Qəm-qüssəyə tab gətirmək
«Bütün oğulları və qızları ona [Yaquba] təsəlli vermək üçün yığışdı, ancaq o təsəlli tapmaq istəməyib dedi: “Kədərlə oğlumun yanına — ölülər diyarına enəcəyəm”. Beləcə atası onun üçün ağladı». YARADILIŞ 37:35
QƏDİMDƏ yaşayan Yaqub oğlunun ölümünə görə qəm dəryasına qərq olmuşdu. Ona elə gəlirdi ki, qəm-qüssə onu ölənə kimi tərk etməyəcək. Yaqub kimi, sizə də elə gələ bilər ki, doğma adamı itirməyin vurduğu ağrı elə güclüdür ki, heç vaxt keçib getməyəcək. Bu cür dərin kədər hissi o deməkdirmi ki, insan Allaha kifayət qədər inanmır? Qətiyyən!
Müqəddəs Kitab Yaqubu imanlı insan kimi təsvir edir və möhkəm imanına görə babası İbrahim və atası İshaqla birlikdə Yaqubu da tərifləyir (İbranilərə 11:8, 9, 13). Hətta bir dəfə o, Allahdan xeyir-dua almaq üçün bütün gecəni mələklə güləşmişdi! (Yaradılış 32:24-30). Görünür, Yaqubun Yehova ilə sıx münasibətləri var idi. Bəs Yaqubun qəm-qüssəyə qərq olmasından nə öyrənirik? Əziz adamın ölümünə görə dərin qəm-kədər hissi keçirmək Allaha möhkəm imanın olmadığına dəlalət etmir. Sevdiyimiz adam öləndə kədərlənmək normal və təbii haldır.
Kədər nədir?
Kədər hər kəsə bir cür təsir edir, ancaq çoxlarında bu özünü güclü mənəvi ağrı ilə büruzə verir. Məsələn, 14 yaşında olanda Leonardonun atası qəfildən ürək-tənəffüs çatışmazlığından həyatını itirdi. Xalasının ona bu bəd xəbəri çatdırdığı günü Leonardo heç vaxt unutmayacaq. Əvvəlcə o, xəbərin həqiqət olduğuna inanmaq istəmirdi. Dəfn mərasimində atasının cəsədini görsə də, hər şey ona yuxu kimi gəlirdi. Təxminən altı ay Leonardo ağlaya bilmədi. Çox vaxt o, atasının işdən evə qayıdacağını gözləyirdi. Atasının öldüyünü təxminən bir ildən sonra tam dərk etdi. Bu zaman onu dəhşətli tənhalıq hissi bürüdü. Adi şeylər, məsələn, boş evə gəlmək ona atasının yoxluğunu xatırladırdı. Belə vaxtlarda o, çox vaxt özünü saxlaya bilməyib ağlayırdı. O, necə də atasının həsrətini çəkirdi!
Leonardonun hadisəsi göstərir ki, kədər hissi güclü ola bilər. Ancaq sevindiricidir ki, onun öhdəsindən gəlmək mümkündür. Bu bir qədər vaxt ala bilər. Bədəndəki ağır yaraların sağalması üçün vaxt tələb olunduğu kimi, ağır itkidən özünə gəlmək üçün də vaxt lazımdır. Kədərdən qurtulmaq üçün aylar, illər, hətta daha çox vaxt tələb oluna bilər. Lakin başlanğıcda olan şiddətli ağrı vaxt keçdikcə azalacaq və həyat tədricən əvvəlki kimi ümidsiz və mənasız görünməyəcək.
Həmçinin, deyilənə görə, sağalmaq və yeni vəziyyətə uyğunlaşmaq üçün kədər keçməli olduğumuz vacib mərhələdir. Ölən adamın yeri boş qalır. Həyata həmin insansız uyğunlaşmaq lazım gəlir. Kədərlənmək ürəyi boşaltmağa kömək edir. Əlbəttə, hər kəs eyni cür qüssə çəkmir. Ancaq bir şey həqiqətdir: kədəri boğmaq əqli, emosional və fiziki cəhətdən zərərlidir. Kədəri düzgün şəkildə necə büruzə vermək olar? Müqəddəs Kitabda bir neçə praktiki məsləhət vara.
