Sülhə can atın
«Gəlin sülhə aparan... şeylərə can ataq» (ROM. 14:19).
1, 2. Nəyə görə Yehovanın Şahidləri arasında əsil sülh hökm sürür?
BUGÜNKÜ dünyada insanlar arasında əsil sülhdən əsər-əlamət yoxdur. Hətta bir ölkədə yaşayan və eyni dildə danışan insanlar belə bir-biri ilə çətin yola gedirlər. Onlar arasında dini, siyasi və ictimai ayrı-seçkilik baş alıb gedir. Bu insanlardan fərqli olaraq, «hər millətdən, hər qəbilədən, hər xalqdan» olan Yehovanın xidmətçiləri arasında, ümumi götürdükdə, əsil sülh hökm sürür (Vəhy 7:9).
2 Bu sülh təsadüf nəticəsində yaranmayıb. Bu, əsas etibarilə, günahlarımıza görə həyatını qurban verən İsa Məsihə imandan irəli gələn «Allahla aramızdakı sülhü»n nəticəsidir (Rom. 5:1; Efes. 1:7). Bundan əlavə, həqiqi Allah Öz sadiq xidmətçilərinə müqəddəs ruh verir. Bildiyimiz kimi, onun bəhrəsinin tərkib hissələrindən biri də sülhdür (Qalat. 5:22). Aramızda sülh və birliyin hökm sürməsinin digər səbəbi isə bizim bu «dünyaya məxsus» olmamağımızdır (Yəh. 15:19). Başqa sözlə, biz bu dünyanın siyasi işlərində bitərəf mövqe tuturuq. Qılınclarımızdan kotan düzəltdiyimiz üçün biz vətəndaş və dövlətlərarası müharibələrdə iştirak etmirik (Yeşaya 2:4).
3. Aramızdakı sülh sayəsində bizim hansı imkanımız var və bu məqalədə nə müzakirə olunacaq?
3 Aramızdakı sülh sadəcə olaraq bacı-qardaşlarımıza zərər gətirəcək şeylərdən uzaq durmaq demək deyil. Ola bilsin, bizim yığıncağımız müxtəlif millətlərdən və mədəniyyətlərdən olan insanlardan təşkil olub, amma buna baxmayaraq, biz bir-birimizi sevirik (Yəh. 15:17). Aramızdakı sülh sayəsində bizim «hamıya, ələlxüsus iman qardaşlarımıza» yaxşılıq etmək imkanımız var (Qalat. 6:10). Ruhani cənnətimizdəki sülh çox qiymətlidir və biz onu göz bəbəyimiz kimi qorumalıyıq. Gəlin görək yığıncaqda biz bunu necə edə bilərik.
Səhvə yol verəndə
4. Biz kiminsə xətrinə dəyəndə sülhə can atdığımızı necə göstərə bilərik?
4 Şagird Yaqub yazmışdı: «Hər birimiz dəfələrlə səhv edirik. Sözündə səhvə yol verməyən kamil insandır» (Yaq. 3:2). Deməli, həmimanlılar arasında fikir ayrılığı və anlaşılmazlıqlar qaçılmazdır (Filip. 4:2, 3). Bununla belə, yaranan problemləri yığıncaqda sülhü pozmadan həll etmək mümkündür. Görək biz həmimanlımızın xətrinə dəyəndə Müqəddəs Kitabın hansı məsləhətini tətbiq etməliyik. (Matta 5:23, 24 ayələrini oxu.)
5. Kimsə bizim xətrimizə dəyəndə sülhə can atdığımızı necə göstərə bilərik?
5 Tutalım, kimsə bizə qarşı bir balaca səhv edib. Həmin insanın gəlib bizdən üzr istəməsini gözləməliyik? 1 Korinflilərə 13:5 ayəsində deyilir: «[Məhəbbət] ona edilən pisliyin hesabını tutmur». Kimsə bizim xətrimizə dəyəndə biz onu bağışlamaqla və olub-keçənləri unutmaqla əsil sülhə can atdığımızı göstəririk. (Koloslulara 3:13 ayəsini oxu.) Bu, gündəlik həyatda qaçılmaz olan xırda problemləri həll etməyin ən yaxşı üsuludur. Bununla biz həmimanlılarımızla aramızdakı sülhü, eləcə də qəlb rahatlığımızı qorumuş oluruq. Bir müdrik məsəldə deyilir: «Başqasının günahını bağışlamaq ona [insana] şərəf gətirər» (Sül. məs. 19:11).
