Müqəddəs ruhun Yehovanın niyyətindəki rolu
«Ağzımdan çıxan kəlmə... onu göndərdiyim iş icra olunsun deyə həyata keçirər» (YEŞAYA 55:11).
1. Planla niyyət arasındakı fərqi əyani nümunə əsasında göstərin.
MAŞINLA səyahətə çıxmağa hazırlaşan iki nəfəri təsəvvür edək. Onlardan biri gedəcəyi yolun ətraflı marşrutunu cızır. Digəri isə həmin yeri fikrində tutur və ora getməyin bir neçə yolunu bilir. Gözlənilməz hallar baş verərsə, o, öz marşrutunu dəyişməyə hazırdır. Müəyyən mənada, bu iki adamın nümunəsindən planla niyyət arasındakı fərqi görmək olur. Planı gediləcək yolun xırdalığına qədər düşünülmüş marşrutu ilə müqayisə etmək olar, niyyət isə bir nəfərin qarşısına qoyduğu məqsəddir və ona müxtəlif üsullarla nail olmaq olar.
2, 3. a) Yehovanın niyyətinə nə daxildir və Adəmlə Həvva günah işlətdikdən sonra yaranan vəziyyəti düzəltmək üçün O, hansı tədbiri gördü? b) Nəyə görə biz Allahın Öz niyyətini necə həyata keçirdiyini bilməli və onunla ayaqlaşmalıyıq?
2 Yehovanın iradəsinin yerinə yetirilməsinə gəldikdə isə, Onun xırdalığına qədər düşünülmüş planı yox, tədricən həyata keçirdiyi niyyəti var (Efes. 3:11). Bu niyyətə Onun başlanğıcda bəşəriyyət və yer üçün nəzərdə tutduğu — Yer kürəsinin cənnətə çevrilməsi və kamil insanların orada əbədiyyən sülh və əmin-amanlıq içində xoşbəxt yaşaması daxildir (Yar. 1:28). Adəmlə Həvva günah işlətdikdən sonra Yehova yaranmış vəziyyətə biganə qalmadı və niyyətinə nail olmaq üçün lazımi tədbirlər gördü. (Yaradılış 3:15 ayəsini oxu.) Yehova qərara aldı ki, Onun simvolik qadını bir «övlad», yəni Oğul dünyaya gətirəcək və bu övlad pisliyin səbəbkarı olan Şeytanı məhv edib onun vurduğu bütün zərəri aradan qaldıracaq (İbr. 2:14; 1 Yəh. 3:8).
3 Nə yerdə, nə də göydə elə bir qüvvə yoxdur ki, Allahın niyyətinin həyata keçirilməsinə mane olsun (Yeşaya 46:9—11). Nəyə görə belə demək olar? Çünki bu işdə Yehovanın müqəddəs ruhu iştirak edir. Ən qüdrətli qüvvə olan müqəddəs ruh Allahın niyyətinin ‘yerinə yetiriləcəyinə’ zəmanətdir (Yeşaya 55:10, 11). Biz Allahın Öz niyyətini necə həyata keçirdiyini bilməli və onunla ayaqlaşmalıyıq. Çünki gələcəyimiz həmin niyyətin həyata keçməsindən asılıdır. Bundan əlavə, Yehovanın müqəddəs ruhundan necə istifadə etdiyini görmək imanı möhkəmləndirir. Buna görə də gəlin Yehovanın niyyətinin həyata keçirilməsində müqəddəs ruhun keçmişdəki, indiki və gələcəkdəki rolunun nədən ibarət olduğunu nəzərdən keçirək.
Müqəddəs ruhun keçmişdəki rolu
4. Yehova Öz niyyətini tədricən necə açıqlayırdı?
4 Müqəddəs Kitabın yazıldığı dövrlərdə Yehova Öz niyyətini tədricən açıqlayırdı. Başlanğıcda vəd olunmuş Övladın kim olduğu ‘müqəddəs sirr’ idi (1 Kor. 2:7, YD). Yehova təxminən 2 000 ildən sonra övlad barədə bir daha xatırlatdı. (Yaradılış 12:7; 22:15—18 ayələrini oxu.) Onun İbrahimə verdiyi vəd bu məsələyə xeyli aydınlıq gətirdi. Yehovanın «sənin nəslinin [övladın] vasitəsilə» deməsi aydın göstərir ki, bu Övlad İbrahimin nəslindən gələcəkdi. Şübhəsiz, Şeytan bu sirrin açılmasını diqqətlə izləyirdi və Allahın bu baş Düşməni İbrahimin nəslini məhv etmək və ya azdırmaq istəyirdi ki, Allahın niyyəti baş tutmasın. Ancaq Allahın fəaliyyətdə olan gözəgörünməz ruhu buna yol vermədi. Necə?
