Yaradılış
31 Üstündən bir müddət keçəndən sonra Yaqub eşitdi ki, Labanın oğlanları deyirlər: «Yaqub atamızın nəyi varsa, hamısını ələ keçirib. Bütün var-dövlətini atamızın hesabına toplayıb».+ 2 Yaqub Labana da baxanda görürdü ki, Laban onunla daha əvvəlki kimi deyil.+ 3 Bir gün Yehova Yaquba dedi: «Ata-baba yurduna, doğmalarının yanına qayıt.+ Mən sənə arxa olacağam». 4 Yaqub xəbər göndərib Rəhilə ilə Ləyanı otlağa, sürünün yanına çağırdı 5 və dedi:
«Görürəm ki, atanızın üzü yaman dönüb,+ amma atamın Allahı mənimlədir.+ 6 Siz özünüz də şahidsiniz ki, atanıza gücümü əsirgəmədən xidmət etmişəm.+ 7 Atanız isə mənimlə oyun oynayır, on dəfə mənim muzdumu dəyişib. Amma Allah qoymadı ki, o, mənə pislik eləsin. 8 Deyəndə ki, muzdum xallı heyvanlar olacaq, sürüdə xallı heyvanlar doğulurdu; elə ki deyirdi ala-bəzək heyvanlar mənim olacaq, onda sürüdə ala-bəzək heyvanlar doğulurdu.+ 9 Beləcə, Allah atanızın sürülərini əlindən alıb mənə verdi. 10 Bu yaxınlarda sürü cütləşən vaxt yuxuda gördüm ki, sürüdəki dişilərlə cütləşən təkələr ala-bəzək, xallı, ala-buladır.+ 11 Onda Allahın mələyi yuxuda məni çağırdı: “Yaqub!” “Bəli”, — deyə cavab verdim. 12 “Gözlərini qaldır bax: sürü ilə cütləşən təkələr ala-bəzək, xallı və ala-buladır, çünki Labanın sənə etdikləri Mənim gözümdən yayınmayıb.+ 13 Mən Beyteldə sənə görünən Allaham.+ Orada daşın üstünə yağ töküb* mənə nəzir demişdin.+ Qalx, bu ölkədən çıx, doğulduğun torpağa qayıt”».+
14 Rəhilə ilə Ləya ona dedilər: «Onsuz da atamızın mülkündən bizə pay düşməyəcək. 15 O ki bizi özünə yad sayır, bizi satıb, aldığı başlığı da yeyir.+ 16 Allahın atamızdan aldığı bütün o mal-dövlət bizim və uşaqlarımızındır.+ Buna görə Allah sənə nə deyib onu da elə».+
17 Yaqub qalxıb uşaqlarını və arvadlarını dəvələrə mindirdi.+ 18 Topladığı bütün mal-dövləti götürdü, bütün sürüsünü+ — Fəddan-Aramda əldə etdiyi sürünü qabağına qatıb Kənan torpağına, atası İshaqın yanına yola düşdü.+
19 Laban qoyunlarını qırxmağa gedəndə Rəhilə atasının ev bütlərini*+ oğurladı.+ 20 Yaqub arami Labana kələk gəldi, belə ki, ona çıxıb getdiyini bildirmədi. 21 Yaqub hər şeyini götürüb qaçdı və çayı* keçərək+ Gilad dağlıq bölgəsinə üz tutdu.+ 22 Bu hadisənin üçüncü günü Yaqubun qaçdığını Labana çatdırdılar. 23 Bunu eşidən kimi o, qohumlarını da götürüb onların izinə düşdü və yeddi gün yol gedəndən sonra Gilad dağlıq bölgəsində onu haqladı. 24 Allah gecə yuxuda+ arami Labana+ görünüb dedi: «Yaqubla danışanda sözlərinə fikir ver*».+
25 Yaqub Gilad dağlıq bölgəsində çadır qurmuşdu. Laban da qohumları ilə birlikdə alaçıqlarını həmin yerdə qurdu. Laban Yaquba yaxınlaşıb dedi: 26 «Bu nə işdir tutmusan? Nə üçün məni aldadıb qızlarımı döyüşdə alınan əsirlər kimi aparmısan? 27 Nə üçün mənə kələk gəlib gizlincə, xəbər eləmədən qaçmısan? Mənə deyərdin, səni toy-bayramla, dəflə, çənglə yola salardım. 28 Amma sən məni qızlarımla, nəvələrimlə öpüşüb sağollaşmağa qoymadın; ağılsız hərəkət etdin. 29 Sizə pislik edə bilərdim, lakin atanızın Allahı keçən gecə mənimlə danışıb: “Yaqubla danışanda sözlərinə fikir ver”,+ — dedi. 30 Özü də ki, tutalım, atanın evindən ötrü bərk darıxdığına görə çıxıb gedirsən, bəs mənim allahlarımı niyə oğurlamısan?»+
