FƏSİL 3
Allahın bəşəriyyətlə bağlı niyyəti
1. Allahın bəşəriyyətlə bağlı niyyəti nə idi?
ALLAHIN bəşəriyyətlə bağlı gözəl niyyəti var idi. O, ilk kişini və qadını, Adəmlə Həvvanı cənnətdə yaşamaq üçün yaratmışdı. Yaradanın niyyəti o idi ki, onlar dünyaya övlad gətirsinlər, bütün yer üzünü cənnətə çevirsinlər və heyvanların qayğısına qalsınlar (Yaradılış 1:28; 2:8, 9, 15; 6-cı əlavəyə baxın).
2. a) Haradan bilirik ki, Allah Öz niyyətini mütləq həyata keçirəcək? b) Müqəddəs Kitaba əsasən, insanlar nə qədər yaşayacaqlar?
2 Sizcə, dünya nə vaxtsa cənnət olacaq? Bu suala Yehova Allahın növbəti sözləri cavab verir: «Niyyət etdim, həyata keçirəcəyəm» (Əşiya 46:9—11; 55:11). Bəli, Allah nə niyyət edibsə, nə deyibsə, hamısı mütləq gerçək olacaq, Ona heç kim və heç nə mane ola bilməz. Allah Öz Kəlamında bizə əyan edir ki, yer kürəsini «boş yerə» yaratmayıb, müəyyən məqsədlə yaradıb (Əşiya 45:18). Yaradanın niyyəti budur ki, insanlar bütün yer kürəsində məskun olsunlar. Bəs Allah yerdə necə insanların yaşamasını istəyir və insanların ömrü nə qədər olacaq? Müqəddəs Kitabda yazılıb: «Salehlər [itaətkar insanlar] yerə sahib olacaq, orada əbədi yaşayacaqlar» (Zəbur 37:29; Vəhy 21:3, 4).
3. Dünyanın hazırkı vəziyyəti hansı sualı doğurur?
3 Amma acı həqiqət bundan ibarətdir ki, bu gün insanlar xəstələnir, qocalır və ölürlər. Dünyanın əksər yerlərində insanlar bir-birilə savaşır, bir-birini qətlə yetirir. Sözsüz ki, bu, Allahın niyyətində yox idi. Bəs onda nəyə görə dünya bu vəziyyətdədir? Bu suala yalnız Müqəddəs Kitab cavab verə bilər.
ALLAHIN DÜŞMƏNİ
4, 5. a) Ədən bağında Həvva ilə danışan kim idi? b) Sizcə, dürüst insan birdən-birə oğru olur?
4 Müqəddəs Kitabda yazılıb ki, Allahın İblis və Şeytan adlı düşməni var. İblis Ədən bağında ilan vasitəsilə Həvva ilə danışır (Vəhy 12:9; Yaradılış 3:1). İblis elə fənd işlədir ki, sanki, Həvva ilə o yox, ilan danışır. (7-ci əlavəyə baxın.)
5 Beləcə, Allah yer üzünü Adəmlə Həvva üçün hazırlayanda Onun dərgahında mələk olan bu varlıq dəyişib İblis oldu (Əyyub 38:4, 7). Bu necə mümkündür? Gəlin bir az düşünək: bəzən dürüst, vicdanlı insan sonradan oğru olur. Təbii ki, o, anadan oğru doğulmayıb. Əvvəlcə insan ona məxsus olmayan bir şeyə tamah salır, durmadan bu barədə düşünür. Sonda tamah ona güc gəlir və əlinə fürsət düşən kimi həmin şeyi oğurlayır. Beləliklə, vicdanlı insan oğru olur. Eynilə, Həvvanı yoldan çıxaran mələyi də Allah Şeytan kimi yaratmamışdı, o, özü bu yolu seçdi. (Yaqub 1:13—15 ayələrini oxuyun; 8-ci əlavəyə baxın.)
6. Necə oldu ki, Allahın mələklərindən biri Ona düşmən oldu?
6 Gəlin görək bu necə baş verdi. Yehova Allah Adəmlə Həvvanı yaradandan sonra onlara belə bir əmr vermişdi: «Törəyib çoxalın, bütün yer üzünü doldurun» (Yaradılış 1:27, 28). Ola bilsin, Şeytan kimi tanıdığımız bu mələyin başından belə fikirlər keçmişdi: «Bütün bu insanlar Yehovaya yox, mənə səcdə qıla bilər!» O, bu haqda nə qədər çox fikirləşirdisə, bu istək onda bir o qədər güclənirdi. Həmin mələk özünü Allah-Taalaya tay tutur, istəyirdi ki, insanlar Allaha yox, ona ibadət etsin. Buna görə də Həvvanı aldadıb günaha təhrik etdi. (Yaradılış 3:1—5 ayələrini oxuyun.) Bununla da o, Allahın düşməni, Şeytan İblis oldu.