5, 6. Yehova müqəddəs ruhun vasitəsilə Övladın nəsil şəcərəsinə daxil olan insanları necə müdafiə edirdi?
5 Yehova müqəddəs ruhun vasitəsilə Övladın nəsil şəcərəsinə daxil olan insanları müdafiə edirdi. Yehova Abrama (İbrahimə) dedi: «Sənin qalxanın Mənəm» (Yar. 15:1). Bu, boş sözlər deyildi. Nümunə üçün gəlin İbrahimlə Saranın b. e. ə. təxminən 1919-cu ildə müvəqqəti olaraq Gerarda məskunlaşdıqları vaxt baş verən hadisələrə nəzər salaq. Saranın İbrahimin arvadı olduğundan xəbərsiz olan Gerar padşahı Avimelek evlənmək məqsədi ilə onu evinə gətirdi. Saranın İbrahim üçün dünyaya övlad gətirməsinin qarşısını almağa çalışan Şeytanın bu işdə əli var idimi? Müqəddəs Kitabda bu haqda heç nə deyilmir. Oradan sadəcə Yehovanın bu işə müdaxilə etdiyini oxuyuruq. Yuxuda O, Avimelekə tapşırdı ki, Saraya toxunmasın (Yar. 20:1—18).
6 Bu, yeganə hal deyildi. Yehova İbrahimi və onun ailə üzvlərini çox xilas etmişdi (Yar. 12:14—20; 14:13—20; 26:26—29). Buna görə də İbrahim və onun nəsli haqqında məzmurçu demişdi: «Rəbb heç kimi onlara əzab verməyə qoymadı, onlara görə padşahları tənbeh etdi. Dedi: “Məsh etdiklərimə dəyməyin, peyğəmbərlərimə pislik etməyin”» (Məz. 105:14, 15).
7. Yehova İsrail xalqını necə qoruyurdu?
7 Müqəddəs ruhunun vasitəsilə Yehova vəd olunmuş Övladın doğulacağı qədim İsrail xalqını hifz edirdi. Yehova ruhu vasitəsilə israillilərə həqiqi ibadəti qoruyan və yəhudilərə ruhani, əxlaqi və fiziki cəhətdən təmiz qalmağa kömək edən Qanun vermişdi (Çıx. 31:18; 2 Kor. 3:3). Hakimlərin günlərində israilliləri düşmən əlindən azad etmək üçün müəyyən adamlara Yehovanın ruhu verilmişdi (Hak. 3:9, 10). İbrahimin Övladının əsas hissəsi olan İsanın dünyaya gəlməsindən öncə, müqəddəs ruh yüzilliklər ərzində İsa haqqındakı peyğəmbərliklərin yerinə yetməsində böyük rol oynayan Yerusəlimi, Bet-Lexemi və məbədi qoruyurdu.
8. Müqəddəs ruhun Allahın Oğlunun həyatında və xidmətində mühüm rol oynadığı nədən bəllidir?
8 Müqəddəs ruh İsanın həyatında və xidmətində mühüm rol oynayırdı. Müqəddəs ruh bakirə Məryəmin bətnində fəaliyyət göstərərək heç vaxt görülməmiş bir işi etdi — qeyri-kamil qadının hamilə qalıb günahı və ölümü miras almayan kamil Oğul dünyaya gətirməsinin qayğısına qaldı (Luka 1:26—31, 34, 35). Bir qədər sonra isə körpə İsanı vaxtsız ölümdən qurtardı (Mat. 2:7, 8, 12, 13). İsanın təxminən 30 yaşı olanda Allah onu müqəddəs ruhla məsh edərək Davudun taxtının varisi təyin etdi və ona təbliğ etməyi tapşırdı (Luka 1:32, 33; 4:16—21). Müqəddəs ruh İsaya müxtəlif möcüzələr etmək — xəstələri sağaltmaq, çoxsaylı insanları yedizdirmək və ölüləri diriltmək qüvvəsi vermişdi. Bu möhtəşəm işlər Padşah İsanın rəhbərliyi altında alacağımız xeyir-dualardan xəbər verir.
9, 10. a) Müqəddəs ruhun İsanın erkən şagirdlərinin üzərində olduğu nədən görünürdü? b) Eramızın birinci əsrində Yehovanın niyyətinin həyata keçirilməsinin hansı yönləri açıqlandı?
