‘İlk dirilmə’ artıq başlayıb!
«Məsihə aid olan ölülər ən əvvəl diriləcəklər» (1 SALONİKİLİLƏRƏ 4:16).
1, 2. a) Ölənlər üçün hansı ümid var? b) Sən dirilməyə nə üçün inanırsan? (Haşiyəyə baxın.)
«DİRİLƏR öləcəklərini bilir». Adəmin günah işlətdiyi gündən bəri ölüm qaçılmazdır. Tarix boyunca dünyaya gələn hər bir insan öləcəyini bilir, buna görə də bu suallar çoxlarını düşündürür: «Ölümdən sonra nə olacaq? Ölülər hansı vəziyyətdədirlər?» Müqəddəs Kitab bu suallara belə cavab verir: «Ölülər heç nə bilmir» (Vaiz 9:5).
2 Bəs onlar üçün hər hansı ümid varmı? Bəli, var. Əgər Allah bəşəriyyətə dair ilk niyyətini yerinə yetirəcəksə, deməli, ölülər üçün də ümid yeri olmalıdır. Neçə əsrlərdir ki, Allahın sadiq xidmətçiləri Yehovanın, Şeytanı məhv edəcək və vurduğu zərəri aradan qaldıracaq Zürriyyətlə bağlı və’dinə iman edirlər (Yaradılış 3:15). Onlardan çoxu artıq ölmüşdür. Bu və digər və’dlərin yerinə yetməsini görmək üçün onlar həyata qayıtmalıdırlar (İbranilərə 11:13). Bu mümkündürmü? Əlbəttə. Həvari Pavel demişdir: «Həm saleh, həm də saleh olmayan ölülərin dirilməsi olacaqdır» (Həvarilərin işləri 24:15). Bir dəfə Pavel üçüncü mərtəbədən yıxılıb ölən Eftik adlı bir gənci diriltdi. Bu, Müqəddəs Kitabda qələmə alınan doqquz dirilmədən axırıncısıdır (Həvarilərin işləri 20:7-12)a.
3. İsanın Yəhya 5:28, 29 ayəsində yazılan sözlərindən şəxsən sən necə təsəlli alırsan və nə üçün?
3 Sadalanan doqquz dirilmə Pavelin sözlərinə inanmağa əsas verir. Onlar həm də İsanın və’dinə e’tibarımızı möhkəmləndirir: «Elə bir saat gəlir ki, qəbirlərdə olanların hamısı Onun [İsanın] səsini eşidəcəklər və qəbirlərindən çıxacaqlar» (Yəhya 5:28, 29). Bu sözlər qəlbimizi necə də isindirir! Əzizləri ölüm yuxusuna gedən milyonlarla insanlar üçün bunlar necə də təsəllivericidir!
4, 5. Müqəddəs Kitabda hansı müxtəlif dirilmələrdən danışılır və bu məqalədə hansı dirilmədən söhbət gedəcək?
4 Bir çox insanların dirilməsi Allahın Padşahlığı yer üzündə sülhü bərqərar edən zaman olacaq (Məzmur 37:10, 11, 29; Yeşaya 11:6-9; 35:5, 6; 65:21-23). Ancaq bundan öncə başqa dirilmələr olmalı idi. Əvvəlcə İsa Məsih dirilməli idi ki, qurbanının dəyərini bizim üçün Allaha təqdim etsin. Eramızın 33-cü ilində ölən İsa üç gündən sonra dirildi.
5 Sonra isə məsh olunmuşlardan ibarət «Allahın İsraili»nin üzvləri səmavi Padşahlıqda İsa Məsihə qovuşmalıdırlar. Orada onlar ‘daim Rəbb ilə olacaqlar’ (Qalatiyalılara 6:16; 1 Salonikililərə 4:17). Bu, Müqəddəs Kitabda ‘ilk dirilmə’ adlanır (Vəhy 20:6). Bu dirilmə bitəndən sonra qarşısında Cənnətdə əbədi yaşamaq imkanı açılan milyonlarla insanı diriltməyin vaxtı çatacaq. Göydə və ya yer üzündə yaşamaq ümidinə malik olmağımızdan asılı olmayaraq, ‘ilk dirilmə’ hamımızı maraqlandırır. Bu dirilmə necə və nə zaman baş verir?
