Fəsil 3
Allahın Yer üçün niyyəti nədən ibarətdir?
Allahın insanlar üçün niyyəti nədən ibarətdir?
Allaha qarşı üsyan necə qaldırıldı?
Gələcəkdə yer üzündə həyat necə olacaq?
1. Allahın Yer üçün niyyəti nədən ibarətdir?
ALLAHIN Yer üçün olan niyyəti həqiqətən də çox gözəldir. Yehova yer üzündə sağlam və xoşbəxt insanların məskun olmasını istəyir. Müqəddəs Kitabda deyilir: «Allah... Edendə bir bağ saldı... torpaqda gözəl görünüşlü və yemək üçün şirin meyvəli cürbəcür ağaclar yetirdi». Allah ilk insanları — Adəmlə Həvvanı yaratdıqdan sonra, onları bu gözəl bağda yerləşdirdi və onlara tapşırdı: «Törəyib çoxalın və yer üzünü bürüyüb ona sahib olun» (Yaradılış 1:28; 2:8, 9, 15). Beləliklə, Allah insanların dünyaya övlad gətirmələrini, yer üzünü becərmələrini və heyvanların qayğısına qalmalarını istəyirdi. Bir sözlə, Allahın niyyəti bütün yer üzünün Cənnət olması idi.
2. a) Allahın Yer üçün olan niyyətini həyata keçirəcəyini haradan bilirik? b) Müqəddəs Kitaba əsasən, yer üzündə kimlər əbədi yaşayacaqlar?
2 Necə düşünürsünüz, Yehova Allahın niyyəti nə vaxtsa həyata keçəcəkmi? İnsanlar yer üzündə Cənnət şəraitində yaşayacaqlarmı? Allah və’d edir: «Mən... dedim, mütləq yerinə yetirəcəyəm» (Yeşaya 46:9-11; 55:11). Bəli, Yehova bütün niyyətlərini hökmən yerinə yetirəcək! O, dünyanı «boşuna» yox, «üzərində yaşanılsın deyə» yaradıb (Yeşaya 45:18, KM). Cənnət şəraitində kimlər yaşayacaq və onlar nə qədər ömür sürəcəklər? Müqəddəs Kitab cavab verir: «Salehlər ölkəni mülk olaraq alacaq, onlar orada əbədi məskən salacaq» (Məzmur 37:29; Vəhy 21:3, 4).
3. Hal-hazırda yer üzündə hansı şərait hökm sürür və bu hansı sualları doğurur?
3 Allahın bu niyyətinin hələ yerinə yetmədiyi göz qabağındadır. Bu gün insanlar xəstələnir və ölürlər, onlar hətta döyüşərək bir-birini həlak edirlər. Bunlar hər şeyin öz axarı ilə getmədiyini göstərir. Əlbəttə, Allah insanların bu cür şəraitlərdə yaşamalarını istəmirdi! Bəs nə baş verdi? Allahın niyyəti nə üçün həyata keçmədi? Heç bir tarix dərsliyi bu suala cavab verə bilməz, çünki bütün bunların səbəbi göydə baş verən hadisələr oldu.
ALLAHIN DÜŞMƏNİ NECƏ PEYDA OLDU?
4, 5. a) İlandan istifadə edərək Həvva ilə danışan kim idi? b) Vicdanlı və namuslu adam sonradan necə oğru ola bilər?
4 Müqəddəs Yazıların birinci kitabında Eden bağında Allaha qarşı üsyan qaldıran düşmən haqqında danışılır. O, «ilan» adlanır, ancaq burada söhbət heyvandan getmir. Müqəddəs Kitabın sonuncu kitabı onun ‘bütün dünyanı aldadan iblis və şeytan’ olduğunu bildirir. O, həmçinin «qədim ilan» adlanır (Yaradılış 3:1; Vəhy 12:9). Gözə görünməyən ruhani varlıq olan bu güclü mələk, Həvva ilə danışmaq üçün ilandan istifadə etdi. Bu, mahir kuklaçının özünün yox, sanki əlindəki kuklanın danışdığını göstərməsinə bənzəyir. Həmin güclü mələk, Allahın Yeri insanların yaşaması üçün hazırladığı vaxt artıq mövcud idi (Əyyub 38:4, 7).
5 Əgər Allahın bütün yaratdıqları mükəmməldirsə, bəs onda Şeytan İblis necə peyda oldu? Sadə sözlərlə desək, Allahın güclü ruhani oğullarından birinin özü İblis oldu. Axı bu necə mümkündür? Hərdən vicdanlı və namuslu adam dönüb oğru olur. Bu necə baş verə bilər? Əvvəlcə insanın ürəyində düzgün olmayan istək yaranır. Əgər bu istəyin inkişaf etməsinə yol verib, onun üzərində düşünməyə davam edərsə, bu, qarşısıalınmaz bir problemə çevrilə bilər. İmkan yaranan kimi, həmin adam pis niyyətini həyata keçirə bilər (Yaqub 1:13-15).
