Yehova «Onu axtaranlara mükafat verir»
«Allaha yaxınlaşan iman etməlidir ki, O var və Onu axtaranlara mükafat verir» (İBRANİLƏRƏ 11:6).
1, 2. Nəyə görə Yehovanın bə’zi xidmətçilərində qəmgin fikirlər oyana bilər?
«ARTIQ 30 ildir ki, Yehovanın Şahidiyəm, lakin hələ də mənə elə gəlir ki, bu ada layiq deyiləm. Pionerlik etməyimə və bir çox şərəfli məs’uliyyətlərimə baxmayaraq, bu adı daşımağa layiq olduğuma inana bilmirəm» — deyə Barbaraa adlı bir bacı e’tiraf edir. Kit adlı qardaş da buna bənzər fikirlə bölüşür: «Hərdən özümü dəyərsiz hiss edirdim, çünki Yehovanın xidmətçilərinin xoşbəxt olmaq üçün çoxlu səbəbləri olduğu halda mən xoşbəxt deyildim. Buna görə özümü günahkar hiss edirdim, bu isə vəziyyəti daha da pisləşdirirdi».
2 Yehovanın həm keçmişdəki, həm də müasir dövrdəki bir çox sadiq xidmətçiləri buna bənzər hissləri yaşamışlar. Bəs nə vaxtsa sən də bu cür hisslərlə mübarizə aparmısanmı? Həmimanlıların ilk baxışdan qayğısız və xoşbəxt yaşadıqları halda, səndə, ola bilsin, problemlər bir-birinin dalınca gəlir. O zaman sənə elə gələ bilər ki, Yehovanı hansısa hərəkətinlə narazı salmısan və artıq Onun diqqətinə layiq deyilsən. Ancaq bu cür fikirləşməyə tələsmə. Müqəddəs Kitab bizi əmin edir ki, Yehova «məzlumun dərdinə xor baxmadı, ondan ikrah edərək üzünü gizlətmədi, imdada çağıranda səsinə cavab verdi» (Məzmur 22:24). Məsih haqqında yazılmış bu peyğəmbərlik Yehovanın Öz sadiq xidmətçilərini nəinki dinlədiyinə, hətta onlara bol-bol xeyir-dua verdiyinə bizi əmin edir.
3. Biz nəyə görə bu sistemin tə’sirinə düşə bilərik?
3 Bu sistem bütün insanlara, o cümlədən Yehovanın xidmətçilərinə də təzyiq göstərir. Biz, Yehovanın baş düşməni Şeytan İblisin idarə etdiyi dünyada yaşayırıq (2 Korinflilərə 4:4; 1 Yəhya 5:19). Yehovaya xidmət edənlər xüsusi tərzdə qeyri-adi müdafiəyə malik deyillər, əksinə, onlar Şeytanın əsas hədəfidirlər (Əyyub 1:7-12; Vəhy 2:10). Buna görə də, nə qədər ki, Allahın tə’yin etdiyi vaxt gəlməyib, Yehovanın bizim qeydimizə qaldığına qətiyyən şübhə etmədən «sıxıntıya dözümlü, duada mətanətli» olmaq lazımdır (Romalılara 12:12). Allahımız Yehovanın bizi sevdiyinə dair bir damcı da olsun, şübhə olmalı deyil!
Mətanətli olmağa dair qədim dövrün nümunələri
4. Yehovanın qədimdə yaşayan və bədbəxtliklərlə üzləşən sadiq xidmətçilərinin nümunələrini gətirin.
4 Keçmişdə Yehovanın bir çox xidmətçiləri bədbəxtliklərlə üzləşməli olurdular. Misal üçün, Xanna övladı olmadığı üçün qəm edirdi. Ona elə gəlirdi ki, Allah onu unudub (1 Şamuel 1:9-11). Padşah arvadı olan qatil İzevel İlyası tə’qib edərkən o, qorxuya düşüb Yehovaya belə dua etmişdi: «Bəsdir, ya Rəbb, indi mənim canımı al, çünki mən atalarımdan yaxşı deyiləm» (1 Padşahlar 19:4). Hər şeydən göründüyü kimi, həvari Pavel də öz qeyri-kamilliyinə görə dərin narahatçılıq hissi keçirirdi. «Yaxşılıq etmək istərkən, məndə pislik hazır olur, — deyə o vurğulamış, sonra isə əlavə etmişdi: — Nə zavallı adamam!» (Romalılara 7:21-24).