«Hansı bədənlə?»
6, 7. a) Məsh olunmuşların göyə gedə bilmələri üçün nə baş verməlidir? b) Onlar hansı bədəndə diriləcəklər?
6 Korinflilərə yazdığı birinci məktubunda Pavel ilk dirilmə haqqında sual qaldırır: «Ölülər necə diriləcəklər? Və hansı bədənlə gələcəklər?» Sonra o öz sualına cavab verir: «Sənin əkdiyin şey ölməsə, həyata qovuşmaz... Lakin Allah o toxuma istədiyi kimi bədən verir... səmavilərin calalı başqa, dünyəvilərinki də başqadır» (1 Korinflilərə 15:35-40).
7 Pavelin sözlərindən aydın olur ki, ruhla məsh olunmuşlar səmavi mükafatlarını almazdan qabaq ölməlidirlər. Onlar öləndə bədənləri torpağa qayıdır (Yaradılış 3:19). Allahın müəyyən etdiyi vaxtda onlar səmavi həyat üçün münasib olan bədənlə dirilirlər (1 Yəhya 3:2). Allah, həmçinin onlara ölməzlik bəxş edir. Onlar ölməzliyi dünyaya gəldikləri zaman ölməz ruh şəklində almırlar. Pavel deyir: «Ölümlü varlığımız ölməzliyi geyməlidir». Ölməzlik Allahın bəxşişidir və onu yalnız birinci dirilmədə iştirak edənlər ‘geyinirlər’ (1 Korinflilərə 15:50, 53; 2 Korinflilərə 5:1, 2, 8).
8. Haradan bilirik ki, Allah 144 000 nəfəri müxtəlif dinlərdən seçmir?
8 İlk dirilmədə yalnız 144 000 nəfər iştirak edir. Yehova onları eramızın 33-cü ilinin Pentikost günündə, İsanı dirildəndən bir az sonra seçməyə başladı. Onların hər birinin ‘alnında Onun [İsanın] və Atasının adı yazılmışdır’ (Vəhy 14:1, 3). Deməli, bu insanlar çoxsaylı müxtəlif dinlərdən seçilmirlər. Onların hamısı məsihçidir və Atanın, yə’ni Yehovanın adını daşımaqla fəxr edirlər. Dirildikdən sonra onlar göydə tapşırıq alırlar. Allahın hüzurunda xidmət etmək imkanını onları çox sevindirir.
Artıq başlayıb?
9. Vəhy 12:7 və 17:14 ayələri ilk dirilmənin başladığı vaxtı təxmin etməyə necə kömək edir?
9 İlk dirilmə nə zaman başlayıb? Onun artıq başladığına əsaslı sübutlar var. Məsələn, gəlin «Vəhy» kitabının iki fəslini müqayisə edək. Əvvəlcə 12-ci fəslə nəzər salaq. Burada biz oxuyuruq ki, taxta təzəcə qalxmış İsa Məsih müqəddəs mələkləri ilə birlikdə Şeytan və onun cinlərinə qarşı vuruşur (Vəhy 12:7-9). Bu jurnalda tez-tez göstərildiyi kimi, bu döyüş 1914-cü ildə başlayıbb. Ancaq diqqət yetirin ki, heç bir məsh olunmuşun İsa ilə birlikdə bu səmavi müharibədə iştirak etdiyi deyilmir. İndi isə 17-ci fəslə baxaq. Burada oxuyuruq ki, ‘Böyük Babilin’ məhvindən sonra Quzu xalqlara «qalib gələcəkdir». Sonra isə deyilir ki, də’vət edilmişlər, seçilmişlər və sadiqlər həmin vaxt Quzu ilə birlikdədirlər (Vəhy 17:5, 14). ‘Də’vət edilmişlər, seçilmişlər və sadiqlər’ İsa ilə birlikdə Şeytanın dünyasını tamamilə məhv etmək üçün, o vaxta kimi artıq dirilməlidirlər. Məntiqəuyğundur ki, Har-Megidondan qabaq ölən məsh olunmuşlar 1914-cü il və Har-Megidon arasındakı vaxt müddətində dirilirlər.
