Həqiqi təsəllini haradan tapmaq olar?
“Rəbbimiz İsa Məsihin Allahı və Atası... bizə hər sıxıntımızda təsəlli verir” (2 KORİNFLİLƏRƏ 1:3, 4).
1. Hansı vəziyyətlərdə insanlar təsəlliyə son dərəcə ehtiyac duya bilərlər?
ƏLİL adam həyatının puç olduğunu düşünə bilər. Zəlzələdən, tufandan və ya qıtlıqdan sonra insanlar hər şeydən məhrum olurlar. Müharibə insanın əzizlərinin ölümünə, evinin viran qalmasına və ya xilas olmaq məqsədilə hər şeyini ataraq qaçmasına səbəb ola bilər. Ədalətsizlik insanlarda elə hiss yarada bilər ki, artıq heç yandan kömək gözləməyə ümidləri qalmaz. Bu cür fəlakətlərə düçar olan kəslər təsəlliyə son dərəcə ehtiyac duyurlar. Bəs təsəllini haradan tapmaq olar?
2. Nəyə görə Yehovanın verdiyi təsəlliyə bərabər təsəlli yoxdur?
2 Bə’zi insanlar və təşkilatlar təsəlli verməyə cəhd göstərirlər. Xoş sözlər minnətdarlıqla qəbul edilir. Maddi yardım insanların gündəlik tələbatlarını tə’min edir. Lakin yalnız həqiqi Allah olan Yehova bütün zərəri aradan qaldıra bilər və bu cür fəlakətlərin bir daha təkrarlanmamasının qeydinə qala bilər. Yehova haqqında Müqəddəs Kitabda deyilir: “Rəbbimiz İsa Məsihin Allahı və Atasına həmd olsun. O, mərhəmətli Ata və hər cür təsəlli verən Allahdır. O, bizə hər sıxıntımızda təsəlli verir ki, biz də hər cür sıxıntı içində olanlara, Allahın bizə verdiyi təsəlli ilə təsəlli verə bilək” (2 Korinflilərə 1:3, 4). Bəs Yehova bizə təsəllini necə verir?
Problemlərin kökü
3. Allahın verdiyi təsəlli bəşəri problemlərin kökünü hansı tərzdə açıqlayır?
3 Adəmin günahı üzündən bütün bəşər ailəsi qeyri-kamilliyi miras aldı və nəticədə ölümə gətirib çıxaran saysız-hesabsız problemlərə yol açdı (Romalılara 5:12). Şeytan İblis “bu dünyanın rəisi” olduğu üçün vəziyyət get-gedə ağırlaşır (Yəhya 12:31; 1 Yəhya 5:19). Bəs Yehova hansı tədbiri gördü? O, insanların düşdükləri acınacaqlı vəziyyətlərlə əlaqədar təəssüf hissi bildirməklə kifayətlənmədi. Yehova bizləri xilas etmək üçün vahid Oğlunu fidiyə olaraq verdi və bizi əmin etdi ki, əgər Oğula iman etsək, Adəmin günahının nəticələrindən azad ola bilərik (Yəhya 3:16; 1 Yəhya 4:10). Allah qabaqcadan bildirdi ki, göydə və yer üzündə bütün hakimiyyətə sahib olan İsa Məsih Şeytanı və onun natəmiz dünyasını tamamilə məhv edəcək (Matta 28:18; 1 Yəhya 3:8; Vəhy 6:2; 20:10).
4. a) Qurtuluşa dair və’dlərinə e’tibarımızı möhkəmləndirmək üçün Yehova bizə nə verib? b) Qurtuluşun nə zaman gələcəyini anlamaqda Yehova bizə necə kömək edir?
