FƏSİL 2
Allahdan nazil olan kitab
1, 2. Nəyə görə Müqəddəs Kitabı misilsiz hədiyyə adlandırmaq olar?
DOSTUNUZ sizə gözlənilmədən hədiyyə verəndə hansı hissləri keçirirsiniz? Yəqin, tez açıb baxmaq istəyirsiniz. Sizə xoşdur ki, dostunuz sizi düşünür. Hədiyyəyə görə ona minnətdarlığınızı bildirirsiniz.
2 Müqəddəs Kitab da (Tövrat, Zəbur, İncil) Allahın insanlara bəxş etdiyi hədiyyədir. Orada yazılan məlumatı başqa heç yerdə tapmaq mümkün deyil. Məsələn, orada Allahın yeri, göyü, ilk kişini və qadını yaratmasından bəhs olunur. Bu kitabdakı məsləhətlər bizə həyatda qarşılaşdığımız problemlərin öhdəsindən gəlməyə kömək edir. Orada Allahın Öz əzəli niyyətini necə yerinə yetirəcəyi, yer kürəsini cənnətə necə çevirəcəyi barədə yazılıb. Müqəddəs Kitab misilsiz hədiyyədir!
3. Müqəddəs Kitabı öyrəndikcə nəyə əmin olacaqsınız?
3 Müqəddəs Kitabı öyrəndikcə əmin olacaqsınız ki, Allah sizinlə dost olmaq istəyir. Onun haqqında nə qədər çox öyrənsəniz, dostluğunuz bir o qədər möhkəm olacaq.
4. Müqəddəs Kitabla bağlı hansı məlumat sizə daha çox maraqlı oldu?
4 Müqəddəs Kitab 2800-dən çox dilə tərcümə edilib, milyardlarla nüsxədə çap olunub. Dünya əhalisinin 90 faizindən çoxu Müqəddəs Kitabı öz ana dilində oxuya bilir. Hər həftə bir milyondan artıq insan Müqəddəs Kitabı əldə edir. Bəli, doğrudan da, Müqəddəs Kitabın tayı-bərabəri yoxdur!
5. Nəyə görə demək olar ki, Müqəddəs Kitabdakı hər kəlmə Allahdandır?
5 Müqəddəs Kitabdakı «hər kəlmə Allahdandır». (2 Timutiyə 3:16 ayəsini oxuyun.) Amma bəzi insanlar düşünür ki, o, Allahın Kəlamı ola bilməz, çünki onu insanlar yazıb. Amma kitabın bir ayəsində belə deyilir: «İnsanlar müqəddəs ruh tərəfindən yönəldilərək Allahdan gələn sözləri danışıblar» (2 Butrus 1:21). Bunu müdirin katibəyə məktub yazdırmağına bənzətmək olar. Məktubu katibə yazsa da, oradakı fikirlər müdirə məxsusdur. Eynilə, Müqəddəs Kitabın müəllifi də onu yazan insanlar deyil, o insanlara ilham verən Allahdır. Yaradan onların vasitəsilə bu kitaba Öz fikirlərini yazdırıb. Bəli, Müqəddəs Kitab «Allahın sözü»dür (1 Salonikililərə 2:13; 2-ci əlavəyə baxın).
Müqəddəs Kitab («Yeni Dünya Tərcüməsi») bir çox dillərdə dərc olunub
DƏQİQ VƏ ETİBARLI KİTAB
6, 7. Nəyin əsasında deyə bilərik ki, Müqəddəs Kitabda ziddiyyət yoxdur və fikirlər bir-birilə uzlaşır?
6 Müqəddəs Kitabın yazılma müddəti 1600 ildən çox vaxtı əhatə edir. Onu qələmə alan insanlar fərqli-fərqli dövrlərdə yaşayıblar. Kimisi ali, kimisi orta savadlı olub. Məsələn, onların içində həkim də olub, əkinçi də, balıqçı da, çoban da. Onlardan kimisi peyğəmbər, kimisi hakim, kimisi padşah olub. Bu insanlar bir-birindən fərqlənsə də, Müqəddəs Kitabda onların qələmə aldığı bütün fikirlər bir-birilə uzlaşır. Kitabın bir fəslində bir şeydən, o biri fəslində tamam başqa şeydən danışılmıra.
