Yehovanın Kəlamı canlıdır
«Ester» kitabından diqqətəlayiq fikirlər
«PLAN heç cür uğursuzluqla nəticələnə bilməz. Yəhudilərin soyqırımı yaxşı təşkil edilib. O gün artıq tə’yin edilib. Hindistandan Efiopiyaya qədər uzanan imperiyanın ərazisində yaşayan yəhudilərin hamısının kökü yer üzündən silinəcək». Bu, hiylənin müəllifinin düşüncələridir. Lakin onun nəzərindən vacib bir şey qaçıb. Yerin və göyün Allahı Öz xalqını istənilən çıxılmaz vəziyyətdən qurtara bilər. Elə bu qurtuluş «Ester» kitabında təsvir edilir.
Mordokay adlı yaşlı bir yəhudi tərəfindən yazılan «Ester» kitabı, həm də birinci Kserks adı ilə tanınan Fars padşahı Axaşveroşun 18 illik hakimiyyəti dövrünü əhatə edir. Dramatik hadisələrlə dolu bu hekayədə, Yehovanın, böyük bir imperiya ərazisinə səpələnmiş xalqını düşmənlərinin şər fitnələrindən necə qurtarması təsvir edilir. Bu kitab, Yehovanın 235 ölkədə xidmət edən Şahidlərinin imanını həqiqətən möhkəmləndirir. Lakin kitabın dəyəri yalnız bununla bitmir: orada, Yehovaya xidmət edənlərlə etməyənlərin yaxşı və pis nümunələri də açıqlanır. Bəli, Allahın kəlamı bütün dövrlər üçün ‘canlı və tə’sirlidir’ (İbranilərə 4:12).
MƏLƏKƏ XALQIN DADINA ÇATMALIDIR
Hakimiyyətinin üçüncü ilində (b. e. ə. 493-cü il) padşah Axaşveroş böyük bir ziyafət qurur. Gözəlliyinə görə aləmə səs salan mələkə Vaşti padşahın lütfünü itirir və mələkəlikdən çıxarılır. Onun yerini ölkədəki bütün gözəl bakirələrin içindən seçilmiş yəhudi qızı Hadassa tutur. Əmisi oğlu Mordokayın sözlərinə əməl edən Hadassa, yəhudi olduğunu gizlədərək özünü saray əhlinə fars adı Esterlə təqdim edir.
Bir qədər vaxtdan sonra təkəbbürlü Haman sarayın baş vəziri vəzifəsinə tə’yin edilir. Mordokayın ona ‘baş əyib qarşısında tə’zim etməməsi’ Hamanı bərk qəzəbləndirir. Haman Fars imperiyasında yaşayan yəhudilərin hamısını qırmaq üçün bir fitnə qurur (Ester 3:2). O, padşah Axaşveroşun qılığına girib onu dilə tutur ki, yəhudilərin kütləvi qırğınına dair fərman imzalasın. Bundan xəbər tutan Mordokay ‘çula bürünüb başına kül tökür’ (Ester 4:1). Xalqın imdadına çatmaq üçün Ester işə qarışmalıdır. O, padşahı və baş vəziri təşkil etdiyi ziyafətə də’vət edir. Onlar bu də’vəti böyük sevinclə qəbul edib, ziyafətə təşrif buyururlar. Ester onlardan növbəti gün də təşkil edəcəyi ziyafətə gəlmələrini xahiş edir. Hamanın sevincinin həddi-hüdudu yoxdur. Amma Mordokayın onu şərəfləndirməməsi ona dinclik vermir. Haman qərara gəlir ki, növbəti gün keçiriləcək ziyafətdən əvvəl Mordokay öldürülməlidir.
Müqəddəs Kitab suallarına cavablar:
1:3-5 — Padşahın qurduğu ziyafət 180 günmü davam etmişdi? Mətndə deyilmir ki, ziyafət 180 gün davam etmişdi. Oradan aydın olur ki, padşah 180 gün ərzində ə’yanlara ‘padşahlığının cah-cəlalını, əzəmətini və parlaq şöhrətini nümayiş etdirirdi’. Görünür, padşah də’vət olunmuş qonaqları heyrətə salmaq və planlarını uğurla başa vuracağına onları əmin etmək məqsədilə, qonaqlara uzun müddət ərzində padşahlığının izzətini göstərdi. Əgər belə isə, onda 3 və 5-ci ayələrdəki ziyafət, 180 günlük görüşün sonunda baş vermişdi.
