Yuşə
8 Onda Yehova Yuşəyə dedi: «Qorxma, təlaşa düşmə.+ Özünlə bütün döyüşçüləri götür, Ay şəhərinə hücum et. Padşahı da, xalqı da, şəhəri də, padşahın torpaqlarını da sənin əlinə vermişəm.+ 2 Ərihanın və onun padşahının başına gətirdiyini Ay şəhərinin və padşahının da başına gətir.+ Ancaq talan etdiyiniz qəniməti və mal-heyvanı özünüzə götürün. Şəhərin arxasında pusqu qurun».
3 Yuşə bütün döyüşçülərlə Ay şəhərinə yürüş etdi. O, 30 000 igid seçib gecə ikən ora göndərdi. 4 Onlara belə əmr verdi: «Şəhərin arxasında pusqu qurun. Şəhərdən çox uzaqlaşmayın. Hamınız gözdə-qulaqda olun. 5 Mən isə öz qoşunumla şəhərə yaxınlaşacağam. Onlar əvvəlki kimi şəhərdən çıxıb üstümüzə hücum çəkəndə biz geri çəkiləcəyik.+ 6 Onlar yenə qaçdığımızı zənn edib bizi qovacaqlar, biz isə geri çəkilə-çəkilə onları şəhərdən uzaqlaşdıracağıq.+ 7 Onda siz pusqudan çıxıb şəhəri ələ keçirərsiniz, Allahınız Yehova şəhəri sizə verəcək. 8 Şəhəri tutan kimi ora od vurun.+ Baxın ha, Yehova necə deyib, elə edin. Sizə əmrim budur».
9 Yuşə onları göndərdi. Qoşun pusqu yerinə getdi və Beytellə Ay arasında, Ay şəhərindən qərbdə mövqe tutdu. Yuşə isə həmin gecə öz qoşunu ilə qaldı.
10 Yuşə səhər tezdən qalxıb qoşunu topladı. O, İsrail ağsaqqalları ilə birgə qoşunun önündə Ay şəhərinə getdi. 11 Qoşun+ şəhərə doğru irəlilədi və şəhərdən şimalda düşərgə saldı. Şəhərlə onların arasında dərə var idi. 12 Həmçinin Yuşə 5000 nəfər seçib Beytellə+ Ay arasında, şəhərdən qərb tərəfdə pusquya qoymuşdu+. 13 Beləcə, qoşunun əsas hissəsi şəhərdən şimalda,+ qalan hissəsi isə qərbdə yerləşdi.+ Yuşə o gecə dərənin ortasına endi.
14 Ay padşahı bunu gördükdə səhər tezdən şəhərin kişilərini toplayıb tələsik çöllüyə baxan bir yerdə İsrailin qarşısına çıxdı. Amma xəbəri yox idi ki, şəhərin arxasında ona qarşı pusqu qurulub. 15 Onlar hücuma keçəndə Yuşə ilə bütün israillilər səhraya tərəf qaçmağa üz qoydular.+ 16 Onda şəhərdəki bütün kişilər israilliləri təqib etməyə çağırıldı. Onlar Yuşəni təqib edə-edə şəhərdən uzaqlaşdılar. 17 Ayda və Beyteldə bir nəfər də kişi qalmadı, hamısı israilliləri təqib etməyə getdi. Onlar şəhərin darvazalarını taybatay açıq qoyub israillilərin dalınca düşdülər.
18 Onda Yehova Yuşəyə dedi: «Əlindəki nizəni Ay şəhərinə tərəf uzat.+ Şəhər sənindir+». Yuşə nizəsini şəhərə tərəf uzatdı. 19 Nizəni uzadan kimi pusquda duranlar cəld yerlərindən çıxıb şəhərə girdilər, şəhəri alıb dərhal ora od vurdular.+
20 Ay şəhərinin kişiləri çevrilib gördülər ki, şəhərin tüstüsü ərşə qalxır. Onların heç bir yerə qaçmağa taqəti olmadı. Onda səhraya tərəf qaçanlar dönüb onların üstünə gəlməyə başladılar. 21 Yuşə və bütün israillilər görəndə ki, pusqudakılar şəhəri ələ keçiriblər və şəhərdən tüstü qalxır, çevrilib Ay şəhərinin döyüşçülərinə qarşı hücuma keçdilər. 22 O biri qoşun da şəhərdən çıxıb onlara tərəf gəlirdi. Beləcə, Ay şəhərinin döyüşçüləri ortada qaldılar, israillilər onları həm o tərəfdən, həm də bu tərəfdən mühasirəyə aldılar. Onların hamısını qırdılar, bir nəfəri də sağ qoymadılar. Heç kim qaçıb canını qurtara bilmədi.+ 23 Padşahı isə diri tutub+ Yuşənin hüzuruna gətirdilər.
24 İsraillilər onları səhraya qədər qovan Ay döyüşçülərini elə oradaca qılıncdan keçirib hamısını qırandan sonra Ay şəhərinə qayıtdılar və şəhəri qılıncdan keçirdilər. 25 Həmin gün Ay şəhərinin cəmi əhalisi qətlə yetirildi. Kişili-qadınlı ölənlərin sayı 12 000 nəfər idi. 26 Şəhər sakinlərini qırıb qurtarmayınca+ Yuşə nizə tutduğu əlini aşağı salmadı.+ 27 Lakin Yehovanın Yuşəyə verdiyi əmrə uyğun olaraq, israillilər şəhərdəki əmlakı və mal-heyvanı özlərinə qənimət götürdülər.+
28 Yuşə Ay şəhərini yandırıb həmişəlik xarabazara çevirdi və ora indiyə qədər bu gündədir.+ 29 Ay padşahını isə asıb axşama qədər dirəkdə saxladı. Gün qüruba enəndə Yuşə əmr verdi ki, cəsədi dirəkdən düşürsünlər.+ Sonra cəsədi şəhər darvazasının ağzına tulladılar və üstünə qalaq-qalaq daş yığdılar. Bu daş qalağı indiyədək oradadır.
30 Həmin vaxt Yuşə Eybal dağında+ İsrailin Allahı Yehovanın adına bir qurbangah düzəltdi. 31 Qurbangahı Yehovanın qulu Musanın israillilərə tapşırdığı kimi və Musanın Tövratında*+ yazıldığı kimi, heç bir dəmir alət dəyməmiş, yonulmamış daşlardan düzəltdi.+ Onun üstündə Yehovaya yandırma qurbanları, eləcə də ünsiyyət qurbanları təqdim etdilər.+
32 Sonra Yuşə Musanın israillilərin önündə yazdığı Qanunun surətini orada daşların üstünə yazdı.+ 33 Bütün İsrail xalqı, ağsaqqallar, məmurlar və hakimlər Əhd sandığının hər iki tərəfində Yehovanın sandığını daşıyan lavili kahinlərin qarşısında durmuşdular. Yadelli də, yerli də, hamı orada idi.+ Xeyir-dua vermək üçün xalqın yarısı Qərizim dağının qabağında, o biri yarısı isə Eybal dağının qabağında durmuşdu. (Bu əmri bir vaxtlar Yehovanın qulu Musa vermişdi.)+ 34 Bundan sonra Yuşə Tövratda+ yazılan hər şeyi — Qanunun bütün sözlərini, xeyir-dua+ və lənətləri+ ucadan oxudu. 35 O, Musanın əmr etdiyi sözlərdən birini də buraxmadı,+ hamısını qadınlar və aralarında yaşayan yadellilər də daxil olmaqla, bütün İsrail icmasının qarşısında ucadan oxudu.+