Məsihçi ailələr, İsanın nümunəsini izləyin!
‘Məsih bizə bir nümunə qoydu ki, biz Onun izləri ilə gedək’ (1 PET. 2:21).
1. a) Yaradılışda Allahın Oğlunun rolu nədən ibarət idi? b) İsa bəşəriyyətə hansı hissləri bəsləyir?
ALLAH göyləri və yeri yaradanda Vahid Oğul «mahir usta» (YD) kimi Atası ilə birgə çalışırdı. Həmçinin Ata yer üzündə zəngin bitki və heyvanat aləmini yaradanda, o cümlədən Öz surətinə və bənzərinə görə yaradacağı varlıqların yaşaması üçün Cənnəti hazırlayanda da Oğul Onunla sıx əməkdaşlıq edirdi. Sonradan yer üzündə İsa kimi tanınan Allahın Oğlu insanlara dərin məhəbbət bəsləyirdi. Biz oxuyuruq: «Bəşər övladlarına görə fərəhlənirdim» (Sül. məs. 8:27-31; Yar. 1:26, 27).
2. a) Yehova qeyri-kamil bəşəriyyətin qayğısına necə qaldı? b) Müqəddəs Kitabın rəhbərlik təqdim etdiyi sahələrdən biri hansıdır?
2 İlk insan cütü günaha batandan sonra bəşəriyyətin günahdan təmizlənməsi Yehovanın niyyətinin vacib bir hissəsi oldu. Bunun üçün Yehova Məsihi fidyə olaraq qurban verdi (Rom. 5:8). Bundan əlavə, Yehova Öz Kəlamını, Müqəddəs Kitabı insanlara bəxş etdi ki, miras aldıqları qeyri-kamilliyə baxmayaraq, həyatda uğurlu olmaları üçün onlara kömək etsin (Məz. 119:105). O, Öz Kəlamında insanların möhkəm və xoşbəxt ailəyə sahib olmaları üçün rəhbərlik təqdim edir. «Yaradılış» kitabında nikaha dair deyilir ki, kişi ‘qadınına qovuşmalı və onlar bir bədən olmalıdırlar’ (Yar. 2:24).
3. a) İsa nikah haqqında nə öyrədirdi? b) Bu məqalədə nə müzakirə olunacaq?
3 Yerüzü xidməti zamanı İsa vurğulamışdı ki, Allahın niyyətinə əsasən, nikah əbədi quruluş olmalıdır. Onun öyrətdiyi prinsipləri bütün ailə üzvləri tətbiq edərsə, onda onlar nikaha və ailənin xoşbəxtliyinə zərər vuran münasibət və davranışdan qaçına biləcəklər (Mat. 5:27-37; 7:12). Bu məqalədə İsanın təlimlərinin və nümunəsinin ərlərə, arvadlara, valideynlərə və uşaqlara xoşbəxt və məmnunedici həyat yaşamağa necə kömək edə biləcəyi müzakirə olunacaq.
Ər arvadına hörmət etdiyini necə göstərməlidir?
4. İsanın və məsihçi ərlərin rolları arasında hansı oxşarlıq var?
4 Allah İsanı yığıncağın Başı təyin etdiyi kimi, əri də ailənin başı təyin edib. Həvari Pavel demişdi: «Bədənin xilaskarı olan Məsih imanlılar cəmiyyətinin Başı olduğu kimi, ər də arvadın başıdır. Ərlər, arvadlarınızı sevin, necə ki, Məsih də imanlılar cəmiyyətini sevdi və onun uğrunda Özünü fəda etdi» (Efes. 5:23, 25). İsa məsihçi ərlər üçün nümunə qoydu: o, öz davamçıları ilə necə davranırdısa, onlar da öz arvadları ilə o cür davranmalıdırlar. Gəlin Allahın verdiyi səlahiyyətlərdən İsanın necə istifadə etdiyinə nəzər salaq.
5. İsa şagirdləri üzərində olan səlahiyyətindən necə istifadə edirdi?
5 İsa ‘həlim və qəlbdən təvazökar’ idi (Mat. 11:29). Eyni zamanda o, əzmli insan olmuşdu. O, heç vaxt öz məsuliyyətlərinə səhlənkarlıqla yanaşmırdı (Mark 6:34; Yəh. 2:14-17). O, şagirdlərinə mülayimliklə məsləhət verər, lazım gələndə isə onu təkrarlayardı (Mat. 20:21-28; Mark 9:33-37; Luka 22:24-27). Lakin heç vaxt onları danlamır, ləyaqətlərini alçaltmır və onlarda məhəbbətə layiq olmadıqları, yaxud tapşırıqlarını yerinə yetirə bilməyəcəkləri fikri yaratmırdı. Əksinə, onları tərifləyir və ürəkləndirirdi (Luka 10:17-21). İsadan məhəbbət və şəfqət görən şagirdlərin nəyə görə ona ehtiram bəslədikləri təəccüblü deyil!