7 Müqəddəs Kitabın əvvəlində Allahın Adəmlə Həvvanı yaratmasından, onların Allaha asi çıxmasından bəhs olunur. Bunun nəticəsində onlar xəstələnib, qocalıb, öldülər. Müqəddəs Kitabın sonunda isə Allahın insanlara sağlamlıq, əbədi həyat və xoşbəxtlik verəcəyindən danışılır. Bəşərin Müqəddəs Kitabda təsvir olunan bir neçə minillik tarixi sübut edir ki, Allahın niyyəti həmişə yerinə yetir.
8. Hansı nümunələr Müqəddəs Kitabın elmi məsələlərdə dəqiq olduğunu sübut edir?
8 Müqəddəs Kitab elmi kitab olmasa da, elmi məsələlərdə dəqiqdir. Allahdan nazil olan kitab məhz belə olmalıdır. Məsələn, «Lavililər» kitabında bir sıra göstərişlər yazılmışdır ki, onlara əməl etməklə Allahın xalqı yoluxucu xəstəliklərin qarşısını ala bilərdi. Bu göstərişlər insanlar bakteriya və virusların necə yayıldığını kəşf etməzdən uzun illər əvvəl verilmişdi. Həmçinin Müqəddəs Kitabda aydın şəkildə deyilir ki, yer heçlikdə asılıb (Əyyub 26:7). Eləcə də əksər insanların yerin müstəvi formada olduğuna inandığı bir dövrdə Müqəddəs Kitab yerin dairə şəklində olduğunu söyləyirdi (Əşiya 40:22).
9. Müqəddəs Kitabı yazanların dürüstlüyü nəyi sübut edir?
9 Müqəddəs Kitab tarixi baxımdan da dəqiqdir. Çox vaxt tarix kitablarını yazanlar həqiqəti tam açmırlar, müəyyən şeyləri oxuculardan gizlədirlər. Məsələn, əksər hallarda onlar öz xalqlarının müharibədə məğlub olmağı barədə yazmırlar. Müqəddəs Kitabı yazanlar isə öz işlərinə dürüstlüklə yanaşıblar, hətta öz xalqlarının məğlubiyyəti haqqında açıq yazıblar. Onlar öz səhvlərini belə gizlətməyiblər. Məsələn, Musa peyğəmbər özünün ciddi səhvə yol verdiyini və bunun Allaha xoş getmədiyini yazmışdı (Saylar 20:2—12). Müqəddəs Kitabı yazanların dürüstlüyü bu kitabın Allahdan olduğunu sübut edir. Odur ki Müqəddəs Kitaba tamamilə etibar edə bilərik.
HİKMƏTLİ MƏSLƏHƏTLƏR TOPLUSU
10. Nəyə əsasən demək olar ki, Müqəddəs Kitabdakı məsləhətlərin bizə köməyi dəyə bilər?
10 «Müqəddəs Yazılardakı hər kəlmə Allahdandır və təlim, tənbeh, islah üçün... faydalıdır» (2 Timutiyə 3:16). Müqəddəs Kitabdakı məsləhətlərin bizə böyük köməyi dəyə bilər. Yehova Allah Yaradanımız olduğu üçün fikirlərimizi və hisslərimizi başa düşür, O, bizi bizdən yaxşı tanıyır və bizim xoşbəxt olmağımızı istəyir. Nəyin xeyrimizə, nəyin ziyanımıza olduğunu gözəl bilir.
11, 12. a) «Mətta» kitabının 5-dən 7-ə kimi fəsillərində hansı məsələlərlə bağlı məsləhət var? b) Müqəddəs Kitab bizə daha nədə kömək edə bilər?
