29 Çoxlu töhmətlərdən sonra da dikbaşlıq edən,+
Qəflətən yıxılıb naəlac qalar.+
2 Saleh çoxdursa, xalq şad olar,
Hökmdar pisdirsə, xalq nalə çəkər.+
3 Hikməti sevən atasını sevindirər,+
Fahişələrə aşna olan var-yoxunu havaya sovurar.+
4 Padşah ədalətlə ölkədə sabitlik yaradar,+
Rüşvətxor isə ölkəni tar-mar edər.
5 Qonşusunu yalandan tərifləyən
Onun ayağı altına tor sərir.+
6 Şər adamın günahı ona tələdir,+
Saleh isə şad olar, fərəhindən cuşa gələr.+
7 Saleh adam məzlumun haqqını düşünər,+
Pis adamın isə bu, vecinə deyil.+
8 Lovğa adamlar şəhərə od-alov salar,+
Hikmətlilər isə qəzəbi yatırar.+
9 Hikmətli adam axmaqla çəkişməyə girişsə,
Boşboğazlıq və rişxənddən savayı ortada bir şey olmaz.+
10 Qaniçən adam məsum adama nifrət edər,+
Təmiz adama qəsd etmək üçün fürsət axtarar.
11 Axmaq adam hirsini ortaya tökər,+
Hikmətli isə təmkinini pozmayıb sakit qalar.+
12 Yalana qulaq asan hökmdarın
Nökər-naibi yaman olar.+
13 Məzlumla zalımın bir şeydə oxşarlığı var:
İkisinin də gözünə nuru Yehova verib.
14 Fağır-füqəraya ədalətlə hökm edən padşahın+
Taxtı həmişəlik durar.+
15 Kötək və töhmət hikmət gətirər,+
Amma ərköyün uşaq anasını xəcil edər.
16 Pislər artanda asilik artar,
Amma salehlər onların süqutunu görər.+
17 Oğluna nəsihət versən, sənə dinclik gətirər,
Ürəyini şad edər.+
18 İlahidən vəhy nazil olmayanda hərc-mərclik olur,+
Amma qanuna əməl edənlər bəxtiyardır.+
19 Nökərə söz kar eləməz,
Çünki başa düşsə də, qulaq asmaz.+
20 Tez-tələsik söz deyən adam görmüsən?+
Axmağın gələcəyinə daha çox ümid var, nəinki onun.+
21 Nökəri uşaqlıqdan ərköyün etsən,
Axırda nankor olar.
22 Özündən tez çıxan dava yaradar,+
Hirsli adamın xətası çox olar.+
23 Təkəbbür insanı alçaldar,+
Sadə adam şərəfə yüksələr.+
24 Oğruya qoşulan özünə düşmən olar,
Qarğışı eşitsə də, bildiyini açıb deməz.+
25 İnsan qorxusu tələdir,+
Amma Yehovaya güvənən hifz olar.+
26 Çoxları hökmdarın hüzurunu arzular,
Amma haqq-ədalət Yehovadan gələr.+
27 Salehin haqsızdan,+
Nacinsin də düz adamdan zəhləsi gedər.+