Məttanın yazdığı müjdə
15 Yerusəlimdən fərisilər və mirzələr İsanın yanına gəlib dedilər:+ 2 «Niyə sənin şagirdlərin dədə-babalarımızın qoyduğu adət-ənənəni pozur? Misal üçün, onlar yeməkdən qabaq əllərini yumurlar*».+
3 İsa onlara cavab verdi: «Bəs siz niyə öz ənənələrinizə görə Allahın əmrini pozursunuz?+ 4 Misal üçün, Allah belə deyib: “Atana və anana hörmət et”+ və “Atasını ya anasını təhqir edən öldürülməlidir”.+ 5 Siz isə deyirsiniz: “Atasına ya anasına: “Səni saxlamaq üçün nəyim varsa, hamısı Allaha həsr edilmiş bəxşişdir”, — deyən+ 6 atasına hörmət etməyə bilər”. Bununla siz öz ənənənizdən ötrü Allahın sözünü heçə endirmisiniz.+ 7 Ey ikiüzlülər, Əşiya sizin haqqınızda yaxşı peyğəmbərlik edib:+ 8 “Bu xalq Mənə dildə hörmət edir, ürəkdə isə Məndən çox uzaqdırlar. 9 Onlar Mənə əbəs yerə ibadət edirlər, çünki onların öyrətdikləri adi insan əmrləridir”».+ 10 Bu sözlərdən sonra İsa camaatı yanına çağırıb dedi: «Qulaq asın və sözlərimi dərk edin.+ 11 İnsanı yediyi şeylər murdar etmir, onu ağızdan çıxan şeylər murdar edir».+
12 Onda şagirdlər yaxınlaşıb ona dedilər: «Xəbərin var ki, fərisilər sənin sözlərindən qəzəbləniblər?»+ 13 İsa onlara cavab verdi: «Göydəki Atamın əkmədiyi hər bir bitki kökündən qoparılacaq. 14 Qoy qəzəblənsinlər. Onlar kor bələdçidirlər. Əgər kor kora bələdçilik edərsə, ikisi də quyuya düşər».+ 15 Butrus ona dedi: «O məsəli bizə başa sal». 16 İsa dedi: «Yəni siz də hələ başa düşməmisiniz?+ 17 Məgər bilmirsiniz ki, insanın yediyi hər şey bağırsaqlardan keçib bayıra çıxır? 18 Ağızdan çıxan şeylər isə ürəkdən gəlir. Bax, bunlar adamı murdar edir.+ 19 Misal üçün, pis fikirlər:+ qətl, zina, əxlaqsızlıq*, oğurluq, yalan şahidlik, küfr ürəkdən çıxır. 20 Adamı belə şeylər murdar edir. Yuyulmamış əllə çörək yemək isə adamı murdar etmir».
21 İsa oradan çıxıb Sur və Sidon ərazisinə getdi.+ 22 Orada yaşayan bir finikiyalı qadın gəlib ucadan dedi: «Ağa, Davud Oğlu, mənə rəhmin gəlsin. Cinlər qızıma zülm edirlər».+ 23 İsa ona bir kəlmə söz demədi. Belə olduqda şagirdləri İsaya yaxınlaşıb dedilər: «Ona de çıxıb getsin. Bayaqdan dalımızca düşüb qışqırır». 24 İsa dedi: «Mən yalnız İsrail evinin itmiş qoyunlarının yanına göndərilmişəm».+ 25 Qadın yaxınlaşdı və təzim edib dedi: «Ağa, mənə kömək elə!» 26 İsa qadına dedi: «Çörəyi uşaqların əlindən alıb küçüklərin qabağına atmaq düzgün deyil». 27 Qadın dedi: «Düz deyirsən, Ağa, amma axı küçüklər də ağalarının süfrəsindən tökülən qırıntıları yeyirlər».+ 28 Onda İsa qadına dedi: «Ey qadın, sən böyük iman sahibisən. Qoy istədiyin kimi olsun». Onun qızı dərhal sağaldı.
29 İsa oradan çıxıb yoluna davam etdi. O, Cəlilə dənizinə gəldi+ və dağa qalxıb oturdu. 30 Bu zaman İsanın yanına çoxlu adam gəldi. Onların arasında topal, şikəst, kor, lal və başqa xəstələr vardı. Camaat xəstələri İsanın ayağı altına uzadırdı və o, xəstələri sağaldırdı.+ 31 Camaat lalların danışdığını, korların gördüyünü, şikəstlərin sağaldığını, topalların yeridiyini görəndə heyrətə gəldi və İsrailin Allahını mədh etdi.+
32 İsa şagirdlərini yanına çağırıb dedi: «Camaata yazığım gəlir.+ Artıq üç gündür ki, yanımdadırlar, heç nə yeməyiblər. Onları ac yola salmaq istəmirəm. Yolda taqətdən düşərlər».+ 33 Şagirdlər isə ona dedilər: «Bu çöl-biyabanda bu boyda camaat üçün haradan çörək tapaq?»+ 34 İsa onlara dedi: «Neçə çörəyiniz var?» Onlar dedilər: «Yeddi çörəyimiz var, bir neçə dənə də xırda balığımız». 35 İsa camaata dedi ki, yerə otursunlar, 36 sonra həmin yeddi çörəyi və balıqları götürdü, şükür edib çörəyi böldü və şagirdlərinə verməyə başladı, onlar da camaata payladılar.+ 37 Hamı yeyib doydu. Artıq qalan tikələrdən yeddi dolu səbət yığıldı.+ 38 Qadınları və uşaqları çıxmaqla yeyənlərin sayı dörd min kişi idi. 39 İsa camaatı yola salandan sonra qayığa minib Məcdən torpağına gəldi.+