10, 11. a) 24 ağsaqqal kimi təmsil edir və onlardan biri Yəhyaya nə açıqlayır? b) Bundan hansı qənaətə gələ bilərik?
10 İlk dirilmənin nə zaman başladığını daha dəqiq deyə bilərikmi? Vəhy 7:9-15 ayələrində yazılan maraqlı mə’lumata diqqət yetirək. Burada həvari Yəhya ‘kimsənin saymağa qadir olmadığı böyük bir izdihamı’ təsvir edir. İzdihamın kim olduğunu Yəhyaya 24 ağsaqqaldan biri açıqlayır. Bu ağsaqqallar Məsihin səmavi izzətə qovuşmuş padşahlıq şəriklərini təmsil edirlərc (Luka 22:28-30; Vəhy 4:4). Yəhya özü də səmavi ümidə malik idi, lakin bu ağsaqqal onunla danışanda o, hələ də yerdə idi. Buna görə də, bu görüntüdə o, hələ səmavi mükafatlarını almamış yerdəki məsh olunmuşları təmsil edir.
11 Bəs 24 ağsaqqaldan birinin böyük izdihamın kim olduğunu Yəhyaya açıqlamasından hansı nəticəyə gələ bilərik? Ehtimal ki, bu qrupa daxil olan dirilən məsh olunmuşlar bu gün Allahın həqiqətlərinin açıqlanmasında iştirak edirlər. Bunu bilmək nə üçün vacibdir? Çünki böyük izdihamın əslində kim olduğu yerdəki məsh olunmuşlara 1935-ci ildə açıqlandı. Əgər bu vacib həqiqətin açıqlanmasında 24 ağsaqqaldan biri iştirak etmişdirsə, deməli, o ən uzağı 1935-ci ildə dirilməli idi. Buradan belə qənaətə gələ bilərik ki, ilk dirilmə 1914-1935-ci illər arasında başlamışdır. Bəs bu tarixi daha dəqiq öyrənmək olarmı?
12. İlk dirilmənin 1918-ci ilin yazında başlandığını nə üçün fərz etmək olar?
12 Müqəddəs Kitaba əsasən bir-birinə paralel olduğu güman edilən növbəti hadisələri nəzərdən keçirmək bizim üçün faydalı olar. İsa Məsih eramızın 29-cu ilinin payızında Allahın Padşahlığının gələcək Padşahı kimi məsh olundu. Eramızın 33-cü ilinin yazında, üç il yarımdan sonra o, qüdrətli ruhani şəxsiyyət kimi dirildildi. Bəs onda güman etmək olarmı ki, İsa 1914-cü ilin payızında taxta çıxdığı üçün sadiq məsh olunmuş davamçılarının dirilməsi üç il yarım sonra, 1918-ci ilin yazında başlamışdır? Bu maraqlı fərziyyədir. Bunu Müqəddəs Kitabın əsasında iddia edə bilməsək də, bu fikir ilk dirilmənin Məsihin iştirakının başlamasından az sonra başladığını göstərən digər Müqəddəs Kitab ayələrinə zidd getmir.
13. İlk dirilmənin 1 Saloniklilərə 4:15-17 ayələrinə əsasən Məsihin iştirakının erkən dövründə başladığı qənaətinə necə gəlmək olar?