7. a) Nəyə görə Adəmlə Həvva öldü? b) Nə üçün insanlar qocalıb ölür?
7 Adəmlə Həvva Allahın sözündən çıxıb qadağan olunmuş ağacın meyvəsindən yedilər (Yaradılış 2:17; 3:6). Onlar Yehova Allaha qarşı günah işlətdilər və Allahın dediyi kimi, müəyyən müddətdən sonra öldülər (Yaradılış 3:17—19). Adəmlə Həvvanın dünyaya gətirdiyi övladlar da günahlı doğulduqları üçün öldülər. (Romalılara 5:12 ayəsini oxuyun.) Sual yarana bilər ki, nəyə görə Adəmlə Həvvanın övladları da günahlı sayılır? Gəlin bir misala baxaq. Təsəvvür edin ki, çörək bişirdiyiniz qabın böyrü əyilib. Təbii ki, bu qabda bişən çörəyin də böyrü əyri olacaq. Adəm Allahın sözündən çıxmaqla günahlı oldu. Adəmin övladları olduğumuz üçün biz də günahlıyıq, belə desək, əyri qabda bişmiş çörək kimi, qüsurluyuq. Nəticə etibarilə, hamımız günahlıyıq və hamımız ulu valideynlərimiz kimi, qocalıb ölürük (Romalılara 3:23; 9-cu əlavəyə baxın).
8, 9. a) İblis Adəmlə Həvvanı nəyə inandırmaq istəyirdi? b) Nəyə görə Yehova Allah üsyankarları dərhal öldürmədi?
8 İblis Adəmlə Həvvanı Allahın sözündən çıxmağa təhrik etməklə Allahın hakimiyyətinə meydan oxudu. O, Adəmlə Həvvanı inandırmaq istəyirdi ki, Allah yalançıdır və pis hökmdardır, onların yaxşılığını istəmir. Şeytan Adəmlə Həvvaya təlqin etmək istəyirdi ki, onların Allahın rəhbərliyinə ehtiyacı yoxdur, nəyin pis, nəyin yaxşı olduğuna özləri qərar verə bilərlər. Bəs Yehova Allah nə etdi? Düzdür, Allah Ona asi çıxan bu üsyankarları məhv edə bilərdi. Bəs bununla Şeytanın yalançı olduğu sübut olunacaqdımı? Təbii ki, yox.
9 Elə bu səbəbdən Yehova Allah üsyankarları dərhal öldürmədi. Əksinə, insanlara möhlət verdi, izin verdi ki, özləri özlərinin ağası olsunlar. Bunun sayəsində Şeytanın yalançı olduğu və əslində, Yehova Allahın insanların xeyrini düşündüyü sübut olunacaqdı. Bu mövzu 11-ci fəsildə ətraflı açıqlanır. Bəs siz Adəmlə Həvvanın verdiyi qərar barədə nə deyərdiniz? Sizcə, onlar Şeytanın sözünə uyub Allahın əmrini pozmaqla düz hərəkət etdilər? Adəmlə Həvvanın nəyi var idisə, hamısını Yehova Allah vermişdi. Allah onlara mükəmməl həyat, gözəl yaşayış yeri vermişdi, ürəklərincə olan iş tapşırmışdı. Şeytanın isə onlara heç bir yaxşılığı dəyməmişdi. Onların yerində siz olsaydınız, nə edərdiniz?
10. Hər bir insan hansı vacib seçim qarşısındadır?
10 Bu gün də hər bir insan eyni seçim qarşısındadır və bu, ölüm-dirim məsələsidir. Biz ya bir Hökmdar kimi Yehova Allaha boyun əyməliyik, ya da, əks təqdirdə, Şeytanın tərəfini tutmuş olacağıq. Allaha itaət etməklə biz öz tərəfimizdən Şeytanın yalançı olduğunu sübut edə bilərik (Zəbur 73:28; Məsəllər 27:11 ayəsini oxuyun). Təəssüf ki, bu dünyada çox az adam Allaha itaət edir. Çünki bu zalım dünya başqa bir varlığın əlindədir. Görəsən, bu varlıq kimdir?
