Birinci Padşahlar
21 Bu hadisələrdən sonra yizrailli Nabutun üzüm bağı ilə əlaqədar belə bir hadisə baş verdi. Nabutun bağı Yizraildə+ Səməriyyə padşahı Əhəbin sarayı ilə yanbayan idi. 2 Əhəb Nabuta dedi: «Sənin üzüm bağın mənim sarayımın yanındadır. Bağını mənə ver, özüm üçün bostan edim. Əvəzində sənə bundan da yaxşı bağ verərəm. İstəsən, dəyərini pulla ödəyərəm». 3 Ancaq Nabut Əhəbə dedi: «İraq olsun! Ata-babalarımın irsini sənə versəm, Yehovaya ağır gedər».+ 4 Əhəb qanıqara və dilxor halda evinə qayıtdı. Yizrailli Nabutun «ata-babalarımın irsini sənə vermərəm» deməsi onun qanını qaraltmışdı. O, yatağına uzanıb üzünü çevirdi və yemək yemədi.
5 Əhəbin arvadı İzəbil+ onun yanına gəlib soruşdu: «Niyə bikefsən? Nə üçün yemək yemirsən?» 6 O dedi: «Mən Nabuta dedim bağını mənə satsın, ya da istəyirsə, əvəzində ona başqa bağ verim. O isə dedi ki, bağını mənə verməyəcək». 7 Əhəbin arvadı İzəbil dedi: «Sən İsrailin padşahı deyilsən? Dur, yeməyini ye, qoy kefin açılsın. Yizrailli Nabutun bağını özüm sənə verəcəyəm».+ 8 O, Əhəbin adından məktub yazıb onun möhürü ilə möhürlədi.+ Məktubu Nabutun yaşadığı şəhərin ağsaqqallarına+ və əsilzadələrinə göndərdi. 9 Məktubda yazmışdı: «Oruc elan edin. Nabutu xalqın önündə yuxarı başda əyləşdirin. 10 İki yaramaz adam tapıb onun qarşısında otuzdurun. Qoy onlar Nabutun üzünə durub+ Allahı və padşahı lənətlədiyini desinlər.+ Sonra Nabutu bayıra çıxarın, daşqalaq edib öldürün».+
11 Nabutun yaşadığı şəhərin kişiləri — ağsaqqallar və əsilzadələr İzəbilin məktubunda yazıldığı kimi etdilər. 12 Onlar oruc elan etdilər və Nabutu xalqın önündə yuxarı başda oturtdular. 13 Sonra iki yaramaz adam gəlib onun qarşısında oturdu və camaatın qabağında onun üzünə durub dedi: «Nabut Allahı və padşahı lənətləyib».+ Nabutu şəhərdən kənara çıxardılar və daşqalaq edib öldürdülər.+ 14 İzəbilə xəbər göndərib dedilər: «Nabutu daşqalaq edib öldürdük».+
15 İzəbil Nabutun daşqalaq edildiyini eşidəndə Əhəbə dedi: «Dur, yizrailli Nabutun sənə satmaq istəmədiyi bağı özünə mülk et.+ Nabut sağ deyil, ölüb». 16 Əhəb Nabutun öldüyünü eşidəndə durub yizrailli Nabutun bağına sahib olmaq üçün oraya yollandı.
17 Tişbehli İlyasa+ Yehovanın sözü nazil oldu: 18 «Dur Səməriyyəyə get. İsrail padşahı Əhəbi tap.+ O, indi Nabutun bağındadır. Bağı özünə mülk etmək üçün oraya gedib. 19 Ona de: “Sən qətl etmisən,+ hələ bir öldürdüyün adamın mülkünə sahib olmusan?”+ Sonra ona de ki, Yehova belə deyir: “Nabutun qanını itlər yalayan yerdə sənin də qanını itlər yalayacaq”».+
20 Əhəb İlyasa dedi: «Ax, mənim düşmənim, axır ki gəlib məni tapdın!»+ İlyas dedi: «Hə, tapdım. Yehova belə deyir: “Sən ki bəyənmədiyim pis işlərdən əl çəkmirsən,+ 21 Mən də sənin üstünə bəla göndərəcəyəm, səni yerli-dibli məhv edəcəyəm, biçarələr və zavallılar da daxil olmaqla, İsraildə Əhəb evinin bütün kişilərinin kökünü kəsəcəyəm.+ 22 Sənin nəslini Nəbat oğlu Ərubamın nəslinin və Əxiyyə oğlu Başanın nəslinin gününə salacağam,+ çünki sən Məni qəzəbləndirmisən və İsraili günaha sürükləmisən”. 23 İzəbil haqqında da Yehova belə deyir: “İzəbili Yizrail torpağında itlər yeyəcək.+ 24 Əhəb evindən şəhərdə ölənləri itlər, çöldə ölənləri göyün quşları yeyəcək.+ 25 Hələ arvadı İzəbilin təhrikilə Yehovanın bəyənmədiyi pis işlər görən Əhəb kimi inadkar olmayıb.+ 26 O, israillilərin önündən Yehovanın qovduğu amorilər kimi iyrənc bütlərə ibadət edərək son dərəcə mənfur hərəkətlər edir”».+
27 Əhəb bu sözləri eşidəndə yaxasını cırıb çula büründü. Oruc tutdu, çulda yatıb-durdu və qəm-qüssəyə qərq oldu. 28 Tişbehli İlyasa Yehovanın sözü nazil oldu: 29 «Görürsən, Əhəb sözümə görə qürurunu necə sındırdı?+ Özünü belə aşağı tutduğu üçün dediyim fəlakəti evinin üstünə onun sağlığında gətirməyəcəyəm, oğlunun vaxtında gətirəcəyəm».+