6. Necə oldu ki, Allahın güclü ruhani oğlu Şeytan İblis oldu?
6 Buna bənzər hadisə Şeytan İblislə də baş verdi. Görünür, o, Allahın Adəmlə Həvvaya dünyaya övlad gətirib, yer üzünü doldurmalarına dair verdiyi tapşırığı eşitmişdi (Yaradılış 1:27, 28). Ola bilsin, Şeytan «insanlar Allaha yox, mənə xidmət edə bilərlər!» deyə düşünmüşdü. Bununla İblis, bu pis niyyəti öz ürəyində inkişaf etdirdi. Nəticədə isə, Allah haqqında yalan ittihamlar söyləyərək Həvvanı aldatdı (Yaradılış 3:1-5). Beləcə o, «böhtançı» mə’nasını verən İblis və «düşmən» mə’nasını verən Şeytan oldu.
7. a) Adəmlə Həvva nə üçün öldülər? b) Nəyə görə Adəmin bütün nəsli qocalır və ölür?
7 Şeytan İblis hiyləyə və yalana əl ataraq, Adəmlə Həvvanı Allahın əmrini pozmağa təhrik etdi (Yaradılış 2:17; 3:6). Allahın xəbərdarlıq etdiyi kimi, onların itaətsizliyi həyatları bahasına başa gəldi (Yaradılış 3:17-19). Adəm günah işlədərək kamilliyi itirdiyinə görə onun bütün nəsli günahı miras aldı (Romalılara 5:12). Adəmi əzik qəliblə müqayisə etmək olar. Belə bir qəlibdə bişirilən çörəyin forması necə olacaq? Əlbəttə, çörək həmişə əzik alınacaq. Buna bənzər tərzdə, hər bir insan da qeyri-kamil Adəmdən günahı miras almışdır. Bütün insanların qocalıb ölməsinin səbəbi də elə budur (Romalılara 3:23).
8, 9. a) Şeytan Allaha qarşı hansı ittihamı irəli sürdü? b) Nəyə görə Allah üsyankarları günah işlətdikdən dərhal sonra məhv etmədi?
8 Şeytan, Adəmlə Həvvanı Allaha qarşı günah işlətməyə təhrik etməklə, üsyan qaldırdı. O, Yehova Allahın hakimiyyətinə qarşı çıxdı. Əslində Şeytan belə iddia edirdi: «Allah pis rəhbərdir. O, insanları aldadır və bütün yaxşı şeylərdən məhrum edir. İnsanlar Allahın rəhbərliyi olmadan da yaşayarlar. Onlar nəyin yaxşı, nəyin pis olduğunu özləri qərara ala bilərlər. Mənim rəhbər olmağım onlar üçün daha yaxşı olardı». Allah bu təhqiredici ittihamlara necə cavab verdi? Bə’ziləri düşünürlər ki, Allah üsyankarları məhv etsəydi yaxşı olardı. Bəs bu, Şeytanın ittihamlarına cavab olardımı? Allahın rəhbərliyinin ən düzgün hakimiyyət olduğunu sübut edərdimi?
9 Yehovanın mükəmməl ədalət hissi yol vermədi ki, üsyankarları günah işlətdikdən dərhal sonra məhv etsin. Şeytanın meydan oxumasına əsaslı surətdə cavab vermək və yalançı olduğunu sübut etmək üçün vaxt tələb olunurdu. Buna görə də, Allah insanların öz idarə sistemlərini yaratmalarına və müəyyən vaxta qədər Şeytanın tə’siri altında qalmalarına yol verdi. Bu kitabın 11-ci fəslində Yehovanın belə davranmasının və bu sualın həllinə bu qədər vaxt sərf etməsinin səbəbi izah olunur. Hələlik gəlin düşünək: Adəmlə Həvva onlara heç bir yaxşılıq etməyən Şeytana inanmaqla düzgünmü hərəkət etdilər? Onlara həyat verən və qayğılarına qalan Yehovanın qəddar yalançı olduğuna inanmalarına əsasları vardımı? Bəs siz kimə inanardınız?
10. Siz Yehovanın tərəfini necə tuta bilərsiniz?
10 Bu sualların üzərində düşünməyimiz yaxşı olardı, çünki hər birimiz seçim qarşısında dururuq. Siz Yehovanın tərəfini tutmaq imkanına maliksiniz. Onu öz Hökmdarınız kimi qəbul etməklə, Şeytanın yalançı olduğunu sübut edə bilərsiniz (Məzmur 73:28; Süleymanın məsəlləri 27:11). Təəssüflər olsun ki, bu dünyada çox az insan belə seçim edir. Bu zaman ortaya belə bir sual çıxır: Müqəddəs Kitab dünyanı Şeytanın idarə etdiyini öyrədirmi?