DÜNYA KİMİN ƏLİNDƏDİR?
Dünya İblisin əlində olmasaydı, o, bütün səltənətləri İsa Məsihə təklif edə bilərdi?
11, 12. a) İblisin İsa Məsihə etdiyi təklifdən nə aydın olur? b) Dünyanın Şeytanın əlində olduğunu hansı ayələr sübut edir?
11 Bir dəfə Şeytan İsa Məsihi sınamaq üçün dünyanın bütün səltənətlərini ona göstərib deyir: «Bunlar üzərində hakimiyyəti və onların cah-calalını sənə verəcəyəm, çünki bu, mənə verilib və mən onu kimə istəsəm, ona da verirəm» (Luka 4:5, 6; Mətta 4:8, 9). Bəli, dünya üzərində hakimiyyət Şeytana məxsusdur, yəni dünya Şeytanın əlindədir və İsa Məsih bundan agah idi.
12 Sizdə sual yarana bilər: «Necə yəni dünya Şeytanın əlindədir? Məgər yerin-göyün sahibi Allah deyil?» (Vəhy 4:11). Əlbəttə ki, Allahdır, lakin Müqəddəs Kitabda Şeytan «bu dünyanın hökmdarı», «bu dövrün allahı» adlanır (Yəhya 12:31; 14:30; 16:11; 2 Korinflilərə 4:3, 4). Yəhya peyğəmbər də yazmışdı ki, «bütün dünya... Şəririn əlindədir» (1 Yəhya 5:19).
ŞEYTANIN ZALIM DÜNYASI MƏHV OLACAQ
13. Nəyə görə Allah bu zalım dünyanı məhv edəcək?
13 Get-gedə bu dünyada yaşamaq çətinləşir. Müharibə, azğınlıq, riyakarlıq və zorakılıq dünyaya hakim kəsilib. İnsanlar nə qədər çalışsalar da, bu problemləri həll edə bilmirlər. Lakin Allah-Taala bu şər dünyanı məhv etmək üçün bir gün təyin edib; həmin gün Müqəddəs Kitabda Armageddon adlanır. Armageddondan sonra Allah yeni dünya quracaq, yer kürəsini cənnətə çevirəcək (Vəhy 16:14—16; 10-cu əlavəyə baxın).
14. Allahın Padşahlığının Padşahı kimdir? Müqəddəs Kitabda İsa Məsih haqqında nə peyğəmbərlik olunub?
14 Allah göydə bir hökumət qurub. Müqəddəs Kitabda bu hökumət Allahın Padşahlığı və ya səmavi Padşahlıq adlanır. Allah İsa Məsihi bu hökumətin Padşahı təyin edib. Bir neçə min il əvvəl peyğəmbərlik olunmuşdu ki, bu Padşah «Sülh əmiri» olacaq və onun hakimiyyəti sonsuzadək sürəcək (Əşiya 9:6, 7). Müqəddəs Kitab bizi bu Padşahlıq haqda dua etməyə çağırır: «Qoy Padşahlığın gəlsin. Qoy Sənin iradən göydə olduğu kimi, yerdə də yerinə yetsin» (Mətta 6:10). 8-ci fəsildə Allahın Padşahlığının dünya hökumətlərini necə əvəz edəcəyi barədə öyrənəcəyik. (Dənyal 2:44 ayəsini oxuyun.) Dünyanı Allahın hökuməti idarə edəndə yer üzü cənnətə dönəcək. (11-ci əlavəyə baxın.)
DÜNYA CƏNNƏT OLACAQ!
15. «Yeni yer» nədir?
15 Müqəddəs Kitabda vəd verilir: «Biz isə... yeni bir göy və yeni yer gözləyirik, orada salehlik məskunlaşacaq» (2 Butrus 3:13; Əşiya 65:17). Müqəddəs Kitabda bəzən «yer» sözü yer üzündə yaşayan insanlara aid işlənir (Qanunun təkrarı 32:1). Buna əsasən demək olar ki, salehliyin məskunlaşdığı «yeni yer» dedikdə Allaha tabe olan və Allahın razılığını qazanan bütün saleh insanlar nəzərdə tutulur.
16. Yeni dünyada yaşayacaq insanlara Allah hansı ənamı verəcək? Bu ənamı almaq üçün biz nə etməliyik?
16 Müqəddəs Kitabda deyilir ki, Allahın qurduğu yeni dünyada insanlar «əbədi həyat» alacaq (Mark 10:30). Bu ənamı almaq üçün nə etməliyik? Cavabı bilmək üçün Yəhya 3:16 və 17:3 ayələrini oxuyun. Gəlin görək Müqəddəs Kitab yeni dünyadakı həyatı necə təsvir edir.