4 Allah, Onun və’dlərinə e’tibarımızın möhkəmlənməsi üçün, qabaqcadan dediyi hər bir şeyin yerinə yetdiyini sübut edən çoxsaylı dəlilləri qoruyub saxlamışdır (Yeşu 23:14). Allah, insan nöqteyi-nəzərindən ümidsiz olan vəziyyətlərdə xidmətçilərini azad etmək üçün hansı tədbirləri gördüyünü də Müqəddəs Kitabda yazdırıb (Çıxış 14:4-31; 2 Krallar 18:13–19:37). Bundan əlavə Yehova İsa Məsihin vasitəsilə göstərdi ki, Onun niyyətinə insanlara ‘hər növ xəstəlikdən’ şəfa vermək, hətta ölənləri həyata qaytarmaq da daxildir (Matta 9:35; 11:3-6). Bütün bunlar nə zaman olacaq? Müqəddəs Kitab bu suala cavab olaraq, Allahın və’d etdiyi yeni göylərin və yeni yerin gəlməsindən əvvəl mövcud olan köhnə sistemin son günlərini təsvir edir. İsanın sadaladığı əlamətlər bizim zəmanəyə müvafiqdir (Matta 24:3-14; 2 Timoteyə 3:1-5).
Çətin anlarda təsəlli
5. Yehova qədim İsrailə təsəlli verərkən onların diqqətini nəyə yönəldirdi?
5 Yehovanın qədim İsrailə olan münasibətindən, Onun çətin anlarda öz xalqına necə təsəlli verdiyini öyrənirik. O, israillilərə özünün necə Allah olduğunu xatırlatmışdı. Bu isə, onların Allahın və’dlərinə olan e’tibarını möhkəmləndirmişdi. Yehova peyğəmbərləri vasitəsilə Onunla bütlər arasındakı fərqi aydın surətdə təsvir edirdi. Bu təsvirdə Yehovanın həqiqi və yaşayan Allah, bütlərin isə özlərinə və xidmətçilərinə kömək etmək iqtidarında olmadıqları aydın görünürdü (İşaya 41:10; 46:1; Yeremya 10:2-15). Yehova İşayanın vasitəsilə “təsəlli edin, xalqımı təsəlli edin” deyərkən, peyğəmbərini təşviq etdi ki, yeganə həqiqi Allah kimi Onun böyüklüyünü vurğulamaq üçün, yaratdıqlarından əyani nümunə kimi istifadə etsin (İşaya 40:1-31).
6. Yehova qurtuluş vaxtına dair bə’zən nəyi mə’lum edirdi?
6 Bə’zən Yehova, xalqını azad edəcəyi vaxtın yaxın və ya uzaq olduğunu dəqiq müəyyən etməklə də təsəlli verirdi. Misirdən azad edilməyin vaxtı yaxınlaşarkən, Allah sıxıntı içində olan israillilərə dedi: “Artıq Fir’onun üzərinə və Misirin üzərinə bir bəla daha gətirəcəyəm; ondan sonra sizi buradan buraxacaqdır” (Çıxış 11:1). Yehoşafat padşahın günlərində Yəhuda diyarına üç xalqın birləşmiş ordusu basqın etdikdə Yehova yəhudilərə bildirdi ki, onları müdafiə etmək üçün “sabah” müdaxilə edəcəkdir (2 Tarixlər 20:1-4, 14-17). Digər tərəfdən, yəhudilərin Babildən azad olunmaları barədə İşaya təxminən 200 il qabaq yazmış, əlavə təfsilatlar isə Yeremya tərəfindən, demək olar ki, 100 il əvvəl təsvir edilmişdi. Qurtuluş vaxtı yaxınlaşdıqca həmin peyğəmbərliklər Allahın xidmətçilərinə necə də təsəlli verirdi! (İşaya 44:26–45:3; Yeremya 25:11-14).
