Zəkəriyyə
11 «Ey Livan, qapılarını aç,
Qoy sidrləri alov yandırıb kül etsin.
2 Ey ardıc ağacı, fəryad et, çünki sidr ağacı yıxıldı,
Möhtəşəm ağaclar məhv oldu!
Ey Başan palıdları, fəryad edin,
Keçilməz meşə məhv oldu!
3 Dinləyin! Çobanlar fəğan edir,
Onların yaşıl otlaqları boş qalıb.
Dinləyin! Gənc aslanlar nərildəyir,
İordanboyu cəngəlliklər məhv olub.
4 Allahım Yehova deyir: “Ölümə gedən sürünü otar.+ 5 Sürünü alanlar qoyun-quzunu öldürür,+ amma təqsirkar bilinmir. Satanlarsa+ belə deyir: “Yehovaya şükür, varlanacağam”. Çobanların onlara yazığı gəlmir”.+
6 “Bu diyarın sakinlərinə daha rəhm etməyəcəyəm, — bəyan edir Yehova. — Hər kəsi soydaşına və padşahına təslim edəcəyəm. Onlar bu ölkəni darmadağın edəcəklər, heç birini onların əlindən qurtarmayacağam”».
7 Ey sürüdəki məzlumlar! Ölümə gedən sürünü sizdən ötrü otardım.+ İki dəyənək götürdüm. Birinə «Lütf», digərinə «Birlik»+ adını qoydum və sürünü otarmağa başladım. 8 Bir ayın içində üç çobanı qovdum, çünki onlar məni təngə gətirmişdi, onların da məndən zəhləsi gedirdi. 9 Sonra dedim: «Daha sizi otarmayacağam. Ölən ölsün, qırılan qırılsın! Sağ qalanlar isə qoy bir-birinin ətini yesin». 10 Mən «Lütf»+ adlı dəyənəyimi götürüb sındırdım. Beləcə, xalqımla bağladığım əhdi pozdum. 11 Əhd o gün ləğv oldu, mənə baxan sürüdəki məzlumlar bildilər ki, bu, Yehovanın sözüdür.
12 Mən onlara dedim: «Əgər sizə xoşdursa, mənə haqqımı verin, xoş deyilsə, verməyin». Onlar otuz gümüş sayıb haqqımı verdilər.+
13 Onda Yehova mənə dedi: «Budur onların Mənə verdiyi yüksək qiymət! At onları xəzinəyə!»+ Mən də otuz gümüşü götürüb Yehovanın evindəki xəzinəyə atdım.+
14 Sonra Yəhuda ilə İsrail arasındakı qardaşlıq tellərini kəsmək üçün+ «Birlik»+ adlı o biri dəyənəyimi də sındırdım.
15 Yehova mənə dedi: «Yarıtmaz çobanın əşyalarını götür.+ 16 Mənim iznimlə ölkədə bir çoban peyda olacaq. O, tələf olanlara məhəl verməyəcək,+ quzuları axtarmayacaq, yaralıları sağaltmayacaq,+ sağlamları bəsləməyəcək. Əksinə, kök qoyunların ətini yeyəcək,+ dırnaqlarını qoparacaq.+
17 Sürünü atıb gedən+ fərsiz çobanımın vay halına!+
Qılınc onun qolundan və sağ gözündən vuracaq.
Onun əl-qolu quruyacaq,
Sağ gözü kor olacaq».