1:8 (KM) — Axaşveroşun qurduğu məclisdə şərab içmək hansı mə’nada ‘əmrə görə idi’ və qonaqları içməyə ‘məcbur edən yox idi’ nə deməkdir? Farslarda olan adətə görə, qonaqlar bir-birini müəyyən miqdarda spirtli içki içməyə məcbur edirdilər. Lakin padşah Axaşveroşun əmrinə görə, qurduğu ziyafət bu cəhətdən istisna təşkil etməli idi. Bir mə’lumatda belə deyilir: «Onlar istədikləri qədər içə bilərdilər».
1:10-12 — Mələkə Vaşti padşahın hüzuruna gəlməkdən nə üçün imtina etdi? Bə’zi alimlərin fikrincə, mələkə özünü padşahın sərxoş qonaqları qarşısında alçaltmamaq üçün ərinin sözlərinə tabe olmadı. Başqa bir səbəb: zahirən cazibədar mələkə, görünür, əslində ərinə itaətkar deyildi. Müqəddəs Kitab onun motivlərini açıqlamasa da, sarayın müdrik adamları ərə itaət etməyin çox vacib məsələ olduğunu və Vaştinin pis nümunəsinin Fars dövlətinin əyalətlərində yaşayan qadınların hamısına ərlərinə itaət etməməyə əsas verəcəyini düşünürdülər.
2:14-17 — Ester padşahla qeyri-qanuni cinsi əlaqəyəmi girdi? Xeyr! Mətndə deyilir ki, padşahın yanına gələn qadınlar səhər tezdən ‘cariyələrin hərəmağasının’ nəzarəti altında olan ikinci hərəmxanaya qayıdırdılar. Gecəni padşahla keçirən qadınlar onun cariyələri və ya kiçik arvadları olurdular. Esterə gəldikdə isə, vəziyyət başqa cür idi. Padşahın yanından sonra onu cariyələrin qaldığı evə aparmadılar. Axaşveroşun yanına gətirildikdə, «padşah Esteri digər qadınlardan çox bəyəndi. O, padşahın hüzurunda lütf və hüsn-rəğbət qazandı» (Ester 2:17). Ester Axaşveroşun ‘lütf və hüsn-rəğbətini’ necə qazandı? Saraydakıların hüsn-rəğbətini qazandığı kimi, Axaşveroşun da hüsn-rəğbətini eləcə qazandı. Məsələn, ‘[Ester] Heqayın xoşuna gələrək onun hüsn-rəğbətini qazanmışdı’ (Ester 2:8, 9). Qızın daxili və zahiri gözəlliyi onu heyran etmişdi. Bəli, «Ester ona baxanların hamısının gözündə lütf tapdı» (Ester 2:15). Eynilə də padşah Esterin daxili və zahiri gözəlliyinə vurularaq onu sevdi.
3:2; 5:9 — Mordokay nəyə görə Hamana baş əymirdi? Yüksək vəzifə tutan insana tə’zim etmək israillilərin qanununa zidd deyildi. Lakin Hamana gəldikdə, söhbət artıq adi hörmətdən getmirdi. Haman Aqaqlı idi. Çox güman ki, o, Yehovanın yer üzündən kökünü silməyi əmr etdiyi Amaleqlilərin nəslindən idi (Qanunun təkrarı 25:19). Mordokay üçün Hamana baş əymək Yehovanın qarşısında nöqsansızlığından dönmək demək idi. Mordokay birmə’nalı surətdə düşmənə baş əyməkdən imtina etdi və bunu Yəhudi olduğu ilə izah etdi (Ester 3:3, 4).