9 Eramızın 33-cü ilinin Pentikost günündən etibarən Yehova müqəddəs ruhundan istifadə edərək İbrahimin övladının ikinci dərəcəli üzvlərini məsh etdi və onların çoxu İbrahimin nəslindən deyildi (Rom. 8:15—17; Qalat. 3:29). Müqəddəs ruhun İsanın erkən şagirdlərinin üzərində olduğu onlara səylə təbliğ etməyə kömək etməsindən və böyük işlər görməyə güc verməsindən aydın görünürdü (Həv. iş. 1:8; 2:1—4; 1 Kor. 12:7—11). Onların ruhun möcüzəli ənamlarını alması sayəsində Yehovanın Öz niyyətini necə həyata keçirməsinin yeni yönləri açıqlandı. Yehova artıq istəmirdi ki, xalqı əsrlər öncə Onun təsis etdiyi kimi ibadət etsin və Yerusəlimdəki məbəd bu ibadətin mərkəzi olsun. İndi O, lütfünü yenicə yaranmış məsihçi yığıncağına göstərirdi. O vaxtdan bəri Yehova Öz niyyətinin həyata keçirilməsində məsh olunmuşların yığıncağından istifadə edir.
10 Müdafiə etmək, güc vermək və məsh etmək Yehovanın qədim dövrlərdə müqəddəs ruhundan istifadə edərək niyyətini həyata keçirmək üsullarından yalnız bəziləridir. Bəs bizim günlər haqqında nə demək olar? Yehova Öz niyyətini həyata keçirmək üçün müqəddəs ruhundan bu gün necə istifadə edir? Ruha görə hərəkət etmək istədiyimiz üçün bunu bilməyimiz vacibdir. Buna görə də gəlin Yehovanın bu gün Öz ruhundan necə istifadə etməsinin dörd üsulunu nəzərdən keçirək.
Müasir zəmanədə müqəddəs ruhun rolu
11. Müqəddəs ruhun Allahın xalqı arasında təmizliyi qoruyan bir qüvvə olduğu nədən görünür və sən bu ruhla əməkdaşlıq etdiyini necə göstərə bilərsən?
11 Birincisi, müqəddəs ruh Allahın xalqının təmiz qalmasına kömək edir. Yehovaya Onun iradəsinə uyğun xidmət edənlər və Onun niyyətindən faydalananlar əxlaqi cəhətdən təmiz olmalıdırlar. (1 Korinflilərə 6:9—11 ayələrini oxu.) Həqiqi məsihçi olmazdan öncə, bəziləri əxlaqsızlıq, zinakarlıq və homoseksualizm kimi natəmiz işlərlə məşğul olmuşlar. Günaha aparan arzular insanın ürəyində dərin kök sala bilər (Yaq. 1:14, 15). Ancaq bu insanlar ‘təmizlənmiş’, yəni Allaha məqbul olmaq üçün həyatlarında lazımi dəyişikliklər etmişlər. Bəs Allahı sevən insanlara yanlış arzularına təslim olmamağa nə kömək edir? «Allahımızın Ruhu»,— deyə 1 Korinflilərə 6:11 ayəsində cavab verilir. Əxlaqi təmizliyini qorumaqla sən həmin ruhun həyatına güclü təsir etməsinə yol verdiyini göstərirsən.
12. a) Yezekelin görüntüsünə əsasən, Yehova təşkilatını necə istiqamətləndirir? b) Ruha görə hərəkət etdiyimizi necə göstərə bilərik?
12 İkincisi, Yehova Öz təşkilatını müqəddəs ruhu ilə idarə edərək istədiyi səmtə yönəldir. Yezekelin görüntüsündə Yehovanın təşkilatının səmavi hissəsi Onun niyyətinə doğru dayanmadan irəliləyən səmavi araba kimi təsvir olunur. Arabanı istiqamətləndirən nədir? Müqəddəs ruh (Yez. 1:20, 21). Gəlin unutmayaq ki, Yehovanın təşkilatı iki hissədən ibarətdir: onun biri göydə, digəri isə yerdədir. Əgər bu təşkilatın səmavi hissəsinə istiqamət verən müqəddəs ruhdursa, deməli, eyni şeyi onun yerdəki hissəsinə də şamil etmək olar. Yehovanın təşkilatının yerdəki hissəsinin verdiyi göstərişlərə itaətkarlıqla tabe olmaqla biz Yehovanın səmavi arabası ilə ayaqlaşdığımızı və Onun müqəddəs ruhuna görə hərəkət etdiyimizi göstəririk (İbr. 13:17).
