‘Ruhun qılıncından’ məharətlə istifadə et
«Ruhun qılıncını, yəni Allahın sözünü götürün» (EFES. 6:17).
1, 2. Padşahlığın təbliğçilərinə olan tələbatı görərək biz necə davranmalıyıq?
İZDİHAMIN ruhani ehtiyac içində olduğunu görən İsa şagirdlərinə dedi: «Məhsul çox, işçilər isə azdır. Beləliklə, məhsulun Sahibi olan Rəbbə yalvarın ki, Öz məhsulunu yığmağa işçilər göndərsin». Bu sözləri dedikdən sonra İsa işi öz axarına buraxmadı. O, «on iki şagirdini yanına çağırıb» onları təbliğə, yəni ‘məhsul’ biçiminə göndərdi (Mat. 9:35—38; 10:1, 5). Bir qədər sonra İsa «yetmiş başqa adam təyin edib, onları iki-iki... göndərdi» ki, eyni işi görsünlər (Luka 10:1, 2).
2 Padşahlığın təbliğçilərinə bu gün də böyük ehtiyac var. Bütün dünyada 2009-cu ildə Məsihin Xatirə Gecəsinə gələnlərin sayı 18 168 323 nəfər olmuşdur. Bu, Yehovanın Şahidlərinin ümumi sayından 10 milyon nəfər çoxdur. Həqiqətən də, tarlalar biçinə hazırdır (Yəh. 4:34, 35). Buna görə də biz duada daha çox işçilər diləməliyik. Bəs biz xahişimizə uyğun necə davrana bilərik? Bunun üçün Padşahlığın təbliği və şagird hazırlamaq işində səylə iştirak edərək daha effektiv olmaq tələb olunur (Mat. 28:19, 20; Mark 13:10).
3. Allahın ruhu bizim bir xidmətçi kimi püxtələşməyimizdə əsas etibarilə necə kömək edir?
3 Ötən məqalədə ‘Allahın sözünü cəsarətlə söyləməkdə’ müqəddəs ruhun bizə necə kömək etdiyini nəzərdən keçirdik (Həv. iş. 4:31). Həmçinin bu ruh bizə məharətli xidmətçi olmaqda da kömək edə bilər. Xidmətdə püxtələşməyin üsullarından biri Yehova Allahın təqdim etdiyi vəsaitdən — Onun Kəlamı olan Müqəddəs Kitabdan bacarıqla istifadə etməkdir. Bu Kəlam müqəddəs ruhun səmərəsidir (2 Tim. 3:16). Orada qələmə alınan xəbər Allahdan ilham alıb. Təbliğdə Müqəddəs Kitab həqiqətlərini məharətlə çatdıranda, deməli, bizi müqəddəs ruh istiqamətləndirir. Bunu necə edə biləcəyimizi müzakirə etməzdən öncə, gəlin bu Kəlamın nə qədər böyük təsirə malik olduğu üzərində düşünək.
‘Allahın kəlamı təsirlidir’
4. Müqəddəs Kitab insanda hansı dəyişiklikləri etməyə qadirdir?
4 Allahın kəlamı necə də böyük qüvvəyə malikdir! (İbr. 4:12). Məcazi mənada Müqəddəs Kitabdakı xəbər insanın düzəltdiyi istənilən ikiağızlı qılıncdan itidir, çünki o, sümüklə iliyi bir-birindən ayırır. Müqəddəs Kitab həqiqəti insan qəlbinin dərinliklərinə çatır və onun düşüncə və hisslərinə təsir göstərərək əslində necə insan olduğunu üzə çıxarır. Bu həqiqət insana təsir göstərməyə və onu, sözün əsil mənasında, dəyişməyə qadirdir. (Koloslulara 3:10 ayəsini oxu.) Bəli, Allahın Kəlamı həyatları dəyişə bilər!