6. Bizə qarşı edilən səhvə göz yummaq çətindirsə, nə etməliyik?
6 İndi gəlin başqa vəziyyətə baxaq. Həmimanlımızın səhvi gözümüzdə o qədər böyük görünür ki, biz onun üstündən keçə bilmirik. Bəs belə vəziyyətdə nə etməliyik? Aramızdakı problem barədə başqalarına danışmaq heç də müdrik hərəkət deyil. Dedi-qodu yalnız və yalnız yığıncaqda sülhün pozulmasına gətirib çıxarır. Bəs onda məsələni sülh yolu ilə necə həll etmək olar? Matta 18:15 ayəsində deyilir: «Əgər qardaşın bir günah iş tutsa, get onunla təklikdə danış, günahını üzünə de. Əgər o, sənə qulaq assa, bil ki, sən qardaşını qazandın». Düzdür, Matta 18:15—17 ayələrindəki məsləhətlər ciddi günahlara aiddir. Bununla belə, 15-ci ayədəki prinsipə əsasən, xətrimizə dəyən insana təklikdə yaxınlaşmalı və mülayimcəsinə onunla barışmağa çalışmalıyıqa.
7. Nəyə görə biz problemləri tez həll etməliyik?
7 Həvari Pavel yazıb: «Qəzəblənsəniz də günah işləməyin; qoy hirsiniz gün batmamış soyusun, İblisə fürsət verməyin» (Efes. 4:26, 27). İsa isə deyib: «Rəqibinlə məhkəməyə gedərkən, hələ yolda ikən çalış onun könlünü al» (Mat. 5:25). Əgər biz sülhü qorumaq istəyiriksə, problemi təxirə salmadan həll etməliyik. Nəyə görə? Onda həmin problem irin verən açıq yara kimi kəskinləşməyəcək. Gəlin məğrurluq, paxıllıq, pulpərəstlik və tamah kimi xüsusiyyətlərin qardaşlarımızla bizim aramızdakı problemləri tez həll etməyə mane olmasına yol verməyək (Yaq. 4:1—6).
Problem bir çoxlarını əhatə edəndə
8, 9. a) Birinci əsrdə Roma yığıncağındakı qardaşların baxışlarında hansı fərq var idi? b) Pavel bu yığıncağın üzvlərinə hansı məsləhətləri verdi?
8 Bəzən yığıncaqda yaranan problemlər bir çox insanları əhatə edir. Birinci əsrdə Romadakı məsihçi yığıncağı buna bir nümunədir. Oradakı vəziyyəti nəzərə alaraq həvari Pavel onlara məktub yazmışdı. Yəhudilərdən və qeyri-yəhudilərdən olan məsihçilər arasında mübahisə düşmüşdü. Yığıncağın bəzi üzvləri vicdanları zəif və ya həddən artıq həssas olan məsihçilərə yuxarıdan aşağı baxırdılar. Həvari Pavel bu yığıncağa hansı məsləhətləri verdi? (Rom. 14:1—6).