31 Yaqub cavabında Labana dedi: «Qorxurdum, fikirləşirdim ki, qızlarını zorla əlimdən alacaqsan. 32 Allahlarını isə kimdə tapsan, onun qanı halaldır. Qardaşlarımızın gözü qarşısında axtar, məndə nəyini tapsan, götür». Yaqubun xəbəri yox idi ki, Rəhilə onları oğurlayıb. 33 Laban Yaqubun, Ləyanın və iki kənizin+ çadırına girdi, amma heç nə tapmadı. Axırda Ləyanın çadırından çıxıb Rəhilənin çadırına girdi. 34 Bütlər Rəhilədə idi, onları kəcavənin* içinə qoyub üstündə oturmuşdu. Laban bütün çadırı axtardı, amma onları tapa bilmədi. 35 Rəhilə atasına dedi: «Ağam, qarşında ayağa durmadığıma görə acığın tutmasın, çünki indi mənimlə qadınlarda adətən olan şey baş verir».+ Beləliklə, o, çox axtardı, amma bütləri tapa bilmədi.+
36 Onda Yaqub hirslənib Labanla sözləşdi: «Sənə qarşı nə qəbahət iş tutmuşam? Günahım nədir? Məni elə təqib edirsən ki, sanki, caniyəm. 37 Hər yeri ələk-vələk elədin, nəyinisə tapdın? Əgər tapdınsa, qardaşlarımızın qabağında çıxart, qoy onlar bu məsələ barədə qərar versinlər. 38 Düz iyirmi ildir ki, sənin yanındayam. Nə bir qoyunun, nə bir keçin bala salmayıb.+ Süründəki qoçlardan birini də yeməmişəm. 39 Parçalanmış heyvanı sənə gətirməmişəm,+ ziyanını özüm çəkmişəm. Gündüz də oğurlanan heyvanın əvəzini məndən istəmisən, gecə də. 40 Gündüz gün başıma vururdu, gecə ayaz məni dondururdu. Yuxu nədir bilmirdim.+ 41 Budur evində keçirdiyim iyirmi il. On dörd il iki qızın üçün, altı il də sürün üçün işlədim. Muzdumu da on dəfə dəyişmisən.+ 42 Yaxşı ki, atamın Allahı,+ İbrahimin Allahı, İshaqın qorxduğu Allah+ mənimlə idi, yoxsa məni əliboş göndərərdin. Allah çəkdiyim zülmü, zəhməti gördü, buna görə də keçən gecə sənə xəbərdarlıq elədi».+
43 Onda Laban Yaquba dedi: «Qızlar mənim qızlarımdır, uşaqlar mənim uşaqlarımdır, sürü mənim sürümdür. Gördüyün nə varsa, hər şey mənə və qızlarıma məxsusdur. Heç mənim onlara, ya da onların uşaqlarına nə isə etməyə əlim gələr?! 44 İndi gəl səninlə əhd bağlayaq, qoy o, aramızdakı razılığa şahid olsun». 45 Yaqub daş götürüb dikinə qoydu+ 46 və qohumlarına dedi: «Daş yığın!» Onlar da daşlardan qalaq vurdular. Sonra daş qalağının üstündə yemək yedilər. 47 Laban onu Yəqar-Səhadut*, Yaqub isə Qalid* adlandırdı.
48 Laban dedi: «Bu daş qalağı mənimlə sənin arandakı əhdin şahididir». Buna görə də Yaqub onun adını Qalid+ 49 və Gözətçi qülləsi qoydu, çünki Laban dedi: «Biz bir-birimizdən uzaq olanda qoy Yehova bizə nəzarət etsin*. 50 Əgər qızlarımı incitsən, onların üstünə arvad alsan, yadda saxla ki, heç kim görməsə də, şahidimiz olan Allah görür. 51 Bu daş qalağı, bu da aramızdakı əhdə şahid kimi qoyduğum sütun. 52 Bu daş qalağı və sütun şahid olsun+ ki, pislik etmək üçün nə mən bu qalağın o tayına keçəcəyəm, nə də sən qalağın və sütunun bu tayına gələcəksən. 53 Qoy İbrahimin+, Nahurun, onların atasının Allahı aramızda hökm çıxarsın». Yaqub isə atası İshaqın qorxduğu Allaha and içdi.+
54 Bundan sonra Yaqub dağda qurban gətirib qohumlarını bir yerdə çörək yeməyə çağırdı. Onlar yeyib-içdilər və gecəni dağda qaldılar. 55 Laban səhər tezdən durdu, nəvələrini+, qızlarını öpüb onlara xeyir-dua verdi.+ Sonra isə onlardan ayrılıb evinə qayıtdı.+