11 «Mətta» kitabının 5-dən 7-yə kimi fəsillərində xoşbəxtlik, insanlarla yola getmək, dua, pula münasibət kimi məsələlərlə bağlı hikmətli məsləhətlər verilir. Baxmayaraq ki, bu məsləhətlər 2000 il bundan qabaq verilib, bu gün də öz gücünü və təsirini itirməyib.
12 Yehova Allahın Müqəddəs Kitabda verdiyi prinsiplərə əməl etsək, ailəmiz xoşbəxt olar, özümüz yaxşı işçi olarıq və insanlarla yola getməyi bacararıq. Bu prinsiplər kimliyindən, harada yaşamağından, hansı problemlərlə üzləşməyindən asılı olmayaraq, hamıya kömək edə bilər. (Əşiya 48:17 ayəsini oxuyun; 3-cü əlavəyə baxın.)
PEYĞƏMBƏRLİKLƏR KİTABI
Əşiya peyğəmbər Babilin zəbt olunacağını uzun illər əvvəl xəbər vermişdi
13. Əşiya peyğəmbər Babil şəhərinin aqibəti barədə nə yazmışdı?
13 Müqəddəs Kitabda yazılan peyğəmbərliklərin əksəriyyəti artıq yerinə yetib. Məsələn, Əşiya peyğəmbər Babilin dağılacağı barədə qabaqcadan xəbər vermişdi (Əşiya 13:19). O, şəhərin necə zəbt olunacağını ətraflı yazmışdı. Şəhəri iri darvazalar və çay qoruyurdu. Əşiya peyğəmbər çayın quruyacağını, darvazaların açıq qalacağını yazmışdı. Düşmənlər şəhəri döyüşsüz zəbt edəcəkdi. Əşiya peyğəmbər hətta Babili zəbt edəcək insanın adını belə yazmışdı. Bu şəxsin adı Kuruş idi. (Əşiya 44:27—45:2 ayələrini oxuyun; 4-cü əlavəyə baxın.)
14, 15. Əşiya peyğəmbərin Babil haqqında dedikləri necə yerinə yetdi?
14 Peyğəmbərlik yazılandan iki yüz il sonra Babilin düşmənləri şəhərə yaxınlaşıb hücuma hazırlaşır. Bilirsiniz, düşmən ordusunun başında kim durur? Peyğəmbərlikdə deyildiyi kimi, Kuruş (Kir), fars dövlətinin şahı. Bəs görəsən, Kuruşun ordusu, peyğəmbərlikdə yazıldığı kimi, Babili zəbt edə biləcək?
15 Fars ordusu hücuma keçən gecə Babil əhalisinin başı şəhərdə verilən ziyafətə qarışmışdı. Babilin möhtəşəm qala divarları və şəhəri qoruyan çayın sayəsində babillilər özlərini təhlükəsizlikdə hiss edir. Onların şəhərdən kənarda baş verənlərdən xəbəri yoxdur. Orada Kuruşun ordusu çayın səviyyəsini azaltmaq üçün kanal qazır. Çayın səviyyəsi o dərəcə azalır ki, fars əsgərləri çayı asanlıqla keçir. Bəs qoşun Babil divarlarını necə aşacaq? Peyğəmbərlikdə deyildiyi kimi, şəhər darvazaları açıq qalır, buna görə də əsgərlər şəhəri döyüşsüz ələ keçirirlər.
16. a) Əşiya peyğəmbərin yazdıqlarına əsasən, Babili nə gözləyirdi? b) Babillə bağlı peyğəmbərliyin yerinə yetdiyini nə sübut edir?
16 Əşiya peyğəmbərin yazdıqlarına əsasən, bir gün Babil xaraba qalacaqdı. Əşiya 13:20 ayəsində deyilir: «Orada heç vaxt insan yaşamayacaq. Nəsillər gəlib-keçəcək, kimsə orada məskunlaşmayacaq». Bəs bu sözlər yerinə yetdi? Əvvəllər Babilin durduğu yer hal-hazırda xarabalıqdır; bu xarabalıq İraqın paytaxtı Bağdad şəhərindən təxminən 80 kilometr cənubda yerləşir. Orada ins-cins yaşamır. Yehova Babili, sanki, «qırğın süpürgəsiylə» süpürüb (Əşiya 14:22, 23)b.