9 Onun məsləhətləri mübahisəni yaradan hər iki tərəfə aid idi. Musanın Qanununa riayət etməyə artıq heç bir ehtiyac olmadığını başa düşənlərə o dedi ki, qardaşlarına yuxarıdan aşağı baxmasınlar (Rom. 14:2, 10). Bu cür münasibət Qanunda qadağan olunmuş yeməkləri yeməyə hələ də pis baxan imanlı insanları büdrədə bilərdi. Pavel onlara nəsihət verərək dedi: «Yeməkdən ötrü Allahın işini dağıtma!.. Qardaşını büdrətməkdənsə, yaxşısı odur, nə ət ye, nə şərab iç, nə də büdrəməyə səbəb olan başqa bir iş gör» (Rom. 14:14, 15, 20, 21). Daha həssas vicdanları olan məsihçilərə isə Pavel geniş baxışları olan qardaşlarını sədaqətsizlikdə ittiham etməməyi məsləhət gördü (Rom. 14:13). O dedi: «Özünüz haqqında həddindən artıq yüksək fikirdə olmayın» (Rom. 12:3). Mübahisənin hər iki tərəfində olanlara Pavel növbəti məsləhəti verdi: «Buna görə də gəlin sülhə aparan və ruhlandıran şeylərə can ataq» (Rom. 14:19).
10. Birinci əsrdəki Roma yığıncağından nümunə götürərək müasir məsihçilər aralarındakı problemləri necə həll etməlidirlər?
10 Biz əmin ola bilərik ki, Romadakı yığıncaq Pavelin məsləhətini qəbul edib lazımi dəyişikliklər etmişdi. Bu gün aramızda fikir ayrılığı yarananda biz də müvafiq Müqəddəs Kitab prinsiplərini axtarıb tapmalı və təvazökarlıqla onlara əməl etməliyik. Romadakı məsihçilər kimi, aralarında mübahisə düşən müasir məsihçilərə də sülhü qorumaq üçün müəyyən dəyişikliklər etmək lazım gələ bilər (Mark 9:50, haşiyə).
Köməyə ehtiyac olanda
11. Məsihçi onunla həmimanlısı arasındakı problem barədə ağsaqqalla söhbət etmək istəyəndə ağsaqqal nəyi yadda saxlamalıdır?
11 Bəzən məsihçi onunla həmimanlısı və ya qohumu arasında yaranan problem barədə ağsaqqallarla söhbət etmək istəyə bilər. Süleymanın məsəlləri 21:13 ayəsində deyilir: «Qulağını tutub kasıbın fəryadını eşitməyənin fəryadına cavab verilməyəcək». Əlbəttə ki, ağsaqqallar belə davranmaq istəmirlər. Lakin digər məsəldə belə bir xəbərdarlıq yazılıb: «İddiasını əvvəl deyən haqlı görünər, amma əleyhdarı gəlib onu istintaq edər» (Sül. məs. 18:17). Ağsaqqal ona müraciət edən bacı və ya qardaşa diqqətlə və mehribancasına qulaq asmalıdır. Ancaq o, problemi ətraflı araşdırmadan nəticə çıxarmağa tələsməməlidir. Bundan sonra ağsaqqal həmin adamdan xətrinə deyən insanla söhbət edib-etmədiyini soruşa bilər. Ağsaqqal həmçinin onunla sülhü necə qoruya biləcəyini göstərən Müqəddəs Kitab prinsiplərini də nəzərdən keçirə bilər.
12. Məsələni hərtərəfli araşdırmamış tələsik qərar verməyin təhlükəli olduğunu göstərən nümunələr çəkin?
12 Münaqişə zamanı yalnız bir tərəfin fikrinə qulaq asıb tələsik qərar verməyin nə qədər təhlükəli olduğunu üç Müqəddəs Kitab nümunəsi göstərir. Arvadı Potifara Yusifin onu zorlamağa cəhd göstərdiyini deyəndə o, dərhal bu yalana inandı. Potifar haqsız yerə qəzəblənərək Yusifi zindana atdı (Yar. 39:19, 20). Siva ağası Mefiboşetin Davudun düşmənləri tərəfinə keçdiyini söyləyəndə Davud buna inandı və: «Belə isə, onda Mefiboşetin hər şeyi sənindir», — deyə dərhal qərar çıxartdı (2 Şam. 16:4; 19:25—27). Padşah Artaxşastaya isə dedilər ki, yəhudilər Yerusəlimin divarlarını bərpa edib Fars imperiyasına qarşı qiyam qaldırmağa hazırlaşırlar. Padşah bu uydurma məlumata inanıb Yerusəlimdə gedən bərpa işlərini dayandırmağı əmr etdi. Nəticədə, yəhudilər Allahın məbədindəki tikinti işlərinə son qoydular (Ezra 4:11—13, 23, 24). Məsihçi ağsaqqallar Pavelin Timoteyə verdiyi məsləhətə uyğun davranaraq məsələni hərtərəfli araşdırmamış tələsik qərar çıxarmayanda müdrik davranmış olurlar. (1 Timoteyə 5:21 ayəsini oxu.)