BU DÜNYANI KİM İDARƏ EDİR?
Əgər dünyanın bütün padşahlıqları Şeytana məxsus olmasaydı, onları İsaya təklif edə bilərdimi?
11, 12. a) İsanın qarşılaşdığı sınaq, bu dünyanı Şeytanın idarə etdiyini necə göstərir? b) Bu dünyanı Şeytanın idarə etdiyinə dair daha hansı sübutlar var?
11 İsa dəqiq bilirdi ki, bu dünyanı Şeytan idarə edir. Bir dəfə Şeytan mö’cüzəli şəkildə İsaya «dünyanın bütün ölkələrini və onların şan-şöhrətini göstərdi». O və’d etdi: «Əgər yıxılıb mənə səcdə etsən, bütün bu şeyləri Sənə verərəm» (Matta 4:8, 9; Luka 4:5, 6). Belə bir şeyin üzərində düşünün: əgər dünyanın bütün padşahlıqları Şeytana məxsus olmasaydı, onun bu təklifi İsa üçün sınaq ola bilərdimi? İsa bütün dünya hökumətlərinin Şeytanın hakimiyyəti altında olduğunu inkar etmirdi. Əks təqdirdə, o bunu mütləq deyərdi.
12 Əlbəttə, Yehova — Külli-İxtiyar Allah və Kainatın Yaradanıdır (Vəhy 4:11). Lakin Müqəddəs Kitabın heç bir yerində deyilmir ki, Yehova Allah və ya Onun Oğlu İsa Məsih bu dünyanı idarə edirlər. Əksinə, İsa aydın şəkildə göstərdi ki, «bu dünyanın rəisi» Şeytandır (Yəhya 12:31; 14:30; 16:11). Şeytan İblis Müqəddəs Kitabda, hətta «bu əsrin tanrısı» adlanır (2 Korinflilərə 4:3, 4). Həvari Yəhya Şeytan haqqında yazmışdır: «Bütün dünya... şəririn hakimiyyəti altındadır» (1 Yəhya 5:19).
ŞEYTANIN DÜNYASI NECƏ MƏHV EDİLƏCƏK?
13. Salehlik ömür sürən yeni dünyaya nə üçün ehtiyac var?
13 Dünyadakı şərait ildən-ilə pisləşir. Hər yerdə müharibələr və cinayətkarlıq hökm sürür. İnsanlar vicdansız siyasətçilərə və ikiüzlü din xadimlərinə görə əziyyət çəkirlər. Dünyanı dəyişmək qeyri-mümkündür. Müqəddəs Kitabda deyilir ki, çox tezliklə Allah bu pis dünyanı Özünün ədalətli müharibəsi olan Har-Megidonda məhv edəcək. O zaman salehlik ömür sürən yeni dünya gələcək (Vəhy 16:14-16).
14. Allah Öz Padşahlığına kimi Başçı tə’yin etmişdir və bu haqda qabaqcadan necə xəbər verilmişdir?
14 Yehova Allah İsa Məsihi Öz səmavi Padşahlığının, yə’ni hakimiyyətinin Başçısı tə’yin etmişdir. Müqəddəs Kitabda qabaqcadan xəbər verilmişdir: «Bizim üçün körpə doğuldu, bizə oğul verildi, hakimiyyət onun çiyinləri üzərində olacaq, onun adı... Əmin-amanlıq Hökmdarı olacaq. Hakimiyyətinin və əmin-amanlığının artmasının sonu olmayacaq» (Yeşaya 9:6, 7). İsa bu hakimiyyət haqqında dua etməyi öyrədirdi: «Səltənətin [Padşahlığın] gəlsin. Göydə olduğu kimi, yerdə də Sənin iradən olsun» (Matta 6:10). Bu kitabın vasitəsilə Müqəddəs Kitabı öyrənməyə davam edərək görəcəksiniz ki, Allahın Padşahlığı tezliklə insan hakimiyyətlərini aradan qaldıracaq və özü idarə etməyə başlayacaq (Daniel 2:44). O zaman bütün yer üzü Cənnət olacaq.
YENİ DÜNYA YAXINDIR!
15. «Yeni yer» nədir?
15 Müqəddəs Kitab əmin edir: «Biz Onun [Allahın] və’dinə görə yeni göylər və yeni yer gözləyirik ki, onlarda salehlik ömür sürür» (2 Peter 3:13; Yeşaya 65:17). Bə’zən Müqəddəs Kitabda «yer» və ya «dünya» sözü altında orada yaşayan insanlar nəzərdə tutulur (Yaradılış 11:1). Buna görə də, salehlik ömür sürən «yeni yer» Allahın bəyəndiyi insan cəmiyyətidir.
