Yaradılış
43 Ölkədəki aclıq çox güclü idi.+ 2 Buna görə də Misirdən gətirdikləri taxıl qurtarandan sonra ataları onlara dedi: «Gedin, bir az da taxıl alın».+ 3 Yəhuda isə ona dedi: «O adam açıq-aydın dedi ki, qardaşımızı aparmasaq, gözünə görünməyək.+ 4 Əgər qardaşımızı bizimlə buraxırsansa, onda gedib taxıl alarıq. 5 Buraxmasan, gedə bilməyəcəyik, çünki özü dili ilə bizə demişdi: “Qardaşınızı gətirməsəniz, gözümə görünməyin”».+ 6 İsrail+ dedi: «Niyə məni bəlaya salmısınız? Axı niyə demisiniz ki, başqa qardaşınız da var?» 7 Onlar cavab verib dedilər: «O, sual verib özümüz, doğmalarımız haqqında soruşurdu: “Atanız sağdır? Başqa qardaşınız da var?” Biz də nə var, onu dedik.+ Haradan bilə bilərdik ki, deyəcək, gedin qardaşınızı bura gətirin?»+
8 Axırda Yəhuda atası İsrailə dedi: «Burax uşağı mənimlə,+ bizi yoldan saxlama, yoxsa hamımız, biz də, sən də, uşaqlarımız da qırılacağıq.+ 9 Mən ona başımla cavabdehəm.+ Onu məndən istəyərsən. Əgər qaytarıb yanına gətirməsəm, qoy ömrüm boyu yanında üzüqara olum. 10 Belə ləngiməsəydik, indi iki dəfə gedib gəlmişdik».
11 Ataları İsrail onlara dedi: «Yaxşı, onda belə edin: bu torpağın naz-nemətindən çuvallarınıza doldurub o adama pay aparın.+ Balzam+, bal, ladan, qatranlı ağac qabığı,+ püstə, badam, hərəsindən bir az-bir az götürüb aparın. 12 Özünüzlə ikiqat artıq pul götürün, kisələrinizə qoyulan pulları da aparın.+ Bəlkə, nə isə səhv düşüb. 13 Qardaşınızı da götürüb o adamın yanına gedin. 14 Qoy Qadir Allah Özü onun ürəyinə rəhm salsın ki, Binyamini də, o biri qardaşınızı da buraxsın. Buraxmasa da, daha neyləmək olar, deməli, övladsız qalacağam!»+
15 Qardaşlar hədiyyələri yığdılar, ikiqat artıq pul götürdülər, Binyamini də yanlarına alıb Misirə yola düşdülər. Gəlib yenə Yusifin hüzurunda durdular.+ 16 Yusif Binyamini onların yanında görən kimi eşikağasına dedi: «Onları evə apar, heyvan kəsib yemək hazırla. Bu adamlar mənimlə nahar edəcəklər». 17 O da dərhal Yusifin əmr etdiyi kimi onları evə apardı.+ 18 Amma qardaşlar görəndə ki, onları Yusifin evinə aparırlar, canlarına vəlvələ düşdü. Bir-birinə dedilər: «Keçən dəfə kisəyə qoyub qaytardıqları pula görə bizi bura gətiriblər. İndi ulaqlarımızı əlimizdən alacaq, özümüzü də tutub qul edəcəklər».+
19 Qapının ağzına çatanda onlar Yusifin eşikağasına yaxınlaşıb dedilər: 20 «Bağışla ağa. Biz bir dəfə də taxıl almağa gəlmişdik.+ 21 Amma karvansaraya çatanda kisələrimizi açıb gördük ki, hər birimizin pulu öz kisəsindədir, pulların da hamısı öz yerində.+ İndi öz əlimizlə pulları qaytarmaq istəyirik. 22 Taxıl almaq üçün bu dəfə özümüzlə keçən dəfəkindən çox pul gətirmişik. O pulları isə kimin kisəyə qoyduğundan xəbərimiz yoxdur».+ 23 Onda nəzarətçi dedi: «Narahat olmayın, hər şey yaxşıdır! Pulunuz mənə çatmışdır. Onu kisələrinizə qaytaran isə sizin və atanızın Allahı idi». Sonra gedib Şəmunu onların yanına gətirdi.+
24 Bundan sonra nəzarətçi onları Yusifin evinə gətirdi, ayaqlarını yumaq üçün su verdi və ulaqlarının qabağına yem tökdü. 25 Qardaşlar Yusifin günorta evə gəlişinə hədiyyələri hazırladılar,+ çünki eşitmişdilər ki, orada çörək yeyəcəklər.+ 26 Yusif evə gələndə onlar da hədiyyələrini gətirib gəldilər və onun qarşısında yerə qədər əyilib təzim etdilər.+ 27 Yusif onlarla hal-əhval tutub soruşdu: «Demişdiniz qoca atanız var, necədir, sağ-salamatdır?»+ 28 Onlar cavab verib dedilər: «Sənin qulun, atamız yaxşıdır, sağ-salamatdır». Sonra onlar əyilib təzim etdilər.+
29 Yusif gözlərini qaldırıb anabir qardaşı+ Binyamini görəndə soruşdu: «Dediyiniz kiçik qardaşınız budur?»+ Sonra dedi: «Allah səni saxlasın, oğlum». 30 Qardaşını görəndə Yusifin ürəyi elə sızıldadı ki, onu ağlamaq tutdu. Tələsik oradan çıxdı və içəri otağa girib ağlamağa başladı.+ 31 Sonra özünü ələ alıb üz-gözünü yudu və geri qayıdıb dedi: «Yemək gəlsin!» 32 Yusif üçün ayrıca, qardaşları üçün ayrıca və onun evində yeyən misirlilər üçün ayrıca süfrə saldılar. Çünki misirlilər ibranilərlə yemək yeməzdilər, bu, onlar üçün iyrənc bir şey idi.+
33 Yusifin qardaşları böyükdən-kiçiyə+, sıra ilə onun qarşısında oturmuşdular. Onlar heyrətlə bir-birinə baxırdılar. 34 Yusif qarşısına qoyulan yeməklərdən onların süfrəsinə göndərirdi. Binyaminin payını isə qardaşlarınkından beş qat artıq edirdi.+ Beləcə, onlar birlikdə doyunca yeyib-içdilər.