13 Məsələn Pavel yazırdı: «Sağ olan və Rəbbin gəlişinədək yaşayan bizlər, heç vəchlə gözlərini həyata yummuş olanlardan qabaq Onun yanına getməyəcəyik. Çünki Rəbb Özü yüksək nida ilə, baş mələyin sədası və Allahın şeypuru ilə göydən enəcək; və Məsihə aid olan ölülər ən əvvəl diriləcəklər. Ondan sonra yaşayıb, sağ qalan bizlər, onlarla bərabər Rəbbi havada qarşılamaq üçün buludlar içində qaldırılacağıq; və bu yolda daim Rəbb ilə olacağıq» (1 Saloniklilərə 4:15-17). «Rəbbin gəlişi» kimi tərcümə olunan ifadə əslində yunan dilində «Rəbbin iştirakı» deməkdir. Ancaq diqqət yetirin ki, Pavel onun iştirakının sonundan danışmırdı. Buna görə də, Məsihin iştirakı başlamazdan əvvəl ölən məsh olunmuşlar Məsihin iştirakı zamanı sağ olanlardan qabaq göylər həyatına dirilirlər. Bu o deməkdir ki, ilk dirilmə Məsihin iştirakının erkən dövründə başlayıb, onun iştirakı zamanı davam edir. Məsh olunmuşların hamısı eyni vaxtda dirilmir, ilk dirilmə müəyyən müddət ərzində baş verir.
«Onların hər birinə ağ libas verilib»
14. a) «Vəhy» kitabının 6-cı fəslində yazılan görüntülər nə zaman yerinə yetir? b) Vəhy 6:9 ayəsində nə təsvir olunur?
14 «Vəhy» kitabının 6-cı fəslində yazılmış digər sübuta diqqət yetirək. Burada İsa at belində oturan fateh kimi təsvir edilir (Vəhy 6:2). Dünyanın hər yerində misli görünməmiş müharibələr gedir (Vəhy 6:4). Aclıq geniş yayılmışdır (Vəhy 6:5, 6). İnsanlar ölümcül xəstəliklərdən qırılırlar (Vəhy 6:8). Bütün bunlar 1914-cü ildən dünyada hökm sürən vəziyyətə uyğun gəlir. Ancaq bununla bərabər başqa bir hadisə də baş verir. Gəlin Vəhy 6:9 (İ–93) ayəsində təsvir olunan qurbangaha nəzər salaq. Onun altında ‘Allahın sözündən və malik olduqları şəhadətdən ötrü qətl edilmişlərin canları’ vardır. ‘Hər məxluqa həyat [yə’ni can] verən qan’ olduğundan, əslində qurbangahın altındakı canlar cəsarət və sə’ylə xidmət etdiklərinə görə İsanın öldürülən sadiq xidmətçilərinin qanıdır (Levililər 17:11).
15, 16. Vəhy 6:10, 11 ayələrinin nə üçün ilk dirilməyə aid olduğunu izah edin.
15 Saleh Habilin qanı kimi, bu məsihçi şəhidlərin də qanı haqq-ədalətin bərpa olunması üçün fəryad edir (Yaradılış 4:10). «Onlar yüksək səslə çığırıb, deyirdilər: “Ey müqəddəs və həqiqi Mövla, nə vaxta kimi hökm etməyib, yer üzündə yaşayanlardan qanımızın intiqamını almayacaqsan?”» Sonra nə baş verir? «Onların hər birinə ağ libas verilib, deyildi ki, özləri kimi öldürüləcək həmkarlarının və qardaşlarının sayı tamamlanıncaya qədər, qısa bir müddət daha istirahət etsinlər» (Vəhy 6:10, 11).
16 Bu ağ libaslar qurbangahın altında olan qan gölməçəsinəmi verildi? Əlbəttə ki, yox! Libaslar, qanları məcazi mə’nada qurbangahın üstündə axıdılan kəslərə verildi. Onlar öz həyatlarını İsanın adı naminə qurban vermiş və indi ruhani şəxsiyyət kimi dirildilmişlər. Bunu haradan bilirik? «Vəhy»in əvvəlki fəsillərindən oxuyuruq: «Kim qalib gələrsə, ağ paltar geyəcək və Mən onun adını həyat kitabından əsla silməyəcəyəm». Həmçinin 24 ağsaqqalın ‘ağ paltar geydiyini və başında qızıl tac’ olduğunu xatırlayaq (Vəhy 3:5; 4:4). Beləliklə, müharibə, aclıq və xəstəliklər bəşəriyyəti sarsıtmağa başlayan zaman qurbangahın altındakı qanla təmsil olunan 144 000-nin ölən üzvləri göylər həyatına dirildilmiş və onlara simvolik ağ libaslar verilmişdi.
