Şahidi kimi vəftiz olundum. Məni həbsxanada çəndə vəftiz etdilər. Növbəti il bizdən bəzilərini azad edib İspaniyaya qohumlarımızın yanına göndərdilər. Oraya çatan kimi Yehovanın Şahidlərinin yığıncaq görüşlərinə getməyə başladım. Onlar məni elə qarşıladılar ki, sanki məni çoxdan tanıyırdılar. Həyatımı yenidən başlamağa da onlar kömək etdilər.
MƏNƏ FAYDASI. Mən çox xoşbəxtəm, çünki həyat yoldaşım və iki qızımla Allaha xidmət edirik. Vaxtımın çox hissəsini başqalarına Müqəddəs Kitabı öyrətməyə sərf etməyimlə fəxr edirəm. Bəzən gəncliyimdə ölümlə üz-üzə durduğumu xatırlayıram və indiyədək nail olduğum şeylərə görə çox minnətdaram. Nəinki həyatımı, hətta gələcəyə ümid qazanmışam! Ədalətin hökm sürəcəyi və ölümün olmayacağı vəd olunmuş Cənnəti səbirsizliklə gözləyirəm (Vəhy 21:3, 4).
[23-cü səhifədəki yazı]
«Allahın adını bilməyim isə mənə böyük təsir bağışladı»
[24-cü səhifədəki şəkil]
Həyat yoldaşımla kar insanlara jest dilində təbliğ etməkdən sevinc duyuruq