‘Allah qorxusu ilə qüdsiyyətə’ can atın
MÜQƏDDƏS KİTAB Yehova «müqəddəsdir, müqəddəsdir, müqəddəsdir!» deməklə ən yüksək qüdsiyyəti, yəni müqəddəsliyi Yehova Allaha aid edir (Yeşaya 6:3; Vəhy 4:8). İbrani və yunan dilindən müqəddəslik kimi tərcümə edilən sözlər qüsursuzluq, yaxud dini təmizlik, hər cür murdarlıqdan uzaq olmaq mənasını daşıyır. Allahın müqəddəs olması Onun mənəvi cəhətdən tamamilə kamil olduğunu göstərir.
Məgər müqəddəs Allah olan Yehova Öz xidmətçilərinin müqəddəs — fiziki, əxlaqi və ruhani cəhətdən təmiz olmalarını gözləmirmi? Müqəddəs Kitab açıq-aydın göstərir ki, Yehova xalqının müqəddəs olmasını istəyir. 1 Peter 1:16 ayəsində oxuyuruq: «Müqəddəs olun, çünki Mən müqəddəsəm». Bəs qeyri-kamil insanlar Yehovanın müqəddəsliyini təqlid edə bilərlərmi? Bəli, mükəmməl alınmasa da, onlar bunu bacara bilərlər. Əgər Allaha ruhani cəhətdən təmiz ibadət ediriksə və Onunla sıx münasibətdəyiksə, Allah bizi müqəddəs hesab edəcək.
Belə isə, əxlaqi cəhətdən pozğun dünyada yaşayan bizlər necə təmiz qala bilərik? Hansı əməllərdən uzaq olmalıyıq? Danışığımızda və davranışımızda hansı dəyişiklikləri etmək lazım gələ bilər? Gəlin bunu öyrənmək üçün, b. e. ə 537-ci ildə Babildən vətənlərinə qayıdan yəhudilərdən Allahın nəyi tələb etdiyinə diqqət yetirək.
«O yol “Müqəddəs yol” adlanacaq»
Yehova peyğəmbərlik etmişdir ki, Babildə sürgündə yaşayan xalqı doğma diyarına dönəcək. Həmin peyğəmbərlikdə belə bir zəmanət vardı: «Orada bir yol olacaq, o yol “Müqəddəs yol” adlanacaq» (Yeşaya 35:8a). Bu sözlər göstərir ki, Yehova nəinki vətənlərinə qayıtmaları üçün yəhudilərə yol açdı, həm də onları yol boyu müdafiə edəcəyinə əmin etdi.
Yehova yer üzündəki müasir xidmətçilərinə yalan dinin dünya imperiyası olan Böyük Babildən çıxmaq üçün «Müqəddəs yol» açdı. 1919-cu ildə O, məsh edilmiş məsihçiləri yalan dinin ruhani köləliyindən azad etdi və onlar ibadətlərini bütün yalan təlimlərdən yavaş-yavaş təmizlədilər. Bu gün Yehovanın xalqı arasında təmiz və dinc ruhani mühit hökm sürür, bu isə Yehovaya ibadət etməyimizi, həmçinin Onunla və insanlarla sülh içində yaşamağımızı mümkün edir.
‘Kiçik sürünün’ üzvləri olan məsh edilmiş məsihçilər və sayı get-gedə artan ‘başqa qoyunlardan’ ibarət ‘böyük izdiham’ müqəddəs yol ilə getməyi qərara alıblar və digərlərini də onlara qoşulmağa dəvət edirlər (Luka 12:32; Vəhy 7:9; Yəh. 10:16). «Müqəddəs yol» ‘bədənlərini diri, müqəddəs, Allaha məqbul qurban kimi təqdim etmək’ istəyən hər kəs üçün açıqdır (Rom. 12:1).