Qəm-qüssəyə tab gətirmək
Yaxın adamını itirənlərin çoxları görmüşlər ki, danışanda adamın ürəyi yüngülləşir. Məsələn, on övladının hamısını itirən və başqa faciələrə məruz qalan Müqəddəs Kitab personajı Əyyubun sözlərini götürək. O demişdi: «Canım həyatımdan bezib. Şikayətimə məhdudiyyət qoymayacağam, acı həyatımdan danışacağam» (Əyyub 1:2, 18, 19; 10:1). Diqqət yetirin ki, Əyyub ürəyini boşaltmağa ehtiyac duyurdu. O bunu necə edəcəkdi? «Danışacağam», — deyirdi.
Anasını itirən Paulo deyir: «Anam haqqında danışmağın mənə böyük köməyi oldu». Bəli, hissləri etibarlı dostla bölüşmək insana yüngüllük gətirə bilər (Süleymanın məsəlləri 17:17). Anasını itirəndən sonra Yone məsihçi bacı-qardaşlardan ona tez-tez baş çəkməyi xahiş etdi. «Danışmaq dərdimi yüngülləşdirirdi», — deyə o xatırlayır. Ola bilsin, hisslərinizi sözlə ifadə etmək və dərdinizə şərik olan adamla bölüşmək onlara dözməyə sizə də kömək edər.
Hisslərinizi yazmaq da yüngüllük tapmağa kömək edər. Hisslərini dilə gətirməyə çətinlik çəkənlərdən bəzilərinə ürəyindəkiləri yazmaq daha asan ola bilər. Allahın sadiq xidmətçisi Davud Şaul və Yonatanın ölümündən sonra kədərini qəmli mahnıda qələmə aldı. Bu təsirli mərsiyə sonradan Müqəddəs Yazıların «İkinci Şamuel» kitabına daxil edildi (2 Şamuel 1:17-27).
Ağlamaq da ürəyi boşaltmağa kömək edir. Müqəddəs Kitabda deyilir ki, hər şeyin, eləcə də ağlamağın öz vaxtı var (Vaiz 3:1, 4). Şübhə yoxdur ki, sevdiyimiz adamın ölümü ‘ağlamaq vaxtıdır’. Kədər göz yaşlarında utanmalı heç nə yoxdur. Müqəddəs Kitabda ağlayaraq kədərini açıqca bildirən çoxlu sayda sadiq kişi və qadınların nümunələri var (Yaradılış 23:2; 2 Şamuel 1:11, 12). İsa Məsih də yenicə ölmüş əziz dostu Lazarın qəbrinə yaxınlaşanda ‘ağlamışdı’ (Yəhya 11:33, 35).
Kədərdən yaxa qurtarmağa çalışarkən səbirli olmaq lazımdır, çünki emosional vəziyyətiniz tez-tez dəyişə bilər. Yadda saxlayın ki, göz yaşlarından utanmaq lazım deyil. Bir çox sadiq insanlar belə nəticəyə gəlmişlər ki, kədər göz yaşları axıtmaq təbiidir və adamın özünə gəlməsi üçün vacibdir.
Allaha yaxınlaşın
Müqəddəs Kitab bizi səsləyir: «Allaha yaxınlaşın, O da sizə yaxınlaşar» (Yaqub 4:8). Allaha yaxınlaşmağın əsas yollarından biri duadır. Duaya barmaqarası baxmayın! Müqəddəs Kitab təsəlliverici vəd verir: «Rəbb qəlbisınıqlara yaxındır, O, ruhən əzilmişləri qurtarır» (Məzmur 34:18). O, həmçinin bizi əmin edir: «Sən qayğı yükünü Rəbbə ver, qoy sənə dayaq olsun. O heç vaxt salehə sarsıntı verməz» (Məzmur 55:22). Bu sözlərin üzərində düşünün. Əvvəldə qeyd etdiyimiz kimi, çoxları öz hisslərini etibar etdikləri dostla bölüşməyin faydalı olduğunu görmüşlər. Bəs belə olduqda, qəlbimizə təskinlik verməyi vəd edən Allaha ürəyimizi boşaltmağın daha çox köməyi dəyməzmi? (2 Saloniklilərə 2:16, 17).
