Yaradılış
37 Yaqub atasının qərib kimi yaşadığı Kənan torpağında qalıb orada yaşayırdı.+
2 Yaqubun tarixçəsi belədir.
On yeddi yaşlı Yusif+ atasının arvadları Bəlhə və Zülfənin oğlanları+ ilə birlikdə sürü otarırdı.+ Yusif onların pis əməllərini atasına xəbər verdi. 3 Yusif İsrailin ixtiyar çağında dünyaya gəldiyinə görə İsrail onu bütün oğullarından+ çox istəyirdi. Ona gözəl libas tikdirmişdi. 4 Qardaşları görəndə ki, ataları Yusifi onlardan çox istəyir, ondan zəhlələri getdi və daha onunla mehriban danışa bilmədilər.
5 Bir gün Yusif yuxu gördü və gedib onu qardaşlarına danışdı.+ Bundan sonra onların ürəyində Yusifə qarşı əməlli-başlı nifrət baş qaldırdı. 6 Yusif onlara belə demişdi: «Görün nə yuxu görmüşəm. 7 Yuxuda gördüm ki, biz tarlada dərz bağlayırıq. Mənim dərzim qalxıb dik durur, sizinkilərsə onu dövrəyə alıb təzim edir».+ 8 Qardaşları demişdi: «İndi demək istəyirsən ki, bizim üstümüzdə padşah olacaqsan? Bizə ağalıq edəcəksən?»+ Beləliklə, gördüyü yuxuya və dediyi sözlərə görə qardaşları Yusifə nifrət etməyə başlamışdı.
9 Bundan sonra o, başqa bir yuxu gördü və onu qardaşlarına danışdı: «Bir yuxu da görmüşəm: bu dəfə günəş, ay və on bir ulduz mənə təzim edirdi».+ 10 Yuxunu həm qardaşlarına, həm də atasına danışdı. Atası onu danlayıb dedi: «Bu nə yuxudur görmüsən? İndi demək istəyirsən ki, mən də, anan da, qardaşların da gəlib sənin önündə səcdə qılacağıq?» 11 Qardaşlarının ona paxıllığı tutdu,+ atası isə onun sözlərini yadında saxladı.
12 Bir dəfə Yusifin qardaşları atalarının sürüsünü otarmaq üçün Sihamın+ yaxınlığına getdilər. 13 Onlar gedəndən bir müddət sonra İsrail Yusifə dedi: «Qardaşların Siham yaxınlığında sürüləri otarır. Gəl səni onların yanına göndərim». O: «Mən hazır», — dedi. 14 «Get gör qardaşların necədir, sürü nə vəziyyətdədir. Sonra mənə bir xəbər gətir». Belə deyib Yaqub onu Həbrun+ dərəsindən Sihama göndərdi. 15 Yusif çöldə dolaşarkən bir kişiyə rast gəldi. Kişi ondan soruşdu: «Nə axtarırsan?» 16 «Qardaşlarımı axtarıram. Bilmirsən onlar sürünü harada otarırlar?» 17 «Onlar buradan gediblər, eşitdim, deyirdilər: “Dufana gedək”». Yusif qardaşlarının dalınca Dufana gedib onları orada tapdı.
18 Qardaşları uzaqdan Yusifi gördülər. Yusif onlara tərəf gələndə onu öldürmək üçün tədbir tökməyə başladılar. 19 Bir-birilərinə dedilər: «Budur, yuxu görənimiz gəlir.+ 20 Gəlin onu öldürüb quyuya ataq, sonra da deyək ki, vəhşi heyvan parçalayıb. Onda görərik, yuxuları necə çin çıxır». 21 Rubən+ bunu eşidəndə Yusifi onların əlindən qurtarmaq üçün dedi: «Ona qıymayın.+ 22 Gəlin qan tökməyək.+ Onu bu biyabandakı quyuya ataq, qoy əlimiz qardaş qanına bulaşmasın».+ Rubənin məqsədi onu qardaşlarının əlindən qurtarıb atasına qaytarmaq idi.
23 Yusif qardaşlarının yanına çatar-çatmaz onun gözəl paltarını dartıb əynindən çıxardılar.+ 24 Sonra onu götürüb quyuya atdılar. Həmin vaxt quyu boş, susuz idi.
25 Sonra yemək yeməyə oturdular. Başlarını qaldırıb baxanda gördülər ki, Giladdan ismayıllıların+ karvanı gəlir. Onlar dəvələrinə ladan qatranı, balzam, qatranlı ağac qabığı+ yükləyib Misirə aparırdılar. 26 Onda Yəhuda qardaşlarına dedi: «Qardaşımızı öldürüb işin üstünü ört-basdır etməklə nə əldə edəcəyik?+ 27 Gəlin onu ismayıllılara sataq.+ Ona əl qaldırmayaq, axı o, bizim qardaşımızdır, eyni qandanıq». Qardaşları onun sözü ilə razılaşdılar. 28 Mədyəni+ tacirlər onların yanından keçəndə onlar Yusifi quyudan çıxardılar və onu iyirmi gümüşə ismayıllılara satdılar.+ Onlar da Yusifi Misirə apardılar.
29 Üstündən bir az keçəndən sonra Rubən quyunun yanına qayıtdı və baxıb gördü ki, Yusif quyuda yoxdur. Onda o əl atıb yaxasını cırdı. 30 Qardaşlarının yanına gəlib: «Uşaq yoxa çıxıb! İndi mən neyləyəcəyəm?» — deyə nalə çəkdi.
31 Onlar bir təkə kəsdilər, sonra Yusifin paltarını götürüb onun qanına buladılar. 32 Bundan sonra həmin libası atalarına yolladılar. «Gör nə tapmışıq. Bax gör oğlunun paltarıdır?» — deyə paltarı aparanlarla xəbər göndərdilər.+ 33 Yaqub paltara baxıb fəryad qopardı: «Oğlumun paltarıdır! Yəqin Yusifi vəhşi heyvan yeyib! Balamı tikə-tikə eləyib!» 34 Yaqub belə deyib yaxasını cırdı, belinə çul bağlayıb günlərlə oğlunu ağladı. 35 Bütün oğulları, qızları ona təsəlli verməyə çalışırdı, o isə sakitləşmək bilməyib: «Oğlumu ağlaya-ağlaya Məzara*+ gedəcəyəm!» — deyirdi. Beləcə, atası oturub-durub Yusifə görə ağlayırdı.
36 Mədyənilər isə Misirdə Yusifi fironun saray əyanına, keşikçibaşı Fitfirə satdılar.+