16. Allah hansı qiymətli hədiyyəni təklif edir və onu necə almaq olar?
16 İsa və’d etdi ki, Allahın bəyəndiyi kəslər yeni dünyada «əbədi həyat» ən’amını alacaqlar (Mark 10:30). Zəhmət olmasa, Yəhya 3:16 və 17:3 ayələrini açın və əbədi həyatı almaq üçün nə etməli olduğumuza dair İsanın dediklərini oxuyun. İndi isə gəlin yerüzü Cənnətdə yaşayacaq insanları hansı xeyir-dualar gözlədiyini nəzərdən keçirək.
17, 18. Yer üzündə sülhün hökm sürəcəyinə nə üçün əminik?
17 Pislik, müharibələr, cinayətkarlıq və zorakılıq olmayacaq. «Pis yox olacaq... Məzlumlar [həlimlər] ölkəni mülk olaraq alacaq» (Məzmur 37:10, 11). Allah ‘yerin ucqarlarınadək döyüşləri dayandıracaq’ və orada sülh hökm sürəcək (Məzmur 46:9; Yeşaya 2:4). O zaman ‘salehlər çiçək açacaq, göydə ay durduqca firavanlıq artacaq’, yə’ni ay kimi əbədi olacaq! (Məzmur 72:7).
18 Yehovanın xidmətçiləri təhlükəsizlik içində yaşayacaqlar. Qədim israillilər Allaha itaət etdikləri müddət ərzində təhlükəsizlikdə yaşayırdılar (Levililər 25:18, 19). Buna bənzər tərzdə, yerüzü Cənnətdə təhlükəsizlik içində yaşamaq necə də gözəl olacaq! (Yeşaya 32:18; Mika 4:4).
19. Haradan bilirik ki, Allahın yeni dünyasında qida bolluğu olacaq?
19 Artıq aclıq olmayacaq. Müqəddəs Kitab və’d edir: ‘Ölkənin zəmiləri bol olacaq, dağların başında dalğalanacaq’ (Məzmur 72:16). Yehova Allah salehləri xeyir-dualandıracaq və ‘yer üzü bəhrəsini verəcək’ (Məzmur 67:6).
20. Bütün yer üzünün Cənnət olacağına nə üçün şübhə etməyə bilərik?
20 Bütün yer üzü Cənnətə çevriləcək. Bu gün günahlı insanların məhv etdikləri yer üzünü rahat yeni evlər və ətirsaçan bağçalar bəzəyəcək (Yeşaya 65:21-24; Vəhy 11:18). Tədricən bütün yer üzü Eden bağı kimi gözəl və məhsuldar olacaq. Allah daim əlini açacaq və hamını doyuracaq (Məzmur 145:16).
21. İnsanlarla heyvanlar arasında sülh olacağını haradan bilirik?
21 İnsanlarla heyvanlar arasında sülh olacaq. Vəhşi və ev heyvanları bir yerdə otlayacaqlar. Hətta uşaqlar bu gün təhlükəli hesab olunan heyvanlardan qorxmayacaqlar (Yeşaya 11:6-9; 65:25).
22. Nəyə görə artıq xəstəliklər olmayacaq?
22 Xəstəliklər olmayacaq. İsa yer üzündə yaşayanda bir çox insanları sağaldırdı. Allahın səmavi Padşahlığının Hökmdarı kimi, İsa daha böyük mö’cüzə yaradacaq: bütün insanların sağlam olmalarının qayğısına qalacaq (Matta 9:35; Mark 1:40-42; Yəhya 5:5-9). O zaman heç kim «“xəstəyəm” deməyəcək» (Yeşaya 33:24; 35:5, 6).
23. Nəyə görə dirilmə sevindirici hadisə olacaq?
23 Ölən əzizlərimiz dirildiləcək və əbədi yaşayacaqlar. Allah ölüm yuxusuna gedənlərin, lakin yaddaşında olanların hamısını həyata qaytaracaq. Müqəddəs Kitab və’d edir: «Həm saleh, həm də saleh olmayan ölülərin dirilməsi olacaqdır» (Həvarilərin işləri 24:15; Yəhya 5:28, 29).
24. Yer üzündə Cənnətdə yaşaya biləcəyinizi düşündükdə hansı hissləri keçirirsiniz?
24 Dahi Yaradanımız Yehova Allahla tanış olmaq və Ona xidmət etmək qərarına gələn insanları necə də gözəl gələcək gözləyir! İsa yanında ölən cinayətkara və’d etdi: «Sən Mənimlə bərabər cənnətdə olacaqsan» (Luka 23:43). İsa ona gələcəkdə yer üzündə olacaq Cənnətdən danışırdı. Bütün bu gözəl və’dlərin İsa Məsihin vasitəsilə həyata keçəcəyi üçün onun haqqında daha çox öyrənmək vacibdir.