6. a) İsanın şagirdləri ilə rəftarından ərlər nə öyrənə bilər? b) Peter ərləri nəyə təşviq edirdi?
6 İsanın nümunəsindən ərlər nə öyrənə bilər? Başçı olmaq heç də zülmkar olmaq demək deyil. Əksinə, yaxşı ailə başçısı həyat yoldaşına hörmət edəcək və onu fədakarcasına sevəcək. Həvari Peter ərlərə arvadları ilə anlayışla və ‘hörmətlə’ rəftar etməyi məsləhət görərək İsanın məhəbbət nümunəsini izləməyə təşviq edirdi. (1 Peter 3:7 ayəsini oxu.) Ər öz səlahiyyətlərindən necə istifadə edə bilər ki, arvadına ‘hörmət göstərmiş’ olsun?
7. Ər öz arvadına necə hörmət göstərə bilər? Nümunə çəkin.
7 Ər bütün ailəyə aidiyyəti olan hər hansı qərar qəbul etməzdən öncə arvadının fikir və hisslərini nəzərə almaqla ona hörmət etdiyini göstərir. Tutalım, köçmək, iş yerini dəyişmək, yaxud məzuniyyəti harada keçirmək və ya maliyyə problemlərindən qaçınmaq üçün xərcləri necə azaltmaq kimi gündəlik işlər barədə qərar qəbul edilməlidir. Bu qərarlar bütün ailəyə təsir edəcəyi üçün yaxşı olardı ki, ər arvadının fikrini öyrənsin və onlar ortaq məxrəcə gəlsinlər. Onda həyat yoldaşını dəstəkləmək qadın üçün daha asan olacaq (Sül. məs. 15:22). Arvadına hörmət edən ər yalnız onun məhəbbətini və hörmətini yox, ən əsası, Yehovanın rəğbətini qazanır (Efes. 5:28, 29).
Arvad ərinə ehtiram bəslədiyini necə göstərməlidir?
8. Nəyə görə Həvvanın nümunəsini təqlid etmək lazım deyil?
8 Məsihçi qadınlar ərlərinə tabe olmaqda İsadan nümunə götürməlidirlər. İsanın hakimiyyətə dair baxışı və münasibəti ilk qadınınkından necə də fərqlənir! Əslində Həvva ailəli qadınlar üçün yaxşı nümunə deyil. Yehova onun üzərinə bir başçı qoymuşdu və göstərişlərini onun vasitəsilə çatdırırdı. Ancaq o, öz ərinin başçılığına hörmət göstərməyib, onun çatdırdığı göstərişlərə zidd davrandı (Yar. 2:16, 17; 3:3; 1 Kor. 11:3). Düzdür, Həvva aldandı. Ancaq ona: «Allah bilir» deməklə Yaradanın əsil niyyətindən xəbərdar olduğunu iddia edən səsə qulaq asıb-asmamaq qərarını verməzdən öncə, əri ilə məsləhətləşməli idi. Bunu etmək əvəzinə, o, öz bildiyi kimi hərəkət etdi (Yar. 3:5, 6; 1 Tim. 2:14).
9. İsa itaətkarlıqda necə nümunə qoyub?
9 Həvvadan fərqli olaraq, İsa öz Başçısına tabe olmaqda mükəmməl nümunədir. Onun əhval-ruhiyyəsi və tutduğu həyat yolu göstərir ki, «Allahla bərabərliyi, imtinası mümkün olmayan bir haqq saymadı». Əksinə, o, özünü ‘heç edərək qul surətinə saldı’ (Filip. 2:5-7). Padşah kimi hökmranlıq edən İsa bu gün də eyni əhval-ruhiyyəyə malikdir. O, hər şeydə Atasına təvazökarlıqla tabe olur və Onun başçılığına hörmətlə yanaşır (Mat. 20:23; Yəh. 5:30; 1 Kor. 15:28).
10. Qadın ərinin başçılığına hörmətlə yanaşdığını necə göstərə bilər?
10 Məsihçi qadın ərinin başçılığına hörmət etməklə İsanın qoyduğu nümunəni təqlid edir. (1 Peter 2:21; 3:1, 2 ayələrini oxu.) Gəlin görək, o, bunu hansı hallarda edə bilər. Məsələn, oğul anasına yaxınlaşıb hansısa bir işi görmək üçün icazə istəyir. Məsələ hər iki valideyn tərəfindən müzakirə olunmadığından yaxşı olardı ki, ana ondan soruşsun: «Atandan icazə almısan?» Əgər o, bunu etməyibsə, qadın qərar verməzdən öncə, əri ilə məsləhətləşməlidir. İşdir, qadın ərinin fikri ilə razı deyilsə, yaxşı olardı ki, onlar bunu uşağın yanında yox, təklikdə müzakirə etsinlər (Efes. 6:4).
