OXUCULARIMIZ SORUŞUR...
Şeytanı Allahmı yaradıb?
▪ Müqəddəs Kitabda açıqlanır ki, hər şeyi Allah yaradıb. Buna görə də, bəziləri belə qənaətə gəlmişlər ki, onda Şeytanı da Allah yaradıb (Efeslilərə 3:9; Vəhy 4:11). Ancaq Müqəddəs Kitab bunun belə olmadığını açıq-aydın göstərir.
Yehova Allahın yaratdığı varlıq sonradan İblis oldu. Gəlin baxaq, Müqəddəs Kitabda Yehova Allah haqqında bir Yaradan kimi deyilənlərlə Allahın baş düşməninin mövcud olması nə dərəcədə bir-birinə uyğun gəlir. Orada Allah haqqında deyilir: «O, işləri kamil Qayadır, çünki bütün yolları haqdır, sadiq Allahdır, heç zaman haqsızlıq etməz, adil və doğru olan Odur» (Qanunun təkrarı 32:3—5). Aydın şəkildə görürük ki, Şeytan bir vaxtlar kamil və sadiq bir məxluq, yəni Allahın mələklərindən biri olub. Yəhya 8:44 ayəsində İsa peyğəmbər İblisin «həqiqətə bağlı qalmadı»ğını söyləyir. Deməli, Şeytan başlanğıcda dürüst və nöqsansız idi.
Lakin sonradan Şeytana çevrilən bu mələk, Yehova Allahın yaratdığı digər şüurlu varlıqlar kimi, yaxşını və pisi seçmək azadlığına malik idi. O, Allaha üsyan etməyi seçməklə və ilk insan cütünü buna təhrik etməklə «Düşmən» mənasını daşıyan Şeytan oldu (Yaradılış 3:1—5).
Bu pis ruhani varlıq həmçinin «Böhtançı» mənasını verən İblis oldu. İlanın arxasında duran və yalandan istifadə edərək Həvvanı Yaradanın verdiyi aydın qanunu pozmağa təhrik edən gözəgörünməz varlıq Şeytan İblis idi. Elə buna görə də, İsa peyğəmbər Şeytanı yalançı və yalanın atası adlandırmışdı (Yəhya 8:44).
Bəs yaxşı, əgər bu ruhani varlığın heç bir zəifliyi yox idisə və o, pis təsirlərə məruz qalmırdısa, necə oldu ki, onda bu cür yanlış arzular baş qaldırdı? Açıq-aydın görünür ki, o, yalnız və yalnız Allaha məxsus olan ibadətə yiyələnmək istədi və gördü ki, insanları Yehova Allahdan uzaqlaşdırıb, öz hakimiyyətinə tabe etdirmək mümkündür. O, hakimiyyət əldə etmək arzusunu boğmaq əvəzinə, bu haqda düşünməyə davam etdi və yol verdi ki, bu fikir axırda onu öz istəyəni həyata keçirməyə təşviq etsin. Bu proses Müqəddəs Kitabda belə təsvir olunur: «Hər kəs öz nəfsinin toruna düşərək yoldan çıxıb sınanır. Sonra nəfs boylu qalıb günah doğur» (Yaqub 1:14, 15; 1 Timoteyə 3:6).
Belə bir nümunəyə nəzər salaq: mühasib görür ki, heç kimin xəbəri olmadan idarədən pul oğurlamaq üçün sənədləri saxtalaşdıra bilər. O, bir anlıq beyninə gələn bu fikri qova bilər. Ancaq üzərində düşünməyə davam edərsə, bu fikir onda arzuya çevriləcək və çox ehtimal ki, bir gün o, öz istəyini həyata keçirəcək. Belə etməklə o, oğru olacaq. Əgər işlətdiyi cinayəti gizlətmək məqsədilə yalana əl atarsa, üstəlik, yalançı da olacaq. Buna bənzər tərzdə, Allahın yaratdığı mələk ürəyindəki yanlış arzunu böyütməklə və həyata keçirməklə iradə azadlığından insanları azdırmaq və Allaha üsyan qaldırmaq üçün istifadə etdi. Bununla da o, özü Şeytan İblis oldu.
Şükürlər olsun ki, vaxtı çatanda Allah Şeytan İblisi məhv edəcək (Romalılara 16:20). Bu arada Yehova Allahın xidmətçiləri Şeytanın fəndlərindən bixəbər deyillər, həmçinin onun fitnələrindən müdafiəyə malikdirlər (2 Korinflilərə 2:11; Efeslilərə 6:11). Beləliklə, «İblisə müqavimət göstərin və o, sizdən qaçacaq» (Yaqub 4:7).
[32–ci səhifədəki şəkil]
Kamil mələk Allaha üsyan etməyi seçməklə Şeytan oldu