13, 14. a) İsanın haqqında danışdığı ‘bu nəsli’ kimlər təşkil edir? b) Müqəddəs Kitab həqiqətlərinə işıq salmaqda müqəddəs ruhun fəaliyyətini göstərən nümunə çəkin. («Get-gedə artan nur ilə ayaqlaşırsanmı?» adlı çərçivəyə baxın.)
13 Üçüncüsü, müqəddəs ruh Müqəddəs Kitab həqiqətlərinə aydınlıq gətirir (Sül. məs. 4:18). Artıq uzun müddətdir ki, «sadiq və ağıllı qul» tədricən açıqlanan Müqəddəs Kitab həqiqətlərini çatdırmaq üçün əsas vasitə kimi «Gözətçi Qülləsi» jurnalından istifadə edir (Mat. 24:45). Məsələn, İsanın haqqında danışdığı ‘bu nəsli’ kimlərin təşkil etdiyinə dair malik olduğumuz anlayışı nəzərdən keçirək. (Matta 24:32—34 ayələrini oxu.) İsa hansı nəsli nəzərdə tuturdu? «Məsihin iştirakı sizin üçün nə deməkdir?» məqaləsində izah olunurdu ki, İsa pis nəsli yox, tezliklə müqəddəs ruhla məsh olunacaq şagirdlərini nəzərdə tuturdua. İsanın həm birinci əsrdəki, həm də indi yaşayan məsh olunmuş davamçıları əlaməti görməklə yanaşı, onun məğzini, yəni İsanın ‘qapılarda’ olduğunu anlayacaqlar.
14 Bu izahat bizim üçün hansı əhəmiyyəti kəsb edir? ‘Bu nəslin’ nə qədər davam etdiyini dəqiq müəyyən edə bilməsək də, «nəsil» sözü ilə əlaqədar bəzi şeyləri yadda saxlamalıyıq: adətən, «nəsil» dedikdə, həyatları müəyyən vaxt ərzində üst-üstə düşən müxtəlif yaşda insanlar nəzərdə tutulur; bu çox uzun sürmür və onun sonu var (Çıx. 1:6). Bəs onda İsanın «bu nəsil» ifadəsini necə başa düşmək olar? Görünür, o demək istəyirdi ki, 1914-cü ildə əlamət aydın olan zaman onu görən məsh olunmuşların həyatı ilə böyük məşəqqətin başlanğıcını görəcək məsh olunmuşların həyatı qismən kəsişəcək. Bu nəslin nə vaxtsa başlanğıcı olub və bir gün mütləq sonu gələcək. Əlamətin müxtəlif tərkib hissələrinin yerinə yetməsi aydın göstərir ki, məşəqqət yaxındır. Vaxtın gözləmədiyini yadda saxlamaqla və sayıqlığını qorumaqla, sən get-gedə artan nurda yeriyir və müqəddəs ruhun rəhbərliyinə riayət edirsən (Mark 13:37).
15. Nəyə görə demək olar ki, xoş xəbəri bəyan etmək gücünü bizə müqəddəs ruh verib?
15 Dördüncüsü, müqəddəs ruh bizə xoş xəbəri bəyan etmək üçün güc verir (Həv. iş. 1:8). Əks təqdirdə xoş xəbərin bütün dünyada təbliğ olunması necə mümkün olardı? Bu haqda bir düşün. Ola bilsin, bir çoxları kimi, əvvəllər sən də həddən artıq utancaq və çəkingən olduğundan: «Mən heç vaxt evdən-evə təbliğ edə bilmərəm!» — deyə düşünürdün. İndi isə bu işdə səylə iştirak edirsənb. Müqavimət və təqiblərə baxmayaraq, Yehovanın bir çox sadiq Şahidləri təbliğ etməyə davam edirlər. Yalnız Allahın müqəddəs ruhu bizə böyük maneələri aşmaq və öz gücümüzə mümkün olmayan şeyləri etmək üçün güc verə bilər (Mik. 3:8; Mat. 17:20). Təbliğ işində tam iştirak etməklə sən ruhla əməkdaşlıq etdiyini göstərirsən.
