İkinci Salnamələr
6 O vaxt Süleyman dedi: «Ey Yehova! Sən demişdin ki, qatı qaranlıqda məskən salacaqsan.+ 2 Mən Sənin üçün əzəmətli bir ev, əbədi məskən salmaq üçün məkan tikdim».+
3 Sonra padşah dönüb ayaq üstə duran İsrail icmasına xeyir-dua verdi.+ 4 O dedi: «Öz dili ilə atam Davuda vəd verən, sonra da vədini gerçəkləşdirən İsrailin Allahı Yehovaya alqış olsun! O demişdi: 5 “Xalqım İsraili Misirdən çıxartdığım gündən bəri adımı daşıyacaq ev+ tikmək üçün İsrail qəbilələri arasından şəhər seçmədim, xalqım İsrail üzərində rəhbər qoymadım. 6 Lakin Yerusəlimi seçdim+ ki, adım orada yaşasın. Davudu seçdim ki, xalqım İsrailin üzərində padşah olsun”.+ 7 İsrailin Allahı Yehovanın adına ev tikmək atam Davudun ürəyinin arzusu idi.+ 8 Amma Yehova atam Davuda demişdi: “Sən adıma ev tikmək istəyirsən. Niyyətin yaxşıdır. 9 Lakin evi sən tikməyəcəksən, belindən gələn oğlun Mənim adıma ev tikəcək”.+ 10 Yehova vədini yerinə yetirdi. Yehovanın vəd etdiyi kimi,+ mən atam Davudun yerinə İsrail taxtında oturdum.+ İsrailin Allahı Yehovanın adına ev tikdim, 11 sandığı ora qoydum. Yehovanın İsrail xalqı ilə bağladığı əhd onun içindədir».+
12 Süleyman bütün İsrail icmasının önündə, Yehovanın qurbangahı qarşısında durub əllərini göyə açdı.+ 13 (Süleyman misdən kürsü düzəldib həyətin ortasına qoymuşdu.+ Onun uzunluğu 5 qulac*, eni 5 qulac, hündürlüyü 3 qulac idi. O, kürsünün üstündə durmuşdu.) O, bütün İsrail icmasının önündə diz çöküb əllərini göyə açdı+ və 14 dedi: «Ey İsrailin Allahı Yehova! Nə göydə, nə yerdə Sənin kimi Allah yoxdur. Sən əhdinə sadiqsən, sidqi-ürəkdən önündə yeriyən qullarına məhəbbət göstərirsən.+ 15 Sən atama, qulun Davuda verdiyin vədə əməl etdin.+ Öz dilinlə vəd etdin və bu gün həmin vədi gerçəkləşdirdin.+ 16 İndi, ey İsrailin Allahı Yehova, atama, qulun Davuda verdiyin sözü yerinə yetir. Sən demişdin: “Əgər oğulların sənin kimi önümdə yerisələr, qanunuma əməl etsələr, onda hüzurumda, İsrail taxtında həmişə sənin sülalən olacaq”.+ 17 Ey İsrailin Allahı Yehova! İndi atama, qulun Davuda verdiyin vədi gerçəkləşdir.