7. Qurtuluş haqqındakı və’dlər çox vaxt nə ilə bağlı olurdu və bunlar sadiq israillilərə necə tə’sir edirdi?
7 Qeyd etmək lazımdır ki, Allahın xalqına təsəlli gətirən və’dlər çox vaxt Məsihlə bağlı olurdu (İşaya 53:1-12). Bu, nəsildən-nəslə sadiq insanlara ümid verir və onları çoxsaylı sınaqlarda möhkəmləndirirdi. Luka 2:25 ayəsində oxuyuruq: “O zaman Yerusəlimdə Şimon adında bir adam var idi; saleh və mö’mindi, İsrailin təsəlli tapacağını [əslində Məsihin gəlişini] gözləyirdi; və Müqəddəs Ruh onun üzərində idi”. Şimon Müqəddəs Yazılarda Məsihlə bağlı peyğəmbərlikləri bilir və onun gəlişinə ümid bəsləyərək yaşayırdı. O, bütün bunların necə baş verəcəyini anlamasa və və’d edilən qurtuluşun reallaşdığı vaxta qədər yaşamasa da, Allahın ‘hazırlamış olduğu qurtuluşun’ kim olduğunu bildikdə sevindi (Luka 2:30).
Məsih vasitəsilə təsəlli
8. İsanın göstərdiyi kömək insanların bir çoxunun ümidinə nə dərəcədə müvafiq gəlirdi?
8 İsa Məsih yer üzündə xidmət edərkən insanlara, onların lazım bildikləri köməyi həmişə göstərmirdi. Bə’ziləri, nifrət bəslədikləri Roma hökmranlığından onları azad edəcək Məsihin gəlişini həsrətlə gözləyirdilər. Amma İsa inqilab tərəfdarı deyildi; o, insanlara “qeysərinkini qeysərə... verin” dedi (Matta 22:21). Allahın niyyətinə, insanları hər hansı siyasi rejimin əsarətindən azad etməkdən daha vacib şeylər daxil idi. Xalq İsanı padşah etmək istəyirdi, ancaq o dedi ki, “bir çoxları üçün canını fidiyə olaraq” verəcəkdir (Matta 20:28; Yəhya 6:15). Onun hökmranlıq etmək vaxtı hələ gəlməmişdi, həmçinin o, padşahlıq səlahiyyətini narahat izdihamdan deyil, Yehovadan qəbul etməli idi.
9. a) İsa hansı təsəlli xəbərini bəyan edirdi? b) İsa necə göstərirdi ki, söylədiyi xəbər insanların gündəlik problemləri ilə birbaşa bağlıdır? c) İsa xidmət edərkən hansı təməli qoydu?
9 İsanın verdiyi təsəlli, Allahın Padşahlığı haqqındakı xoş xəbərin bir hissəsi idi. O, bu xəbəri getdiyi hər bir yerdə bəyan edirdi (Luka 4:43). O, Xilaskar Hökmdar kimi bəşəriyyət üçün edəcəyi işləri göstərərək, insanların diqqətini təbliğ etdiyi xoş xəbərə birbaşa onların gündəlik problemləri ilə bağlı olduğuna yönəldirdi. İsa iztirab çəkən insanların gözlərinə və nitqinə şəfa verməklə (Matta 12:22; Mark 10:51, 52), iflic olmuş üzvlərini sağaltmaqla (Mark 2:3-12), həmyerlilərini dəhşətli xəstəliklərdən (Luka 5:12, 13) və ağır dərdlərdən azad etməklə (Mark 5:25-29) onlarda yaşamaq istəyi oyadırdı. O, kədər içində olan ailələrə, onların ölən uşaqlarını diriltməklə böyük təsəlli gətirirdi (Luka 7:11-15; 8:49-56). İsa göstərdi ki, təhlükəli qasırğaları idarə etməyə və çoxsaylı insanların qidaya tələbatlarını tə’min etməyə də qadirdir (Mark 4:37-41; 8:2-9). Bundan başqa, İsa onlara necə yaşamağı da öyrədirdi, onun tə’limləri isə insanlara mövcud olan problemlərin öhdəsindən gəlməkdə kömək edir və ürəklərində Məsihin ədalətli hökmranlığına ümidi alovlandırırdı. Beləliklə, İsa xidmət edərkən həmin vaxt onu imanla dinləyənlərə təsəlli verməklə yanaşı, insanların sonrakı minilliklər boyu təsəlli tapmaları üçün də təməl qoydu.