17. Ağ libasları alanlar hansı mə’nada ‘istirahət etməlidirlər’?
17 Bu yenicə dirilənlər ‘istirahət etməlidirlər’. Onlar səbirlə Allahın qisas gününü gözləməlidirlər. Onların ‘həmkarları’, yə’ni yer üzündəki məsh olunmuş qardaşları hələ sınaqlar qarşısında öz nöqsansızlıqlarını sübut etməlidirlər. Allahın hökmünün vaxtı gələndə onların ‘istirahəti’ qurtaracaq (Vəhy 7:3). Dirilənlər o zaman İsa Məsihlə birlikdə pisləri, o cümlədən günahsız məsihçilərin qanını tökənləri məhv edəcəklər (2 Saloniklilərə 1:7-10).
Bizim üçün bu nə deməkdir?
18, 19. a) Hansı səbəblərə görə siz elə qənaətə gəlirsiniz ki, ilk dirilmə artıq başlayıb? b) İlk dirilmə haqqında öyrəndikləriniz sizdə hansı hissləri oyadır?
18 Allahın Kəlamında ilk dirilmənin dəqiq tarixi deyilmir, ancaq onun müəyyən müddət ərzində — Məsihin iştirakı zamanı baş verdiyi açıqlanır. İlk növbədə Məsihin iştirakı başlamazdan əvvəl ölən məsh olunmuşlar dirilirlər. Məsihin iştirakı zamanı axıradək sadiq qalıb, yer üzündəki həyatlarını bitirən məsh olunmuşlar «bir göz qırpımında» güclü ruhani varlıqlara çevrilirlər (1 Korinflilərə 15:52). Məsh olunmuşların hamısımı səmavi mükafatlarını Har-Megidondan qabaq alacaq? Biz bunu bilmirik. Ancaq bilirik ki, Allahın tə’yin etdiyi vaxtda 144 000 nəfərin hamısı səmavi Sion dağında duracaq.
19 Həmçinin bilirik ki, 144 000 nəfərin əksəriyyəti artıq göylərdə Məsihə qovuşub. Yer üzündə onların yalnız kiçik bir qismi qalıb. Allahın hökm gününün sür’ətlə yaxınlaşdığına bu necə də güclü sübutdur! Şeytanın bütün dünyası tezliklə məhv ediləcək, özü isə dibsiz dərinliklərə atılacaqdır. Sonra yer üzündə yaşamaq ümidinə malik olanların dirilməsi başlayacaq və sadiq insanlar İsanın fidiyə qurbanlığı sayəsində Adəmin itirdiyi kamilliyə çatacaqlar. Yehovanın Yaradılış 3:15 ayəsində yazılan peyğəmbərliyi möhtəşəm surətdə yerinə yetəcək. Belə bir dövrdə yaşamaq necə də böyük şərəfdir!
[Haşiyələr]
a Digər səkkiz dirilmə haqqında 1 Padşahlar 17:21-23; 2 Padşahlar 4:32-37; 13:21; Mark 5:35, 41-43; Luka 7:11-17; 24:34; Yəhya 11:43-45; Həvarilərin işləri 9:36-42 ayələrində yazılıb.
b Məsihin iştirakının 1914-cü ildən başladığına dair Müqəddəs Yazılara əsaslanan sübutu Yehovanın Şahidləri tərəfindən dərc olunmuş «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 215-218-ci səhifələrindən tapa bilərsiniz.
c 24 ağsaqqalın səmavi mövqelərini tutan məsh olunmuşları təmsil etdiyi haqda mə’lumatı Yehovanın Şahidləri tərəfindən dərc olunmuş «Vəhy. Onun möhtəşəm zirvəsi yaxındır!» kitabının 77-ci səhifəsindən (rus.) tapa bilərsiniz.
Necə izah edərdiniz?
Aşağıdakı ayələrin köməyilə ‘ilk dirilmənin’ vaxtını necə müəyyən etmək olar?
• 1 Korinflilərə 15:23; 1 Salonikililərə 4:15-17