Vaiz
4 Mən yenə günəş altında edilən zülmlərə fikir verdim, məzlumların göz yaşını gördüm, onlara təsəlli verən yox idi.+ Güc zalımların əlində idi, onlara təsəlli verən yox idi. 2 Onda ölüləri dirilərdən xoşbəxt sandım.+ 3 Amma onlardan da xoşbəxt o adamdır ki, hələ dünyaya gəlməyib,+ günəş altında çəkilən əziyyətləri görməyib.+
4 Həm də gördüm ki, insanlar arasındakı rəqabət nə qədər zəhmət, nə qədər məharət hasil edir.+ Bu da puçdur, külək dalınca qaçmağa bənzəyir.
5 Axmaq əlini əlinin üstünə qoyub oturur və canı quruyur.+
6 Bir ovuc istirahət iki ovuc zəhmətdən və külək dalınca qaçmaqdan yaxşıdır.+
7 Mən günəş altında puç olan başqa bir şeyə diqqət yetirdim: 8 biri var, tək-tənhadır, nə övladı var, nə qardaşı, nə bir yoldaşı. Amma elə hey əlləşib-vuruşur, gözü dünya malından doymur.+ Heç özündən soruşmur: «Görəsən, kimin üçün zəhmət çəkirəm, niyə özümü zövq-səfadan məhrum edirəm?»+ Bu da puçdur, böyük dərddir.+
9 İki nəfər bir nəfərdən yaxşıdır,+ çünki çəkdikləri zəhmətin mükafatı gözəl olacaq. 10 Əgər biri yıxılsa, digəri yoldaşını qaldıracaq. Amma kimsə yıxılanda qaldıranı olmasa, halı necə olar?
11 İki nəfər bir yerdə yatarsa, bir-birini isindirər. Bəs tək yatan necə isinsin? 12 Tək adamı kimsə məğlub edə bilər, iki nəfərsə onun hücumuna tab gətirər. Üçqat ip tez qırılmaz.
13 Kasıb, amma ağıllı cavan daha məsləhət qəbul etməyən qoca, səfeh padşahdan yaxşıdır.+ 14 O*, məmləkətdə kasıb doğulsa da,+ zindandan belə, çıxıb padşah olar.+ 15 Mən günəş altında gəzib-dolaşan bütün adamlara və padşahın yerinə gələn cavan xələfin hal-əhvalına fikir verdim. 16 Onun tərəfdaşları çox olsa da, sonrakılar onu bəyənməyəcək.+ Bu da puçdur, külək dalınca qaçmağa bənzəyir.