Qadınlar, ərlərinizə ehtiram edin
«Qadınlar!.. Ərlərinizə tabe olun» (EFESLİLƏRƏ 5:22).
1. Nəyə görə ərə hörmət etmək çox vaxt çətin olur?
BİR çox ölkələrdə nikah mərasimində gəlin ərinə ehtiram bəsləyəcəyini və’d edir. Ancaq bu və’di yerinə yetirmək ərin rəftarından asılı olaraq, qadına ya asan olur, ya da çətin. Buna baxmayaraq, nikahın başlanğıcı çox gözəl olmuşdu. Allah ilk kişinin, Adəmin qabırğasından birini götürüb, ondan qadını yaratdı. Adəm onu görüb nida etdi: «Nəhayət, bunun sümüyü mənim sümüyümdən, bədəni mənim bədənimdəndir» (Yaradılış 2:19-23).
2. Müasir dövrdə qadınların nikaha münasibəti və ailədəki rolu necə dəyişilmişdir?
2 Belə gözəl başlanğıca baxmayaraq, 1960-cı illərin əvvəllərində Birləşmiş Ştatlarda kişi ağalığından qurtulmaq üçün qadın azadlığı hərəkatı başladı. O vaxta kimi ailələrini atan kişilərin qadınlara nisbəti 300-ün 1-ə idi, lakin 1960-cı illərin sonlarında vəziyyət dəyişdi və bu göstərici 100-ün 1-ə oldu. Gördüyümüz kimi, bu gün qadınlar söyüş söyməkdə, siqaret çəkməkdə, içki içməkdə və əxlaqsızlıqda heç də kişilərdən geri qalmırlar. Bəs bu onları daha da xoşbəxt etdimi? Xeyr. Bə’zi ölkələrdə bağlanan nikahların təxminən yarısı əvvəl-axır boşanma ilə nəticələnir. Qadınların göstərdikləri cəhdlər ailəyə fayda gətirdi, yoxsa zərər? (2 Timoteyə 3:1-5).
3. Nikahdakı problemin kökü nədədir?
3 Problemin kökü nədədir? Müəyyən mə’nada onun kökü üsyankar mələk ‘iblis və şeytan adlanan qədim ilanın’ Həvvanı azdırmasına gedib çıxır (Vəhy 12:9; 1 Timoteyə 2:13, 14). Şeytan Allahın tə’limlərini nüfuzdan salır. Məsələn, o, cəmiyyətdə nikah haqqında azadlığı məhdudlaşdıran, sərt quruluş təsəvvürünü yaradıb. Dünyanın tanrısı olan Şeytanın kütləvi informasiya vasitələrindən istifadə edərək apardığı təbliğat Allahın tə’limlərinin ədalətsiz və dəbdən düşmüş kimi tanınmasına yönəldilib (2 Korinflilərə 4:3, 4). Ancaq qadınların ailədəki rolu haqqında Allahın dediklərini qərəzsiz olaraq nəzərdən keçirsək, Allahın Kəlamının əslində müdrik və faydalı olduğunu görəcəyik.
Ailə qurmaq istəyənlərə məsləhət
4, 5. a) Ailə qurmazdan əvvəl qadın nəyə görə məsələni hərtərəfli götür-qoy etməlidir? b) Evlənmək təklifini qəbul etməzdən əvvəl qadın nə etməlidir?
4 Müqəddəs Kitab bizi agah edir ki, İblisin idarə etdiyi bu dünyada hətta xoşbəxt ailələrin də «əziyyəti olacaq». Nikahın Banisinin Allah olduğuna baxmayaraq, Müqəddəs Kitabda ailə qurmaq istəyənlər üçün xəbərdarlıqlar yazılıb. Müqəddəs Kitabı yazanlardan biri, əri vəfat etdiyi üçün yenidən ailə qurmağa azad olan qadın haqqında demişdi: «Əgər o olduğu kimi qalsa, daha bəxtiyar olar». İsa da ‘qəbul edə bilənlərə’ subay qalmağı tövsiyə etmişdi. Lakin kimsə ailə qurmaq qərarına gəlsə, seçdiyi adam «Rəbbə bağlı», yə’ni Allahın həsr olunmuş və vəftiz olunmuş xidmətçisi olmalıdır (1 Korinflilərə 7:28, 36-40; Matta 19:10-12).