5. a) Yehova Xannanı, İlyası və Paveli necə mükafatlandırdı? b) Bizi mənfi hisslər bürüyən zaman, Allahın Kəlamından hansı təsəllini əldə edə bilərik?
5 Bildiyimiz kimi, Xanna, İlyas və Pavel Yehovaya xidmət etməyə mətanətlə davam edirdilər. Buna görə də, Allah onları bol-bol mükafatlandırırdı (1 Şamuel 1:20; 2:21; 1 Padşahlar 19:5-18; 2 Timoteyə 4:8). Bununla belə, onlar müxtəlif cür hisslərlə — ümidsizlik, çarəsizlik və qorxu kimi hisslərlə mübarizə aparmalı olurdular. Təəccüblü deyil ki, hərdən bizi də mənfi hisslər bürüyür. Həyatında baş verən narahatçılıqlara görə Yehovanın səni sevmədiyini düşünürsənsə, nə etmək olar? Allahın Kəlamından təsəllini əldə etmək olar. Məsələn, əvvəlki məqalədə Yehovanın başımızdakı saçları belə saydığına dair İsanın dediklərini müzakirə etmişdik (Matta 10:30). Bu ruhlandırıcı sözlər Yehovanın Öz xidmətçiləri ilə dərindən maraqlandığını göstərir. Bəs sərçələrlə bağlı əyani nümunə necə? Yehovanın hökmü olmadan, bu sərçələrdən biri də yerə düşmür. Belə olan halda, Yehova Allah sənin ağır vəziyyətinə e’tinasız yanaşa bilərmi?
6. Qəmgin fikirlərlə mübarizə aparan insanlara Müqəddəs Kitab necə təsəlli verir?
6 Biz qeyri-kamil insanlar, hər şeyə Qadir Yaradan Yehova Allahın gözündə hansısa dəyərə malik ola bilərikmi? Bəli! Buna bizi Müqəddəs Kitabdan bir çox parçalar əmin edir. Onların üzərində düşünərək, biz bütün ürəkdən məzmurçunun sözləri ilə razılaşırıq: «Mən daxilən çox narahat olarkən təsəlli verərək məni fərəhləndirirsən» (Məzmur 94:19). Gəlin Allahın Kəlamından bə’zi təsəlliverici fikirləri nəzərdən keçirək. Bu fikirlər Onun bizi qiymətləndirdiyini və əgər bundan sonra da Allahın iradəsini yerinə yetirməyə davam edəriksə, mütləq mükafatlandıracağını dərindən başa düşməyə kömək edir.
Yehovanın «xüsusi mülkü»
7. Yehova Malakinin vasitəsilə pozğun xalqa hansı ruhlandırıcı peyğəmbərliyi çatdırdı?
7 B. e. ə. V əsrdə yəhudilər ruhani cəhətdən acınacaqlı vəziyyətdə idilər. Kahinlər insanların Yehovaya qüsurlu heyvanları qurban gətirmələrinə razılıq verirdilər. Hakimlər üzgörənlik edirdilər. İnsanlar cadugərliyə, yalana, fırıldaqçılığa və zinaya qərq olmuşdular (Malaki 1:8; 2:9; 3:5). Malaki bu pozğun xalqa təəccüblü bir peyğəmbərlik edir: vaxt gələcək ki, onlar yenidən Yehovanın gözündə lütf tapacaqlar. Peyğəmbərlik belə səslənirdi: «Fəaliyyətə keçdiyim gün onlar Mənə məxsus xalq olacaq. Bir ata özünə xidmət edən oğluna necə rəhm edərsə, Mən də onlara elə rəhm edəcəyəm» (Malaki 3:17).
8. Malaki 3:17 ayəsindəki peyğəmbərlik böyük izdihama necə aid edilə bilər?
8 Malakinin peyğəmbərliyi bizim günlərdə də yerinə yetir. Bu, 144 000 nəfərdən ibarət olan ruhla məsh edilmiş məsihçilərə — ruhani xalqa aiddir. Bu xalq Yehovanın «mülkiyyəti» — Onun ‘xüsusi mülküdür’ (1 Peter 2:9, YD). ‘Ağ libas geyib, əllərində palma budağı, taxtın və Quzunun qarşısında duran’ ‘böyük bir izdihamdan’ ibarət insanlar da Malakinin peyğəmbərliyindən ruhlanırlar (Vəhy 7:4, 9). Onlar məsh edilmişlərlə birlikdə üzərlərində İsa Məsih kimi bir Çobanı olan sürünü təşkil edirlər (Yəhya 10:16).
