Qanunun təkrarı
18 Lavili kahinlərə, ümumiyyətlə, bütün Lavi qəbiləsinə israillilərlə birgə pay, yaxud irs verilməyəcək. Onlar Yehova üçün odda yandırılan təqdimələrlə, Onun payı ilə dolanacaqlar.+ 2 Beləliklə, onlara qardaşları arasında irs verilməyəcək. Yehova necə ki söz vermişdi, Özü onların irsi olacaq.
3 Kahinlərə çatacaq şeylər bunlardır: buğa, yaxud qoyun qurban gətirən adam onun kürəyini, çənəsini, qarnını kahinə verməlidir. 4 Taxılınızın, şərabınızın, yağınızın nübarını, qoyunlarınızdan ilk dəfə qırxdığınız yunu ona verməlisiniz.+ 5 Allahınız Yehova bütün qəbilələrinizin içindən lavililəri seçib ki, həmişə Yehovanın adından xidmət etsinlər.+
6 Əgər lavili İsraildə yaşadığı şəhərdən+ çıxıb Yehovanın seçdiyi yerə*+ getmək istəsə, 7 orada Yehovanın hüzurunda duran qardaşları lavililər kimi Allahı Yehovanın adından xidmət edə bilər.+ 8 O, ata-baba mülkünün satışından əldə etdiyi vəsaitlə yanaşı, onlara düşən qədər yemək payı da alacaq+.
9 Allahınız Yehovanın sizə verəcəyi diyara daxil olanda oradakı xalqların iyrənc əməllərini götürməyin, onları təkrar etməyin.+ 10 Aranızda oğlunu və ya qızını odda yandıran*+, rəmmal+, sehrbaz+, fala baxan+, cadugər+, 11 ovsunçu, cindar yanına gedən+, gələcəyi deyən+, ölüləri çağıran+ olmamalıdır. 12 Çünki bu işləri görən hər kəs Yehovanın gözündə mənfurdur və bu iyrənc əməllərə görədir ki, Allahınız Yehova o xalqları önünüzdən qovur. 13 Siz Allahınız Yehovanın qarşısında ləkəsiz olmalısınız.+
14 Torpaqlarını tutacağınız xalqlar sehrbazlara, falçılara qulaq asırlar,+ lakin sizə Allahınız Yehova belə şeyləri qadağan edir. 15 Allahınız Yehova sizə soydaşlarınızın* arasından mənim kimi bir peyğəmbər yetirəcək. Ona qulaq asmalısınız.+ 16 Çünki Huribdə, dağın ətəyində toplaşdığınız gün+ Allahınız Yehovadan xahiş edib demişdiniz: “Qoy bir də Allahımız Yehovanın səsini eşitməyək, bu böyük alovu görməyək, yoxsa ölərik”. + 17 Onda Yehova mənə dedi: “Çox pakizə. 18 Mən onlara soydaşlarının arasından sənin kimi bir peyğəmbər göndərəcəyəm.+ Sözlərimi onun dilinə qoyacağam.+ O əmr etdiyim hər şeyi onlara çatdıracaq.+ 19 Mənim sözlərimə, Onun Mənim adımla söylədiklərinə qulaq asmayan adam Mənə cavab verməli olacaq.+
20 Əgər bir peyğəmbər özbaşınalıq edib Mənim adımdan ona buyurmadığım sözləri söyləyərsə, yaxud başqa allahların adından danışarsa, həmin peyğəmbər ölməlidir.+ 21 Ancaq siz fikirləşə bilərsiniz: “Bəs biz haradan biləcəyik ki, bu, Yehovanın sözü deyil?” 22 Əgər peyğəmbərin Yehovanın adından dedikləri yerinə yetməzsə, sözləri düz çıxmazsa, deməli, həmin sözü Yehova deməyib. Peyğəmbər özbaşınalıq edib. Ondan qorxmayın”.