İsa valideynlərə nümunədir
11. İsa valideynlərə hansı nümunəni qoyub?
11 İsa evlənib oğul-uşaq sahibi olmasa da, məsihçi valideynlərə də gözəl nümunə qoyub. Necə? O, şagirdlərinə öyüd-nəsihət verirdi və bunu məhəbbət və səbirlə edirdi. İsa verdiyi tapşırığı necə yerinə yetirmək lazım olduğunu onlara göstərdi (Luka 8:1). İsanın şagirdlərinə qarşı münasibəti və rəftarı onlara bir-birləri ilə necə davranmalı olduğunu öyrətdi. (Yəhya 13:14-17 ayələrini oxu.)
12, 13. Allahdan qorxan bir övlad böyütmək istəyən valideynlər hansı tələbə riayət etməlidirlər?
12 Uşaqlar ata-analarının nümunəsini, yaxşı da, pis də olsa, təqlid etməyə meyillidirlər. Buna görə də valideynlər özlərindən soruşmalıdırlar: «Vaxtımızın çox hissəsini nəyə sərf edirik: televizora və müxtəlif əyləncələrə, yoxsa Müqəddəs Kitab öyrənməsinə və xidmətə? Uşaqlar bu sahədə bizdən nə götürürlər? Ailəmizdə nəyə üstünlük veririk? Həqiqətə uyğun yaşayaraq və qərarlar qəbul edərək uşaqlarımıza yaxşı nümunə qoyuruqmu?» Əgər siz Allahdan qorxan bir övlad böyütmək istəyirsinizsə, onda Allahın qanunları, ilk növbədə, sizin ürəyinizdə olmalıdır (Qanun. t. 6:6).
13 Əgər valideynlər Müqəddəs Kitab prinsiplərini gündəlik həyatlarında tətbiq edirlərsə, uşaqlar mütləq buna fikir verəcəklər. Onların sözləri və nəsihətləri uşaqlar üçün daha təsirli olacaq. Lakin uşaqlar ata-analarının sözləri ilə əməllərinin üst-üstə düşmədiyini görsələr, belə bir qənaətə gələcəklər ki, Müqəddəs Kitab prinsipləri bir o qədər də vacib və ya tətbiqedilən deyil. Nəticədə, uşaqlar dünyanın təzyiqi qarşısında aciz qala bilərlər.
14, 15. Valideynlər uşaqlarına hansı dəyərləri aşılamalıdırlar və bunu necə edə bilərlər?
14 Məsihçi valideynlər dərk edirlər ki, uşağın tərbiyəsinə onun maddi tələbatlarının qayğısına qalmaqdan daha çox şey daxildir. Buna görə də, uşağı yalnız bu tələbatları ödəməyə yönəldən məqsədlərə can atmağa təşviq etmək böyük səhv olardı (Vaiz 7:12). İsa şagirdlərinə ruhani dəyərlərə və işlərə üstünlük verməyi öyrədirdi (Mat. 6:33). Beləliklə, İsanı təqlid edən valideynlər öz uşaqlarına qarşılarına ruhani məqsədlər qoymağı öyrətməlidirlər.
15 Bunu necə etmək olar? Üsullardan biri uşaqların tammüddətli xidmətçilərlə ünsiyyətdə olmaları üçün şərait yaratmaqdır. Pionerlərlə, yaxud rayon nəzarətçiləri və onların həyat yoldaşları ilə tanış olmağın yeniyetmələrə hansı fayda gətirə biləcəyinə diqqət yetirin. Missionerlər, bet-ellilər və beynəlxalq tikinti layihələrində iştirak edənlər Yehovaya xidmət etməyin nə qədər sevindirici olduğu haqda danışa bilərlər. Sözsüz ki, onların danışmağa çoxlu maraqları əhvalatları var. Onların xidmətdə göstərdikləri fədakarlıq nümunələri uşaqlarınıza müdrik qərarlar qəbul etməyə, qarşılarına təqdirəlayiq məqsədlər qoymağa və tammüddətli xidmətdə özlərini təmin etmək üçün lazımi peşəyə yiyələnməyə kömək edə bilər.
İsanın nümunəsini izləməkdə uşaqlara nə kömək edə bilər?
16. İsanın valideynlərinə və səmavi Atasına hörmət etdiyi nədən görünürdü?