5 Xüsusilə qadınlara ailə qurmaq üçün kimi seçdiklərinə diqqət yetirmək vacibdir, çünki Müqəddəs Kitab xəbərdarlıq edir: «Ərli qadın qanun ilə ərinə bağlıdır». Yalnız ər öləndə və ya o xəyanət etdiyi üçün boşandıqları təqdirdə qadın «izdivac qanunundan azad olunur» (Romalılara 7:2, 3). İlk baxışdan yaranan məhəbbət eşq macərası üçün kifayət edə bilər, lakin xoşbəxt nikah üçün bu bəs etmir. Buna görə də, subay qadın özündən soruşmalıdır: «Mən bu adama ərə gedib onun qanunu altında olmağa hazırammı?» Bu sualın üzərində toydan sonra yox, əvvəl düşünmək lazımdır.
6. Bir çox qadınlar hansı seçimi etməyə azaddırlar və seçim edərkən hərtərəfli düşünmək nə üçün vacibdir?
6 Bir çox yerlərdə qadınlar evlənmək təklifini qəbul edib-etməyəcəklərinə özləri qərar verirlər. Ancaq müdrik seçim etmək qadının indiyədək qəbul etdiyi ən çətin qərar ola bilər, belə ki onun yalnız nikahda mümkün olan yaxınlığa və məhəbbətə tələbatı çox güclü ola bilər. Bir yazıçı qeyd edib: «Bir şeyi nə qədər çox etmək istəyiriksə, bu istər ailə qurmaq, istər müəyyən dağa çıxmaq olsun, bir o qədər əsassız fərziyyələrə qapılmağa və ancaq eşitmək istədiyimiz sözləri dinləməyə meylli oluruq». Dağa çıxan adam üçün ağılsız qərar həyatı bahasına başa gəldiyi kimi, həyat yoldaşını düzgün seçməmək də fəlakətlə nəticələnə bilər.
7. Həyat yoldaşı seçiminə dair hansı müdrik məsləhət vardır?
7 Qadın ona evlənməyi təklif edən kişinin qanunu altında olmağın nə demək olduğunu ciddi götür-qoy etməlidir. İllər əvvəl hindistanlı bir qız təvazökarlıqla e’tiraf etmişdir: «Valideynlərimiz bizdən böyükdürlər, həm də daha müdrikdirlər, onlar bizim kimi asanlıqla aldanmırlar... Özümə arxayın olsaydım, elə asanlıqla səhvə yol verərdim ki!» Bu məsələdə valideynlərin və başqalarının köməyi çox dəyərlidir. Bir müdrik məsihçi çox illər ərzində gənclərə məsləhət görürdü ki, gələcək həyat yoldaşının valideynləri ilə yaxından tanış olsunlar, o cümlədən, onun ata-anası və ailə üzvləri ilə münasibətinə diqqət yetirsinlər.
İsanın itaətkarlığı
8, 9. a) İsa Allahın tabeliyində olmasına necə baxırdı? b) İtaətkarlıq hansı faydanı gətirir?
8 İtaətkarlıq göstərmək çətin olduqda belə, qadınlar İsa kimi bunu özlərinə şərəf saya bilərlər. İtaətkarlığı iztirablar, o cümlədən, dirək üzərində e’dam olunmaq bahasına başa gəlsə də, İsa Allaha tabe olmaqdan sevinc duyurdu (Luka 22:41-44; İbranilərə 5:7, 8; 12:3). Qadınlar İsadan nümunə götürə bilərlər, çünki Müqəddəs Kitabda deyilir: «Hər ərin başı Məsih, arvadın başı ər, Məsihin başı isə Allahdır» (1 Korinflilərə 11:3). Ancaq qeyd etmək lazımdır ki, kişinin başçılığına tabe olmaq ancaq ərdə olan qadınlara aid deyil.
9 Müqəddəs Kitab izah edir ki, istər ailəli, istərsə də subay qadınlar məsihçi yığıncağına nəzarət edən ruhən yetkin kişilərin başçılığına tabe olmalıdırlar (1 Timoteyə 2:12, 13; İbranilərə 13:17). Qadınlar bu göstərişə əməl edəndə Allahın təşkilatında mələklərə nümunə verirlər (1 Korinflilərə 11:8-10). Bundan başqa, yaşlı ərli qadınlar gözəl nümunələri və faydalı məsləhətləri ilə gənc qadınlara ‘ərlərinə tabe olmağı’ öyrədirlər (Titusa 2:3-5).
