Qanunun təkrarı
29 Huribdə bağladığı əhddən başqa Muab ölkəsində Yehovanın Musaya israillilərlə bağlamağı əmr etdiyi əhdin sözləri bunlardır.+
2 Musa bütün israilliləri toplayıb onlara xitab etdi: «Yehovanın Misir torpağında firona, onun adamlarına və bütün o məmləkətə nələr etdiyini,+ 3 çıxardığı böyük hökmləri, göstərdiyi möcüzə və əlamətləri öz gözlərinizlə görmüsünüz.+ 4 Ancaq Yehova bu günə qədər sizə anlamağa ağıl, görməyə göz, eşitməyə qulaq verməyib.+ 5 “Sizə səhrada bələdçilik etdiyim bu qırx il+ ərzində əyninizin paltarı süzülmədi, ayağınızın səndəli cırılmadı.+ 6 Nə çörək yediniz, nə mey-şərab içdiniz. Amma Mən sizin qayğınıza qaldım ki, Allahınız Yehova olduğumu biləsiniz”. 7 Axırda bura gəlib çıxdınız. Həşbun padşahı Sihun+ və Başan padşahı Oq+ qarşımıza çıxıb bizimlə vuruşdu, amma biz onları məğlub etdik.+ 8 Sonra ölkələrini ələ keçirib irs olaraq rubənlilərə, cadlılara və Mənəssə qəbiləsinin yarısına verdik.+ 9 Odur ki, bu əhdin sözlərinə tabe olub onlara əməl edin. Onda hər işiniz uğurlu olar.+
10 Bu gün hamınız, qəbilə başçıları, ağsaqqallar, məmurlar, İsrailin bütün kişiləri, 11 uşaqlar, qadınlar,+ aranızda yaşayan, odun yarandan su daşıyana kimi bütün yadellilər+ Allahınız Yehovanın qarşısında dayanmısınız ki, 12 Allahınız Yehova and içərək sizinlə əhd bağlasın. Allahınız Yehova sizinlə bu gün əhd bağlayır ki,+ 13 sizə söz verdiyi və ulu babalarınız İbrahimə+, İshaqa+, Yaquba+ and içdiyi kimi, siz Onun xalqı olasınız+, O da sizin Allahınız+.
14 Mən andla təsdiq edilən bu əhdi yalnız sizinlə deyil, 15 həm də hazırda bizimlə birgə Allahımız Yehovanın önündə dayananlarla və bu gün bizimlə burada olmayanlarla bağlayıram. 16 (Misirdə nə gündə yaşadığımızı, yol boyu müxtəlif xalqların içindən necə keçdiyimizi+ yaxşı bilirsiniz. 17 Bu xalqlarda olan iyrənc şeyləri, onların ağacdan, daşdan, gümüşdən və qızıldan düzəldilmiş murdar bütlərini gözlərinizlə gördünüz+.) 18 Diqqətli olun ki, aranızda ürəyi Allahımız Yehovadan dönüb bu xalqların allahlarına qulluq edən kişi, qadın, ailə, yaxud qəbilə olmasın.+ İçinizdə zəhərli meyvə verən, yovşan yetirən kök gizlənməsin.+
19 Bu andı eşidənlərdən kimsə ürəyində qürrələnər, “ürəyim nə istəyir onu da edəcəyəm, mənə heç nə olan deyil” deyib qarşısında hər şeyi məhv edərsə, 20 Yehova həmin adamı bağışlamayacaq.+ Əksinə, ona qarşı Yehovanın qəzəbi alovlanacaq, bu kitabda yazılan lənətlər hökmən onu yaxalayacaq,+ Yehova onun adını göylər altından siləcək. 21 Yehova həmin adamı İsrail qəbilələrindən ayıracaq, bu Qanun kitabında yazılan əhdin içərisində yer tutan bütün lənətlərə düçar edib bəlaya salacaq.
22 Övladlarınızın övladları, uzaq diyarlardan gələn yadellilər bu ölkənin başına gələn müsibətləri, Yehovanın onu düçar etdiyi bəlaları, 23 torpağın kükürdlə, duzla örtülüb yandığını, bir qarışının belə, əkilmədiyini, cücərti vermədiyini, orada heç ot-ələfin belə, bitmədiyini, Yehovanın qeyz-qəzəblə alt-üst etdiyi Sədumla Əmurənin,+ Adma ilə Səbuyimin+ gününə düşən bu ölkəni görəndə 24 onlar da, onlarla bir yerdə bütün xalqlar da deyəcəklər: “Nəyə görə Yehova bu ölkəni bu kökə salıb?+ Onu bu cür qəzəbləndirən nə olub görəsən?” 25 Onda onlara belə cavab verəcəklər: “Ata-babalarının Allahı Yehova onları Misir diyarından çıxaranda onlarla əhd bağlamışdı.+ Onlar həmin əhdi pozublar.+ 26 Gedib tanımadıqları yad allahlara qulluq ediblər, səcdə qılıblar, halbuki O, bu allahlara ibadət etməyi onlara qadağan etmişdi.+ 27 Yehovanın da bu ölkəyə qəzəbi kükrəyib və ölkəni onların kitabında yazılan bütün lənətlərə düçar edib.+ 28 Yehova qeyzindən, şiddətli qəzəbindən onları yaşadıqları torpaqdan köklü-köməcli qoparıb qürbətə sürgün edib.+ Onlar indiyə kimi də oradadırlar”.+
29 Bütün qeybləri bilən Allahımız Yehovadır,+ amma O açmaq istədiyini bizə və övladlarımıza həmişəlik etibar edib ki, Qanununun hər kəlməsinə əməl edək.+