İblis mövhumat deyil, real varlıqdır
“Əhdi-Cədidin hər yerində, Allah və Şeytan — xeyir və şər qüvvələr arasında böyük ziddiyyət açıq-aydın görünür. Bundan əlavə, bu cür nöqteyi-nəzər, Müqəddəs Kitabın bu hissəsini yazan hər bir yazıçı tərəfindən dəstəklənir. [...] Buna görə də, Əhdi-Cədiddə yazılanlar birmə’nalılıq təşkil edir. Şeytan, Allaha və Onun xalqına həmişə düşmən olan real və acıqlı varlıqdır” (“The New Bible Dictionary”).
ONDA nəyə görə Xristian dünyasına məxsus olub, Müqəddəs Kitaba inandıqlarını iddia edən bir çox insanlar İblisin gerçəkdən mövcud olması haqqındakı fikri inkar edirlər? Ona görə ki, həmin insanlar əslində Müqəddəs Kitabı Allahın Kəlamı kimi qəbul etmirlər (Yeremya 8:9). Onların fikrincə, Müqəddəs Kitabı yazanlar, ətraflarında yaşayan adamların fəlsəfi nöqteyi-nəzərlərini əks etdirdiklərinə görə Allahın həqiqətini dəqiq çatdırmayıblar. Misal üçün, katolik ilahiyyatçısı Hans Künq yazırdı: “Cinlərdən ibarət ordusu olan Şeytan haqqındakı təsəvvürlər... Babil mifologiyasından ilk yəhudiliyə, oradan isə Əhdi-Cədidə daxil olmuşdur” (“On Being a Christian”).
Lakin Müqəddəs Kitab insanın deyil, Allahın Kəlamıdır. Buna görə də, bu kitabda İblis haqqında deyilənlərə ciddi yanaşmaq ağıllı davranışdır (2 Peter 1:20, 21; 2 Timoteyə 3:14—17).
İblis haqqında İsa Məsih nə düşünürdü?
İsa Məsih, İblisin həqiqətən də mövcud olduğunu bilirdi. İsa, öz daxilində olan mücərrəd pislik tərəfindən imtahan olunmurdu. O, sonralar “bu dünyanın rəisi” adlandırdığı real varlığın hücumlarına mə’ruz qalmışdı (Yəhya 14:30; Matta 4:1—11). İsa həmçinin, Şeytanın pis niyyətlərində ona yoldaş olan başqa ruhani varlıqların mövcudluğuna da inanırdı. O, “cinə tutulmuş” adamlara şəfa verirdi (Matta 12:22—28). Hətta bir ateizm ensiklopediyasında bu faktın əhəmiyyəti qeyd edilir: “İncildən bəlli olduğu kimi, İsanın pis ruhların mövcudluğuna inanması, ilahiyyatçılar üçün həmişə maneə olmuşdur” (“A Rationalist Encyclopædia”). İblis və onun cinləri haqqında danışanda, İsa, Babil mifologiyasından götürülmüş mövhumati rəvayətləri təkrarlamırdı. O, pis ruhların olduğunu bilirdi.
İsanın, birinci əsrin din müəllimlərinə dediyi sözlərindən İblis haqqında çox şey öyrənirik: “Sizin atanız iblisdir; və öz atanızın ehtiraslarını icra etmək istəyirsiniz. O, başlanğıcdan insan qatili idi və həqiqətə bağlı qalmadı; çünki onda həqiqət yoxdur. Yalan söylədiyi zaman, özündən söylər; çünki o, yalançıdır və yalanın atasıdır” (Yəhya 8:44).
Deməli, İblis (yunanca “böhtançı”) — “yalançıdır və yalanın atasıdır”. O, Eden bağında Allah haqqında yalan danışan ilk varlıq oldu. Yeqova, ulu valideynlərimizin xeyirlə şəri bilmə ağacının meyvəsindən yeyərlərsə, “hökmən” öləcəklərini dedi. Şeytan ilanın vasitəsilə Allahın yalan söylədiyini bəyan etdi (Yaradılış 2:17; 3:4, MKŞ). Buna müvafiq olaraq, o, “İblis və şeytan adlanan... qədim ilan” kimi tanındı (Vəhy 12:9).
