Birinci İşmuil
12 Axırda İşmuil bütün İsrailə dedi: «Budur, məndən nə istədiniz, onu da etdim, üstünüzə padşah qoydum.+ 2 İndi önünüzdə gedən padşahınız var!+ Mən isə artıq qocalmışam, başım ağarıb. Oğlanlarım sizin aranızdadır.+ Özüm də gəncliyimdən bu günə qədər sizin önünüzdə getmişəm.+ 3 İndi qarşınızdayam. Nə iddianız varsa, Yehova ilə məsh edilmişinin+ qarşısında üzümə deyin: kimin öküzünü, ya eşşəyini götürmüşəm?+ Kimə fırıldaq gəlmişəm? Kimə zülm etmişəm? Kimin əlindən rüşvət alıb əməlinə göz yummuşam?+ Əgər belə şey olubsa, deyin, əvəzini ödəyim».+ 4 Onlar cavab verdilər: «Sən heç kimə fırıldaq gəlməmisən, zülm etməmisən, heç kimdən heç nə götürməmisən». 5 Onda İşmuil dedi: «Yehova da, Onun məsh edilmişi də şahiddir ki, siz məni heç nədə günahlandıra bilmədiniz». Onlar: «O, şahiddir», — dedilər.
6 İşmuil xalqa dedi: «Musanı və Harunu seçən, əcdadlarınızı Misir torpağından çıxaran Yehova+ şahiddir. 7 İndi durun, Yehovanın sizin və əcdadlarınız üçün etdiyi bütün haqq işləri nəzərə alaraq sizi Yehovanın önündə mühakimə edəcəyəm.
8 Yaqub Misirə getdi.+ Sonra əcdadlarınız Yehovadan imdad diləməyə başladı.+ Yehova Musanı və Harunu göndərdi,+ ulu babalarınızı Misirdən çıxarıb burada məskunlaşdırdı.+ 9 Lakin onlar Allahları Yehovanı unutdular. O da onları Həzur ordusunun başçısı Sisarın+, filiştlilərin+, Muab padşahının+ əlinə verdi.+ Onlar israillilərlə müharibə edirdilər. 10 Xalq Yehovadan imdad dilədi:+ “Yehova, günah etmişik,+ Səni atıb Baallara+, Əşturət bütlərinə+ səcdə qılmışıq. Nə olar, indi bizi düşmənlərimizin əlindən qurtar. Biz Sənə qulluq edərik”. 11 Onda Yehova Yərubbaalı+, Bədanı, İftahı+, İşmuili+ göndərdi, sizi ətrafınızdakı düşmənlərin əlindən qurtardı ki, əmin-amanlıqda yaşayasınız.+ 12 Siz görəndə ki, əmunilərin padşahı Nahaş+ üstünüzə gəlir, mənə dediniz: “Yox, fikrimiz qətidir, biz padşah istəyirik!”+ Hərçənd sizin padşahınız Allahınız Yehovadır.+ 13 Budur, bu da seçdiyiniz, istədiyiniz padşah. Yehova üstünüzə padşah qoydu.+ 14 Yehovadan qorxsanız,+ Ona qulluq edib+ sözünə qulaq assanız,+ Yehovanın əmrlərindən çıxmasanız, özünüz və padşahınız Allahınız Yehovanın yolu ilə getsəniz, lap yaxşı. 15 Yox əgər Yehovanın sözünə qulaq asmasanız, Yehovanın əmrlərinə asi çıxsanız, onda Yehovanın əli sizə və atalarınıza qarşı qalxacaq.+ 16 İndi isə, dayanın, görün Yehova önünüzdə necə möhtəşəm iş görəcək. 17 İndi buğda biçini mövsümüdür. Amma mən Yehovaya yalvaracağam ki, şimşək çaxıb yağış yağsın. Onda başa düşəcəksiniz ki, özünüz üçün padşah istəməklə Yehovanın gözündə necə pis iş tutmusunuz».+
18 İşmuil Yehovaya yalvardı. Yehova həmin gün ildırım çaxdırıb yağış yağdırdı. Yehovanın və İşmuilin zəhmi xalqı basdı. 19 Onlar İşmuilə dedilər: «Qulların üçün Allahın Yehovaya dua et.+ Biz ölmək istəmirik. Padşah istəməklə günahlarımızın üstünə bir günah da artırmışıq».
20 İşmuil xalqa dedi: «Qorxmayın. Düzdür, bu pis işləri görmüsünüz. Ancaq Yehovanın yolundan dönməyin,+ Yehovaya bütün ürəyinizlə qulluq edin.+ 21 Boş şeylərin dalınca getməyin.+ Onlardan fayda yoxdur,+ onlar sizi qurtara bilməyəcək, çünki onlar heç nədir. 22 Amma Yehova Öz böyük adı naminə+ xalqını atmayacaq,+ çünki Yehova sizi Öz xalqı etməyə qərar verib.+ 23 Mənə gəldikdə isə, heç ağlıma da gətirə bilmərəm ki, sizdən ötrü dua etməyə son qoyub Yehovaya qarşı günah edim. Mən bundan sonra da sizə nəsihət verib yaxşı, düz yola yönəldəcəyəm. 24 Bircə siz Yehovadan qorxun,+ Ona sidqi-ürəkdən, sədaqətlə qulluq edin. Baxın, O, sizin üçün necə möhtəşəm işlər görüb.+ 25 Amma siz inad edib şər işlər görsəniz, siz də, padşahınız da məhv olub gedəcəksiniz».+