5. Müqəddəs Kitab hansı sahələrdə bizə rəhbərlik verə bilər və bunun nəticəsi necə olacaq?
5 Bundan əlavə, Müqəddəs Kitab misilsiz hikmət xəzinəsidir. Orada bu keşməkeşli dünyada necə yaşamaq lazım olduğunu göstərən faydalı məlumatlar var. Onun Kəlamı nəinki bizim hər bir addımımızı, hətta bütün yolumuzu işıqlandırır (Məz. 119:105). Problemlərlə qarşılaşanda və ya dost, əyləncə, iş, geyim kimi sahələrdə seçim etmək lazım gələndə onun köməyi danılmazdır (Məz. 37:25; Sül. məs. 13:20; Yəh. 15:14; 1 Tim. 2:9). Allahın Kəlamındakı prinsipləri tətbiq etmək bizə başqaları ilə yola getməyə kömək edir (Mat. 7:12; Filip. 2:3, 4). Məcazi mənada yolumuzun yaxşı işıqlandırılması sayəsində biz qərarlarımızın nəyə gətirib çıxaracağını nəzərə ala bilərik (1 Tim. 6:9). Müqəddəs Yazılar həm də Allahın gələcəyə dair niyyətini açıqlayır və bu niyyətə uyğun yaşamağımıza kömək edir (Mat. 6:33; 1 Yəh. 2:17, 18). İnsan Allahın prinsiplərini əldə rəhbər tutarsa, həyatı, həqiqətən də, mənalı olacaq!
6. Ruhani müharibədə Müqəddəs Kitab nə dərəcədə güclü silahdır?
6 Apardığımız ruhani müharibədə Müqəddəs Kitabın nə qədər böyük qüvvəyə malik olduğu barədə də düşün. Pavel Allahın kəlamını ‘Ruhun qılıncı’ adlandırır. (Efeslilərə 6:12, 17 ayələrini oxu.) Müqəddəs Kitabın xəbərini bacarıqla təqdim edəndə o, insanları Şeytanın ruhani köləliyindən azad edə bilər. Bu qılınc insanların həyatını alan yox, xilas edən qılıncdır. Buna görə də gəlin bu qılıncdan məharətlə istifadə edək.
Ondan düzgün istifadə et
7. Nəyə görə ‘Ruhun qılıncından’ düzgün istifadə etməyi öyrənmək vacibdir?
7 Əsgər təlim zamanı silahdan istifadə etməyi öyrəndiyi və məşq etdiyi təqdirdə ondan döyüşdə məharətlə istifadə edə biləcək. Ruhani müharibədə ‘Ruhun qılıncından’ istifadə etmək barədə də eyni şeyi demək olar. «Çalış ki, özünü Allaha sınaqdan çıxmış, utanmağa əsası olmayan və həqiqət sözünü doğruluqla öyrədən bir işçi kimi təqdim edəsən»,— deyə Pavel yazmışdı (2 Tim. 2:15).
8, 9. Müqəddəs Kitabın məğzini başa düşməkdə bizə nə kömək edə bilər? Nümunə çəkin.
8 Xidmətdə ‘həqiqət sözünü doğruluqla öyrətməyə’ bizə nə kömək edəcək? Müqəddəs Kitabı başqalarına aydın şəkildə öyrətmək üçün gərək əvvəlcə onun məğzini özümüz yaxşı başa düşək. Bunun üçün biz oxuduğumuz ayənin və ya parçanın kontekstinə diqqət yetirməliyik. Lüğətə əsasən, kontekst — «mətnin (ona daxil olan ayrıca söz və ya ifadənin mənasını müəyyən etmək üçün) mənaca bitmiş hissəsi»dir.
9 Müqəddəs Kitab parçasını düzgün başa düşmək üçün ondan əvvəl və sonra gələn ayələri nəzərdən keçirmək tələb olunur. Pavelin Qalatiyalılara 5:13 ayəsində yazdığı sözlər bunu çox gözəl təsvir edir. Orada oxuyuruq: «Qardaşlar, siz azadlığa dəvət olunmuşsunuz. Ancaq bu azadlığı cismani təbiət üçün fürsətə çevirməyin, amma bir-birinizə məhəbbətlə qulluq edin». Pavel burada nədən azad olmaq barədə danışır: yalan təlimlərdən, günah və ölümdən, yoxsa başqa bir şeydən? Kontekst göstərir ki, Pavel ‘Qanunun lənətindən xilas olunmağı’ nəzərdə tuturdu (Qalat. 3:13, 19—24; 4:1—5). O, məsihçi azadlığına istinad edirdi. Bu azadlığı qiymətləndirənlər bir-birlərinə məhəbbətlə xidmət edirdilər. Məhəbbəti olmayanlar isə bir-birlərinə şər atır və münaqişələrə qoşulurdular (Qalat. 5:15).