İblis, xeyirlə şəri bilmə ağacı haqda danışarkən yalan söylədi. Onun sözünə görə, həmin ağacın meyvəsindən yeməyi qadağan etmək əsassız idi və Allah öz hökmranlığından sui-istifadə edirdi. İblis sübut etməyə çalışırdı ki, Adəm və Həvva özləri üçün nəyin xeyir, nəyin isə şər olduğunu qərara almaqla “Allah kimi” ola bilərlər. Şeytan demək istəyirdi ki, onlar, iradə azadlığına malik olaraq, tamamilə müstəqil olmalıdırlar (Yaradılış 3:1—5, MKŞ). Allahın hakimiyyət hüququna hücum etməklə, İblis mübahisəli bir neçə vacib sual qaldırdı. Buna görə də, Yeqova bu sualların həll edilməsi üçün vaxt verdi. Daha doğrusu, Şeytanın bir müddət mövcud olmasına icazə verdi. Ancaq onun öhdəsinə buraxılan vaxt tezliklə sona çatacaq (Vəhy 12:12). Buna baxmayaraq, İsa Məsihin günlərində yaşayan din alimləri və fəriseylər kimi insanların vasitəsilə öz tə’limlərini yaymaqla, İblis, əvvəllər olduğu kimi, yalana və fırıldağa əl ataraq insanları Allahdan uzaqlaşdırmağa can atır (Matta 23:13, 15).
İsa Məsih həmçinin İblisin “başlanğıcdan insan qatili” olduğunu “və həqiqətə bağlı qalmadı”ğını söylədi. Ancaq bu o demək deyil ki, Yeqova İblisi insan qatili kimi yaratmışdır. Müqəddəs Kitab, İblisin, Allaha qarşı çıxanlar üçün hazırlanmış odlu və işgəncəli yerdə hökmdar tə’yin edildiyini, eləcə də bu cür yerin olduğunu da öyrətmir. Müqəddəs Kitabda istifadə olunan “ölülər aləmi” Şeytanın məskəni yox, məcazi mə’nada bütün insanların ümumi qəbiristanlığıdır (Həvarilərin işləri 2:25—27; Vəhy 20:13, 14).
Ruhani varlıq olan İblis başlanğıcda “həqiqətdə” idi. O, kamil ruhani oğul kimi, Yeqovanın səmavi ailəsinin üzvü idi. Amma “həqiqətə bağlı qalmadı”. Özünün şəxsi yolunu və yalan prinsiplərini üstün tutdu. O, “başlanğıcdan” insan qatili idi, amma bu o demək deyil ki, Allahın oğlu olan bu mələk ilk başlanğıcdan İblis kimi yaradılmışdır. Bu mələk, Yeqovaya qarşı qərəzlə üsyan qaldırıb, Adəm və Həvvaya yalan söyləyərkən İblis oldu. İblis, Musanın günlərində Yeqovaya qarşı üsyan edən adamlara bənzəyir. Həmin adamlar haqqında oxuyuruq: “Ona [Allaha] qarşı fəsad etdilər, onun oğulları deyillər, onların nöqsanıdır” (Təsniyə 32:5). Bu sözləri Şeytan haqqında da demək olar. O, Allaha qarşı üsyan qaldırıb, Adəm və Həvvanı, eləcə də bütün bəşər ailəsini ölümə düçar edərkən “insan qatili” oldu (Romalılara 5:12).
İtaətsiz mələklər
Qaldırdığı üsyanda Şeytana başqa mələklər də qoşuldular (Luka 11:14, 15). Onlar “öz ləyaqətlərini hifz etməyib, məskənlərini” tərk etdilər və Nuhun günlərində “insan qızları” ilə cinsi əlaqədə olmaq üçün, adam cildinə girərək görünüşlərini dəyişdilər (Yəhuda 6; Yaradılış 6:1—4, MKŞ; 1 Peter 3:19, 20). “Göy ulduzlarının üçdə biri”, yə’ni ruhani varlıqların kiçik sayı Şeytanın ardınca getdi (Vəhy 12:4).
Çoxlu simvolik surətlərdən bəhs edən “Vəhy” kitabı, İblisi “böyük, qırmızı bir əjdaha” kimi təsvir edir (Vəhy 12:3). Nəyə görə? Onun hərfi mə’nada qorxunc və eybəcər olduğuna görə yox. Əslində biz, ruhani varlıqların necə bədəndə olduqlarını bilmirik, amma hər şeydən göründüyü kimi, bu cəhətdən Şeytan digər ruhani varlıqlardan heç nədə fərqlənmir. Təşbehlərlə deyilən “böyük, qırmızı bir əjdaha” ifadəsi isə, İblisə xas olan qüvvəni və tamahkar, çox zərərli, öldürücü xarakteri əks edir.