Bizim üçün ibrət dərsləri:
2:10, 20; 4:12-16. Ester Yehovanın yetkin xidmətçisindən nə etməli olduğuna dair aldığı göstəriş və məsləhətlərə əməl etdi. Biz də ‘öz rəislərimizə itaət etməli, onlara tabe olmalıyıq’ (İbranilərə 13:17).
2:11; 4:5. Biz ‘yalnız öz mənfəətimizi deyil, başqalarının da mənfəətini güdməliyik’ (Filipililərə 2:4).
2:15. Heqay padşahın yanına gedən qızları zinət əşyaları və paltarlarla tə’min edirdi. Ester özü üçün əlavə daş-qaş və paltar istəməməsilə təvazökarlıq və özünə hakim olmaq kimi gözəl keyfiyyətləri təzahür etdirdi. O, padşahın lütfünü ‘daxili varlığı, həlim və sakit ruhun faniləşməz gözəlliyi ilə’ qazandı (1 Peter 3:4).
2:21-23. Esterlə Mordokay ‘üzərlərində olan hakimlərə tabe olmaqda’ bizə gözəl nümunə qoymuşlar (Romalılara 13:1).
3:4. Ester kimi, bizim də müəyyən vəziyyətlərdə kimliyimiz barədə susmağımız müdrik hərəkət olardı. Lakin Yehovanın hökmranlıq hüququ və nöqsansızlığımız kimi mühüm məsələlərə gəldikdə, biz Yehovanın Şahidləri olmağımızı e’tiraf etməkdən qorxmalı deyilik.
4:3. Sınaqlarla qarşılaşanda müdriklik və qüvvə üçün Yehovaya dua etməliyik.
4:6-8. Mordokay öz xalqını Hamanın hazırladığı sui-qəsdin yaradacağı bəlalardan qanuni yolla müdafiə etmək istəyirdi (Filipililərə 1:7).
4:14. Mordokayın Yehovaya olan əminliyinə həsəd aparmaq olar.
4:16. Yehovaya tam qəlbi ilə güvənən Ester sadiqlik və cəsarət göstərərək, həyatını belə təhlükəyə atmaqdan çəkinmədi. Özümüzə deyil, Yehovaya güvənməyi öyrənməyimiz son dərəcə vacibdir.
5:6-8. Ester Axaşveroşun lütfünü qazanmaq üçün, onu təşkil etdiyi ikinci ziyafətə də’vət etdi. Biz də onun kimi düşüncə ilə hərəkət etməliyik (Süleymanın məsəlləri 14:15).
VƏZİYYƏT KÖKLÜ SURƏTDƏ DƏYİŞİR
Hər şey gözlənilmədən dəyişilir. Mordokay üçün hazırladığı dar ağacından Hamanın özünü asırlar. Hamanın hədəf nöqtəsi olan Mordokay öz düşməninin yerini tutaraq, padşahın baş vəziri vəzifəsinə tə’yin edilir. Bəs yəhudilərə qarşı planlaşdırılmış sui-qəsdin axırı necə olur?
Sədaqətli Ester xalqını müdafiə etmək üçün padşaha bir daha müraciət edir. Həyatını təhlükəyə ataraq, o, padşahdan Hamanın hazırladığı soyqırımın qarşısını almağı xahiş edir. Axaşveroş nə etmək lazım olduğunu bilir. Qırğının tə’yin edildiyi gün yaxınlaşanda yəhudilərin əvəzinə, onların kökünü kəsmək arzusunda olanlar öldürülür. Mordokay bu böyük qurtuluşu anmaq üçün Purim bayramını tə’sis edir. Bayram hər il keçirilməlidir. Axaşveroşdan sonra padşahlıqda ikinci adam olan Mordokay, ‘xalqının xeyrinə işləyir və bütün millətinin əmin-amanlığını müdafiə edir’ (Ester 10:3).
