Cümə axşamı, 28 mart
Torpağa qayıdacaqsan (Yar. 3:19).
Əlbəttə ki, biz Adəmlə Həvvanın səhvini təkrarlamaq istəmirik. Bunun bizimlə baş verməməsi üçün daima Yehova haqqında öyrənməliyik, Onun xüsusiyyətlərini qiymətləndirməliyik və düşüncə tərzini anlamağa çalışmalıyıq. Nəticədə Yehovaya məhəbbətimiz artacaq. İbrahim peyğəmbərin nümunəsinə nəzər salaq. O, Yehovanı ürəkdən sevirdi. Yehovanın qərarının səbəbini başa düşməyəndə belə Ona asi çıxmırdı, əksinə, Onu daha yaxşı tanımağa can atırdı. Misal üçün, İbrahim biləndə ki, Yehova Sədum və Əmurəni məhv edəcək, əvvəl-əvvəl o qorxurdu ki, birdən «dünyanın Hakimi» saleh adamla şər adamı bir yerdə məhv edər. Bu, İbrahimin ağlına sığmırdı, buna görə də hörmətcil şəkildə Yehovaya bir neçə sual verdi. Yehova da onun suallarını səbirlə cavablandırdı. Nəhayətdə, İbrahim anladı ki, Yehova bəndələrinin ürəyini bir-bir araşdırır və heç vaxt günahsız insanı günahlı ilə bir yerdə cəzalandırmır (Yar. 18:20—32). w22.08 s. 28, abz. 9, 10
Cümə, 29 mart
Etibarlı adam... sirri saxlar (Məs. 11:13).
B. e. ə. 455-ci ildə Yerusəlim divarlarının bərpası bitəndən sonra vali Nəhəmya şəhərin yaxşı vəziyyətdə olmasına nəzarət edəcək adamlar axtarırdı. Seçdiyi insanlar arasında Qala rəisi Hənaniyyə də var idi. Müqəddəs Kitabda Hənaniyyə haqda deyilir ki, o, «çox etibarlı adam idi, onun kimi Allahdan qorxan adam az tapılardı» (Nəh. 7:2). Ürəyində Allah xofu və Allah sevgisi olduğu üçün Hənaniyyə ona tapşırılan hər işə məsuliyyətlə yanaşırdı. Bizdə bu xüsusiyyətlər olsa, bizə də Yehovaya xidmətdə məsuliyyətlər etibar olunacaq. Gəlin indi Tixikdən danışaq. O, həvari Bulusun güvəndiyi insan idi. Bulus bilirdi ki, onun köməyinə arxalanmaq olar, onun «Ağaya sədaqətlə xidmət» etdiyini demişdi (Efes. 6:21, 22). Ona həm Efesdəki və Kolosdakı məsihilərə məktublar aparmağı, həm də onları ruhlandırıb, təsəlli verməyi həvalə etmişdi. Tixik bu gün ruhani cəhətdən bizim qeydimizə qalan sadiq və etibarlı qardaşları xatırladır (Kol. 4:7—9). w22.09 s. 9—10, abz. 5, 6
Şənbə, 30 mart
Məhəbbət çoxlu günahın üstünü örtür (1 But. 4:8).
Yusif təxminən 13 il ağır çətinliklərlə üzləşdi. Yusif Yehovanın onu sevdiyinə şübhə edə bilərdi. O düşünə bilərdi ki, darda olanda Yehova onu atıb. Ancaq Yusif yol vermədi ki, qəlbində kin, hiddət baş qaldırsın. O, sakitliyini qorudu, bunun da sayəsində sayıqlığını itirmədi. Qardaşlarından qisas almaq üçün əlinə fürsət düşsə də, Yusif onlardan heyif çıxmadı. Əksinə, onlara məhəbbət göstərdi, onları bağışladı (Yar. 45:4, 5). Yusif aydın düşünə bildiyi üçün belə davrandı. O, fikrini öz problemlərinə cəmləməmişdi. O, vəziyyətə geniş baxırdı, Yehovanın iradəsini nəzərə alırdı (Yar. 50:19—21). Ondan nə öyrənirik? Əgər kimsə sizə haqsızlıq edibsə, qoymayın ürəyinizdə Yehovaya qarşı qəzəb yaransın, yaxud Onun sizi tərk etdiyi fikrini ağlınıza gətirməyin. Əksinə, Yehovanın üzləşdiyiniz sınağa dözməyə necə kömək etdiyini görməyə çalışın. Həmin insana gəldikdə isə onu bağışlayın və unutmayın ki, «məhəbbət çoxlu günahın üstünü örtür». w22.11 s. 21, abz. 4