Gözəl gələcəyə ümid
Allah vəd edir ki, yaxın gələcəkdə dünyada çox gözəl dəyişikliklər olacaq. O, əzab-əziyyətə son qoyacaq və bəşər ailəsinə yer üzündə gözəl həyat bəxş edəcək (Zəbur 37:11). Buna tam əmin ola bilərik, çünki «Allah insan deyil ki, yalan danışsın» (Saylar 23:19). Gəlin Allahın edəcəyi işlərdən bəzilərinə nəzər salaq.
Allah pis insanları məhv edəcək
«Pislərin alaq otu kimi bitməsi, bədəməllərin çiçəklənməsi onları əbədilik məhvə aparır» (ZƏBUR 92:7).
Əvvəlki məqalədən öyrəndiyimiz kimi pislik günü-gündən artır. Bu bizi təəccübləndirməməlidir. Axı Müqəddəs Kitabda 2 Timutiyə 3:1—5 ayələrində qabaqcadan yazılmışdı ki, axırzamanda insanlar həddən artıq korlanacaq. Bəs axırzaman deyiləndə nə nəzərdə tutulur? Allahsız insanlarla dolu dünyanın sonu. Tezliklə Allah pis əməllərdən əl çəkməyən insanları məhv edəcək. O zaman yalnız yaxşı insanlar, Allaha itaət edən insanlar sağ qalacaq. «Salehlər yerə sahib olacaq, orada əbədi yaşayacaqlar» (Zəbur 37:29).
Allah Şeytanı məhv edəcək
«Sülh mənbəyi olan Allah tezliklə Şeytanı... əzəcək» (ROMALILARA 16:20).
Pis insanlar, Şeytan və cinlər məhv ediləndən sonra yer üzündə sülh bərqərar olacaq. Allah vəd edir ki, insanları «qorxudan olmayacaq» (Mikə 4:4).
Allah xəstəliyə və ölümə son qoyacaq
«O [Allah] onların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq, çünki əvvəlki şeylər keçib getdi» (VƏHY 21:4).
Allah Şeytanın, Adəmlə Həvvanın və insanların qeyri-kamilliyinin səbəb olduğu bütün zərərləri aradan qaldıracaq. Buna görə də əzab-əziyyət və xəstəlik olmayacaq. Bunlar olmadığına görə ölüm də olmayacaq. Allahı sevən, Ona itaət edən insanlar əbədi yaşayacaqlar. Bəs dünyamız necə olacaq?
Allah Yer kürəsini Cənnətə çevirəcək
«Səhra və quraq torpaq sevinəcək, düzlər şadlanacaq, zəfərantək çiçəklənəcək» (ƏŞİYA 35:1).
Allah pisliyin kökünü kəsəndə yer üzü cənnətə çevriləcək. Hər yan gül-çiçək olacaq, ərzaq bol olacaq (Zəbur 72:16). Okeanlar, göllər, çaylar təmiz olacaq, orada canlılar qaynaşacaq. Bəlkə də insanlar «çirklənmə» sözünü heç bilməyəcəklər! Hamı öz əli ilə tikdiyi evdə yaşayacaq. Evsiz-eşiksiz, ac, yoxsul insan olmayacaq (Əşiya 65:21, 22).
Allah ölüləri dirildəcək
«Allahın həm salehləri, həm də qeyri-salehləri dirildəcəyinə ümid edirəm» (HƏVARİLƏRİN İŞLƏRİ 24:15).
Vəfat etmiş doğmalarınızı yenidən görmək istəyərdiniz? Yer üzü cənnətə çevriləndə hər şeyə qadir Allah onları dirildəcək. Siz onları tanıyacaqsınız, onlar da sizi. Təsəvvür edirsiniz, bir-birinizə qovuşanda necə sevinəcəksiniz?! Biz Allahın bu vədinə ürəkdən inana bilərik. Çünki Müqəddəs Kitabda Allahın insanları dirildib, doğmalarına qovuşdurduğu hadisələr qələmə alınıb. Üstəlik, İsa peyğəmbər də bir neçə dəfə çoxlu insanın gözü qarşısında ölüləri diriltmişdi (Luka 8:49—56; Yəhya 11:11—14, 38—44).