17, 18. Haradan bilirik ki, gələcəkdə bütün yer üzündə sülh və əmin-amanlıq olacaq?
17 Zülm-zillət, müharibə, cinayətkarlıq və zorakılıq olmayacaq. Yer üzündə bir nəfər də olsun pis insan olmayacaq (Zəbur 37:10, 11). Allah «yerin bir ucundan o biri ucunadək döyüşləri» dayandıracaq (Zəbur 46:9; Əşiya 2:4). Dünyanın hər yerində Allahı sevən və Ona itaət edən insanlar yaşayacaq. Orada sülh hökm sürəcək (Zəbur 72:7).
18 Yehova Allahın xalqı əmin-amanlıqda yaşayacaq. Qədimdə Allahın xalqı Ona itaət edəndə Allah onları qoruyurdu (Lavililər 25:18, 19). Yeni dünyada bizi heç kim və heç nə qorxutmayacaq. Biz özümüzü həmişə təhlükəsizlikdə hiss edəcəyik! (Əşiya 32:18; Mikə 4:4 ayələrini oxuyun.)
19. Nəyə əsasən deyə bilərik ki, cənnətdə bolluq olacaq?
19 Yeni dünyada bolluq olacaq. «Yerdə çörək bol olacaq, dağ başında zəmilər aşıb-daşacaq» (Zəbur 72:16). «Allahımız bizə ruzi-bərəkət verəcək» və «yer üzü bəhrəsini verəcək» (Zəbur 67:6).
20. Haradan bilirik ki, bütün dünya cənnətə çevriləcək?
20 Bütün dünya cənnətə çevriləcək. Hamının gözəl ev-eşiyi, bağ-bağçası olacaq. (Əşiya 65:21—24; Vəhy 11:18 ayələrini oxuyun.) Bütün yer kürəsi Ədən bağı kimi gözəl olacaq. Yehova bütün ehtiyaclarımızı ödəyəcək. Müqəddəs Kitabda Allah haqqında deyilir: «Əlini açırsan, hər bir məxluqu istəyinə çatdırırsan» (Zəbur 145:16).
21. Gələcəkdə insanların və heyvanların bir-birinə ziyan yetirməyəcəyini haradan bilirik?
21 İnsanlar və heyvanlar bir-birinə ziyan yetirməyəcək. Heyvanlar insanlara dəyib toxunmayacaq. Bu gün insanların yaxın getməyə qorxduğu heyvanların yanında körpə uşaqlar belə sərbəst gəzəcək. (Əşiya 11:6—9; 65:25 ayələrini oxuyun.)
22. Nəyə görə gələcəkdə xəstəlik olmayacaq?
22 Daha xəstəlik olmayacaq. İsa peyğəmbər yer üzündə yaşayanda xəstələrə möcüzəvi şəkildə şəfa verirdi (Mətta 9:35; Mark 1:40—42; Yəhya 5:5—9). Allahın Padşahlığının Padşahı olduğu üçün gələcəkdə İsa Məsih hamıya can sağlığı bəxş edəcək. Onda heç bir insan «xəstəyəm» deməyəcək (Əşiya 33:24; 35:5, 6).
23. Allahın ölülərlə bağlı hansı niyyəti var?
23 Ölülər diriləcək. Allah vəd edir ki, həyatdan köçən milyonlarla insanı dirildəcək. Peyğəmbərlərdən biri yazmışdı: «Allahın həm salehləri, həm də qeyri-salehləri dirildəcəyinə ümid edirəm». (Yəhya 5:28, 29 ayələrini oxuyun; Həvarilərin işləri 24:15.)
24. Cənnətdə yaşamaq istəyərdinizmi?
24 Hər bir insana seçim verilir. Biz ya Yehova Allah haqqında öyrənib Ona ibadət edə bilərik, ya da öz bildiyimiz kimi yaşamağa davam edə bilərik. Yehova Allaha ibadət etməyə üstünlük versək, gələcəyimiz gözəl və firavan olacaq. Ölüm ayağında olan bir nəfərə İsa Məsih belə bir vəd vermişdi: «Sən mənimlə Cənnətdə olacaqsan!» (Luka 23:43). Gəlin İsa Məsih haqqında və onun Allahın vədlərini necə gerçəkləşdirəcəyi barədə daha ətraflı öyrənək.