Hizqiyal
3 O, mənə dedi: «Ey bəni-adəm, qarşındakı tumarı ye, sonra get İsrail əhlinə sözümü çatdır».+
2 Onda ağzımı açdım. O, tumarı mənə verdi ki, yeyim. 3 Sonra əlavə etdi: «Bəni-adəm, sənə verdiyim bu tumarı ye, mədəni onunla doldur». Başladım tumarı yeməyə. O, bal kimi şirin dadırdı.+
4 O dedi: «Bəni-adəm, İsrail əhlinin yanına get, Mənim sözlərimi onlara bildir. 5 Səni anlaşılmaz, naməlum dildə danışan xalqın yanına göndərmirəm. İsrail əhlinin yanına göndərirəm. 6 Səni dili anlaşılmayan, naməlum olan, nə dediklərini başa düşmədiyin çoxsaylı xalqların yanına göndərmirəm. Onların yanına göndərsəydim, sənə qulaq asardılar.+ 7 Amma İsrail əhli sənə qulaq asmayacaq, çünki onlar Mənə qulaq asmaq istəmirlər.+ Hamısı dikbaş və inadkardır.+ 8 Amma onlar nə qədər inadkardırsa, Mən də səni bir o qədər qətiyyətli etmişəm*.+ 9 Sənin alnını almaz kimi sərt etmişəm, çaxmaqdaşından da bərk etmişəm.+ Onlardan qorxma, sifətləri səni vahiməyə salmasın,+ axı onlar üsyankar qövmdürlər».
10 Sonra O, mənə dedi: «Bəni-adəm, sənə dediyim hər sözü dinlə və ürəyinə yaz. 11 Sürgün olunmuş soydaşlarının yanına get.+ Onlara belə de: “Külli-İxtiyar Yehova belə-belə deyir”. Sənə qulaq assalar da, asmasalar da de».+
12 Sonra ruh məni yuxarı qaldırdı+ və mən arxadan: «Qoy Yehovanın calalına Ona məxsus yerdən şükür edilsin!» — deyən gurultulu səs eşitdim. 13 Həmçinin məxluqların biri-birinə çırpılan qanadlarının,+ onların yanındakı çarxların səsi+ və güclü gurultu səsi gəlirdi. 14 Ruh məni çəkib apardı. Mən qanıqara, acıqlı halda gedirdim. Üzərimdə Yehovanın əlinin gücünü hiss edirdim. 15 Beləcə, mən gəlib Təl-Əvivə, Kəbər çayının+ yanında sürgündə yaşayan soydaşlarımın yanına çıxdım və onların yanında qaldım. Düz yeddi gün özümə gələ bilmədim.+
16 Yeddi günün tamamında mənə Yehovanın sözü nazil oldu:
17 «Ey bəni-adəm, səni İsrail əhlinə gözətçi qoymuşam.+ Məndən eşitdiyin sözləri onlara çatdırıb, Mənim adımdan onlara xəbərdarlıq etməlisən.+ 18 Mən pis adama: “Öləcəksən!” — deyəndə, sən ona xəbərdarlıq etməsən, susub danışmasan, sağ qalıb ölməsin deyə, onu pis yolundan çəkindirməsən,+ həmin pis adam günahına görə öləcək,+ amma onun qanını səndən tələb edəcəyəm.+ 19 Lakin pis adamı xəbərdar etsən, ancaq o, öz pisliyindən, pis yolundan əl çəkməsə, onda günahına görə öləcək, sən isə öz canını xilas edəcəksən.+ 20 Əgər saleh adam salehliyindən dönüb pis iş tutarsa*, Mən onun qabağına büdrədən daş qoyacağam və o öləcək.+ Xəbərdar etmədiyin üçün o, günahına görə öləcək. Onun saleh əməlləri hesaba alınmayacaq, qanını isə səndən tələb edəcəyəm.+ 21 Lakin əgər saleh adama günahdan çəkinmək üçün xəbərdarlıq etmisənsə və o, günahından əl çəkibsə, xəbərdarlıq aldığına görə sağ qalacaq,+ sən də öz canını xilas etmiş olacaqsan».
22 Orada Yehovanın əli üzərimə endi və O, mənə dedi: «Dur, düzənliyə get. Orada səninlə danışacağam». 23 Mən durub düzənliyə getdim və orada Yehovanın calalını gördüm.+ Onun calalı Kəbər çayının kənarında gördüyüm kimi idi.+ Mən üzüstə yerə döşəndim. 24 Ruh içimə daxil olub məni ayağa qaldırdı.+ O, mənə müraciət edib dedi:
«Get evinə, qapını bağlayıb içəridə otur. 25 Qoy sənə məlum olsun, ey bəni-adəm, onlar səni kəndirlə sarıyacaqlar ki, aralarına çıxa bilməyəsən. 26 Mən elə edəcəyəm ki, dilin tutulacaq, lal olacaqsan, onları töhmət edə bilməyəcəksən, çünki onlar üsyankar qövmdürlər. 27 Ancaq Mən səninlə danışanda dilini açacağam.+ Onda onlara deyərsən: “Külli-İxtiyar Yehova belə-belə deyir”. Qulaq asan, assın,+ asmayan, asmasın, onsuz da onlar üsyankar qövmdürlər.+