Korinflilərə ikinci məktub
11 Ümidvaram ki, bir az ağılsızlıq etsəm, buna dözərsiniz. Onsuz da mənə dözürsünüz. 2 Sizdən ötrü Allahın qeyrətinə bənzər qeyrət çəkirəm, çünki sizi nikah bağlayacağınız kişiyə, Məsihə mən nişanlamışam və sizi tərtəmiz bakirə qız kimi ona təqdim etmək istəyirəm.+ 3 Ancaq qorxuram ki, ilan hiyləgərliyi ilə Həvvanı necə tovladısa,+ sizin də zehniniz korlanıb Məsihə layiq səmimiyyətdən və saflıqdan uzaqlaşsın.+ 4 Çünki kimsə gəlib sizə bizim təbliğ etdiyimizdən fərqlənən İsanı təbliğ edəndə, yaxud aldığınız ruhdan fərqlənən bir ruh sizə təsir göstərəndə və ya sizə qəbul etdiyiniz müjdədən fərqlənən bir müjdə gətirəndə+ ona dözürsünüz. 5 Elə düşünürəm ki, sizin o görkəmli həvarilərinizdən heç nəyim əskik deyil.+ 6 Əgər natiq kimi məharətli deyiləmsə+ də, bilikdə ki əskikliyim yoxdur. Biz bunu sizə hər sahədə müxtəlif yollarla göstərmişik.
7 Yoxsa siz ucalasınız deyə, özümü alçaltmaqla, Allahın müjdəsini böyük məmnuniyyətlə, təmənnasız sizə təbliğ etməklə günah iş tutmuşam?+ 8 Sizə xidmət etmək üçün başqa yığıncaqların boğazından kəsib maddi yardım almışam.+ 9 Ancaq sizin yanınızda olarkən nəyəsə ehtiyac duyanda heç birinizə yük olmadım, çünki Makedoniyadan gəlmiş qardaşlar ehtiyacımı bolluca təmin etdilər.+ Bəli, mən heç vaxt sizə yük olmamışam, olmayacağam da.+ 10 Nə qədər ki məndə Məsihin həqiqəti var, mən Axayya bölgəsində bununla daima öyünəcəyəm.+ 11 Niyə? Ona görə ki sizi sevmirəm? Allah şahiddir ki, sevirəm.
12 Bunu öyünərək bizimlə eyni mövqedə olmağa can atanların əlinə fürsət verməmək üçün edirəm və bundan sonra da edəcəyəm.+ 13 Bunlar Məsihin həvarisi cildinə girmiş qondarma həvarilər, fırıldaqçılardır.+ 14 Burada təəccüblü heç nə yoxdur, çünki Şeytan da nur mələyi cildinə girir.+ 15 Buna görə də onun xidmətçiləri salehlik xidmətçisi cildinə girirlərsə, burada qeyri-adi bir şey yoxdur. Lakin onların aqibəti əməllərinə görə olacaq.+
16 Bir də deyirəm, qoy heç kəs elə düşünməsin ki, mən ağılsızlıq edirəm. Əgər elə düşünürsünüzsə də, onda məni ağılsız kimi qəbul edin ki, mən də bir az öyünə bilim. 17 Bu sözləri Ağanın qoyduğu nümunəyə əsasən demirəm, ağılsız adam kimi, özündənrazılıqla, lovğalıqla deyirəm. 18 Madam ki bir çoxları cismani şeylərlə öyünürlər, mən də öyünəcəyəm. 19 Siz o qədər ağıllısınız ki, ağılsızlara xoşluqla dözürsünüz. 20 Əslində, kim sizi kölə edir, var-yoxunuzu çapıb-talayır, sizi saymır, sizi şillələyir ona dözürsünüz.
21 Bunu xəcalət çəkə-çəkə deyirəm, axı bəzilərinin fikrincə, biz o qədər aciz idik ki, öz səlahiyyətimizdən lazımınca istifadə edə bilmirdik.
Ancaq başqaları cəsarətlə hərəkət edirsə (ağılsız kimi danışıram), mən də cəsarətlə hərəkət edə bilərəm. 22 Onlar ibranidirlər? Mən də ibraniyəm.+ İsraillidirlər? Mən də israilliyəm. İbrahimin nəslindəndirlər? Mən də.+ 23 Məsihin xidmətçisidirlər? Bir ağılsız kimi cavab verirəm, mən onlardan daha üstün xidmətçiyəm: mən daha çox iş görmüşəm,+ onlardan da çox zindana düşmüşəm,+ o qədər döyülmüşəm ki! Neçə dəfə ölümlə üz-üzə durmuşam.+ 24 Düz beş dəfə yəhudilərdən qırxdan biri əskik olmaqla kötək yemişəm,+ 25 üç dəfə çubuqla döyülmüşəm,+ bir dəfə daşa basılmışam,+ üç dəfə gəmidə qəzaya uğramışam,+ bir gün bir gecə dənizin ağuşunda qalmışam. 26 Tez-tez səfərlərə çıxmışam, neçə-neçə təhlükə ilə üzləşmişəm: çaylarda təhlükə, quldurların əlindən təhlükə, soydaşlarım tərəfindən təhlükə,+ başqa xalqların əlindən təhlükə,+ şəhərdə təhlükə,+ çöllükdə təhlükə, dənizdə təhlükə, yalançı qardaşlar arasında təhlükə. 27 Nə qədər zəhmət çəkmişəm, əzab-əziyyətə qatlaşmışam, tez-tez yuxusuz gecələr keçirmişəm,+ ac-susuz qalmışam,+ dəfələrlə yeməyə çörək tapmamışam,+ soyuqda çılpaq qalmışam.
28 Bu cür çətinliklər bir yana qalsın, günbəgün bütün yığıncaqların fikrini çəkirəm.+ 29 Kim zəifdirsə, mən də onunla birlikdə zəifəm. Kimisə iman yolunda büdrədirlərsə, hirsimdən alışıb yanıram.
30 Öyünmək lazımdırsa, zəifliyimi göstərən şeylərlə öyünəcəyəm. 31 Ağamız İsanın Atası və Allahı bilir ki, yalan danışmıram. Ona əbədilik alqış olsun! 32 Dəməşqdə Areta padşahın valisi məni tutmaq üçün dəməşqlilərin şəhərini nəzarət altında saxlayırdı. 33 Ancaq məni bir səbətdə şəhər divarındakı pəncərədən aşağı salladılar+ və beləcə, canımı onun əlindən qurtardım.