10. Müqəddəs Kitabı dəqiq başa düşmək üçün biz hansı məlumatları nəzərdən keçirməliyik və onları haradan tapmaq olar?
10 Ayənin mənasını düzgün başa düşmək üçün əlavə məlumatları da nəzərdən keçirmək lazımdır: kitabın yazıçısı kimdir və o, nə vaxt və hansı şərtlər altında yazılıb. Həmçinin onun hansı məqsədlə yazıldığını və mümkünsə, həmin dövrdə yaşayan insanların adət-ənənələrini, davranış və dəyərlərini, o cümlədən necə ibadət etdiklərini nəzərdən keçirmək də faydalı olardıa.
11. Ayələri izah edərkən nəyə yol verilməməlidir?
11 ‘Həqiqət sözünü doğruluqla öyrətmək’ sadəcə Müqəddəs Kitab həqiqətlərini düzgün izah etmək demək deyil. Diqqətli olmaq lazımdır ki, Müqəddəs Kitabı insanlara hədə-qorxu gəlmək məqsədilə istifadə etməyək. İblis tərəfindən sınağa çəkilmiş İsa kimi, biz də Müqəddəs Kitabdan həqiqəti müdafiə etmək üçün istifadə edə bilərik, amma o, başqalarını qorxutmaq üçün əlimizdə dəyənək olmamalıdır (Qanun. t. 6:16; 8:3; 10:20; Mat. 4:4, 7, 10). Biz həvari Peterin «Rəbb Allahı ürəklərinizdə təqdis edin. Malik olduğunuz ümid barəsində sizdən hesabat istəyən hər kəsə həmişə mülayimliklə və ehtiramla cavab vermək üçün hazır olun» məsləhətinə əməl etməliyik (1 Pet. 3:15).
12, 13. Allahın Kəlamındakı həqiqət hansı ‘istehkamları yıxmağa’ qadirdir? Nümunə çəkin.
12 Düzgün təqdim olunduqda Allahın Kəlamındakı həqiqətin sayəsində nələrə nail olmaq olar? (2 Korinflilərə 10:4, 5 ayələrini oxu.) Müqəddəs Kitab həqiqəti «istehkamları» yıxmağa, yəni yalan təlimləri, zərərli adət-ənənələri və qeyri-kamil insan müdrikliyinin əksi olan fəlsəfi ideyaları ifşa etməyə qadirdir. Müqəddəs Kitabın köməyi ilə həm də «Allahın biliyinə qarşı duran» istənilən fikri aradan qaldırmaq mümkündür. Allahın Kəlamındakı təlimlər insanlara düşüncə tərzlərini həqiqətə uyğunlaşdırmağa kömək edə bilər.
13 Hindistanda yaşayan 93 yaşlı bir qadının nümunəsinə baxaq. Uşaqlıqdan ona reinkarnasiya təlimi aşılanmışdı. Xaricdə yaşayan oğlu onunla məktub vasitəsilə Müqəddəs Kitabı öyrənməyə başlayanda qadın Yehova və Onun vədləri haqda öyrəndiklərini böyük məmnuniyyətlə qəbul edirdi. Lakin reinkarnasiya təlimi onun zehnində o qədər dərin kök salmışdı ki, oğlu ölülərin vəziyyəti barədə yazanda qadın öz narazılığını bildirdi: «Sənin Müqəddəs Kitabındakı bu həqiqəti heç cür ağlıma sığışdıra bilmirəm. Bütün dinlər öyrədir ki, insanların daxilində ölməz bir şey var. Mən həmişə inanmışam ki, bədən ölür, həmin şey isə başqa bədənlərdə yaşamağa davam edir və bu, 8 400 000 dəfə baş verir. Axı bu, necə yalan ola bilər?! Belə çıxır ki, əksər dinlər səhvdir?» ‘Ruhun qılıncı’ belə dərin kök salmış təlimi aradan qaldırmağa qadirdirmi? Onlar bu sualı Müqəddəs Kitab əsasında müzakirə etdikdən bir neçə həftə sonra qadın oğluna yazdı: «Nəhayət ki, mən ölülərin vəziyyəti haqqında həqiqəti başa düşməyə başladım. Dirilmə zamanı ölən əzizlərimizə qovuşacağımızı bilmək mənə böyük sevinc bəxş edir. Ümidvaram ki, Allahın Padşahlığı tezliklə gələcək».