Yuxarıda haqqında danışdığımız Paulo deyir: «Artıq dərdə tab gətirə bilməyəndə dizüstə çöküb Allaha dua edirdim. Ona yalvarırdım ki, mənə kömək etsin». Paulo əmindir ki, duaları ona kömək edirdi. Siz də ‘hər cür təsəlli verən Allahın’ təkidlə etdiyiniz dualara cavab olaraq sizə tab gətirmək üçün cəsarət və güc verəcəyinin şahidi ola bilərsiniz (2 Korinflilərə 1:3, 4; Romalılara 12:12).
Dirilməyə ümid
İsa demişdir: «Dirilmə və həyat Mənəm; Mənə iman edən ölsə də yaşayar» (Yəhya 11:25). Müqəddəs Kitab öyrədir ki, ölənlər yenidən yaşayacaqlarb. İsa yer üzündə olanda ölüləri diriltməyə qadir olduğunu göstərmişdi. Bir dəfə o, 12 yaşlı qızı diriltmişdi. Bu onun valideynlərində hansı hissləri doğurdu? Onlar «çox heyrətləndilər» (Mark 5:42). Səmavi Padşah İsa Məsih padşahlıq edərkən saysız-hesabsız insanları yer üzündə yaşamaq üçün həyata qaytaracaq, ancaq o zaman yerdə sülh və ədalət hökm sürəcək (Həvarilərin işləri 24:15; 2 Peter 3:13). Təsəvvür edin, ölənlərin həyata qayıtması və öz doğmalarına qovuşması insanları necə də vəcdə gətirəcək!
Təyyarə qəzasında oğlu Renatonu itirən Klaudite onun şəklini soyuducunun üstünə qoyub. O, tez-tez şəklə baxıb öz-özünə deyir: «Sən diriləndə yenidən görüşəcəyik». Leonardo Allahın vəd etdiyi yeni dünyada atasının həyata qayıtmasını təsəvvüründə canlandırır. Bəli, dirilmə ümidi onlar üçün və əzizlərini itirən saysız-hesabsız başqa insanlar üçün əsl təsəlli mənbəyidir. Bu sizin üçün də təsəlli mənbəyi ola bilər!
[Haşiyələr]
a Uşaqlara əziz adamın ölümünə tab gətirməyə necə kömək edə biləcəyimiz bu jurnalın 18-20-ci səhifələrindəki «Övladlarınıza kədərə tab gətirməyə kömək edin» adlı məqalədə müzakirə olunur.
b Müqəddəs Kitabın dirilməyə dair verdiyi ümid haqda daha çox məlumat almaq üçün Yehovanın Şahidləri tərəfindən dərc olunmuş «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 7-ci fəslinə baxın.
[7-ci səhifədəki çərçivə]
‘Hər cür təsəlli verən Allah’
«Rəbbimiz İsa Məsihin Allahı və Atasına həmd olsun. O, mərhəmətli Ata və hər cür təsəlli verən Allahdır» (2 Korinflilərə 1:3).
Müqəddəs Kitabın bu ayəsi göstərir ki, Allah Öz sadiq xidmətçilərinə üzləşdikləri istənilən problem və çətinliklərə tab gətirməyə kömək edə bilər. Yehova bizə dostumuz, yaxud imanımıza şərik olan doğmalarımız vasitəsilə də təsəlli verə bilər.