9. Nəyə görə Yehova Öz xidmətçilərini «xüsusi mülk» hesab edir?
9 Yehova Ona xidmət etmək istəyənlərə necə münasibət bəsləyir? Malaki 3:17 ayəsinə əsasən, sevən atanın öz oğluna bəslədiyi münasibət kimi. Görün Yehova Öz xalqı haqqında necə səmimi sözlər deyib: Yehova onu «[Özünə] məxsus xalq» adlandırıb. Müqəddəs Kitabın digər tərcümələrində bu ifadə «xüsusi mülküm», «qiymətli mülküm», «daş-qaşlarım» kimi tərcümə edilir. Yehova Öz xidmətçilərini nəyə görə bu qədər qiymətli hesab edir? İlk növbədə ona görə ki, Yehova minnətdar Allahdır (İbranilərə 6:10). O, ürəkdən Ona xidmət edənləri Özünə yaxınlaşdırır və yüksək qiymətləndirir.
10. Yehova Öz xidmətçilərini necə müdafiə edir?
10 Hər bir insan, onun üçün xüsusi dəyəri olan nəyə isə malikdir. Məgər sənin üçün bu qədər dəyərli olan bir şeyi qorumayacaqsanmı? Yehova da Özünün «xüsusi mülkünü» qoruyur. Doğrudur, O Öz xidmətçilərini həyatın bütün çətinliklərindən və fəlakətlərindən müdafiə etmir (Vaiz 9:11). Lakin Yehova sadiq xidmətçilərini ruhani mə’nada müdafiə edə bilər və edir də. O, müxtəlif sınaqlara tab gətirə bilmələri üçün onlara güc verir (1 Korinflilərə 10:13). Qədim vaxtlarda Musa Allahın xalqına, israillilərə nəsihət verirdi: «Cəsarətli və möhkəm olun... Allahınız Rəbb sizinlə gedir. O sizi atmaz, tərk etməz!» (Qanunun təkrarı 31:6). Yehova Öz xidmətçilərini qiymətləndirir. Onlar Onun «xüsusi mülküdürlər».
Yehova «mükafat verir»
11, 12. Yehovanın mükafat verdiyini başa düşmək şübhələrlə mübarizə aparmağa necə kömək edir?
11 Yehovanın Öz xidmətçilərini sevdiyinə digər sübut onlara mükafat verməsidir. O, israillilərə təklif etmişdir: «Bütün ondabirlərinizi anbara gətirin ki, mə’bədimdə ərzaq olsun. Ordular Rəbbi deyir: “Siz bununla Məni sınayın. Görəcəksiniz ki, göylərin pəncərələrini sizə açacağam, üzərinizə ehtiyaclarınızdan da çox bərəkət yağdıracağam”» (Malaki 3:10). Nəticədə Yehova Öz xidmətçilərini əbədi həyatla mükafatlandıracaq (Yəhya 5:24; Vəhy 21:4). Bu cür bol mükafat Yehovanın hədsiz məhəbbətindən bəhs edir. O, Ona xidmət etmək qərarına gələn hər bir kəsi həqiqətən də qiymətləndirir. Əgər biz Yehovanı səxavətli Mükafatçı kimi görməyi öyrənsək, onda bizi bəyəndiyinə dair hər bir şübhənin öhdəsindən gələ biləcəyik. Yehovanın Özü bizim Ondan mükafat gözləməyimizi istəyir! Pavel yazırdı: «Allaha yaxınlaşan iman etməlidir ki, O var və Onu axtaranlara mükafat verir» (İbranilərə 11:6).
12 Sözsüz ki, biz Yehovaya təkcə və’d etdiyi xeyir-duaları almaq naminə deyil, məhəbbətdən irəli gələrək xidmət edirik. Lakin mükafat alacağımıza ümid etməkdə düzgün olmayan və ya xudbinliklə bağlı heç bir şey yoxdur (Koloslulara 3:23, 24). Yehova bütün ürəyi ilə Onu axtaranları yüksək qiymətləndirir və məhəbbətdən irəli gələrək onlara mükafat verir.