Hazırda Şeytan və cinlər öz fəaliyyətlərində çox məhduddurlar. Onlar, ehtimal ki, bir zamanlar olduğu kimi, artıq başqa formaya düşə bilmirlər. Allahın, İsa Məsihin ixtiyarına verdiyi Padşahlığı 1914-cü ildə qurulduqdan tez sonra, onlar göylərdən yerin hüdudlarına atıldılar (Vəhy 12:7—9).
İblis qorxulu düşməndir
Buna baxmayaraq, İblis qorxulu düşmən olaraq qalır. O, “nə’rə çəkən və aşırmaq üçün kimisə axtaran aslan kimi gəzir” (1 Peter 5:8). İblis, qeyri-kamil bədənimizə xas olan sadəcə pis meyl deyil. Düzdür, biz günah icraedici meyllərimizlə hər gün mübarizə aparırıq (Romalılara 7:18—20). Ancaq əsas mübarizəmiz, “bu qaranlıq dünyanın hökmranlarına, yə’ni səmavi aləmdə olan pis ruhi qüvvələrə qarşıdır” (Efeslilərə 6:12).
İblisin tə’sir dairəsi nə dərəcədə genişdir? “Bütün dünya... şəririn hakimiyyəti altındadır” (1 Yəhya 5:19). Əlbəttə ki, mövhumati qorxunun bizi sarsıtmasına yol verərək, Şeytan haqqındakı düşüncələrin bizə hakim olmasını istəmirik. Bununla belə, həqiqətə münasibətdə Şeytanın bizi kor etməsinə və Allaha qarşı günaha meylləndirməsinə yol vermədən oyaq olmaq ağıllı davranışdır (Eyub 2:3—5; 2 Korinflilərə 4:3, 4).
İblis, Allahın iradəsini yerinə yetirməyə can atan kəslərə həmişə açıq hücum etmir. O, hərdənbir “nur mələyi cildinə” girir. Həvari Pavel məsihçiləri bu təhlükə barədə xəbərdar edirdi: “İlan Həvvanı öz hiyləgərliyi ilə necə aldatdısa, qorxuram ki, sizin düşüncələriniz, necə olursa-olsun, Məsihə olan sadə və təmiz sədaqətinizdən uzaqlaşaraq, pozulsun” (2 Korinflilərə 11:3, 14).
Buna görə də ayıq durmalı, imanda möhkəmliyimizi qoruyaraq, sayıq olub İblisə müqavimət göstərməliyik (1 Peter 5:8, 9; 2 Korinflilərə 2:11). Spiritizmlə bağlı olan hər hansı bir işə meyl etməklə, Şeytanın əlində oyuncağa çevrilməyin (Təsniyə 18:10—12). İblisin sınaqlarına mə’ruz qalarkən, İsa Məsihin dəfələrlə Müqəddəs Yazılardan sitat gətirdiyini xatırlayaraq, Allahın Kəlamını çalışqanlıqla tədqiq edin (Matta 4:4, 7, 10). Allahdan müqəddəs ruhun köməyini diləyin. Ruhun səmərəsi, Şeytanın məharətlə təhrik etdiyi cismani təbiətin əməllərindən qaçınmağa sizə kömək edəcəkdir (Qalatiyalılara 5:16—24). Bundan əlavə, İblis və onun cinləri tərəfindən müəyyən təzyiq hiss etdikdə, Yeqovaya sidq ürəkdən dua edin (Filipililərə 4:6, 7).
İblis qarşısında dəhşətli qorxu hissi keçirməyə dəyməz. Yeqova, İblisin hər bir fitnəsinə qarşı e’tibarlı mühafizə təqdim edəcəyini və’d edir (Məzmur 91:1—4; Süleymanın məsəlləri 18:10; Yaqub 4:7, 8). Həvari Pavel yazırdı: “Rəbbdə və Onun üstün qüdrətində qüvvətlənin”. O zaman “İblisin hiylələrinə qarşı dura” biləcəksiniz (Efeslilərə 6:10, 11).
[5-ci səhifədəki şəkil]
İsa, İblisin real varlıq olduğunu bilirdi.
[6-cı səhifədəki şəkil]
“Bütün dünya... şəririn hakimiyyəti altındadır”.
[İcazə ilə]
NASA photo
[7-ci səhifədəki şəkillər]
Allahın Kəlamını tədqiq edərək və Allaha dua edərək İblisə müqavimət göstərin.