10. İsanın qurbanlığı sayəsində nələr mümkün oldu?
10 İsanın insan həyatını qurban verməsindən və səmavi həyata dirildilməsindən 60 il keçdikdən sonra, həvari Yəhya Allahdan ilham alaraq yazmışdır: “Övladlarım! Bunları sizə ona görə yazıram ki, günah işlətməyəsiniz. Əgər biri günaha batsa belə, Atanın yanında Müdafiəçiyə, yə’ni adil olan İsa Məsihə malikik. O Özü günahlarımız və yalnız bizim deyil, bütün dünyanın günahları üçün əfv tə’min edən qurbandır” (1 Yəhya 2:1, 2). İsanın kamil insan həyatının qurbanlığından əldə edilən faydalar bizə böyük təsəlli verir. Biz günahların əfvinə, təmiz vicdana, Allahın iltifatına, Onunla yaxşı münasibətlərə və əbədi həyat ümidinə malik ola bilərik (Yəhya 14:6; 1 Peter 3:21; Romalılara 6:23; İbranilərə 9:24-28).
Müqəddəs ruhun gətirdiyi təsəlli
11. İsa ölümündən əvvəl hansı təsəlli mənbəyini və’d etdi?
11 İsa, özünün qurbanlıq ölümündən əvvəlki sonuncu axşam həvariləri ilə söhbət edərkən, Atasının təqdim etdiyi daha bir təsəlli mənbəyini xatırlatdı. İsa dedi: “Mən də Atadan xahiş edəcəyəm ki, O, daim sizinlə bərabər olmaq üzrə sizə başqa bir Təsəlliverici [yunanca paráklitos] versin. Bu, həqiqət Ruhudur”. Sonra İsa onlara zəmanət verdi: “Təsəlliverici, Müqəddəs Ruh sizə hər şeyi öyrədəcək və sizə söylədiyim hər şeyi sizə xatırladacaqdır” (Yəhya 14:16, 17, 26). Bəs müqəddəs ruh onlara necə təsəlli gətirirdi?
12. İsanın sözlərini yadda saxlamaları üçün müqəddəs ruhun şagirdlərə köməyi sayəsində, bir çox insanlar təsəllini necə alırlar?
12 İsa həvarilərinə çox şey öyrədirdi. Sözsüz ki, bu onlarda çoxsaylı təəssürat oyatmışdı, bəs onlar İsanın dediklərini yadda saxlayacaqdılarmı? Yaddaşları qeyri-kamil olduğundan vacib olan nəsihətlər unudulmayacaqdımı? İsa onlara zəmanət verdi ki, dediyi hər bir şeyi müqəddəs ruh onlara xatırladacaq. Beləliklə, İsanın ölümündən təxminən 8 il sonra Matta birinci Müjdəni yaza bildi. Bu Müjdəyə — tə’sirbağışlayıcı Dağüstü təbliğ, Padşahlıq haqqındakı bir çox məsəllər və Məsihin iştirakına dair əlamətin ətraflı təsviri daxil olurdu. 50 ildən çox sonra isə həvari Yəhya, İsanın yer üzündəki həyatının axırıncı bir neçə günü haqqındakı çoxsaylı təfsilatla bağlı e’tibarlı əhvalatları yaza bildi. Allahdan ilham almış bu yazılar bizim günlərdə də ruhlandırıcıdır!
13. Müqəddəs ruh ilk məsihçilərə hansı mə’nada bir müəllim kimi xidmət etdi?
13 Müqəddəs ruh şagirdlərə İsanın sözlərini xatırlatmaqla yanaşı, onları öyrədir və Allahın niyyətlərini tam anlamaqda bələdçilik edirdi. İsa şagirdləri ilə olarkən, bə’zən onların həmin vaxt aydın başa düşmədikləri fikirlər söyləyirdi. Lakin sonradan, müqəddəs ruhla hərəkətə gətirilən Yəhya, Peter, Yaqub, Yəhuda və Pavel öz məktublarında Allahın niyyətlərilə bağlı yeni təfsilatları izah edə bildilər. Beləliklə müqəddəs ruh, Allahın rəhbərlik etməsinə dair şagirdlərə dəyərli zəmanət verərək, bir müəllim kimi xidmət etmiş oldu.