İnsanları inandırmağa çalış
14. Dinləyicini inandırmaq nə deməkdir?
14 Müqəddəs Kitabdan xidmətdə məharətlə istifadə etmək sadəcə ondan sitat gətirmək demək deyil. Pavel kimi, biz də ‘iqnaedici’, yəni inandırıcı tərzdə danışmalıyıq. (Həvarilərin işləri 19:8, 9; 28:23 ayələrini oxu.) «İnandırmaq» sözünün mənası «öz tərəfinə çəkmək» deməkdir. Hansısa bir şeyə inandırılan insanın «əminliyi o qədər güclü olur ki, artıq o, buna etibar etməyə başlayır». Biz kimisə Müqəddəs Kitabın hər hansı təlimini qəbul etməyə inandıranda onun etibarını qazanırıq, belə ki, o, bu təlimin həqiqiliyinə inanmağa başlayır. Bunun üçün dinləyicimizi sözlərimizin həqiqət olduğuna inandırmalıyıq. Gəlin baxaq, bunu necə etmək olar.
15. Diqqəti Allahın Kəlamına necə yönəltmək olar ki, insanda ona qarşı hörmət hissi yaransın?
15 Diqqəti Allahın Kəlamına elə yönəlt ki, insanda ona qarşı hörmət hissi yaransın. Ayə oxumazdan öncə müzakirə etdiyiniz mövzuya dair Allahın nöqteyi-nəzərini öyrənməyin vacibliyini vurğula. Sualı verib həmsöhbətinin cavabını dinlədikdən sonra söhbətə belə davam etmək olar: «Gəlin görək, buna dair Allahın nöqteyi-nəzərini necə öyrənmək olar» və ya: «Allah bu məsələ barədə nə düşünür?» Ayəni oxumazdan öncə bu sözləri deməklə sən Müqəddəs Kitabın Allahdan olduğunu qeyd edir və həmsöhbətində ona qarşı böyük hörmət hasil edirsən. Allaha inanan, lakin Müqəddəs Kitab ilə yaxından tanış olmayan insana təbliğ edəndə bunu etmək xüsusilə vacibdir (Məz. 19:7—10).
16. Ayələri düzgün izah etməyə sənə nə kömək edə bilər?
16 Ayələri oxumaqla kifayətlənmə — onları izah et. Pavel öyrətdiklərini ‘izah və sübut etməyə’ adət etmişdi (Həv. iş. 17:3). Çox vaxt ayədə bir neçə fikir olur, amma sənə təkcə müzakirə etdiyiniz mövzuya aidiyyəti olan hissəni qeyd etmək lazımdır. Bunu həmin fikri təkrarlamaqla, başqa sözlə ifadə etməklə və ya həmsöhbətinə fikri başa düşməyə kömək edən suallar verməklə etmək olar. Sonra ayənin həmin hissəsinin məğzini izah et. Bundan sonra həmsöhbətinə həmin ayənin şəxsən ona hansı aidiyyəti olduğunu görməyə kömək et.