«Murdar adam oradan keçməyəcək»
Eramızdan əvvəl 537-ci ildə vətənlərinə qayıdan yəhudilər bir vacib tələbə cavab verməli idilər. «Müqəddəs yol» ilə yeriməyə layiq olanlar haqda Yeşaya 35:8b ayəsində deyilir: «Murdar adam oradan keçməyəcək, o yol qurtuluş tapanların yoludur. Ora ilə gedənlərdən heç biri, hətta ağılsızlar da keçsələr, əsla yolunu azmayacaq». Yəhudilərin Yerusəlimə qayıtmalarında məqsəd həqiqi ibadəti bərpa etmək olduğu üçün, xudbin məqsədlər güdən, müqəddəs şeylərə hörmət etməyən və ruhən natəmizlərə orada yer yox idi. Qayıdanlar Yehovanın yüksək əxlaq normalarını qoruyub saxlamalı idilər. Bizim günlərdə Allahın lütfünü qazanmaq istəyənlər də həmin tələbə cavab verməlidirlər. Onlar ‘Allah qorxusu ilə qüdsiyyətə’ can atmalıdırlar (2 Kor. 7:1). Belə isə biz hansı natəmiz hərəkətlərdən uzaq olmalıyıq?
Həvari Pavel yazırdı: «Cismani təbiətin əməlləri isə bəllidir: Bunlar... cinsi əxlaqsızlıq, murdarlıq [və ya natəmizlik], səfahət»dir (Qalat. 5:19). Cinsi əxlaqsızlıq cinsiyyət orqanlarının nikahdankənar istifadə edilməsi ilə bağlı bütün seksual hərəkətləri, səfahət isə «cilovlanmayan, pozğun, abırsız, yaramaz hərəkətləri» özünə daxil edir. Aydındır ki, həm cinsi əxlaqsızlıq, həm də səfahət Yehovanın müqəddəsliyinə ziddir. Buna görə də, bu cür əməllərdən əl çəkməyən insanlara məsihçi yığıncağının üzvü olmağa icazə verilmir, yaxud onlar yığıncaqdan kənar edilirlər. Həmin şey kobud natəmizliklə məşğul olanlara, yəni «hər növ murdarlığı acgözlüklə» edənlərə aiddir (Efes. 4:19).
«Natəmizlik» bir çox günahları özünə daxil edən geniş anlayışdır. Natəmizlik kimi tərcümə edilən yunan sözü altında, ruhani natəmizlik də daxil olmaqla, davranışda və danışıqda özünü büruzə verən hər cür natəmizlik nəzərdə tutulur. Natəmizliyə, müəyyən hallarda hüquqi tədbirlər görmək lazım gəlməyən əməllər də aiddira. Bəs bu cür natəmizliklə məşğul olanlar müqəddəsliyə can atırlarmı?
a «Acgözlüklə» işlədilən natəmizlik ilə natəmizliyin fərqini görmək üçün «Gözətçi Qülləsi»nin 2006-cı il 15 iyul sayının 29-31-ci səhifələrinə baxın (rus.).
Fərz edək ki, məsihçi gizlicə pornoqrafiyaya baxmağa başlayır. Tədricən, natəmiz arzular baş qaldırdıqca, onun Yehovanın önündə təmiz qalmaq qətiyyəti sarsılır. Ola bilsin ki, onun hərəkəti hələ kobud natəmizlik dərəcəsinə çatmayıb, amma daha ‘pak, etibarlı və tərifə layiq şeylər’ haqda düşünmür (Filip. 4:8). Pornoqrafiya natəmizdir və əlbəttə ki, insanın Allahla münasibətini pozur. Hər növ natəmizliyin adı aramızda belə çəkilməməlidir (Efes. 5:3).
Digər nümunəyə nəzər salaq. Tutaq ki, məsihçi onanizmlə (masturbasiya) — istər pornoqrafiyanın müşayiəti ilə, istərsə də yox, orqazm törətmək məqsədilə özünün cinsiyyət orqanlarını qıcıqlandırmaqla məşğul olur. Müqəddəs Kitabda «onanizm» sözü istifadə olunmasa da, onun mənəvi və emosional cəhətdən murdar hərəkət olduğuna şübhə varmı? Məgər murdarlığın bu növü ilə məşğul olmağa davam etmək insanın Yehova ilə münasibətinə ciddi zərər vurmurmu və onu Allahın gözündə natəmiz etmirmi? Gəlin həvari Pavelin «özümüzü hər bir bədən və ruh murdarlığından təmizləyək» və «daxili varlığınızın dünyəvi yönlərini — cinsi əxlaqsızlıq, natəmizlik, şəhvət, pis ehtiras və... tamahkarlığı — öldürün» məsləhətinə ciddi yanaşaq (2 Kor. 7:1; Kolos. 3:5).