Müqəddəs Kitab suallarına cavablar:
7:4 (YD) — Yəhudilərin soyqırımı padşaha hansı mə’nada ‘ziyan gətirə’ bilərdi? Ester padşaha nəzakətlə bildirdi ki, yəhudiləri kölə kimi satmaq da olardı. Bununla o, qırğının padşaha maddi ziyan gətirəcəyinə işarə etdi. Bu necə ola bilər? Hamanın padşahın xəzinəsinə və’d etdiyi 10 000 talant gümüş pul, yəhudiləri kölə kimi satmaqdan əldə oluna biləcək gəlirlə müqayisədə çox kiçik məbləğ idi. Həmçinin sui-qəsdin icrası mələkənin də öldürülməsi demək idi.
7:8 — Hamanın üzünü nəyə görə bağladılar? Görünür, bu, rusvayçılığın və qaçılmaz məhvin rəmzi idi. Bir mə’lumata əsasən, «qədimdə e’dam olunacaq adamın başını örtürdülər».
8:17 — Hansı mə’nada ‘xalqların arasından bir çoxu Yəhudi oldular’? Görünür, farslardan bir çoxu iudaizmi qəbul edərək yəhudi prozelitləri oldular. Onlar düşündülər ki, fərmanın icrasında bu cür dəyişiklik Allahın yəhudilərə olan xüsusi münasibətini göstərirdi. Eyni prinsipi «Zəkəriyyə» kitabında yazılmış peyğəmbərliyin yerinə yetməsində görmək olar. «Müxtəlif dillərdə danışan millətlərdən olan on adam bir Yəhudinin ətəyindən yapışıb “qoy sizinlə gedək, çünki Allahın sizinlə olduğunu eşitmişik” deyəcək» (Zəkəriyyə 8:23).
9:10, 15, 16 — Fərman düşmənlərin malının talan edilməsinə izin versə də, yəhudilər nə üçün talana əl atmadılar? Yəhudilər talana əl atmamaqla göstərdilər ki, onların əsl məqsədi varlanmaq deyil, özlərini müdafiə etməkdir.
Bizim üçün ibrət dərsləri:
6:6-10. «Əcəldən əvvəl təkəbbür gələr, fəlakətdən əvvəl lovğalıq ruhu gələr» (Süleymanın məsəlləri 16:18).
7:3, 4. Tə’qiblərlə qarşılaşanda Yehovanın Şahidləri olduğumuzu danırıqmı? Yoxsa, Allahın xidmətçiləri olduğumuzu cəsarətlə bəyan edirik?
8:3-6. Düşmənlərdən müdafiə olunmaq üçün hökumət rəsmilərinə və məhkəməyə müraciət etməliyik.
8:5. Ester nəzakətlə davranaraq xalqının kökünü kəsmək fərmanında padşahın da əlinin olması barədə susdu. Biz də dövlət mə’murlarına şəhadət edərkən nəzakətli olmalıyıq.
9:22. Aramızda olan kasıblara əl tutmağı unutmamalıyıq (Qalatiyalılara 2:10).
Yehova xalqına ‘yardım və qurtuluş’ verəcək
Mordokay Esterin mələkə olmasında Allahın əlini görür. Təhlükə qarşısında yəhudilər oruc tutub duada Allahdan kömək diləyirlər. Mələkə də’vət edilmədən padşahın hüzuruna gəlir və padşah onu hər dəfə iltifatla qəbul edir. Həlledici gecə padşahın yuxusu ərşə çəkilir. Bəli, «Ester» kitabı xalqının mənafeyi üçün Yehovanın hadisələrə necə istiqamət verməsi haqqındadır.
«Ester» kitabında yazılmış hadisələr Yehovanın ‘axır zamanlarda’ yaşayan xidmətçilərini necə də ruhlandırır! (Daniel 12:4). Axır günlərin sonunda Şeytan İblis Maqoq diyarından olan Qoq rolunda çıxış edərək Allahın xalqının üzərinə hücum edəcək. Onun məqsədi Allahın həqiqi xidmətçilərinin kökünü yer üzündən tamamilə kəsmək olacaq. Lakin Esterin günlərində olduğu kimi, Yehova xidmətçilərinə ‘yardım və qurtuluş’ verəcək (Yezekel 38:16-23; Ester 4:14).
[10-cu səhifədəki şəkil]
Esterlə Mordokay Axaşveroşun hüzurunda.