Atasını itirən Leonardo ona güc və təsəlli verən bir hadisəni heç vaxt unutmur. Evə təzəcə çatmışdı, yadına düşəndə ki, evdə heç kim yoxdur onu ağlamaq tutdu. Yaxınlıqdakı parka getdi və skamyada əyləşib, yenidən ağlamağa başladı. Göz yaşları içində Allahdan kömək dilədi. Birdən yaxınlıqda furqon dayandı və Leonardo sürücünün məsihçi qardaşlarından biri olduğunu gördü. Qardaş müştərilərə mal çatdırarkən yolunu səhv salmışdı. Onun orada olmağı Leonardonun təskinlik tapması üçün kifayət oldu.
Bir dəfə bir dul kişi özünü tənha hiss edir və olduqca kədərli idi. O, gözyaşlarını saxlaya bilmirdi, çünki hər şey ümidsiz görünürdü. O, Allaha yalvarıb kömək diləyirdi. Heç duasını bitirməmişdi ki, telefon zəng çaldı. Zəng edən nəvəsi idi. O xatırlayır: «Qısa söhbətimiz məni yenidən dirçəltdi. Əminəm ki, həmin telefon zəngi duama cavab idi».
[9-cu səhifədəki çərçivə]
İnsanlara təsəlli gətiririk
«[Allah] bizə hər sıxıntımızda təsəlli verir ki, biz də hər cür sıxıntı içində olanlara, Allahın bizə verdiyi təsəlli ilə təsəlli verə bilək» (2 Korinflilərə 1:4).
Bir çox həqiqi məsihçilər bu sözlərin nə demək olduğunu öz üzərlərində hiss etmişlər. Əzizlərinin itkisinə tab gətirmək üçün təsəlli alan bu adamlar görmüşlər ki, özləri də başqalarını ruhlandırıb onlara təsəlli verməyi bacarırlar.
Müqəddəs Kitaba əsaslanan etiqadını bölüşmək üçün adamlara müntəzəm baş çəkən Klauditenin nümunəsinə nəzər salaq. Oğlunu itirməzdən əvvəl bu bacı oğlu leykemiya xəstəliyindən ölən bir qadına baş çəkirdi. Qadının onunla ünsiyyət etmək xoşuna gəlsə də, düşünürdü ki, Klaudite heç vaxt onun dərdini axıra kimi başa düşməyəcək. Lakin Klauditenin oğlunun ölümündən çox keçməmiş həmin qadın ona baş çəkdi. O, gəlişinin məqsədini belə açıqladı: gəlib ki, görsün oğlu öləndən sonra da Klaudite Allaha inanır, ya yox. Klauditenin möhkəm imanından heyrətə gələn qadın Klaudite ilə Müqəddəs Kitabı müntəzəm öyrənir və Allahın Kəlamından böyük təsəlli tapır.
Atası vəfat etdikdən sonra Leonardo Müqəddəs Kitabdakı təsəlli xəbərini karlarla bölüşmək üçün jest dilini öyrənmək qərarına gəldi. O başa düşür ki, karlara kömək etmək üçün göstərdiyi səylərin onun özünə də xeyri var. Leonardo deyir: «Kədərimə tab gətirməyə kömək edən şeylərdən biri də karlara Allah haqqında öyrənməyə kömək etmək istəyimdir. Onlara kömək etməyə çoxlu vaxt və güc sərf edirəm. Müqəddəs Kitabı öyrətdiyim adamlardan birincisi vəftiz olanda kədərim sevincə çevrildi! Əslində atamın ölümündən sonra ilk dəfə idi ki, özümü bu qədər xoşbəxt hiss edirdim» (Həvarilərin işləri 20:35).
[5-ci səhifədəki şəkil]
Hisslərinizi başqaları ilə bölüşmək yüngüllük gətirə bilər
[6-cı səhifədəki şəkil]
Yazmaq kədəri ifadə etməyə kömək edər
[6-cı səhifədəki şəkil]
Dirilmə ümidi haqqında oxumaq əsl təsəlli mənbəyi ola bilər
[8-ci səhifədəki şəkil]
İsa ona iman gətirənləri diriltməyi vəd etmişdir