Fəsil 46
Xəstə qadın İsanın əbasına toxunur
CAMAAT İsa Məsihin Dekapol bölgəsindən Kapernahuma qayıtdığını eşidən kimi onu qarşılamaq üçün gölə tərəf axışır. Əlbəttə, İsanın fırtınanı ram etməsi və cinə tutulmuş adamları sağaltması xəbəri gəlib onlara çatıb. İntizar içində olan bu adamlar İsa sahilə çıxan kimi onu əhatəyə alırlar.
İsanı səbirsizliklə görmək istəyən adamlardan biri də sinaqoq rəisi Yairdir. O, İsanın ayağına düşüb yalvar-yaxar edir: «Qızımın vəziyyəti ağırdır. Xahiş edirəm, gəl, əllərini onun üstünə qoy, balamı sağalt, qoyma qızım ölsün». Bu qız atasının gözünün ağı-qarası yeganə övladıdır, onun cəmi 12 yaşı var.
İsa Yairin xahişinə hay verir və onun evinə gedir, xeyli adam da onun dalınca gəlir. Yeni bir möcüzə görmək arzusunda olan bu adamlar bərk həyəcanlıdırlar. Amma onların arasında bir qadını yalnız öz dərdi düşündürür.
Bu qadın düz on iki ildir ki, qanaxmadan əziyyət çəkir. O, çox həkimlərə müraciət edib, bütün pulunu müalicəyə xərcləmişdir. Lakin dərdinə dərman tapa bilməmiş, əksinə, xəstəliyi daha da şiddətlənmişdir.
Bu qadının xəstəlikdən əziyyət çəkməsi bir yana, o, el arasında da utanıb xəcalət çəkir. Bu elə bir xəstəlikdir ki, hər kəsə danışılası deyil. Üstəlik, Musa peyğəmbər vasitəsilə verilmiş Qanuna əsasən, qadın qanaxma dövründə natəmiz sayılırdı. Bu vaxtı ona və ya onun qana bulaşmış paltarına toxunan adam mütləq yuyunmalı idi və həmin adam axşamadək natəmiz qalırdı.
Xəstə qadın İsanın möcüzələri haqqında eşidib və indi onu axtarıb tapıb. O, natəmiz olduğundan gizlicə camaatın arası ilə İsaya yaxınlaşır. Qadın ürəyində deyir: «Təkcə əbasına toxunsam, sağalacağam». O, İsaya toxunan andaca hiss edir ki, qanaxması kəsildi.
«Mənə kim toxundu?» Yəqin ki, İsanın bu sözləri qadının canına qorxu salır. İsa bunu necə bildi? «Ustad, camaat səni dövrəyə alıb sıxışdırır, — Peter etiraz edir, — sənsə: — “Mənə kim toxundu?” — deyirsən».
İsa ona toxunan qadını gözü ilə axtararaq deyir: «Mənə kimsə toxundu, çünki daxilimdən qüvvə çıxdığını hiss etdim». Qadının İsaya toxunmasında diqqətəlayiq cəhət o idi ki, qadın sağaldı və İsa özündən qüvvə çıxdığını hiss etdi.
Hərəkətinin gizlin qalmadığını başa düşən qadın titrəyə-titrəyə gəlib İsanın ayaqlarına yıxılır. O, öz xəstəliyi və elə indicə sağalması barədə bu camaatın qarşısında açıb danışır.
Qadının ürəkdən gələn etirafını eşitdikdə İsa şəfqətlə: «Bacım, imanın səni sağaltdı. Salamat get. Qoy bu xəstəlik səni bir də narahat etməsin», — deyə ona təsəlli verir. Allahın yer üzünü idarə etmək üçün seçdiyi şəxsin bu qədər mərhəmətli, ürəyiyanan olduğunu bilmək necə də xoşdur! O, insanları çox sevir və onlara kömək etməyə qadirdir. Matta 9:18—22; Mark 5:21—34; Luka 8:40—48; Levililər 15:25—27.
▪ Yair kimdir və o, İsanın yanına nə üçün gəlib?
▪ Bir qadının hansı problemi var və nəyə görə İsaya yaxınlaşmaq onun üçün asan deyil?
▪ Qadın necə sağalır və İsa ona hansı sözlərlə təsəlli verir?