Qanunun təkrarı
24 Əgər kimsə arvad alar, lakin sonradan onda bir ləyaqətsizlik görər və buna görə də arvad gözündən düşərsə, talaq kağızını yazıb onun əlinə verməli və buraxmalıdır.+ 2 Qadın onun evindən çıxandan sonra başqasına ərə gedə bilər.+ 3 İkinci əri də ondan narazı olar* və talaq kağızını verib onu evindən çıxararsa, yaxud bu əri ölərsə, 4 qadın artıq ləkələndiyi üçün birinci əri təzədən onu ala bilməz. Belə şey Yehovanın gözündə iyrəncdir. Yehova Allahınızın sizə irs olaraq verdiyi diyarda bu cür günah etməyin.
5 Təzə evlənən adam orduya getməməlidir və onun üstünə heç bir başqa məsuliyyət qoyulmamalıdır. O, bir il sərbəst olmalı, evində qalıb arvadının könlünü şad eləməlidir.+
6 Heç kim başqasının əldəyirmanını, yaxud dəyirmanının üst daşını girov götürməməlidir,+ çünki bununla o, həmin adamın canını girov götürmüş olur.
7 Kim israilli soydaşını oğurlayar, onunla amansız rəftar edər və onu satarsa,+ ölməlidir.+ Aranızdan pisliyi yox etməlisiniz.+
8 Cüzam* xəstəliyi baş qaldıranda lavili kahinlərin dediyi hər şeyi olduğu kimi yerinə yetirin.+ Onlara nə buyurmuşamsa, hamısına dəqiqliklə əməl edin. 9 Allahınız Yehovanın Misirdən çıxıb gələndə yolda Məryəmə nə etdiyini unutmayın.+
10 Qonşunuza nə isə borc verəndə,+ boyun olduğu girovu almaq üçün evinə girməyin. 11 Bayırda gözləyin, qoy borc alan girovu özü gətirsin. 12 Əgər o, ehtiyac içindədirsə, girovu sizdə ola-ola yatağa girməyin.+ 13 Gün batanda girovu yiyəsinə qaytarın ki, yatanda əynində paltar olsun və sizin canınıza dua etsin.+ Belə etsəniz, Allahınız Yehovanın önündə savab qazanarsınız.
14 Dara düşən yoxsul muzduru aldatmayın, istər soydaşınız olsun, istərsə də ölkənizdə, şəhərlərinizdə yaşayan yadelli.+ 15 Onun haqqını elə həmin gün, gün batmamışdan əvvəl verin,+ çünki ehtiyac içindədir, gözünü zəhmət haqqına dikib. Əks təqdirdə, o, sizin əlinizdən Yehovaya fəryad edər və siz günahkar sayılarsınız.+
16 Ata övladının əməlinə görə, övlad da atasının əməlinə görə öldürülməməlidir.+ Hər kəs öz günahına görə öldürülməlidir.+
17 Yadellinin, yaxud yetimin işinə baxanda haqqı, ədaləti pozmayın.+ Dul qadından verdiyiniz borcun əvəzinə girov kimi paltarını almayın.+ 18 Unutmayın ki, bir vaxtlar Misirdə qul idiniz və Allahınız Yehova sizi oradan qurtardı.+ Bu şeyləri sizə ona görə buyururam.
19 Tarlanı biçəndə yaddan çıxıb tarlada qoyduğunuz dərzi götürmək üçün geri qayıtmayın. Qoy qərib, yetim, dul üçün qalsın.+ Belə etsəniz, Allahınız Yehova hər işinizi avand edər.+
20 Zeytun ağacını çırpandan sonra qayıdıb budaqları ikinci dəfə çırpmayın. Qoy yerdə qalan qəribin, yetimin və dulun olsun.+
21 Bağınızdakı üzümü yığandan sonra tənəklərdə qalanı yığmağa qayıtmayın. Qoy o, qəribin, yetimin və dulun olsun. 22 Unutmayın ki, bir vaxtlar Misirdə qul idiniz. Elə buna görə sizə bu şeyləri buyururam.