Babilin xarabalıqları
17. Allahın bütün vədlərinin gerçəkləşəcəyinə nəyə görə əmin ola bilərik?
17 Çoxsaylı Müqəddəs Kitab peyğəmbərliklərinin yerinə yetməsi bizi əmin edir ki, orada gələcəklə bağlı deyilən peyğəmbərliklər də mütləq gerçək olacaq. Yehova Allah söz verdiyi kimi, dünyanı cənnətə döndərəcək. (Saylar 23:19 ayəsini oxuyun.) Bəli, biz «heç vaxt yalan danışmayan Allahın əzəldən vəd etdiyi əbədi həyat»a ümid edirik (Titusa 1:2)c.
HƏYATINIZI DƏYİŞƏCƏK KİTAB
18. İbranilərə 4:12 ayəsi Allahın Kəlamı barədə nə deyir?
18 Beləcə, biz gördük ki, Müqəddəs Kitab misli-bərabəri olmayan kitabdır. Orada yazılanlar bir-birinə həmahəngdir, elmi və tarixi baxımdan olduqca dəqiqdir. Bu kitabda gözəl məsləhətlər, artıq təsdiqini tapmış çoxsaylı peyğəmbərliklər yer alıb. Amma Müqəddəs Kitab yalnız bu cəhətləri ilə fərqlənmir. Kitabın bir ayəsində deyilir: «Allahın sözü canlı və qüdrətlidir». Gəlin görək bu sözlər nə məna daşıyır. (İbranilərə 4:12 ayəsini oxuyun.)
19, 20. a) Müqəddəs Kitab sizə nədə kömək edə bilər? b) Müqəddəs Kitaba dəyər verdiyinizi necə göstərə bilərsiniz?
19 Müqəddəs Kitab insanın həyatını dəyişməyə qadirdir. O, sizə özünüzü yaxşı tanımağa, qəlbinizin dərinliyində yatan fikirləri, hissləri anlamağa kömək edə bilər. Tutalım, insan deyir ki, Allahı sevir. Bəs onun Allahı sevdiyi nədən görünür? O, Müqəddəs Kitabda yazılanlara əməl edirmi?
20 Bəli, Müqəddəs Kitab Allahdan nazil olub. Allah istəyir ki, biz onu oxuyaq, araşdıraq, sevək. Bu hədiyyəni dəyərləndirin, onu öyrənməyə davam edin. Onda Allahın bəşəriyyətlə bağlı niyyətini dərk edəcəksiniz. Növbəti fəsildə Allahın bu niyyəti barədə danışacağıq.
a Müqəddəs Kitabda ilk baxışdan ziddiyyətli görünən ayələri dərindən araşdırdıqda onlar arasında heç bir ziddiyyətin olmadığı aydın olur. Əlavə məlumat üçün jw.org saytında «Müqəddəs Kitabda ziddiyyətlər varmı?» məqaləsinə baxın (MÜQƏDDƏS YAZILARIN TƏLİMLƏRİ > MÜQƏDDƏS YAZILARA AİD SUALLARA CAVAB > Müqəddəs Yazılar).
b Müqəddəs Kitabdakı bu peyğəmbərlik barədə əlavə məlumat almaq üçün Yehovanın Şahidləri tərəfindən dərc olunan «Hamı üçün olan kitab» broşürünün 27—29 səhifələrinə baxın.
c Babil barədə peyğəmbərlik yerinə yetən Müqəddəs Kitab peyğəmbərliklərindən yalnız biridir. Məsih haqqında deyilən peyğəmbərlikləri 5-ci əlavədə oxuya bilərsiniz.