Birinci Padşahlar
7 Süleyman özünün bütün sarayını on üç ilə tikib başa çatdırdı.+
2 O, Livan Meşəsi+ adlanan evi tikdi. Ev 100 qulac* uzunluğunda, 50 qulac* enində, 30 qulac* hündürlüyündə olub dörd cərgə sidr sütunların üstündə dururdu.+ Sütunların da üstündə sidr tirləri var idi. 3 Ev sütunların üstündə yerləşən dayaqlardan yuxarı sidr taxtalarla örtülmüşdü. Onların sayı hər cərgədə on beş ədəd olmaqla cəmi qırx beş ədəd idi. 4 Evin üç cərgə çərçivəli pəncərəsi var idi və bu pəncərələr qarşıdakı üç cərgə pəncərələrlə üzbəüz idi. 5 Girişlər və yan taxtalar çərçivəyə alınmışdı. Üç cərgədə üzbəüz yerləşən pəncərələrin də qabağı belə idi.
6 O, 50 qulac uzunluğunda, 30 qulac enində sütunlu eyvan düzəltdi. Onun qabağında sütunlu və çıxıntısı olan başqa bir eyvan var idi.
7 O həmçinin taxt qurub hökm çıxarmaq üçün eyvan-divanxana+ tikdi.+ Oranı döşəmədən tavanın tirlərinə qədər sidr ağacı ilə örtdü.
8 Özü üçün yaşamağa evi eyvandan aralıda başqa həyətdə tikdirdi.+ Amma tikilişi eyni idi. Süleyman həmçinin arvadına, fironun qızına da bu eyvana bənzər ev tikdi.+
9 Bütün bu binalar təməldən dama qədər və bayır tərəflərindən böyük həyətə+ qədər bahalı daşlarla+ tikilmişdi. Daşlar ölçülərinə görə içdən və bayırdan daş mişarı ilə kəsilib yonulmuşdu. 10 Təməl çox iri, bahalı daşlardan qoyulmuşdu. Daşların bəziləri 10 qulac, bəziləri 8 qulac idi. 11 Onların üstündən ölçülərinə görə yonulmuş bahalı daşlar və sidr ağacından tirlər qoyulmuşdu. 12 Yehovanın evinin içəri həyətində və evin eyvanında*+ olduğu kimi, böyük həyətin ətrafına üç çin yonulmuş daşdan və bir çin sidr tirdən hasar çəkilmişdi.+
13 Süleyman padşah adam göndərib Surdan Hiramı+ gətirtdi. 14 O, Niftalı qəbiləsindən bir dul qadının oğlu idi. Atası surlu misgər idi.+ Hiram çox bacarıqlı, dərrakəli,+ misgərlik sənətində mahir idi. O, Süleyman padşahın yanına gəlib onun tapşırdığı işləri görməyə başladı.
15 Hiram misdən* iki sütun tökdü,+ hər iki sütunun hündürlüyü 18 qulac idi. Hər sütunun çevrəsi ölçü ipi ilə 12 qulac idi.+ 16 Sütunların başına qoymaq üçün misdən iki başlıq tökdü. Hər iki başlığın hündürlüyü 5 qulac idi. 17 Sütunların başındakı başlıqların hər birində hörmə tor və burulmuş zəncir naxışları var idi,+ hər başlıqda yeddi dənə. 18 O, sütunların üstündəki başlıqları örtmək üçün torun dövrəsində iki sıra nar düzəltdi, hər başlıq üçün belə etdi. 19 Eyvandakı sütunların başlıqları zanbaq şəklində idi, başlıqların bu hissəsi 4 qulac hündürlüyündə idi 20 və iki sütunun üstündə, tora bitişik dairəvi hissənin yuxarısında idi. Hər başlıqda dairəvi sıralarla 200 nar var idi.+
21 O, məbəd eyvanının+ sütunlarını qoydu. Sağ tərəfdəki sütunu yerləşdirib ona Yakin* adı, sol tərəfdəki sütunu yerləşdirib ona Buəz* adı verdi.+ 22 Sütunların başlıqları zanbaq şəklində idi. Beləcə, sütunlar hazırlanıb qurtardı.
23 O, dairəvi tökmə çən düzəltdi.+ Onun hündürlüyü 5 qulac, çevrəsi ölçü ipi ilə 30 qulac idi. Bir qırağından o biri qırağına qədər məsafə 10 qulac idi.+ 24 Onun ağzının aşağısında hər qulacda on dənə olmaqla, iki sıra dövrələmə balqabaq naxışları+ var idi. Onlar çənlə bir tökülmüşdü. 25 Çən 12 buğanın+ üstündə dururdu. Buğalardan üçünün üzü şimala, üçününkü qərbə, üçününkü cənuba, üçününkü şərqə baxırdı. Çən onların üstündə idi. Onların sağrısı mərkəzə doğru idi. 26 Çənin qalınlığı dörd barmaq* idi, ağzı kasa ağzı kimi düzəldilmişdi və zanbaqvari idi. Çənə 2000 bat* su tökürdülər.
