Üzeyir
5 Həqqay peyğəmbər+ və İddunun+ nəvəsi Zəkəriyyə peyğəmbər+ Yəhuda və Yerusəlimdə olan yəhudilərə İsrailin Allahının* adı ilə peyğəmbərlik edirdilər. 2 Həmin vaxt Şəəltiil oğlu Zərubabil+ və Yəhusadiq oğlu Yeşu+ Allahın Yerusəlimdəki evini tikməyə başladılar.+ Allahın peyğəmbərləri də onların yanında idilər və onlara kömək edirdilər.+ 3 Onda çayın* o tayındakı bölgənin valisi Təttanay, Şizar-Buznay və onların müttəfiqləri gəlib yəhudilərə dedilər: «Bu evi və bu tikilini kimin göstərişi ilə tikirsiniz?» 4 Sonra onlardan soruşdular: «Binanı tikənlərin adları nədir?» 5 Amma Allahın nəzəri yəhudi ağsaqqallarının üstündə idi.+ Daraya xəbər göndərib ondan bu məsələ ilə bağlı namə alanadək bu adamlar işi dayandırmadılar.
6 Çayın o tayındakı bölgənin valisi Təttanayın, Şizar-Buznayın və onun müttəfiqlərinin, çayın o tayındakı bölgənin vali naiblərinin şah Daraya göndərdiyi namənin surəti budur. 7 Onların göndərdiyi namədə yazılmışdı:
«Şah Daraya.
Şaha salam olsun! 8 Şaha məlum olsun ki, biz Yəhuda əyalətinə, Ulu Allahın evinə getmişdik. Bu ev iri daşlarla tikilir, divarların içinə tir qoyulur. Camaat var gücü ilə çalışır, işləri qabağa gedir. 9 Biz onların ağsaqqallarından soruşduq: “Bu evi və bu tikilini kimin göstərişi ilə tikirsiniz?”+ 10 Həmçinin onlardan adlarını soruşduq ki, işə başçılıq edən adamların adını yazıb sənə göndərək.
11 Onlar bizə belə cavab verdilər: “Biz yerin və göyün Allahının qullarıyıq. Çox illər əvvəl İsrailin əzəmətli padşahının tikdiyi evi bərpa edirik.+ 12 Ata-babalarımız göylərin Allahını qəzəbləndirdiyi üçün+ Allah onları Babil padşahı kəldani Navuxodonosora təslim etmişdi.+ O da bu evi yerlə yeksan edib+ xalqı Babilə əsir aparmışdı.+ 13 Ancaq Babil hökmdarı Kuruş hakimiyyətinin birinci ilində Allahın evinin yenidən tikilməsi üçün fərman vermişdi.+ 14 Həmçinin şah Kuruş Navuxodonosorun Allahın Yerusəlimdəki məbədindən götürüb Babil məbədinə apardığı qızıl və gümüş qabları Babil məbədindən çıxardıb,+ Şeşbassara*+, vali təyin etdiyi adama+ vermiş 15 və ona demişdi: “Bu qabları götür və onları Yerusəlimdəki məbədə apar. Qoy Allahın evi əvvəlki yerində tikilsin”.+ 16 Onda Şeşbassar Yerusəlimə gəlib Allahın evinin bünövrəsini qoydu.+ O vaxtdan bəri məbəd tikilir, amma hələ tamamlanmayıb”.+
17 İndi şah məsləhət bilirsə, qoy Babildəki saray xəzinəsi* axtarılsın və Allahın Yerusəlimdəki evinin inşası üçün şah Kuruşun əmr verib-vermədiyi müəyyən olunsun.+ Sonra şahın bu məsələ ilə bağlı qərarı bizə göndərilsin».