14. Müqəddəs ruh Yehovanın xalqına hansı sahələrdə kömək edirdi?
14 Müqəddəs ruhun valehedici ən’amları, Allahın artıq cismani İsrailə deyil, məsihçi yığıncağına iltifat göstərdiyini anlamaqda insanlara kömək etdi (İbranilərə 2:4). Bundan əlavə, məsihçilərin öz həyatlarında ruhun səmərəsini təzahür etdirmələri sayəsində müəyyən etmək olardı ki, onlar doğrudan da İsanın şagirdləridirlər (Yəhya 13:35; Qalatiyalılara 5:22-24). Həmçinin müqəddəs ruh yığıncağın üzvlərinə cəsarətli və qorxmaz olmaları üçün də qüvvət verirdi (Həvarilərin işləri 4:31).
Ağır vəziyyətlərdə kömək
15. a) Keçmişdə və indi məsihçilər hansı sınaqlarla qarşılaşmalı olmuşlar? b) Nəyə görə başqalarını ruhlandıran kəslərin özləri də bə’zən ruhlandırılmağa ehtiyac duya bilərlər?
15 Yehovaya sədaqətli olanların hamısı müxtəlif növ tə’qiblərə mə’ruz qalırlar (2 Timoteyə 3:12). Lakin bir çox məsihçilər olduqca ağır sınaqlarla qarşılaşmış və qarşılaşmaqdadırlar. Müasir dövrdə bə’ziləri izdiham tərəfindən edilən hücumların qurbanı olmuş, digərlərini isə həddindən artıq pis şəraiti olan həbs və islah-əmək düşərgələrinə, yaxud da həbsxanalara salmışlar. Bə’zən hakim dairələr fəal tə’qibçi rolunda olur, ya da cinayətkar qrupların qeyri-qanuni surətdə qalmaqal salmasını cəzasız qoyur. Bundan savayı, məsihçilər səhhətləri ilə bağlı ciddi çətinliklər və ya mürəkkəb ailə problemləri üzündən də əzab çəkirlər. Bir çox həmimanlısına çətin vəziyyətlərin öhdəsindən gəlməkdə kömək edən yetkin məsihçi də mə’yusluq hiss edə bilər. Belə hallarda, başqalarını ruhlandıran kəsin özü də ruhlandırılmağa ehtiyac duya bilər.
16. Davud çox ağır vəziyyətdə olarkən köməyi necə aldı?
16 Saul padşah Davudu öldürmək üçün tə’qib edərkən, Davud Allahdan kömək dilədi: “Ey Allah, duamı dinlə”. Həmçinin dedi: “Sənin qanadlarının kölgəsinə sığınaram” (Məzmur 54:2, 4; 57:1). Davud kömək aldımı? Əlbəttə, aldı. Həmin günlərdə Yehova peyğəmbər Gad və kahin Abiatar vasitəsilə Davuda yol göstərir və onu möhkəmləndirmək üçün Saulun oğlu Yonatanı istifadə edirdi (1 Samuel 22:1, 5; 23:9-13, 16-18). Yehova həmçinin, Saul Davudu tə’qib etməkdən yayınsın deyə, filistimlilərin İsrail diyarına hücum etmələrinə yol verdi (1 Samuel 23:27, 28).
17. İsa, şiddətli iztirablar çəkərkən köməyi harada axtarırdı?
17 İsa Məsih yer üzündəki həyatının sonuna yaxın güclü iztirablara mə’ruz qaldı. O, öz davranışının səmavi Atasının adına və bütün bəşər övladlarının gələcəyinə necə tə’sir edə biləcəyini aydın surətdə dərk edirdi. O, “şiddətli iztirab içində” olanda belə sə’ylə dua edirdi. Allah qayğı göstərdi ki, İsa çətin anlarda lazım olan köməyi alsın (Luka 22:41-44).