27 Sonra o, on ədəd mis araba+ düzəltdi. Arabaların hər biri 4 qulac uzunluğunda, 4 qulac enində, 3 qulac hündürlüyündə idi. 28 Arabalar belə düzəldilmişdi: onların yan lövhələri var idi. Lövhələr çərçivələrin içində idi. 29 Çərçivənin içindəki yan lövhələrin üzərində şir+, buğa, kərrub+ təsvirləri var idi. Çərçivənin də üstündə eyni təsvirlər var idi. Şirlərdən və buğalardan yuxarıda və aşağıda qabarıq çələnglər var idi. 30 Hər arabanın dörd mis çarxı və mis oxları var idi. Onun dörd künc dayağı bunları saxlayırdı. Bu künc dayaqlar teştin altında idi, hər biri üzərindəki çələnglərlə birgə tökülmüşdü. 31 Teştin ağzı çanağın içində idi və o, aşağıdan yuxarıya bir qulac idi. Arabanın ağzı dairəvi idi və boğazı bir qulac yarım idi. Arabanın ağzında oyma təsvirlər var idi. Yan lövhələri dairəvi yox, dördbucaq idi. 32 Dörd çarx yan lövhələrin altında idi. Çarxların dayaqları arabaya bitişik idi. Hər çarxın hündürlüyü bir qulac yarım idi. 33 Çarxlar adi araba çarxları kimi idi, dayaqları, sağanaqları, oxları və topları tökmə idi. 34 Arabaların dörd küncündə dörd dayaq var idi. Dayaqlar arabalarla bir tökmə idi. 35 Arabanın yuxarısında yarım qulac hündürlüyündə çənbər yerləşirdi. Arabanın yuxarısındakı dayaqcıqlar və yan lövhələr arabanın özü ilə bir tökmə idi. 36 O, dayaqcıqların və yan lövhələrin üzərində yer çatan qədər kərrub, şir, xurma ağacı və dövrələmə çələng təsvirləri oydu.+ 37 O, on arabanı+ bu cür düzəltdi. Onların hamısı eyni cür tökmə idi,+ hamısının ölçüsü və quruluşu eyni idi.
38 O, on ədəd mis teşt+ düzəltdi. Teştin hər biri 40 bat* su tuturdu. Hər teşt 4 qulac idi. On arabanın hər biri üçün bir teşt düzəltmişdi. 39 O, arabalardan beşini evin sağ tərəfinə, beşini sol tərəfinə qoydu. Çəni isə evin sağ tərəfində, cənub-şərq tərəfdə qoydu.+
40 Hiram+ həmçinin teştlər, kürəklər+ və ləyənlər+ düzəltdi.
Beləcə, o, Yehovanın evi ilə bağlı Süleyman padşahın tapşırdığı bütün işləri görüb qurtardı.+ O, bunları düzəltdi: 41 2 sütun+, sütunların üstündə 2 kasavarı başlıq, sütunların üstündəki iki kasavarı başlığı örtmək üçün 2 tor+, 42 sütunların üstündəki iki kasavarı başlığı örtən torlar üçün, hər tora iki sıra olmaqla, 400 nar+, 43 10 araba+ və arabaların üstü üçün 10 teşt+, 44 çən+ və çənin altı üçün 12 buğa, 45 kül qabları, kürəklər, ləyənlər və başqa əşyalar. Hiram Yehovanın evi üçün bütün əşyaları Süleyman padşahın əmri ilə pardaqlanmış misdən düzəltdi. 46 Padşah onları İordan bölgəsində, Suqqutla Sərfan arasında gil qəliblərə tökdü.
47 Əşyalar o qədər çox idi ki, Süleyman onları tərəzidə çəkmədi. Misin çəkisi müəyyən edilmədi.+ 48 Süleyman Yehovanın evi üçün bütün əşyaları, qızıl qurbangah+, hüzur çörəyi qoymaq üçün qızıl masa+, 49 xalis qızıldan çıraqdanlar+ (beşini iç otağın qarşısında sağ tərəfə, beşini sol tərəfə qoydu), qızıl qönçələr+, çıraqlar və maşalar,+ 50 qızıl teştlər, fitil maqqaşları+, ləyənlər, camlar+, xəkəndazlar+, həmçinin Ən müqəddəs yer olan iç otağın qapıları+ və baş otağın qapıları+ üçün qızıl dabanlıq düzəltdi.
51 Beləliklə, Süleyman padşah Yehovanın evi ilə bağlı bütün işləri tamamladı. Sonra atası Davudun Allah üçün ayırıb qoyduğu əşyaları içəri gətirdi.+ Qızıl-gümüşü və əşyaları Yehovanın evinin xəzinəsinə qoydu.+