Çıxış
9 Yehova Musaya dedi: «Fironun yanına get və söylə: “İbranilərin Allahı Yehova belə deyir: “Xalqımı burax, gedib mənə ibadət etsin.+ 2 Əgər yenə də onları buraxmasan, getməyə qoymasan, 3 Yehovanın əli+ otlaqlardakı heyvanlarına qarşı qalxacaq. Atların, eşşəklərin, dəvələrin, mal-qaranın, qoyun-quzunun içinə azar düşüb onları qıracaq.+ 4 Lakin Yehova israillilərin heyvanlarını misirlilərinkindən ayrı tutacaq, israillilərin heyvanlarından biri də ölməyəcək”».+ 5 Yehova vaxt təyin edib dedi: «Mən Yehova bunu sabah edəcəyəm».
6 Səhərisi gün Yehova dediyini etdi. Misirlilərin bütün heyvanları qırıldı,+ amma israillilərin heyvanlarından biri də ölmədi. 7 Firon adam göndərib öyrəndi ki, israillilərin bir dənə də heyvanı ölməyib. Bununla belə, o, inadından dönmədi və xalqı buraxmadı.+
8 Yehova yenə Musa və Harunla danışıb dedi: «Sobadan ovuclarınızı doldurub his götürün, qoy Musa fironun qarşısında onu havaya atsın. 9 O, toz kimi bütün Misir torpağını bürüyəcək. Bütün Misir torpağındakı insanların və heyvanların bədənində irinli çibanlar əmələ gələcək».
10 Onlar sobadan his götürüb fironun hüzurunda durdular. Musa hisi havaya atdı. İnsanların və heyvanların bədənində irinli çibanlar əmələ gəldi. 11 Kahinlər Musanın qarşısına çıxa bilmədilər, çünki bütün misirlilər kimi, onların da bədənində çibanlar çıxmışdı.+ 12 Amma Yehova fironun ürəyini daşa döndərdi. Yehovanın Musaya dediyi kimi, firon onlara qulaq asmadı.+
13 Onda Yehova Musaya dedi: «Səhər tezdən qalxıb fironun hüzuruna get və ona de: “İbranilərin Allahı Yehova belə deyir: “Xalqımı burax, gedib mənə ibadət etsin. 14 Yoxsa bu dəfə sənin, xidmətçilərinin, xalqının üstünə nə ki bəla var, hamısını göndərəcəyəm. Onda biləcəksən ki, bütün dünyada Mənim tayım-bərabərim yoxdur.+ 15 İstəsəydim, çoxdan əlimi qaldırıb səni də, xalqını da azara salar, kökünüzü yer üzündən kəsərdim. 16 Amma səni ona görə sağ saxladım ki, sənə gücümü göstərim və bütün dünya adımı eşitsin.+ 17 Demək, sən hələ də xalqıma xor baxıb onları buraxmaq istəmirsən. 18 Belə isə, sabah bu vaxt elə güclü dolu yağdıracağam ki, beləsi təməli qoyulandan bəri Misirdə hələ görünməyib. 19 Xəbər göndər, bütün mal-heyvanını və bayırda nəyin varsa, hamısını içəri salsınlar. İçəri girməyən, bayırda qalan bütün insanları və heyvanları dolu məhv edəcək”».
20 Fironun xidmətçiləri arasında Yehovanın sözündən qorxuya düşənlər tez öz qullarını və heyvanlarını içəri saldı. 21 Lakin Yehovanın sözünü saya salmayanlar qullarını və heyvanlarını bayırda qoydular.
22 Yehova Musaya dedi: «Əlini yuxarı, göyə tərəf uzat, qoy bütün Misir torpağına, insanların, heyvanların, bitkilərin üstünə dolu yağsın».+ 23 Musa əsasını göyə tərəf qaldırdı və Yehovanın hökmü ilə göy guruldadı, dolu düşdü, göydən yerə alov yağdı*. Yehova Misir torpağını doluya tutdu. 24 Göydən dolu ilə bərabər alov da tökülürdü. Dolu elə güclü yağırdı ki, Misir xalqının tarixində beləsi hələ görünməmişdi.+ 25 Dolu bütün Misir torpağında insandan tutmuş heyvana kimi bayırda qalan hər şeyi məhv etdi, bütün bitkilər tələf oldu, ağaclar qırıldı.+ 26 Yalnız israillilərin yaşadığı Qoşen diyarına dolu düşmədi.+
27 İşi belə gördükdə firon Musa ilə Harunu çağırtdırıb dedi: «Bu dəfə günah etdim. Yehova haqdır, mənimlə xalqım isə günahkarıq. 28 Yehovaya dua edin ki, ildırımla dolu dayansın. Onda sizi buraxaram, daha burada saxlamaram». 29 Musa ona dedi: «Şəhərdən çıxan kimi əllərimi göyə qaldırıb Yehovaya dua edəcəyəm. İldırım dayanacaq, dolu daha yağmayacaq. Beləcə, biləcəksən ki, dünyanın sahibi Yehovadır.+ 30 Amma mən bilirəm ki, hətta onda da nə sən, nə də xidmətçilərin Yehova Allahdan qorxmayacaqsınız».
31 Dolu kətanı da, arpanı da məhv etmişdi, çünki arpa dən bağlamış, kətan isə qozalamışdı. 32 Buğda ilə pərinc isə hələ yetişmədiyindən məhv olmamışdı. 33 Musa fironun hüzurundan gedib şəhərdən çıxdı, əllərini göyə qaldırıb Yehovaya dua etdi. İldırımla dolu dayandı, leysan kəsdi.+ 34 Firon leysanla dolunun kəsdiyini, ildırımın dayandığını görəndə yenə də günah etdi: o da, xidmətçiləri də ürəklərini daş etdilər.+ 35 Firon inadından dönməyib Yehovanın Musa vasitəsilə qabaqcadan dediyi kimi, israilliləri buraxmadı.+