Saylar
31 Yehova Musaya dedi: 2 «Mədyənilərdən israillilərin qisasını al.+ Bundan sonra dünyadan köçüb ata-babalarına qovuşacaqsan*».+
3 Musa xalqa göstəriş verdi: «Aranızdakı kişilərdən seçib silahlandırın, onları Mədyənlə döyüşməyə, ondan Yehovanın intiqamını almağa hazırlayın. 4 Döyüşə İsrailin hər qəbiləsindən 1000 nəfər getməlidir». 5 Beləliklə, hər qəbilədən 1000 nəfər seçildi.+ Ümumən, israillilərdən 12 000 nəfər döyüş üçün silahlandırıldı.
6 Musa hər qəbilədən 1000 nəfər olaraq yığılmış qoşunu orduya kahinlik edən Əlyazar oğlu Fənhasla+ bir yerdə döyüşə göndərdi. Müqəddəs əşyalar və kərənaylar Fənhasda idi.+ 7 Yehovanın Musaya əmr etdiyi kimi, onlar Mədyənlə vuruşub bütün kişiləri, 8 o cümlədən Mədyənin beş padşahı Avini, Rəqimi, Suru, Xuru və Rəbanı qılıncdan keçirdilər. Baur oğlu Bələmi+ də öldürdülər. 9 Mədyən qadınları ilə uşaqlarını isə əsir apardılar. Həmçinin onlar mədyənilərin bütün mal-heyvanını, var-yoxunu qarət etdilər. 10 Şəhərlərini, obalarını yandırıb külünü göyə sovurdular. 11 Ələ keçirdikləri qənimətin hamısını, adamları da, heyvanları da apardılar. 12 Sonra bütün əsirləri, bütün qəniməti İordan çayının yanında, Əriha ilə üzbəüz olan Muab çöllüyündə+ yerləşən düşərgəyə, Musanın, kahin Əlyazarın və İsrail icmasının yanına gətirdilər.
13 Musa, kahin Əlyazar və icmanın bütün ağsaqqalları düşərgədən çıxıb onları qarşıladılar. 14 Musa yürüşdən qayıdan qoşunun başçılarına — minbaşılara və yüzbaşılara qəzəblənib 15 dedi: «Niyə qadınları sağ saxlamısınız? 16 Məgər Bələmin sözü ilə siz israilliləri Faurda+ Yehovaya xəyanətə sürükləyən,+ Yehovanın xalqının başına bəla açan onlar deyildi?+ 17 Bütün oğlan uşaqlarını və kişi ilə əlaqədə olmuş qadınları öldürün. 18 Kişi əli dəyməmiş qız uşaqlarını isə sağ saxlayın.+ 19 Bir də ki, hamı yeddi gün düşərgədən kənarda qalmalıdır. Adam öldürmüş, yaxud ölüyə toxunmuş+ hər kəs, siz də, əsirləriniz də üçüncü və yeddinci gün paklanmalısınız.+ 20 Bütün paltarları, dəri əşyaları, keçi qılından və ağacdan düzəldilmiş hər şeyi paklayın».
21 Əlyazar döyüşə getmiş adamlara dedi: «Yehovanın Musaya verdiyi qanunun hökmü belədir: 22 “Qızılı, gümüşü, misi, dəmiri, qalayı, qurğuşunu — 23 odla emal edilən hər şeyi oddan keçirin ki, pak olsun. Lakin onu paklanma suyu ilə də paklamaq lazımdır.+ Odla emal olunmayan şeyləri isə suya çəkin. 24 Yeddinci gün paltarlarınızı yuyub paklanın, sonra düşərgəyə gələ bilərsiniz”».+
25 Bundan sonra Yehova Musaya dedi: 26 «Kahin Əlyazar və icmanın nəsil başçıları ilə birlikdə əsirləri və heyvanları sayıb qənimətin siyahısını tutun. 27 Sonra qəniməti döyüşə gedənlərlə icmanın qalan qismi arasında yarı bölün.+ 28 Döyüşə gedən əsgərlərin payına düşən insan, qaramal, eşşək və qoyun-keçinin hər beş yüzdən birini pay* olaraq Yehovaya ayırın. 29 Bunu əsgərlərə ayrılan paydan götürüb Yehovanın payı+ kimi kahin Əlyazara verin. 30 Bundan başqa, israillilərin payına düşən insan, qaramal, eşşək, qoyun-keçi və başqa heyvanların hər əllidən birini götürüb Yehovanın Müqəddəs çadırındakı işlərə baxan lavililərə verin».+
31 Musa ilə kahin Əlyazar Yehovanın Musaya verdiyi əmri olduğu kimi yerinə yetirdi. 32 Yürüşə gedənlərin ələ keçirdiyi qənimətdən bunlar qalmışdı: qoyun-keçi 675 000 baş, 33 qaramal 72 000 baş, 34 eşşək 61 000 baş. 35 Kişi əli dəyməyən qızların+ sayı 32 000 nəfər idi. 36 Döyüşə gedənlərin payına düşən bu idi: qoyun-keçi 337 500 baş, 37 bunlardan 675 baş heyvan Yehovanın payı kimi ayrıldı; 38 qaramal 36 000 baş, bunlardan 72 baş heyvan Yehovanın payı kimi ayrıldı; 39 eşşək 30 500 baş, bunlardan 61 baş heyvan Yehovanın payı kimi ayrıldı; 40 insan 16 000 nəfər, bunlardan 32 nəfər Yehovanın payı kimi ayrıldı. 41 Musa bunları Yehovanın payı kimi kahin Əlyazara verdi.+ Yehova necə əmr etmişdisə, Musa elə də etdi.
42 Musanın döyüşə gedənlərlə israillilər arasında bölüşdürdüyü qənimətdən israillilərə düşən pay bu idi: 43 qoyun-keçi 337 500 baş, 44 qaramal 36 000 baş, 45 eşşək 30 500 baş, 46 insan 16 000 nəfər. 47 Musa israillilərin payına düşən insan və heyvanların hər əllidən birini götürüb Yehovanın Müqəddəs çadırındakı işlərə baxan lavililərə verdi.+ Yehova necə əmr etmişdisə, Musa elə də etdi.
48 Sonra qoşun hissələrinin başçıları+ — minbaşılar və yüzbaşılar Musaya yaxınlaşıb 49 dedilər: «Biz qulların sərəncamımızda olan döyüşçüləri saydıq, bir nəfər də olsun itki yoxdur.+ 50 İzin versəydin, hər birimiz ələ keçirdiyimiz qızıl əşyaları, xalxalları, bilərzikləri, üzükləri, sırğaları və başqa cavahiratı təqdimə olaraq Yehovaya verək ki, Yehovanın qarşısında canımızın kəffarəsi olsun».
51 Musa ilə kahin Əlyazar onlardan bütün qızılı, cavahiratı qəbul etdilər. 52 Minbaşıların və yüzbaşıların Yehovaya pay verdikləri qızıl 16 750 şekelə* bərabər idi. 53 Döyüşçülərin hər biri özü üçün qənimət götürmüşdü. 54 Beləcə, Musa ilə kahin Əlyazar minbaşılardan və yüzbaşılardan qızılı aldılar və İsraili Yehovaya xatırladan nişan olsun deyə, gətirib Hüzur çadırına qoydular.