10. İsa itaətkarlığa dair necə nümunə verdi?
10 İsa yerində olan itaətkarlığın dəyərini anlayırdı. Bir dəfə o, Peterə hər ikisinin yerinə vergi ödəməyi tapşırdı, hətta bunun üçün ona pul da verdi. Sonralar Peter yazmışdı: «Rəbb naminə hər cür bəşəri müəssisəyə... tabe olun» (1 Peter 2:13, 14; Matta 17:24–27). İtaətkarlığın ən parlaq nümunəsi olan İsa haqqında oxuyuruq: «Özünü heç edərək Özünü qul surətinə salıb, insanlara oxşar oldu. Görkəm e’tibarilə də insan kimi, O Öz təvazökarlığını göstərdi və... ölümədək itaətkarlıq etdi» (Filipililərə 2:5-8).
11. Nəyə görə Peter arvadları təşviq edirdi ki, ərləri imanda olmasa belə onlara tabe olsunlar?
11 Məsihçiləri bu dünyanın hətta sərt, ədalətsiz hakimlərinə tabe olmağa çağırmasının səbəbini Peter belə izah edirdi: «Ona görə ki, siz bunun üçün çağırıldınız. Çünki Məsih də bizə bir nümunə qoyaraq, bizim üçün iztirab çəkdi ki, biz Onun izləri ilə gedək» (1 Peter 2:21). İsanın çəkdiyi iztirabları və axıra qədər itaətkarlıqla dözdüyünü təsvir edəndən sonra, Peter ərləri imanda olmayan qadınları təşviq edirdi: «Ey qadınlar, siz də eyni şəkildə öz ərlərinizə tabe olun ki, bə’ziləri kəlama itaət etməzlərsə, ehtiram içində təmiz həyatınızı müşahidə edərək, siz arvadların rəftarı ilə heç bir söz söylənmədən fəth edilsinlər» (1 Peter 3:1, 2).
12. İsanın itaətkarlığı hansı bəhrələri gətirdi?
12 Tə’nə və təhqirlərin müqabilində itaətkarlıq göstərmək zəiflik kimi qiymətləndirilə bilər. Lakin İsa belə fikirləşmirdi. Peter yazırdı: «Söyülərkən, cavabında söymədi; əzab çəkərkən, təhdid etmədi» (1 Peter 2:23). İsanın iztirablarını müşahidə edənlərin bə’ziləri, məsələn, onunla yanaşı dirəkdə can verən cinayətkar və e’damına baxan yüzbaşı müəyyən dərəcədə iman gətirdilər (Matta 27:38-44, 54; Mark 15:39; Luka 23:39-43). Peter də deyirdi ki, imanda olmayan hətta kobud ərlər arvadlarının itaətkarlığını görərək məsihçi olacaqlar. Doğrudan da biz bu gün bunun şahidi olmuşuq.
Qadınlar ərlərini necə fəth edə bilərlər?
13, 14. İmanda olmayan ərə itaət etməyin hansı faydası dəyə bilər?
13 Həqiqəti qəbul etmiş qadınlar məsihçiyə layiq davranışları ilə həyat yoldaşlarını fəth etmişlər. Yehovanın Şahidlərinin son konqreslərinin birində bir kişi məsihçi arvadı haqqında demişdi: «Mən yoldaşımla yaramaz kimi rəftar edirdim. O isə mənə həmişə hörmətlə yanaşır, heç vaxt alçaltmırdı. İmanını mənə zorla qəbul etdirməyə çalışmırdı. O, məhəbbətlə mənim qayğıma qalırdı. Konqresə gedəndə yeməyimi əvvəlcədən hazırlayır və ev işlərini görürdü. Yoldaşımın davranışı məndə Müqəddəs Kitaba qarşı maraq oyatdı. İndi budur, mən Yehovanın Şahidiyəm!» Bəli, bu kişi sözün əsl mə’nasında arvadının rəftarı ilə ‘söz söylənmədən fəth edilmişdir’.