18. Şiddətli tə’qiblər zamanı Allah ilk məsihçilərə necə təsəlli verirdi?
18 İlk məsihçi yığıncağı təşkil olunduqdan sonra şagirdlər elə şiddətli tə’qiblərlə qarşılaşdılar ki, həvarilərdən savayı hamısı Yerusəlimi tərk edib, müxtəlif yerlərə dağıldılar. Kişi və qadınları sözün əsl mə’nasında evlərindən sürüyüb çıxarırdılar. Allah onlara necə təsəlli verirdi? Öz Kəlamında onlara zəmanət verirdi ki, onlar ‘daha yaxşı və daimi mala’, yə’ni göylərdə Məsihlə birlikdə əbədi mirasa malikdirlər (İbranilərə 10:34; Efeslilərə 1:18-20). Şagirdlər, təbliğ işini davam etdirərək, Allahın ruhunun onlarla olduğunun sübutunu görürdülər, başlarına gələn əhvalatlar isə sevinmələri üçün əlavə səbəblər verirdi (Matta 5:11, 12; Həvarilərin işləri 8:1-40).
19. Şiddətli tə’qiblərə mə’ruz qalsa da, Pavel Allahın verdiyi təsəlli barədə nə düşünürdü?
19 Bir vaxtlar amansız tə’qibçi olan Şaulun (Pavel) özü də sonradan məsihçi olduğuna görə tə’qiblərə mə’ruz qaldı. Pavel Kipr adasında bir sehrbaza rast gəldi. Həmin sehrbaz yalana əl ataraq və Yehovanın yolunu təhrif edərək Pavelin xidmətinə mane olmağa çalışırdı. Qalatiyada Paveli daşa basdılar və onu ölmüş sanıb, şəhərdən kənara sürüdülər (Həvarilərin işləri 13:8-10; 14:19). Makedoniyada onu dəyənəklə döydülər (Həvarilərin işləri 16:22, 23). Efesdə izdihamın hücumu ilə qarşılaşdıqdan sonra, Pavel yazırdı: “Biz həddindən artıq, tab gətirə bilmədiyimiz dərəcədə çətinliyə düşmüşdük və sağ qalacağımıza belə ümid bəsləmirdik. Lakin biz daxilən ölüm hökmünü hiss etdik” (2 Korinflilərə 1:8, 9). Lakin Pavel elə həmin məktubunda, bu məqalənin 2-ci abzasında sitat gətirilən təsəlliverici sözləri yazmışdı (2 Korinflilərə 1:3, 4).
20. Növbəti məqalədə nəyi müzakirə edəcəyik?
20 Bəs sən başqalarına necə təsəlli verə bilərsən? Bu gün çoxları təsəlliyə ehtiyac duyur. Bir çoxları böyük fəlakətdən zərər çəkmiş, digərləri isə öz kədərlərindən rahatlıq tapa bilmirlər. Belə vəziyyətdə olan kəslərə necə təsəlli verə biləcəyimizi növbəti məqalədə nəzərdən keçirəcəyik.
Xatırlayırsınızmı?
• Nəyə görə Allahdan gələn təsəlli daha böyük dəyərə malikdir?
• Məsih vasitəsilə hansı təsəlliyə malikik?
• Müqəddəs ruh hansı tərzdə təsəlliverici oldu?
• Allahın ağır vəziyyətlərdə öz xalqına təsəlli verməsinə dair nümunələr gətirin.
[23-cü səhifədəki şəkillər]
Müqəddəs Kitab bizə göstərir ki, Yehova öz xalqını azad etməklə təsəlli verirdi.
[24-cü səhifədəki şəkillər]
İsa tə’lim və şəfa verməklə, həmçinin ölüləri diriltməklə insanlara təsəlli verirdi.
[26-cı səhifədəki şəkil]
İsa köməyi Allahdan alırdı.