13, 14. a) İki şəxs arasında problem yarananda nəyi yadda saxlamalıyıq? b) Ağsaqqallara düzgün qərar verməkdə nə kömək edə bilər?
13 Müqəddəs Kitabda deyilir: «Kim düşünür ki, nə isə bilir, əslində onun hələ lazımınca biliyi yoxdur» (1 Kor. 8:2). Yəni bəzən bizə elə gələ bilər ki, biz iki insan arasındakı problemi çox gözəl bilirik. Lakin yadda saxlamalıyıq ki, bütün faktlar bizə məlum olmaya bilər. Həmçinin aralarında problem olan insanları da yaxşı tanımaya bilərik. Buna görə də məsələni araşdıran ağsaqqallar diqqətli olmalıdırlar ki, yalan, yaxşı düşünülmüş taktika, eləcə də gəzən şayiələr onların qərarına təsir etməsin. Allahın təyin etdiyi Hakim İsa Məsih ədalətlə hökm edir. Müqəddəs Kitabda deyilir ki, o, gözlərinin gördüyü ilə hökm etmir, qulağı ilə eşitdiyinə görə qərar çıxarmır (Yeşaya 11:3, 4). İsa Yehovanın müqəddəs ruhuna görə hərəkət edir. Məsihçi ağsaqqallar da ondan nümunə götürməlidirlər.
14 Problemlə bağlı qərar çıxarmazdan əvvəl ağsaqqallar Yehovadan duada müqəddəs ruhun köməyini diləməlidirlər. Həmçinin onlar məsləhət üçün Allahın Kəlamına, eləcə də sadiq və ağıllı nökərin nəşrlərinə müraciət etməklə bu ruhun rəhbərliyinə tabe olmalıdırlar (Mat. 24:45).
Məgər sülhü nəyin bahasına olursa-olsun qorumalıyıq?
15. Həmimanlısının ciddi günahından xəbər tutan məsihçi bu barədə ağsaqqallara nə zaman deməlidir?
15 Müqəddəs Kitab məsihçiləri sülhə can atmağa çağırır. Lakin eyni zamanda orada deyilir ki, «yuxarıdan nazil olan hikmət ilk növbədə safdır, sonra sülhpərvər»dir (Yaq. 3:17). Gördüyümüz kimi, bizdən, ilk növbədə, saf olmaq, yəni Allahın əxlaq və salehlik normalarına riayət etmək tələb olunur. Həmimanlısının ciddi günaha yol verdiyi barədə xəbər tutan məsihçi onu günahını ağsaqqallara söyləməyə təşviq etməlidir (1 Kor. 6:9, 10; Yaq. 5:14—16). Günah işlədən kəs bunu etmirsə, həmin məsihçi gedib özü bu barədə ağsaqqallara xəbər verməlidir. Əgər məsihçi belə bir vəziyyətdə yersiz olaraq sülhü qorumaq naminə susursa, o günah edir (Lev. 5:1; Süleymanın məsəlləri 29:24 ayəsini oxu.)