14 Peterin vurğuladığı kimi, arvadın sözlərindən çox əməlləri yaxşı bəhrələr gətirir. Bunu başqa bir qadının nümunəsindən görə bilərik. O, Müqəddəs Kitabı öyrənirdi və məsihçi görüşlərini buraxmamağa qəti qərar vermişdi. «Aqnes, əgər sən bu qapıdan çıxsan, bir də geri qayıtma!» deyə əri çığırdı. O da həmin qapıdan deyil, başqa qapıdan çıxdı. Növbəti dəfə Aqnes görüşə getməyə hazırlaşanda əri onu hədələdi: «Evə gələndə məni tapmayacaqsan». Doğrudan da əri evdən getmişdi. Üç gündən sonra o, evə qayıdanda Aqnes mehribanlıqla soruşdu: «Ac deyilsən ki?» Aqnes Yehovaya sədaqətindən heç vaxt dönmürdü. Axırda onun əri Müqəddəs Kitabı öyrənməyə razı oldu, həyatını Allaha həsr etdi, sonralar isə nəzarətçi kimi xidmət edərək, bir çox məs’uliyyətli işləri yerinə yetirirdi.
15. Məsihçi qadınlara hansı ‘bəzək’ tövsiyə edilir?
15 Həvari Peter yuxarıda xatırlanan qadınların nümayiş etdirdikləri bir şeyi — ‘bəzəyi’ qadınlara tövsiyə edirdi. Bununla o demək istəmirdi ki, qadınlar həddən artıq ‘saç hörməyə’ və ya ‘təmtəraqla geyinməyə’ aludə olmalıdırlar. Əksinə, Peter dedi: «Gizli olan daxili varlığınız, həlim və sakit ruhun faniləşməz gözəlliyi ilə sizin bəzəyiniz olsun. Bu, Allahın qarşısında çox qiymətlidir». Həmin ruh səsin tonunda, davranışda əks olunur. Belə ki, o tələbkar olmayacaq, əksinə özünu ləyaqətlə aparacaq. Bununla məsihçi qadın ərinə hörmət etdiyini göstərəcək (1 Peter 3:3, 4).
Qadınlar üçün örnək
16. Sara nəyə görə məsihçi qadınlar üçün gözəl nümunədir?
16 Peter davam edir: «Qədim zamanlarda Allaha ümid bəsləyən müqəddəs qadınlar da öz ərlərinə tabe olaraq, özlərini bu cür bəzəyirdilər» (1 Peter 3:5). O qadınlar başa düşürdülər ki, Yehovanın məsləhətinə diqqət yetirərək Onu razı salmaq ailəyə səadət gətirəcək və əbədi həyata çatdıracaq. Peter İbrahimin gözəl arvadı Saranın adını çəkir və qeyd edir ki, o, İbrahimi «ağa adlandıraraq, ona itaət etdi». Sara Allahdan qorxan ərinə dayaq idi. Yehova İbrahimi uzaq ölkədə xidmət etməyə göndərəndə o da rahat həyatı tərk etdi və özünü hətta təhlükəyə belə atdı (Yaradılış 12:1, 10-13). Peter Saranı cəsarətinə görə tə’rifləyib dedi: «Siz də yaxşılıq edib, heç bir dəhşətə qapılmayaraq, Saranın övladları oldunuz» (1 Peter 3:6).
17. Nəyə görə demək olar ki, məsihçi qadınlara nümunə çəkəndə Peter Aviqaili də nəzərdə tutmuşdu?
17 Allaha ümidini bağlayan digər qorxmaz qadın Aviqail idi. Çox ehtimal ki, Peter yuxarıdakı sözləri yazarkən onu da nəzərdə tutmuşdu. O özü «ağıllı», yoldaşı Naval isə «kobud və bədxasiyyət idi». Naval Davuda və onun adamlarına kömək etmək istəməyəndə onlar Navalı və evindəkiləri öldürməyə qalxdılar. Amma Aviqail onları xilas etmək üçün tədbir görməyə başladı. O, azuqəni eşşəklərin üstünə yükləyib Davudun və silahlanmış qoşunun qarşısına çıxdı. Onu görən kimi Aviqail eşşəkdən düşdü və Davudun ayaqlarına yıxılıb yalvardı ki, tələm-tələsik hərəkət etməsin. Davud onun hərəkətindən mütəəssir olub dedi: «İsrailin Allahı Rəbbə alqış olsun ki, bu gün məni qarşılamağa səni göndərdi. Ağlına bərəkallah» (1 Şamuel 25:2-33).