18 Bəs Allah yerdə, bəşər övladları arasında yaşayarmı?+ Sən göylərə, göylərin göyünə sığmazsan,+ o ki qaldı mənim tikdiyim evə!+ 19 Ey Allahım Yehova! Qulunun duasını, lütf diləyini dinlə. Qulunun imdad çağırışını, bu gün önündə etdiyi duanı eşit. 20 Qoy nəzərin gecə-gündüz bu evin, “adım burada olacaq”+ dediyin yerin üstündə olsun və qulunun bu evə üz tutub etdiyi duanı eşit. 21 Bu qulunun imdad diləyini və bura üz tutub dua edən+ xalqın İsrailin yalvarışlarını dinlə, göylərdəki məskənindən eşit.+ Eşit və bağışla.+
22 Əgər kimisə başqasına qarşı günahda təqsirləndirər və onu and içdirib andın məsuliyyəti altına salarlarsa, o da andın məsuliyyəti altında bu evdəki qurbangahının önünə gələrsə,+ 23 onda Sən göylərdən eşit və qullarını mühakimə et. Şər adamın elədiyini başına gətirib onu cəzalandır,+ saleh adamı da günahsız elan edib salehliyinə görə mükafatlandır.+
24 Əgər xalqın İsrail Sənə qarşı günah etdiyinə görə düşmənə məğlub olarsa,+ bundan sonra dönüb adını uca tutarsa,+ bu evdə dua edib+ Səndən lütf diləyərsə,+ 25 Sən göylərdən eşit,+ xalqın İsrailin günahlarını bağışla, xalqını onlara və əcdadlarına verdiyin torpağa qaytar.+
26 Xalqın Sənə qarşı günah etdiyinə görə+ göylər bağlananda, yerə yağış yağmayanda+ onlar bu yerə üz tutub dua edər və adını uca tutarlarsa, onları ram etdiyin üçün günahlarından əl çəkərlərsə,+ 27 Sən göylərdən eşit və qullarının, xalqın İsrailin günahını bağışla. Beləcə, onlara getməli olduqları doğru yolu öyrət,+ xalqına irs verdiyin torpağa yağış yağdır.+
28 Ölkədə aclıq,+ xəstəlik baş qaldıranda,+ səmum yeli əsəndə, ölkəni kif,+ çəyirtkə sürüsü, acgöz həşəratlar basanda,+ düşmənlər ölkənin hansısa şəhərini mühasirəyə alanda,+ yaxud başqa bir bəla, mərəz yayılanda+ 29 bir bəndə, yaxud bütün xalqın İsrail əllərini bu evə tərəf+ açıb dua etsə,+ Səndən lütf diləsə+ (axı hər kəs öz dərdini, qəmini bilir),+ 30 Sən göylərdən, Öz məskənindən eşit,+ bağışla+ və hər kəsə öz əməlinə görə əvəz ver, çünki Sən insanın ürəyini görürsən və yalnız Sən insanın ürəyindəkilərdən agahsan.+ 31 Onda ata-babalarımıza verdiyin torpaqda yaşadığı bütün vaxt ərzində xalqın Səndən qorxar, Sənin yolunla gedər.
32 Həmçinin xalqın İsraildən olmayan, Sənin uca adın, güclü əlin, qüvvətli qolun haqda eşidib uzaq diyarlardan gələn yadelli+ bu evə üz tutub dua edərsə,+ 33 Sən göylərdən, məskənindən onu eşit, yadellinin Səndən dilədiyi xahişi yerinə yetir. Qoy dünyanın bütün xalqları Sənin adını bilsin,+ xalqın İsrail kimi, Səndən qorxsun. Qoy bilsinlər ki, tikdiyim bu ev Sənin adını daşıyır.
34 Əgər xalqın Sənin dediyin yolla düşmənlə müharibəyə getsə,+ seçdiyin bu şəhərə, Sənin adına tikdiyim evə tərəf üz tutub dua etsə,+ 35 göylərdən onların duasını, lütf diləyini eşit, onlar üçün ədaləti bərqərar et.+
36 Əgər onlar Sənə qarşı günah etsələr (çünki elə adam yoxdur ki, günah etməsin)+ və Sən qəzəblənib onları düşmənə təslim etsən, düşmənlər onları yaxın-uzaq ölkələrə əsir aparsalar+ 37 və orada ağılları başlarına gəlsə, əsarətdə olduqları ölkədə Sənə sarı dönsələr, “günah etmişik, qələt eləmişik, nahaq belə etdik” deyib yalvarsalar,+ lütfünü diləsələr, 38 əsir getdikləri diyarda+ sidqi-ürəkdən,+ can-dildən Sənə tərəf dönsələr, ata-babalarına verdiyin ölkəyə, seçdiyin şəhərə+, adına tikdiyim evə tərəf üz tutub dua etsələr, 39 Sən göylərdən, məskənindən onların duasını, lütf diləyini eşit, onlar üçün ədaləti bərqərar et.+ Sənə qarşı günah edən xalqını bağışla.
40 Ey Allahım, nə olar, bu yerdə edilən bütün dualara nəzər sal, onları eşit.+ 41 İndi, ey Yehova Allah, qüdrətinə dəlalət edən sandıqla dinclik məkanına qalx.+ Ey Yehova Allah, qoy kahinlərin bəyan etsin ki, qurtuluş Səndəndir. Qoy sadiq bəndələrin kəramətinə sevinsin.+ 42 Ey Yehova Allah, məsh olunmuşundan üz çevirmə.+ Qulun Davuda olan məhəbbətini unutma».+