16. Yehunun padşah Yehorama qarşı gördüyü tədbirdən nə öyrənirik?
16 Allahın salehlik normalarına riayət etməyin sülhü qorumaqdan daha vacib olduğunu Yehu ilə baş verən bir hadisə göstərir. Allah Yehunu padşah Axavın ailəsi üzərində hökmünü icra etməyə göndərdi. Pis padşah olan Yehoram Axavla İzevelin oğlu idi. O, arabasına minib Yehunu qarşılamağa çıxdı və ona dedi: «Xeyir ola, Yehu?» Yehu cavab verdi: «Anan İzevelin xainlikləri və cadugərlikləri bu qədər çox olduğu halda necə xeyir ola bilər?» (2 Pad. 9:22). Sonra Yehu oxunu çəkib Yehoramı ürəyindən vurdu. Yehu hərəkətə keçdiyi kimi, ağsaqqallara da tövbə etməyən günahkara qarşı tədbir görmək lazım gələ bilər. Ağsaqqallar belə insanla sülhü qorumaq xatirinə onu yığıncaqda saxlamamalıdırlar. Yığıncaqla Allah arasındakı sülh pozulmasın deyə onlar tövbə etməyən şəxsi yığıncaqdan kənar etməlidirlər (1 Kor. 5:1, 2, 11—13).
17. Yığıncaqda sülh pozulmasın deyə məsihçilər nə etməlidirlər?
17 Çox vaxt aramızdakı mübahisələr elə də ciddi olmadığı üçün onlara intizam komitəsi tərəfindən baxılması tələb olunmur. Belə hallarda məhəbbət göstərib bacı-qardaşlarımızın xırda səhvlərinə göz yummaq daha yaxşıdır. Allahın Kəlamında deyilir: «Günahı örtən məhəbbət axtarar, sözgəzdirən əziz dostları ayırar» (Sül. məs. 17:9). Əgər biz bu məsləhətə riayət etsək, onda yığıncaqda sülhü, eləcə də Yehova ilə dostluğumuzu qoruyacağıq (Mat. 6:14, 15).
Sülhə can atmaq xeyir-dualar gətirir
18, 19. Sülhə can atmaq hansı xeyir-dualar gətirir?
18 «Sülhə aparan» şeylərə can atmaq bizə bol-bol xeyir-dualar gətirir. Yehova ilə münasibətlərimiz möhkəmlənir, üstəlik, ruhani cənnətimizdə sülh və birliyin qorunmasında bizim də payımız olur. Bacı-qardaşlarımızla sülhü qoruyanda biz «sülh müjdəsini» təbliğ etdiyimiz insanlarla da sülhü qorumağı öyrənirik (Efes. 6:15). Allah bizə hamıyla mülayim davranmağı və haqsızlıqla qarşılaşanda özümüzü ələ almağı öyrədir (2 Tim. 2:24).
19 Bildiyimiz kimi, gələcəkdə həm salehlərin, həm də qeyri-salehlərin dirilməsi olacaq (Həv. iş. 24:15). Bizim bu ümidimiz gerçəkləşəndə «bəşər nəsli dünyaya gələndən bəri» yer üzərində yaşayan müxtəlif xasiyyəti və müxtəlif həyat tarixçəsi olan milyonlarla insanlar həyata qaytarılacaq (Luka 11:50, 51). Biz bu insanlara sülh yollarını öyrətmək kimi böyük şərəfə layiq görüləcəyik. Hal-hazırda aldığımız təlimin bizə o zaman böyük köməyi dəyəcək.
[Haşiyə]
a Böhtan və fırıldaqçılıq kimi ciddi günahlara dair Müqəddəs Kitab prinsipləri üçün «Özünüzü Allahın məhəbbətində saxlayın» kitabının 222-ci və 223-cü səhifələrinə, eləcə də «Gözətçi Qülləsi»nin 1999-cu il 15 oktyabr sayının 17—22-ci səhifələrinə (rus.) baxın.
Nə öyrəndiniz?
• Xətrinə dəydiyimiz insanla necə barışa bilərik?
• Kimsə bizim xətrimizə dəyəndə sülhə can atdığımızı necə göstərə bilərik?
• Nəyə görə mübahisədə kiminsə tərəfini tutmaq müdrik hərəkət deyil?
• Nəyə görə Allahın normalarına riayət etmək sülhü qorumaqdan daha vacibdir? İzah edin.
[29 səhifədəki şəkil]
Yehova başqalarını ürəkdən bağışlayanları sevir