17. Müqəddəs Yazıların əsasında necə mülahizə yürütmək olar ki, insan dediklərimizə inansın?
17 Müqəddəs Yazıların əsasında inandırıcı tərzdə mülahizə yürüt. Pavel məntiqlə danışaraq və ürəklərə təsir etməyə çalışaraq inandırıcı şəkildə «Müqəddəs Yazılar haqqında danışırdı» — mülahizə yürüdürdü (Həv. iş. 17:2, 4). Sən də dinləyicilərinin ürəyinə yol tapmağa çalış. Həmsöhbətinə qarşı laqeyd olmadığını göstərən nəzakətli suallar verməklə onun ürəyindəkiləri ‘çəkib çıxarmağa’ çalış (Sül. məs. 20:5). Amma yersiz suallar vermə. Aydın və məntiqi şəkildə fikirlər yürüt. Onları sübut etmək üçün inandırıcı faktlar gətir. Sənin sözlərin tamamilə Allahın Kəlamına əsaslanmalıdır. Dalbadal iki-üç ayə oxuyub heç bir izahat verməməkdənsə, bir ayə oxuyub onu izah etmək və nümunə gətirmək daha yaxşıdır. Həmçinin əsaslı dəlillər gətirmək də sənin sözlərini sanballı edə bilər. Bəzən araşdırma aparmaq və əlavə məlumat gətirmək lazım gələ bilər. Yuxarıda xatırlanan 93 yaşlı qadına ölməz ruh təliminin nəyə görə bu qədər geniş yayıldığını izah etmək lazım gəlirdi. Onun Müqəddəs Kitabın bu mövzu haqda öyrətdiklərini qəbul etməsi üçün inandığı təlimin kökünün haralara gedib çıxdığını və bir çox dinlərə necə keçdiyini bilməsi çox vacib idib.
Ondan məharətlə istifadə etməyə davam et
18, 19. Nəyə görə ‘Ruhun qılıncından’ daha sonra da məharətlə istifadə etməliyik?
18 Müqəddəs Kitabda ‘bu dünyanın indiki surətinin keçib getdiyi’, yəni səhnəsinin dəyişdiyi qeyd olunur. Pis insanlar getdikcə daha betər olurlar (1 Kor. 7:31; 2 Tim. 3:13). Bu səbəbdən bundan sonra da ‘istehkamları yıxmaq’ üçün ‘Ruhun qılıncından, yəni Allahın sözündən’ istifadə etmək olduqca vacibdir.
19 Biz çox xoşbəxtik ki, bizdə Allahın Kəlamı olan Müqəddəs Kitab var və onun köməyi ilə dərin kök salmış yalan təlimləri aradan qaldırmaq və həlim insanların ürəyinə yol tapmaq mümkündür! Heç bir ‘istehkam’ onun içindəki xəbər qədər güclü ola bilməz. Buna görə də gəlin Allahın Padşahlığını bəyan edərkən ‘ruhun qılıncından’ məharətlə istifadə etmək üçün əlimizdən gələni edək.
[Haşiyələr]
a Müqəddəs Yazılara daxil olan kitablar haqqında əlavə məlumatı «Hər Müqəddəs Yazı Allahdan ilham almış və faydalıdır» broşüralarından, «Müqəddəs Yazıların dərk edilməsi» (ing.) ensiklopediyasından və «Gözətçi Qülləsi»nin «Yehovanın Kəlamı canlıdır» rubrikasından tapmaq olar.
b «İnsan öləndə nə baş verir?» broşürasının 5—16-cı səhifələrinə baxın.
Siz nə öyrəndiniz?
• Allahın Kəlamı nə dərəcədə böyük qüvvəyə malikdir?
• «Həqiqət sözünü» necə ‘doğruluqla öyrədə’ bilərik?
• Müqəddəs Kitab ‘istehkamları’ yıxmağa qadirdirmi?
• İnandırıcı şəkildə təbliğ etmək bacarığını necə yaxşılaşdıra bilərsən?
[12-ci səhifədəki çərçivə/şəkil]
Allahın Kəlamından inandırıcı şəkildə necə istifadə etmək olar?
▪ İnsanda Müqəddəs Kitaba qarşı hörmət hasil et
▪ Ayələri izah et
▪ Həmsöhbətinin ürəyinə yol tapmaq üçün inandırıcı şəkildə mülahizə yürüt
[11-ci səhifədəki şəkil]
‘Ruhun qılıncından’ məharətlə istifadə etməyi öyrənmək vacibdir