16 Uşaqlar, İsa sizin üçün də gözəl nümunədir. Yehova İsanı Yusiflə Məryəmin himayəsinə vermişdi və o, onların sözündən çıxmırdı. (Luka 2:51 ayəsini oxu.) İsa bilirdi ki, qeyri-kamil olmalarına baxmayaraq, onun qayğısına qalmaq məsuliyyətini onlara Yehova həvalə edib. Buna görə də İsa onlara hörmət etməli idi (Qanun. t. 5:16; Mat. 15:4). İsa yetkin yaşa çatanda da həmişə səmavi Atasını razı salırdı. Bəzən ona şirnikdirici təklifləri rədd etmək lazım gəlirdi (Mat. 4:1-10). Yəqin ki, siz gənclərdə bəzən valideynlərinizin sözündən çıxmaq istəyi yaranır. Belə hallarda İsanın nümunəsini izləməkdə sizə nə kömək edə bilər?
17, 18. a) Gənclər məktəbdə hansı təzyiqlərə məruz qalırlar? b) Nəyi yadda saxlamaq gənclərə sınaqların öhdəsindən gəlməyə kömək edə bilər?
17 Çox ehtimal ki, Müqəddəs Kitab normaları sinif yoldaşlarınızın əksəriyyəti üçün ya az əhəmiyyətlidir, ya da heç bir əhəmiyyət kəsb etmir. Onlar sizi pis işlərlə məşğul olmağa təhrik edə bilər, bundan imtina edəndə isə lağa qoya bilərlər. Ola bilsin, buna görə onlar sizə hətta alçaldıcı adlar qoyurlar. Belə hallarda siz özünüzü necə aparırsınız? Bilirsiniz ki, qorxub əksəriyyətin ardınca getsəniz, valideynlərinizi və Yehovanı məyus edəcəksiniz. Əgər sinif yoldaşlarınızın sözü ilə oturub-dursanız, bunun axırı nə olacaq? Ola bilsin, siz qarşınıza pioner və ya xidməti köməkçi olmaq, təbliğçilərə tələbat olan ərazilərdə, yaxud Bet-Eldə xidmət etmək kimi məqsədlər qoymusunuz. Sinif yoldaşlarınızla ünsiyyət bu məqsədlərə nail olmağınıza kömək edəcəkmi?
18 Bəlkə, imanınızın sınağa çəkildiyi vaxtlar da olur? Bəs onda özünüzü necə aparırsınız? Nümunəmiz olan İsa haqqında fikirləşin. O, şirnikdirici təkliflərə uymadı və düzgün olanı etmək əzmindən dönmədi. Bunu yadda saxlamaq sinif yoldaşlarınıza onlarla birgə nalayiq işlərdə iştirak etməyəcəyinizi açıq-aydın demək üçün sizə cəsarət verəcək. İsa kimi, diqqətinizi Yehovaya əbədiyyət boyu xidmət edəcəyiniz və daha heç kimin sizi azdırmağa çalışmayacağı vaxta yönəldin (İbr. 12:2).
Ailə xoşbəxtliyinin açarı
19. Hansı həyat yolu əsil xoşbəxtlik gətirir?
19 Yehova Allah və İsa Məsih bəşəriyyətin yaxşılığını istəyirlər. Qeyri-kamil olsaq da, müəyyən dərəcədə xoşbəxt olmaq mümkündür (Yeşaya 48:17, 18; Mat. 5:3). İsa insan xoşbəxtliyinin əsasını təşkil edən ruhani həqiqətləri öyrədirdi, lakin bu, onun şagirdlərinə çatdırdığı yeganə şeylər deyildi. İsa həm də yaşamağın ən yaxşı yolunu öyrətdi. Üstəlik, o, tarazlı həyat sürməyə və tarazlı baxışlara malik olmağa dair nümunə qoydu. Ailədəki rolumuzdan asılı olmayaraq, onun nümunəsini izləmək hər birimizə fayda gətirə bilər. Buna görə də gəlin hər birimiz İsanın nümunəsini izləyək! İsanın təlimlərinə riayət etmək və onun nümunəsini izləmək, həqiqətən də, xoşbəxt və məmnunedici ailə həyatının açarıdır.
Necə cavab verərdiniz?
• Ərlər Allahın onlara verdiyi səlahiyyəti necə həyata keçirməlidirlər?
• Qadınlar İsanın nümunəsini necə təqlid edə bilərlər?
• Valideynlər İsanın öz şagirdləri ilə rəftarından özləri üçün nə götürə bilərlər?
• Gənclər İsadan nə öyrənə bilərlər?
[8-ci səhifədəki şəkil]
Bütün ailəyə aidiyyəti olan məsələyə dair qərar qəbul etməzdən öncə, sevən ər nə edəcək?
[9-cu səhifədəki şəkil]
Qadın hansı halda ərinin başçılığına hörmət etdiyini göstərə bilər?
[10-cu səhifədəki şəkil]
Uşaqlar valideynlərinin yaxşı vərdişlərini təqlid edirlər