Şeytanın idarə etdiyi bu dünya natəmiz hərəkətlərə göz yumur, hətta onları etməyə təşviq edir. Natəmiz əməllərlə məşğul olmaq sınağı ilə mübarizə aparmaq çox çətin ola bilər. Lakin həqiqi məsihçilər ‘ağıllarının boş düşüncələrinə görə davranan bütpərəstlər kimi hərəkət etməməlidirlər’ (Efes. 4:17). Gizli və ya açıq-aşkar törədilməsindən asılı olmayaraq, yalnız natəmiz əməllərdən uzaq durduğumuz təqdirdə Yehova bizə «Müqəddəs yol» ilə yeriməyə davam etməyimizə icazə verəcək.
«Orada şirlər olmayacaq»
Müqəddəs Yehova Allahın lütfünü itirməmək üçün həm davranışda, həm də danışıqda köklü dəyişikliklər etmək lazım gələ bilər. Yeşaya 35:9 ayəsində deyilir: «Orada şirlər olmayacaq, yırtıcı heyvanlar o yola [yəni ‘Müqəddəs yola’] çıxmayacaq». Hərəkət və sözlərində zorakı və təcavüzkar insanlar vəhşi heyvanlara bənzədilirlər. Onlara Allahın yeni ədalətli dünyasında yer olmayacaq (Yeşaya 11:6; 65:25). Buna görə də çox vacibdir ki, Allahın lütfünü qazanmaq istəyənlər vəhşiliyi xarakterizə edən xüsusiyyətləri atıb, müqəddəsliyə can atsınlar.
Müqəddəs Yazılar nəsihət verir: «Qoy hər cür kin, hiddət, qəzəb, çığırtı, küfr, hər növ pis niyyətlə bərabər sizdən uzaq olsun» (Efes. 4:31). Koloslulara 3:8 ayəsində oxuyuruq: «Qəzəb, hiddət, kin, iftira, ağzınızdan çıxan ədəbsiz sözlər kimi şeylərin hamısını bir yana qoyun». Bu ayələrdəki «küfr» və «iftira» əsas etibarilə təhqiramiz, alçaldıcı danışığa aiddir.
Bu gün acı, təhqiramiz danışığı hər yerdə, hətta evdə belə eşitmək olar. Ərlə arvad bir-birinə, yaxud uşaqlarına acı, kəskin və alçaldıcı sözlər yağdırır. Bu cür danışıq tərzi məsihçi ailələrində yolverilməzdir (1 Kor. 5:11).
‘Allah qorxusu ilə qüdsiyyətə’ can atmaq xeyir-duadır!
Müqəddəs Yehova Allaha xidmət etmək əsl şərəfdir! (Yeşua 24:19). Yehovanın bizi gətirdiyi ruhani cənnət olduqca dəyərlidir. Davranışımızı Yehovanın gözündə müqəddəs saxlamaq ən gözəl həyat yoludur.
Çox tezliklə Allahın Cənnət haqqındakı vədi gerçəkləşəcək (Yeşaya 35:1, 2, 5-7). Cənnətin həsrətini çəkənlər və müqəddəsliyə can atanlar orada məskunlaşacaqlar (Yeşaya 65:17, 21). Buna görə gəlin var gücümüzlə ruhani cəhətdən təmiz olaraq Allaha ibadət etməyə davam edək və Onunla sıx münasibəti qoruyub saxlayaq.
[26-cı səhifədəki şəkil]
«Müqəddəs yol» ilə getmək üçün yəhudilərdən nə tələb olunurdu?
[27-ci səhifədəki şəkil]
Pornoqrafiya insanın Yehova ilə münasibətinə zərər vurur
[28-ci səhifədəki şəkil]
«Qoy... çığırtı, küfr... sizdən uzaq olsun»