13. Nəyə görə fidiyə qurbanlığı Yehovanın bizi sevdiyinə ən böyük sübutdur?
13 Yehovanın insanları qiymətləndirdiyinə ən inandırıcı sübut İsa Məsihin fidiyə qurbanlığıdır. Həvari Yəhya demişdir: «Allah dünyanı elə sevdi ki, vahid Oğlunu ona verdi; bunu ona görə etdi ki, Ona iman edənlərin heç biri həlak olmasın, hamısının əbədi həyatı olsun» (Yəhya 3:16). Təqdim edilmiş fidiyə bütün şübhələri aradan qaldırır və bizi Yehovanın gözündə böyük dəyərə malik olduğumuza əmin edir. Əgər Yehova vahid Oğlunu qurban verərək bizə görə bu cür böyük fədakarlıq etmişdirsə, Onun bizə olan məhəbbətinə şübhə etmək olarmı?
14. Pavel fidiyəyə necə münasibət bəsləyirdi?
14 Buna görə də, ruhdan düşəndə fidiyə üzərində fikirləş. Onu Yehovanın şəxsən sənə təqdim etdiyi hədiyyə kimi qiymətləndir. Həvari Pavel məhz bu cür davranmışdır. O, fidiyə haqda xatırladaraq deyirdi: «Nə zavallı adamam!» Sonra isə əlavə edirdi: «İsa Məsih vasitəsi ilə Allaha şükür edirəm!» Pavel özü-özlüyündə belə mülahizə yürüdürdü: ‘[Allahın Oğlu] məni sevib, uğrumda Özünü fəda edib’ (Romalılara 7:24, 25; Qalatiyalılara 2:20). Pavelin sözlərində xudbinliyə işarə edən heç bir şey yoxdur. O sadəcə olaraq Yehovanın şəxsən onu qiymətləndirdiyinə əminliyini bildirir. Pavel kimi, sən də fidiyəni Allahdan şəxsən sənə təqdim edilən bir hədiyyə kimi qiymətləndirməyi öyrənməlisən. Yehova yalnız güclü Qurtarıcı deyil, həm də məhəbbətli Mükafatlandırıcıdır.
Şeytanın hiylələrindən qorun
15-17. a) İblis şübhəsi olan insanların hissləri ilə necə oynayır? b) Əyyubun başına gələn hadisə bizi nəyə təşviq edir?
15 Buna baxmayaraq, Allahın Kəlamında yazılan təsəlliverici fikirlərin şəxsən sənə aid olduğuna inanmaq asan olmur. Sənə elə gələ bilər ki, Allahın yeni dünyasındakı əbədi həyat mükafatı başqaları üçündür, sən isə buna layiq deyilsən. Belə fikirlər yaranırsa, nə etmək olar?
16 Şübhəsiz ki, Pavelin efeslilərə verdiyi məsləhətlə yaxşı tanışsan: «İblisin hiylələrinə qarşı dura bilmək üçün Allahın bütün zirehlərini geyinin» (Efeslilərə 6:11). Sirr deyil ki, Şeytanın əsas hiylələri maddi şeylərə meyl və əxlaqsızlıqdır. Bu cür hiylələrə Allahın keçmişdə yaşamış və müasir dövrdə yaşayan çox xidmətçiləri düçar olmuşlar. Lakin Şeytanın daha bir hiyləsini unutmaq lazım deyil: o, var qüvvəsi ilə çalışır ki, insanları, Yehova Allahın onları sevmədiyinə inandırsın.
17 İblis insanları Allahdan uzaqlaşdırmağa çalışaraq, bu cür hisslərdən məharətlə istifadə edir. Bildadın Əyyuba söylədiklərini yada salın: «Fani insan Allah qarşısında necə saleh ola bilər? Qadından doğulan necə təmiz ola bilər? Bax Onun gözündə ay belə, parlaq deyilsə, ulduzlar belə, pak deyilsə, torpaq qurduna bənzər fani insan necə ola bilər? Axı bəşər oğlu bir cücüyə bənzər» (Əyyub 25:4-6; Yəhya 8:44). Bu cür nitqi eşidən Əyyubun hansı hissləri keçirdiyini bircə təsəvvür et! Şeytanın iradəni sındırmasına yol vermə. Onun fitnələrini unutma, bu da sənə tam qətiyyətlə düzgün davranmaq üçün güc və cəsarət verəcəkdir (2 Korinflilərə 2:11). Əyyubun düzəlişə ehtiyacı olsa da, o, sarsılmazlığına görə mükafatlandırıldı: itirdiklərini Yehova ona ikiqat artıqlaması ilə verdi (Əyyub 42:10).
Yehova «ürəyimizdən üstündür»
18, 19. Hansı mə’nada «Allah ürəyimizdən üstündür və hər şeyi bilir»?