Müqəddəs ruhun gələcəkdəki rolu
16. Nəyə görə əmin ola bilərik ki, Yehova böyük məşəqqət zamanı Öz xalqını qoruyacaq?
16 Gələcəkdə Yehova Öz niyyətini tam həyata keçirmək üçün müqəddəs ruhundan qeyri-adi tərzdə istifadə edəcək. İlk növbədə, gəlin Onun müqəddəs ruhundan müdafiə etmək məqsədilə necə istifadə edəcəyini nəzərdən keçirək. Artıq bildiyimiz kimi, Yehova keçmişdə ruhundan ayrı-ayrı insanları, eləcə də İsrail xalqını qorumaq üçün istifadə edirdi. Buna görə də əmin ola bilərik ki, yaxınlaşmaqda olan böyük məşəqqət zamanı O, bu qüdrətli ruhu ilə Öz xalqını qoruyacaq. Yehovanın bizi o zaman necə xilas edəcəyinə dair fərziyyələr irəli sürmək lazım deyil. Əksinə, Yehovanı sevənlərin heç vaxt Onun diqqətindən yayınmayacağını və harada olmalarından asılı olmayaraq, müqəddəs ruhun onlara kömək edəcəyini yadda saxlayaraq gələcəyə tam əminliklə baxa bilərik (2 Saln. 16:9; Məz. 139:7—12).
17. Yehova yeni dünyada müqəddəs ruhundan necə istifadə edəcək?
17 Bəs Yehova müqəddəs ruhundan gələcək yeni dünyada necə istifadə edəcək? Həmin vaxt müqəddəs ruhun rəhbərliyi altında yeni tumarlar açılacaq (Vəhy 20:12). Görünür, bu tumarlara min il ərzində tətbiq etməyimiz üçün Yehovanın verəcəyi təfərrüatlı tələbləri daxil olacaq. Sən bu tumarlarda yazılanları araşdıracağın vaxtı səbirsizliklə gözləyirsənmi? Bəli, biz intizarla yeni dünyanı gözləyirik. Biz təsəvvür belə edə bilmərik ki, Yehova müqəddəs ruhundan istifadə edərək yer və bəşəriyyət üçün niyyətini həyata keçirən zaman həyat necə olacaq!
18. Sən nə etməyə qəti qərarlısan?
18 Gəlin heç vaxt unutmayaq ki, Yehovanın niyyəti mütləq həyata keçəcək, çünki O, müqəddəs ruha — kainatda ən qüdrətli qüvvəyə malikdir. Onun niyyətində sənin də yerin var. Buna görə də tam qətiyyətlə Yehovadan müqəddəs ruh dilə və onun rəhbərliyinə uyğun davran (Luka 11:13). Onda sən, Yehovanın bəşəriyyət üçün niyyətinə uyğun olaraq, əbədiyyən yerüzü Cənnətdə yaşamağa ümid edə bilərsən.
[Haşiyələr]
a «Gözətçi Qülləsi»nin 2008-ci il 15 fevral sayının 21—25-ci səhifələrinə baxın.
b Həddən artıq utancaqlığın öhdəsindən gəlib səylə xidmət edən bir həmimanlımızın nümunəsinə «Gözətçi Qülləsi»nin 1993-cü il 15 sentyabr sayının 19-cu səhifəsinə (rus.) baxa bilərsiniz.
Yadınızdadırmı?
• Yehova niyyətini həyata keçirmək üçün keçmişdə müqəddəs ruhundan necə istifadə edirdi?
• Yehova müqəddəs ruhundan hal-hazırda necə istifadə edir?
• Yehova Öz niyyətini tam həyata keçirmək üçün gələcəkdə müqəddəs ruhundan necə istifadə edəcək?
[10-cu səhifədəki çərçivə]
Get-gedə artan nur ilə ayaqlaşırsanmı?
Yehova xalqının üzərinə nur ələməyə davam edir. «Gözətçi Qülləsi»ndə dərc olunan təlim dəyişikliklərindən bəziləri hansılardır?
▪ İsanın xəmir mayası məsəlində ruhani artımın hansı amili vurğulanır? (Mat. 13:33) (2008-ci il 15 iyul, səhifələr 19, 20).
▪ Məsihçilərin səmavi həyata çağırışı nə zaman sona yetir? (2007-ci il 1 may, səhifələr 30, 31, rus.).
▪ Yehovaya «ruhən» ibadət etmək nə deməkdir? (Yəh. 4:24) (2008-ci il 15 noyabr, səhifə 7).
▪ Böyük izdiham Yehovanın ruhani məbədinin hansı həyətində xidmət edir? (Vəhy 7:15) (2002-ci il 1 may, səhifələr 30, 31, rus.).
▪ Qoyunların keçilərdən ayrılması nə zaman baş verir? (Mat. 25:31—33) (1995-ci il 15 oktyabr, səhifələr 18—28, rus.).