18. Əgər ərli qadına başqa bir kişi diqqət yetirirsə, o kimin nümunəsi üzərində düşünə bilər və nə üçün?
18 Arvadlar üçün digər gözəl nümunə sadə çobanın vəfalı nişanlısı gənc Şulam qızıdır. Varlı hökmdarın ona aşiq olub, xüsusi diqqət yetirməsinə baxmayaraq, qızın çobana olan sevgisi sönmədi. O, gənc çobana olan hisslərini belə ifadə etdi: «Məni qəlbinin başında, qolunun üstündə bir möhür kimi saxla. Çünki sevgi ölüm qədər qüvvətlidir... Sevgini ümman sular söndürə bilməz, onu çağlayan çaylar batıra bilməz» (Nəğmələr nəğməsi 8:6, 7). Qoy evlənmək təklifini qəbul edən hər kəs öz ərinə vəfalı olsun, ona ehtiram etsin.
Allahın başqa məsləhətləri
19, 20. a) Qadınlar nəyə görə ərlərinə tabe olmalıdırlar? b) Qadınlar üçün hansı gözəl nümunə vardır?
19 Sonda isə gəlin məqalənin əsaslandığı «qadınlar!.. Ərlərinizə tabe olun» ayəsinin kontekstini nəzərdən keçirək (Efeslilərə 5:22). Qadınlar nəyə görə ərlərinə tabe olmalıdırlar? Növbəti ayə bu suala cavab verir: «Çünki bədənin xilaskarı olan Məsih imanlılar cəmiyyətinin Başı olduğu kimi, ər də arvadın başıdır». Buna görə də, qadınlar təşviq olunurlar: «Cəmiyyət Məsihə tabe olduğu kimi, arvadlar da hər şeydə öz ərlərinə tabe olsunlar» (Efeslilərə 5:23, 24, 33).
20 Bu əmrə tabe olmaq üçün qadınlara İsanın məsh olunmuşlardan ibarət yığıncağının nümunəsini araşdırıb, tətbiq etmək lazımdır. Gəlin 2 Korinflilərə 11:23-28 ayələrini oxuyaq. Burada yığıncağın üzvü həvari Pavelin, onun Başı olan İsa Məsihə sadiqliyi qorumaq üçün nələrə tab gətirdiyi təsvir olunub. Qadınlar, həmçinin, yığıncağın digər üzvləri həvari Pavel kimi həmişə İsaya tabe olmalıdırlar. Qadınlar bunu ərlərinə tabe olmaqla göstərirlər.
21. Ərin itaətində qalmağa qadını nə təşviq edə bilər?
21 Bir çox qadınları ərə tabe olmaq fikri əsəbiləşdirsə də, müdrik qadın bunun gətirdiyi faydalar haqqında düşünəcək. Məsələn, Allahın qanun və prinsiplərinə zidd getməyən hər məsələdə imanda olmayan ərin başçılığına tabe olmaq çox ehtimal ki, yaxşı nəticə gətirəcək, qadın ‘ərini xilas edə’ biləcək (1 Korinflilərə 7:13, 16). Bundan savayı, Yehova Allahı razı saldığını və əziz Oğlunun nümunəsini izlədiyi üçün mükafatsız qalmayacağını bilmək qadına məmnunluq gətirəcək.
Xatırlayırsınızmı?
• Nəyə görə ərə hörmət etmək qadına çətin ola bilər?
• Evlənmək təklifini qəbul etmək nə üçün ciddi qərardır?
• İsa qadınlara hansı nümunəni qoyub və onun nümunəsini izləmək nəyə görə faydalıdır?
[15-ci səhifədəki şəkil]
Nəyə görə evlənmək təklifi aldıqda ciddi düşünmək lazımdır?
[17-ci səhifədəki şəkil]
Qadınlar Aviqail kimi Müqəddəs Kitab personajlarının nümunəsindən nə öyrənə bilərlər?