18 E’tiraf etmək lazımdır ki, əgər darıxdırıcı fikirlər ürəyin dərinliklərinə kök salıbsa, onlardan yaxa qurtarmaq asan deyil. Lakin Yehovanın ruhu vaxt ötdükcə «istehkamları... və Allahın biliyinə qarşı duran hər əngəli» yıxmağa kömək edəcək (2 Korinflilərə 10:4, 5). Darıxdırıcı fikirlər sənə güc gələndə, həvari Yəhyanın sözləri üzərində düşün: «Biz həqiqətə aid olduğumuzu bundan bilirik və ürəyimiz nə xüsusda bizi məhkum edirsə, ürəyimizi Allahın qarşısında sakitləşdiririk. Çünki Allah ürəyimizdən üstündür və hər şeyi bilir» (1 Yəhya 3:19, 20).
19 Hansı mə’nada «Allah ürəyimizdən üstündür»? Bə’zən ürəyimiz bizi mühakimə edir, xüsusən də nöqsanlarımız ucbatından kədərlənəndə və qeyri-kamilliyimiz özünü büruzə verəndə. Yaxud da aldığımız tərbiyə ucbatından özümüzə olduqca tənqidi yanaşır və Yehovaya məqbul olmaq qüvvəsində olmadığımız düşünürük. Həvari Yəhyanın sözləri əmin edir ki, Yehova vəziyyəti hərtərəfli görəcək dərəcədə böyükdür. O, diqqətini bizim səhvlərimizə cəmləşdirmir, onların arxasında olan gizli imkanlarımızı görür. Bundan əlavə, O bizim motivlərimizi və meyllərimizi başa düşür. Davud yazırdı: «Necə yarandığımızı bilir, torpaqdan düzəlməyimizi unutmur» (Məzmur 103:14). Bəli, Yehova bizi özümüzdən yaxşı tanıyır!
«Şərəf tacı» və «padşahlıq çələngi»
20. Yeşayanın israillilərin geri qayıtması ilə əlaqədar söylədiyi peyğəmbərlikdən Yehovanın xidmətçilərinə olan münasibəti haqqında nə öyrənirik?
20 Keçmişdə Yeşaya peyğəmbərin vasitəsilə Yehova Öz xidmətçilərinə geriyə dönəcəkləri ilə əlaqədar ümid vermişdir. Babil əsarətinə düşəndə onlar ümidsizlik hiss edir və bu cür təsəlliyə çox ehtiyac duyurdular. Xalqının vətənə qayıdacağı vaxt haqqında danışaraq, Yehova qabaqcadan demişdir: «Sən Rəbbin əlində şərəf tacı, Allahının ovcunda padşahlıq çələngi olacaqsan» (Yeşaya 62:3). Bu sözlərlə Yehova Öz xalqını izzətə və ehtişama qərq etdi. Eynilə bizim günlərdə də ruhani İsraili bütün xalqlar qarşısında yüksəldərək, Yehova ona izzət və ehtişam verdi.
21. Yehovanın sadiqlik və sarsılmazlığa görə mütləq mükafatlandırdığına necə əmin olmaq olar?
21 Bu peyğəmbərlik əsas e’tibarı ilə məsh edilmiş məsihçilərə aid olsa da, Yehovanın Ona xidmət edənlərin hamısını yüksəltdiyini görürük. Buna görə də şübhələr sənə güc gələndə yadda saxla ki, qeyri-kamilliyinə baxmayaraq, Yehovanın gözündə «şərəf tacı» və «padşahlıq çələngi» kimi böyük qiymətə maliksən. Allahın iradəsini sə’ylə yerinə yetirərək, Onun ürəyini sevindirməyə davam et (Süleymanın məsəlləri 27:11). Əgər sadiq və sarsılmaz olsan, Yehova səni mükafatsız qoymayacaq!
[Haşiyə]
a Bə’zi adlar dəyişdirilib.
Xatırlayırsanmı?
• Yehova bizi nəyə görə «xüsusi mülk» hesab edir?
• Yehovanın mükafat verdiyini nəyə görə yadda saxlamaq vacibdir?
• Şeytanın hansı hiylələrindən qaçmalıyıq?
• «Allah ürəyimizdən üstündür» sözləri nə deməkdir?
[27-ci səhifədəki şəkil]
Pavel
[27-ci səhifədəki şəkil]
İlyas
[27-ci səhifədəki şəkil]
Xanna
[28-ci səhifədəki şəkil]
Allahın Kəlamı əsl təsəlli mənbəyidir.